“Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin, danışıqlara gətirin”
“Rusiyanın Şərq Tərəfdaşlığı Proqramına şübhəli yanaşması proqramda iştirakı imitasiyaya çevirməyə bəhanə olmamalıdır”. Müsahibimiz Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin (AAMİK) həmsədri Vahid Qazidir.
Həm coğrafi, həm də mentalitet baxımdan şərqli olsaq da Avropa məkanına üz tutmuşuq. Avropanın siyasi, ictimai, mədəni institutlarında təmsil olunuruq. Avropa bağlantılarımız nə qədər güclüdür?
Azərbaycanın Avropa ilə ilk ciddi tanışlığı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşanmış sənaye kapitalizmi dövrünə təsadüf edir. O dövrüm neft bumu ölkəyə güclü Avropa investisiyası ilə birlikdə siyasi plüralizm, liberal dəyərlər də gətirdi, Avropa təhsili görmüş yerli intellektuallarımızın yetişməsinə səbəb oldu. Milli istiqlalçılarımız dünyanın inkişaf yolunun Avropanın mədəni, hüquqi, siyasi sistemindən keçdiyini dərk etdilər, yüzillərlə formalaşmış beynəlmiləlçi ümmətçilik yerinə milli məfkurə təklif etdilər. Müsəlman Şərqində ilk demokratik respublikası elə həmin ziyalıların təfəkkürünün və əməyinin bəhrəsi idi.
SSRİ özünün bütün totalitar mahiyyətinə rəğmən Azərbaycanı Avropa mədəni arenasından uzaqlaşdırmadı, əksinə bir qədər də yaxınlaşdırdı. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan özünü Avropa ölkəsi hiss edir. Bu “hissiyyat” bizi avropalı edirmi, yaxud avropalılar da bizi avropalı sayırmı, bu başqa mövzudur. Hər halda Azərbaycan Avropaya və onun daşıyıcısı olduğu bəşəri dəyərlərə ən yaxın müsəlman cəmiyyətidir, ən azından bu yaxınlaradək belə idi. Tendensiyanın zəiflədiyini gördüyümü təəssüf hissi ilə qeyd etməklə yanaşı, bunun hələ də belə olduğuna əminəm. Amma “olanı artırmaq əvəzinə itiririk” də deyirəm.
Azərbaycanın Avropa ilə ilk birbaşa təması müstəqilliyin qazanmasından sonra başladı. Ölkə addım-addım Avropa institutları ilə əlaqələr qurdu və bu institutların bəzilərində təmsilçilik hüququ qazandı. ATƏT və Avropa Şurası bu sırada ilk oldu. Azərbaycanla Avropa Birliyi arasında hüquqi münasibətlərin təməli 1 iyul 1999-cu il tarixdə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyuldu. Avropa Birliyi regiona gec gəlsə də fikrimcə bu gün daha ciddi təsirlərə malik görünür. Avropa Birliyi 14 iyun 2004-cü il tarixli qərarla Azərbaycanı özünün Avropa Qonşuluq Siyasətinə qoşmaqla daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən münasibətlərin yeni mərhələsinin başlanğıcını qoyub. Beləliklə, Avropa Birliyinin müxtəlif sahələri əhatə edən çoxsaylı proqramlarına start verilib. Elə onu söyləmək kifayətdir ki, son dövrlər Avropa Qonşuluq Siyasəti və onun daha funksional təsirli proqramı kimi ortaya çıxan Şərq Tərəfdaşlığı Proqramı élan olunanda ciddi bir avrointeqrasiya aləti kimi qəbul olundu.
Şərq Tərəfdaşlığı Proqramı ciddi uğur qazana bilərmi?
