“Bu günün sosial şəbəkələri dünənin
çayxana və dərnəklərini əvəz edib”
– Sosial şəbəkələrdə ünsiyyət bizə nə verir?
– İnsan canlı varlıq kimi ehtiyaclarını ödəməyə məhkumdu. O, yemək, içmək, yatmaqdan sonra ən çox ünsiyyətə ehtiyac duyur. Robinzon Kruzonu xatırlayın, adam yox idi, özünə kukla düzəldib onunla danışırdı. Bu gün sosial şəbəkə ən dinamik ünsiyyət vasitəsidir.
Biz texnologiya sahəsində min illər boyu əldə eləmədiyimiz zəfərə imza atırıq. Bu gün heç nə inkişaf sürətinə görə informasiya texnologiyalara çata bilmir. Texnoloji inkişaf ölçüləri dəyişib: zaman və məkan məfhumları əvvəlki anlamını itirib, kiçilib. Əvvəlki 3-4 səhifəlik məktubumuzu 3-4 cümləlik mesaja dəyişmişik. Bu sürətlə yaxın gələcəkdə bu, 3-4 söz, daha sonra isə 3-4 işarə ilə əvəz olunacaq.
Amma heç bir inkişaf bir tərəfli ola bilməz, bir xoşbəxtlik başqa bir bədbəxtliyin sayəsində mümkün olduğu kimi bir üstünlük də başqa nəyinsə azalması hesabınadı. Bu konteksdən yanaşsaq texnoloji dünya inkişaf etdikcə insan dünyası kiçilir.
İnsan dünyanı bir kompüter monitoruna sığdırıb elə zənn edir ki, qəlbinin üfüqləri daha bütöv dünyaya açılıb. İnsanlar min illər boyu xəyallarındakını internetdə tapdığını zənn edir. Amma kitablarda, kinolardakı kimi burda da həyat realdakı kimi deyil. Bu gün real dünyada ünsiyyət yaratmaq çətinləşib. Bu günün sosial şəbəkələri dünənin çayxana və dərnəklərini əvəz eləyib. Amma bu “təmassız sevg”i kimidi, təmas isə bütün duyğuların fövqündə durur.
İnsan real həyatdan – təbiətdən aralı düşüb. İnternet fərqli insan yetişdirir. İnsanlar küçələrdən internetə köçürlər. İnternet uşaqları ilə “küçə” uşaqlarının fərqi piket və mitinqlərdə daha aydın üzə çıxır. Bu fərq kənd uşaqları ilə şəhər uşaqları arasındakı həyatilik fərqindən də böyükdür.
“Simsar.az”
8 fevral, 2011
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu