“Müəyyənləşdirək görək, kimin əxlaq tələb etməyə haqqı var?”

journalist-in-moral-dilemma

“Müəyyənləşdirək görək, kimin əxlaq tələb etməyə haqqı var?”

Vahid Qazi ictimai əxlaqla bağlı müzakirələrə ehtiyac olduğu qənaətindədir.

Cəmiyyətdə əxlaq məsələsi həmişə diqqət mərkəzindədir. Bu günlərdə bir qrup ziyalı da bu məsələ ilə bağlı müzakirələr keçirib. Müzakirələr zamanı səslənən fikirlər ümumilikdə bir-birindən fərqlənib. Cəmiyyət üçün kifayət qədər maraqlı olan bu mövzu ilə bağlı İnam Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi ilə söhbətləşdik.

– Vahid müəllim, doğrudanmı bu gün cəmiyyətdə əxlaq probleminin ciddi şəkildə müzakirəsinə ehtiyac yaranıb?

– Diqqət yetirsəniz görərsiniz ki, son vaxtlar cəmiyyətdə mənəvi dəyərlərin aşınması həyatımızın əsas mövzularından birinə çevrilib. Mətbuat səhifələrini də izləyəndə görürük ki, günümüzün aparıcı mövzularından biri elə budur. Vaxtı ilə şüurları məşğul edən, gündəmi tutan mövzular da bu gün bu məsələnin fonunda bir qədər arxa plana keçib. Bəziləri bunu vəhşi kapitalizmin ilkin dövrünün ortaya çıxardığı nəticə, təzahür kimi qiymətləndirirlər. Biz bütün bu məsələləri nəzərə alaraq müzakirələr keçirmək qərarına gəldik. Həmin müzakirələrdə çox maraqlı fikirlər səsləndirildi. Biz istəyərdik ki, orada səslənən fikirlər daha geniş auditoriyaya çatsın, müzakirələrə səbəb olsun. Çünki bu bir toplantıda müzakirə olunası məsələ deyil. Sualınıza gəlincə. Onu konkret bir cümlə ilə belə cavablandıra bilərəm ki, bu gün cəmiyyətin ziyalı təbəqəsi üçün əxlaq məsələsi həqiqətən də aktual mövzulardan biridir. Oxumağa davam et

“Ölkədə demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanın tərkibində yaşamaq istəməyəcəklər”.

“Qarabağ bizdən uzaqlaşır”

Vahid Qazi: «Erməni gənci azərbaycanlıları vəhşi cildində görür»

Ekspertin fikrincə, ölkədə demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanın tərkibində yaşamaq istəməyəclər.

Qarabağ həqiqətlərinin araşdırılması istiqamətində bu dəfəki həmsöhbətimiz “İnam” Plüralizm Mərkəzinin direktoru, publisist Vahid Qazidir. Qeyd edək ki, onun Qarabağ mətləblərindən bəhs edən “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı məqalə və esseləri daxil edilib. Oxumağa davam et

“Simsar.az” saytının sualına cavab

“Bu günün sosial şəbəkələri dünənin

çayxana və dərnəklərini əvəz edib”

– Sosial şəbəkələrdə ünsiyyət bizə nə verir?

– İnsan canlı varlıq kimi ehtiyaclarını ödəməyə məhkumdu. O, yemək, içmək, yatmaqdan sonra ən çox ünsiyyətə ehtiyac duyur. Robinzon Kruzonu xatırlayın, adam yox idi, özünə kukla düzəldib onunla danışırdı. Bu gün sosial şəbəkə ən dinamik ünsiyyət vasitəsidir. Oxumağa davam et

“Ayna” qəzetinə müsahibə

Azerbaycan ve Avropa birliyi inteqrasiya ucun effektiv emekdashliq mexanizmleri movzusunda deyirmi masa

“Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin, danışıqlara gətirin”

“Rusiyanın Şərq Tərəfdaşlığı Proqramına şübhəli yanaşması proqramda iştirakı imitasiyaya çevirməyə bəhanə olmamalıdır”. Müsahibimiz Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) həmsədri Vahid Qazidir.

 

Həm coğrafi, həm də mentalitet baxımdan şərqli olsaq da Avropa məkanına üz tutmuşuq. Avropanın siyasi, ictimai, mədəni institutlarında təmsil olunuruq. Avropa bağlantılarımız nə qədər güclüdür?

Azərbaycanın Avropa ilə ilk ciddi tanışlığı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşanmış sənaye kapitalizmi dövrünə təsadüf edir. O dövrüm neft bumu ölkəyə güclü Avropa investisiyası ilə birlikdə siyasi plüralizm, liberal dəyərlər də gətirdi, Avropa təhsili görmüş yerli intellektuallarımızın yetişməsinə səbəb oldu. Milli istiqlalçılarımız dünyanın inkişaf yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemindən keçdiyini dərk etdilər, yüzillərlə formalaşmış beynəlmiləlçi ümmətçilik yerinə milli məfkurə təklif etdilər. Müsəlman Şərqində ilk demokratik respublikası elə həmin ziyalıların təfəkkürünün və əməyinin bəhrəsi idi. Oxumağa davam et

“Ola bilər, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub”

“Ola bilər, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub”

Gülün Ermənistana səfəri istər bizdə, istərsə də Türkiyədə birmənalı qarşılanmayıb. Bu haqda bütün deyilənlər yalnız hadisənin gürünən tərəfinə, yəni fakta əsaslanır. Əsl mahiyyət və məqsəd barədə bizə heç nə məlum deyil. Nə baş verdiyini anlamaq üçün bir qədər vaxta ehtiyac var. Oxumağa davam et

Günel Musaya verdiyim müsahibə

gunel

“Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltmək üçün sənə verilən şansa oxşayır.”