Avropa Birliyinin 90-cı illərdə başlayan regiona yönəlik, yalnız hökumətlərlə işləyən TACİS proqramının cəmiyyətə təsirsizliyinin bir çox səbəbləri vardı. Ekspertlər bu proqramın region ölkələrindəki mövcud korrupsiya bataqlığında batmasını qeyd edirlər. BBC-də bununla bağlı ciddi ekspert müzakirələrini, bəzi tədqiqatları xatırlayıram. Yeni təşəbbüs kimi ortaya çıxan Avropa Qonşuluq Siyasəti (AQS) kifayət qədər geniş coğrafi məkanı əhatə etdiyindən və digər səbəblərdən ilk vaxtlar ümidverici təsir bağışlasa da tezliklə skeptiklərin sayı artmağa başladı. Belə bir zamanda Şərq Tərəfdaşlığı Proqramı (ŞTP) daha konkret vəzifələri qarşıya qoyan və real həll yollarını göstərən mexanizm kimi meydana gəldi. Bu gün digər 6 ölkə kimi Azərbaycan da Avropaya inteqrasiyanın daha səmərəli yolu kimi ŞTP-dan bəhrələnmək istəyir.
Proqramın uğurlu alınması həm də özümüzdən asılıdır. Aİ-nin digər ölkələr kimi Azərbaycanla da münasibətlərini tənzimləyən əsas sənəd Fəaliyyət Planıdır. Bu sənəd ölkənin ehtiyac, istək və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanıb. 14 noyabr 2006-cı ildə Fəaliyyət Planı qəbul edilməklə tərəflər arasında yaxın gələcəyə yönəlik münasibətlər sistemi müəyyənləşib. Bu münasibətlər içərisində enerji təhlükəsizliyi xüsusi çəkiyə malikdir və aparıcı rol oynayır.
Nəhayət, AQS Şərqdəki 6 qonşu ölkə üçün vahid formatın təsis edilməsi, yəni Şərq Tərəfdaşlığı Proqramının qəbulu gələcək əməkdaşlıq istiqamətlərini daha konkret müəyyən etdi. Bu, özünü dörd tematik platformada ehtiva edir: demokratiya, yaxşı idarəçilik və sabitlik; iqtisadi inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma; enerji təhlükəsizliyi; insanlar arasında təmaslar.
Sualınıza cavabımı subyektiv qəbul edin. Şərq Tərəfdaşlığı Proqramına start verildiyindən keçən vaxta nəzər saldıqda əvvəlki optimistliyin bir xeyli azaldığının şahidi oluruq. Avropa Birliyinin Şərq sərhədlərində yerləşən postsovet ölkələrinə yönələn proqramın uğurlarının olacağına hələ də ümidlər var, lakin ciddi nəticələr ciddi və məqsədyönlü səylər tələb edir. Şərq Tərəfdaşlığı Proqramını sadəcə hökumətin tətbiq etdiyi islahatlara söykəmək azdır. Ölkədə konkret qoyulmuş məqsədlərə nail olmaq üçün işgüzar vətəndaşların iştirakını təmin edən şərait olmalıdır. Bu isə o deməkdir ki, vətəndaşlarla məsləhət, canlı təmas, müzakirə və hesabatlılıq mexanizmləri qəbul edilməli və işə salınmalıdır. Sadəcə bəyan etmək kifayət deyil, mexanizmləri işlək hala gətirmək üçün səyləri artırmaq gərəkdir. Qafqaz ölkələri içərisində Gürcüstan istisna olmaqla bu sahədə ciddi irəliləyişdən danışmaq hələ tezdir. Bu ölkədə bu sahə üçün xüsusi bir nazirlik də yaradıblar. Əsas məsələ odur ki, bizə düşəni, üzərimizə götürdüyümüzü edək. Rusiyanın bu proqrama şübhəli yanaşması, yaxud açıq şəkildə təhdid etməsini bəhanə gətirərək, proqramda iştirakı imitasiyaya çevirməyin özü elə bəhanə hesab olunmalıdır.
Avropa Birliyinin proqramlarında, xüsusilə də Avropa Qonşuluq Siyasətində və Şərq Tərəfdaşlığı Proqramında iştirak Azərbaycan üçün mühüm bir proses hesab edilir. Bununla əlaqədar dövlət qurumları və Avropa Komissiyası strukturları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığını qənaətbəxş hesab etmək olarmı?
