Zülfüqar Rüfətoğluna

Qərib qəribi sükutundan tanıyır!

Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı “killer” gülləsi kimi gəldi.

Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!

Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz “Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.

Onu Londonda tanıdım.

Oxumağa davam et

“Yol” (səyahət yazıları)

Redaktor: B. İsmayılova; Foto: V. Qazi

Müəllifdən

Dünyanın evə qapandığı pandemiya günləri idi. Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. İndiyədək “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım reportajlar, səfər təəssüratları, yol qeydlərinə bəzi esselərin, məqalələrin səyahət hissələrini də əlavə etdim. Beləcə, “Yol. Səyahət yazıları” kitabı alındı.

Oxumağa davam et

Dumansız Albion

“Ölkələr və şəhərlər” silsiləsindən

London panarama

Dumansız Albion

Təsəvvürdən təəssürat reportajı

Durum deyim, İngiltərə deyəndə ağlıma ilk gələn Şekspirdi, Nyutondu, “Bitlz”di, “Big Ben”di, nə bilim, Çörçill, Diana, Devid Bekhemdi, yalan olar. Adam tanıyıram Britaniya onun üçün tək Oskar Uaylddan ibarətdi. Bütöv İngiltərə bir futbol meydanıdı “Çelsi” fanatı gənc dostum, bacıoğlu Orxana görə.

Londonu funt strelinq, yəni pul kimi təsəvvür edənlər də az deyil. Hər halda dünyanın dörd bir yanına hökmü keçmiş imperiya paytaxtının gündəmində yalnız siyasət və hərb söhbətləri olmayıb. Parasız nə siyasət, nə hərb?

Günü bu gün hər yandan varlı adamlar üzünü bura tutur, pul-parasıyla birgə. Özü də tək keçmiş metropoliyalardan yox. Bizim Sovetin “qırıq-quruğ”undan qəfil varlanan neçə milyonçunun adını sayaram bir nəfəsə. Elə öz qəfil varlanmışlarımızın mülklərindən dastan danışırlar.

Fərq etməz necə qazanmısan, varlısansa sənə qucaq açar London. Dumanı yox olar Albionun.

“İngiltərənin əlindən “time is money”yi alın – onda İngiltərədə nə qalacaq?” Viktor Hüqo yazıb bunu “Səfillər”ində. Oxumağa davam et