Yenilik.az-da yeni layihə: Günelin qonaqları. Bu layihədə ziyalılar, cəmiyyətə öz fikirləri ilə fayda verə bilən insanlar Günel Musanın qonağı olacaqlar. İlk qonaq “İnam” Plüralizm Mərkəzinin rəhbəri, tanınmız ziyalı, publisist Vahid Qazidir:

Vahid Qazi necə bir xarakterə malikdir?

Dəqiqini kənardakılar bilər. Amma məncə bir az “tropik” mülayimliyim var, burda sükunətlə çılğınlıq simbiozdur.

Özünüzdə bəyənib bəyənmədiyiniz xasiyyətlər hansılardır?

Bəyəndiyimi bilmirəm, bəyənmədiyim tez inanmağımdır.

Yaşaya bilmədiyiniz üçün peşmanlıq duyduğunuz nələrsə varmı?

Peşman olmaq etdiklərinə uğursuz redaktə cəhdindən başqa bir şey deyil. Peşmançılıq nəyisə dəyişmir, uzaq başı çayın dərin yerini göstərir, bunu instinktlərin də sənə deyir onsuz da, hər dəfə çayın o yerinə çatanda.

Heç kimsənin görmədiyi bir özəlliyiniz varmı. Varsa da niyə bu günə kimi gizli qalıb?

Bu dünyada kimsənin görmədiyi bir özəlliyim varsa, deməli o, qapalı yerdədir. Bütün gizlinləri görən isə tək Allahdır, gizlindəki o özəlliyin necəliyini onun dərgahında bilmək olar. İstəyim də odur ki, bu, günaha yazılası özəllik olmasın .

Sizi ən çox nə əsəbiləşdirir və əsəbinizlə baş edə bilirsiniz?

“Nə əsəbləşdirmir?” daha düz sual olardı, bu zamanda. Evdə baxdığın TV, oxuduğun qəzet, bayırda hər addımda gördüklərin. “Master və Marqarita”dakı kimi cəmiyyət sanki tilsimlənib. Küçələrdə adamların üzünə baxsanız yalnız keylik görəcəksiniz, burda təbəssüm bir yana, heç kədər də yoxdur. Keyimiş adamı isə şüur yox, instinkt idarə edir.

Maşın sürmək cəhənnəm əzabıdı, düşürsən metroya – qaramat qoxuyur, minirsən avtobusa sanki yaralı canlar daşıyan sanitar arabasıdı. Küçələr ən nifrət elədiyim səslə, “laqonda” səsiylə doludur, heç türmə kameralarında işgəncə səsləri də belə deyil. İnsanlarda heyvanat dünyasının xarakteri oturuşur – özündən güclüyə quyruq bulayan, özündən zəifin nəfəsini kəsir. Bütün bu mənzərələrə əsəb tam gətirərmi?

Nə üçün yazırsınız, sizi yazmağa itələyən nədir?

Yazmaq – içindəki hissi çölə çıxarmaq yolunda ən ağır işdir. Yazmaq emosiya hadisəsidir. İçindəkini hirslə, danışmaqla, bağırmaqla, pıçıldamaqla, ağlamaqla çıxarmağa çalışarsan, alınmayanda son anda köməyə yazmaq çatır. Razılaşın ki, yazmaq hisslərin ifadəsinin ən çətinidir, gülməyə, ağlamağa, hirslənməyə, küsməyə… nə var ki. Emosionallığımdandır ki, bəlkə də, hisslərimi müxtəlif yolla ifadə edə bilirəm, yazmağa çox yer qalmır. Az yazıram.

Heç içinizə sinməyərək yayımlanan yazınız olubmu?

Olmayıb, çünki eləsi heç yazılmayıb.

Yazılarınızı yenidən oxuyanda özünüzü necə hiss edirsiniz?

Bundan qəribə bir hislə zövq alıram. Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltmək üçün sənə verilən şansa oxşayır.

Bu anda gördüyünüz işin xaricində nə iş görmək istərdiniz?

“Bu anda gördüyüm işin xaricinə” çıxmaq…

İndiyə qədər etdiyiniz ən böyük çılğınlıq nə olub?

Çılğınlıq çox olub, ən böyüyü yəqin hələ qabaqdadır (gülür).

Yazı yazmaqdan başqa nə işlə məşğulsunuz?

Uşaq böyütməklə, bu günün ən çətin işiylə.