Şərq Tərəfdaşlığı Proqramı Avropa Birliyi – proqramda iştirak edən dövlətlər – iştirakçı ölkələrin vətəndaş cəmiyyəti üçbucaqlığına əsaslanan fəaliyyətlə ciddi uğur qazana bilər. Azərbaycanda da bu üçtərəfli əməkdaşlıq ciddi bəhrə verər. Amma təəssüf ki, bu əməkdaşlıq zəifdir, xüsusilə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq istənilən müstəviyə keçməyib. Hökumət bu sahədə vətəndaş cəmiyyətini hələ ki ciddi tərəf hesab etmir, düzdür, bəzi nazirliklər tədbirlərə öz nümayəndələrini göndərirlər, amma biz münasibətlərin daha da inkişafını gözləyirik. Vətəndaş cəmiyyətinin arzuladığı üçtərəfli əməkdaşlıq sahələrini təxmini belə göstərərdim:
Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanda siyasətə təsir edəcək polemikaların açılması;
Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasını şərtləndirən danışıqlarda vətəndaş cəmiyyəti adından təkliflərin hazırlanmasının stimullaşdırılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə yardım;
Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində onun əhatə olunduğu ölkələrdə media, insan hüquqları, miqrasiya və s. problemlərə həsr olunmuş toplantılara üstünlük vermək;
Azərbaycan üçün Avropa Birliyinə inteqrasiya sahəsində model ola biləcək dövlətlərin müəyyən olunması və onlarla ciddi təcrübə mübadiləsi;
Viza sadələşdirilməsi istiqamətində və digər əməkdaşlıq sahələrində dövlət tərəfindən hazırlanan təkliflərin müzakirəsində vətəndaş cəmiyyətinin iştirakını təmin etmək.
Siyahını bir xeyli uzatmaq olar.
Azərbaycan vətəndaş cəmiyyətinin avrointeqrasiya yolunda rolunu necə səciyyələndirərdiniz?
Azərbaycanın Avropaya inteqrasiya yolunda ictimai-siyasi təşkilatların, xüsusilə QHT və ictimai fəalların xüsusi çəkisi var və bu çəki ilbəil artmaqdadır. Son illər Avropa Komissiyasının ayırdığı qrantlar vətəndaş cəmiyyətinin stimullaşmasında az rol oynamır.
Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu da elə bu istəkdən doğub. Forumun Azərbaycan Milli Platforması da bu çərçivədə yaranıb. Onlarla üzvü olan Milli Platformanın məqsədi vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində fəaliyyətini Azərbaycanda populyar etmək, bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri əlaqələndirməkdir.
AAMİK-in məqsədlərinizdən biri Azərbaycan Respublikasının Avropaya inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır. Bu istiqamətdə vəziyyət necədir?
Biz 4 ildir (2007-2010-cu illər) “Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı “Fəaliyyət Planı” üzrə əldə edilmiş Tərəqqinin Qiymətləndirilməsi” adlı hesabat hazırlayır, tərcümə edir və yayırıq. Bizim monitorinqin nəticələri Avropa Komissiyasının illik hesabatlarında öz əksini tapır. Bu, hər il gördüyümüz işdir. Düşünürəm, Komitənin tək son ildə həyata keçirdiyi tədbirlərin bir hissəsini sadalasam, gördüyümüz işlərin əhatə olunduğu sahələr və ümumiyyətcə, fəaliyyətimiz haqda müəyyən qədər təsəvvür yarada bilərəm:
Beynəlxalq konfranslar. “Rusiya-Gürcüstan münaqişəsi və onun regional əməkdaşlıq, təhlükəsizlik və humanitar sahələrə təsiri”, “Avropa Birliyi və Avropa Şurasının İnsan Haqları üzrə Siyasəti: Avrointeqrasiya Proseslərində Azərbaycanın Perspektivləri”, “Azərbaycanın Sosial İnkişafının Mövcud Vəziyyəti və Avropa Qonşuluq Siyasəti”, “Azərbaycan və ÜTT: problemlər və perspektivlər” və başqa;
Dəyirmi masalar. “Srebrenitsa – 15 il. Soyqırımı anatomiyası (Xocalı paralelləri)”, “Avro yanacaq standartlarına keçid: mərhələlər və gözləntilər”, “Azərbaycan Avroatlantik məkanda: inteqrasiyanın prioritetləri və reallıqları” və başqa;
Maarifləndirmə kampaniyası. Regionlarda Avropa Birliyi, Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları barəsində maarifləndirmə kampaniyasının aparılması;
Siyasət sənədləri. “İctimai vəsaitin idarəedilməsi islahatları: səmərəliliyin, hesabatlılığın və proqnozlaşdırmanın təmin edilməsi”, “Avropa Birliyi (AB) və Cənubi Qafqaz”, “Azərbaycanın ÜTT-yə üzvlük prosesinin qiymətləndirilməsi” və başqa mövzularda Siyasət sənədləri yazılıb.
