Əkrəmin Ramizə dediklərinə münasibət

ramiz rovsen

 

Jurnalist Nərgiz Cavadzadənin sualına cavab

”Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidi?”

Sual: Vahid bəy salam. Sizi Teleqraf.com saytından narahat edirik. Sizə bir mövzuda sual ünvanlamaq istərdik. Əkrəm Əylislinin Ramiz Rövşənlə bağlı səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, şairin toyda şeir oxumasına münasibətiniz necədir?

Cavab: Bir dəfə müsahibə üçün Əkrəm Əylisliyə suallar göndərdim, arasında belə bir sual vardı:  “Sizi yaxından tanıyanlar xarakterinizin çox müsbət tərəfiylə yanaşı bəzən cığallıq elədiyinizi də qeyd edirlər. Cığalsınızmı? Adətən, nə vaxt tutur bu damarınız?” Əkrəm bəyin söz açdığınız müsahibəsində cığallıq duyulmasa da, xeyli təhqir elementləri aydın görünür. Bu müsahibəsini bəyənmək mümkün deyil. Təhqirlə doludur. Mən Əkrəm Əylislini də, Ramiz Rövşəni də onun “Ramizi görmədiyi zirvədə” görürəm.

Son illər ağına-bozuna baxmadan daş-qalaq eləmək vərdişi formalaşıb. Bu, pis haldır. Qocaman söz adamlarının daşlanması isə lap pis nümunədir. Əkrəm Əylisliyə total hücum ediləndə “Daş yuxumdakı Mirzə Fətəli” adlı balaca bir yazımla müdafiəsinə qalxdım, məni də ermənilərə satılmaqda ittiham edənlər tapıldı. Ramiz Rövşənə hücumların pik vaxtı “Ramiz Rövşəni qınayanlara” adlı bir yazı yazdım, nə qədər qınaq yedim. Hər iki halda özümü haqlı bildiyim üçün bu ittihamların, qınaqların biri də mənə təsir etmədi. Onları müasir ədəbiyyatımızın zirvəsi hesab etməyim “küyə getməyim” deyil, fanatik olası yaşda da deyiləm. Sadəcə, özümü daşlayanlar arasında yox, daşlananların yanında daha xoş duyduğumu demək istəyirəm.

Şairin toyda şeir deməsi niyə ayıb sayılmalıdır? Şair şeirini yalnız tribunada, rəhbər qarşısındamı deməlidir? Ramiz Rövşən mənim də toyumda şeir deyib, başqa dostların da. O toyların elə ən yaddaqalan yeri onun çıxışı olub. Camaat “Şeir-şeir!” deyərək səslənəndə şeir deməsəydi, onu insanları qırmaqda, saymazlıqda ittiham edərdilər. Şairin yeri xalqın yanıdır. Gülməli hal bilirsiniz nədi? Bəziləri Ramizi susmaqda qınayırlar! O tək ustad şair deyil, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdır. Bəzən adam sükutuyla da çox şey deyir. Mən Azərbaycanda onu nədəsə qınamağa haqqı olan bir adam belə tanımıram.

Nərgiz Cavadzadə

Teleqraf.com