Necə düşünürsünüz sizin yazılarınız, kitablarınız oxucuların həyatına təsir göstərə bilirmi?

Mənim elə çox yazı və kitablarım yoxdur. Amma tək onu deyim ki, “Ruhlar şəhəri” üçün aldığım məktub, mesaj və rəylər o kitabın həcmindən iki dəfə çoxdur. Məncə, pis göstərici deyil. Bu rəylərdən bilirəm ki, oxuyanların konkret anlarda ovqatlarına təsir edib.

Sizcə bir yazarın toplum qarşısındakı əsas vəzifəsi nədir?

Heç bir vəzifəsi yoxdur! Məsuliyyəti var, o da öz qarşısında. Sadəcə onun işi elədir ki, nəticəsi toplum içinə nüfuz edir, bu, ictimaiyyətçi bütün sənətlərdə belədir. Yazı söz kimidir, söz ağızdan çıxan təki, yazı da topluma çıxdımı, ta yığışdıra bilməzsən. Dediyin sözün, yazdığın yazının toplumda təzahürü elə sənin vəzifən hesab oluna bilər. Bu isə çox məsuliyyətli işdir. Bu gün bizdə olmayan məsuliyyət.

Yazmazdan əvvəl bir ön hazırlıq edirsinizmi?

Əlbəttə, yazıya başlayanda artıq onun yarıdan çoxu beyində hazır olur.

Yazarın üzərindəki təzyiqlərlə – istər ictimai, istər fərdi – çıxan yazının keyfiyyəti arasında bir bağ görürsünüzmü?

Yazdığından kəskin ictimai reaksiya umacağın varsa, ictimai basqı yazılarına təsir edə bilər, bu qarşılıqlı prosesdir. Təzyiqlərlə keyfiyyəti aşağı düşəcək yazını yazmamağı bacarmaq isə hamının işi deyil. Belədə susmağın yazmağından yaxşıdır.

Sizin tərifinizlə kimləri həqiqi yazar adlandıra bilərik?

İçindəki hissləri ana balasını dünyaya gətirdiyi duyğularla xaricə çıxarmağı bacaran, yəni bu işi sevgiylə edən.

Hər səy sərf edən insan bir gün yazar mərtəbəsini qazana bilərmi?

Yazmaq insanın özüylə söhbətidir, özün özünü tanıdığından aldada bilməzsən, bu bir növ, ibadət edənin Tanrıya ünsiyyətinə bənzəyir, burada hər şey şəffafdı, kiçicik bir xal mahiyyəti dəyişir.

Özünüzü yazmaq üçün şərtləndirirsinizmi. Məsələn “gündə bu qədər yazı yazmalıyam”deyə. Yoxsa fikirləriniz inkişaf etdikcəmi yazırsınız?

Bəzən həftələrlə bir cümlə yazmıram, odur ki, sualın ikinci hissəsini özümə aid edərdim.

Azərbaycanda yazarlıq pul qazandırırmı?

Pul qazandırmır, olsa-olsa dolandıra bilər. Bunlar da ki, fərqli anlayışlardır. Bir də, Orxan Pamuk demiş : “Nə qədər bacarığın, qabiliyyətin olursa olsun, pulu və iqtidarı başqa yerdə axtar ki, bacarıq və əməyinin əvəzini almayanda sənətdən küsməyəsən”.

Həyatda ən çox qiymət verdiyiniz insan kimdir?

Bilmirəm həyatda beləsi varmı? Amma belə insan obrazı Hüqonun Jan Valjanıdır.

Ən böyük xəyalınız?

Şuşada Ərimgəldi qayası var… Ordan üzü Ağdama sarı uçmaq.

yenilik.az,  23.09.11

“Bütün sevgilərin bir səsi var – pıçıltı”

 Pərvinin həmsöhbəti yazıçı-publisist Vahid Qazidir.

 “Bütün sevgilərin bir səsi var – pıçıltı”

Pərvin: Salam, Vahid bəy. “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?  

Vahid Qazi: Salam, Pərvin xanım! “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı.

Pərvin: Elə isə “Ruhlar şəhəri” kitabınızdan danışmaq istəyirəm. Kitabdakı ilk “On yeddi” adlandırığınız essedə itkilərin ən dözülməzinin Yurd itkisi olduğunu vurğulayırsınız. Məncə, sevgilərin də ən böyüyü Yurd sevgisidir. İnsanın ən böyük sevgi obyektini itirməsi başqa sevgilərinə təsir etmir ki?

Vahid Qazi: Antik dövrlərdə müxtəlif allahlar vardı: günəş, dəniz, səma və s. Amma əslində Allah həmişə birdir. Mən sevgini də o şəkildə görürəm. Yurd sevgisi bütöv Eşqi tamamlayan sevgilərdən biridi. Allah, dünya, vətən, ata-ana, yar, bala və s. sevgisi o tamın hissələridi. Bəzən bizə elə gəlir ki, bir sevgi obyektinin itirilməsi o biri sevgiləri artırır, bu ötəri haldı, əslində bütün sevgilərin yaralanır. Bunu sonralar duyursan. Oxumağa davam et