Buraya Komitəmizin üzvü Samir İsayevin rəhbərliyi ilə hazırlanan “Alternativ Enerji” sənədinin təqdimatı, AAMİK-in bir çox yerli və beynəlxalq təşkilatlarla birgə düzənlədiyi “Söz və ifadə azadlığına dəstək” 3 günlük Beynəlxalq Forumu, Komitəmizin digər üzvü Elxan Şahinoğlunun “Dağlıq Qarabağ: statussuz status. Dünyanın 10 muxtariyyət modeli” kitabının nəşri və təqdimatını da əlavə edərdim.
Bəs Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsi (AAMİK) bu gün hansı fəaliyyət perspektivlərini qarşıya qoyub?
Müxtəlif sahələr üzrə işçi qrupları çərçivəsində fəaliyyətə üstünlük veririk. Bu çərçivədə uğurlu iş kimi Avropa Qonşuluq Siyasətinin 10 prioritet sahəsi üzrə komissiyaların yaradılmasını göstərmək olar. Komissiyaların işinin yekunu kimi Komitənin hesabatları hazırlanmışdır ki, buna da Avropa Komissiyasının illik yekun hesabatlarında istinad mənbələrindən olmuşdur. Bayaq da dediyim kimi bu monitorinq hər il davam etdirilir.
Bu il fəaliyyəti daha səmərəli qurmaq üçün Komitə daxilində 3 əsas işçi qrup yaratdıq: 1) Qubad İbadoğlunun rəhbərlik etdiyi “İqtisadi inteqrasiya” üzrə işçi qrup, b) Əhməd Abbasbəylinin rəhbər etdiyi “Siyasi inteqrasiya üzrə” işçi qrup, c) Yaşar Cəfərovun rəhbərlik elədiyi “Təhlükəsizlik və regional inteqrasiya” üzrə işçi qrup. Artıq Mehriban Vəzirin rəhbərliyi ilə “Gender məsələləri üzrə” 4-cü qrup formalaşır. Hər qrup ciddi müzakirələrdən sonra artıq konkret mövzunu müəyyənləşdirib və bu il ərzində həmin mövzuya aid araşdırma sənədi hazırlayıb ictimaiyyətə təqdim edəcək.
Perspektivdə başqa ideyaların da gerçəkləşməsinə çalışacağıq. Fevral ayından etibarən maarifləndirmə kampaniyası çərçivəsində 3 universitetdə tələbələrə Avrointeqrasiya mövzusunda müxtəlif mühazirələrin oxunmasına start verilir. Bunlar Azərbaycan, Turizm və Bakı Slavyan universitetləridir. Avrointeqrasiyanın müxtəlif sahələrini əhatə edəcək mühazirələri Komitənin üzvü olan ekspertlər oxuyacaq.
Avrointeqrasiya sahəsində, xüsusilə, bayaq dediyiniz üçtərəfli əməkdaşlıq sahəsində, hansı köklü problemlər mövcuddur?
Avropa Birliyi münasibətlərin qurulması zamanı ölkələrin üzərinə götürdüyü öhdəliklərdən başqa heç nə tələb etmir. Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin və danışıqlara gətirin. Razılaşaq ki, öz vətəndaş cəmiyyəti ilə açıq müzakirələrə hazır olmayan dövlətlərdə buna nail olmaq asan deyil. Avropa Birliyi istər AQS və ŞTP çərçivəsində vətəndaş cəmiyyətinin rolunun nədən ibarət olduğunu tam müəyyənləşdirməyib və dövlətlərlə münasibətlərin qurulmasında vətəndaş cəmiyyətinə hər hansı mandat vermək istəmir, dövlətlə vətəndaş cəmiyyəti arasında platformalar çərçivəsində əməkdaşlıq qurmağa ciddi dəstəkçi olmağa tələsmir. Başqa misallar da gətirmək olar.
“Ayna” qəzeti
5 fevral 2011
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu