Qazi ola bilməyən qazılar

 

 

vahid qazi

Qazi ola bilməyən qazılar

Əhməd Ağaoğlunun “Xatirələr”, Çəmənzəminlinin “Studentlər”, Mehriban Vəzirin “Gövhər Ağa Cavanşir” kitabları üstündə Qarabağ düşüncəsi

Sözün axırını əvvəl demək kimi çıxmasın ulu babam Şuşanın qazısı olub. “Qazıyev” soyadımız ondan gəlir. Şəcərəmizi babam Həbibin atası Əlişəcən bilirəm. Zəncir qazıda qırılır. Bəlkə də öz adıyla yox, vəzifə adıyla çağırırmışlar deyə Əliş babamın qazı babasının adı gəlib bizə çatmayıb. Oxumağa davam et

Tənhalıq dövrünün adamları

col-qala-isvec

Tənhalıq dövrünün adamları

“Hyresgäster” (“Çöl Qala”) povestinin Stokholm təqdimatında dediklərim

Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu.

İndi İsveçin dörd bir yanından dostlar gəlib. Neçə yüz kilometr yol qət etmisiniz. Çox sağ olun!

İsveçcə “Hyresgäster”, yəni “Kirayənişinlər” adıyla nəşr olunan “Çöl Qala” barədə adətən iki cür adamın sualı olur – onu oxuyanın, bir də oxumayanın. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazənizlə, oxumayanların sualından danışım. Oxumağa davam et

“Çöl Qala” Stokholmda təqdim olundu

 

59334879_10155930526366126_555906636552601600_n

“Çöl Qala” Stokholmda təqdim olundu

Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” povestinin təqdimat və imza mərasimi keçirilib. Oxumağa davam et

Bir cənub şəhərinin yubilyarına

Rüstəm İbrahimbəyov 1

Bir cənub şəhərinin yubilyarına

Uşaq vaxtı atam bizə 1955-ci ildə Qazaxıstana işləməyə getməyindən, “Xam torpaq”larda gördüklərindən danışardı. Söhbətlərindən biri heç yadımdan çıxmır. Deyirdi ki, hamı onu “Rəşid Behbudovun yerlisi” çağırırmış, adamlar Azərbaycan adını eşitməyibmişlər.

O, sovet xalqının Azərbaycanı Rəşid Behbudovla tanıdığı dövr idi. Oxumağa davam et

Etiraz şərqisi

musica protesta

Etiraz şərqisi

“Nueva cancion” – ”Yeni mahnı” sosial hərəkatı 1960-80-ci illərdə Latın Amerikasını bürümüş protest dalğasının musiqili səsiydi. Bu mahnıların ritmlərində itib getmiş qədim İnk sivilizasiyasının musiqidə qalan ruhu yaşayırdı. Neçə-neçə müğənni, bəstəkar öz mahnı, musiqi və rəqs havalarıyla diktatorlara qarşı etiraz hərəkatlarına beləcə dəstək verirdilər, öndə gedirdilər. Oxumağa davam et

Berqman, Tarkovski və Qotland adası

bergman tarkovsky

Berqman, Tarkovski və Qotland adası

İsveçə gələn gündən könlümdən keçənlərin biri də odur ki, yolumu salam Qotland adasına, Tarkovskinin sonuncu filmini – “Qurbanvermə”ni çəkdiyi Nərsholmenə (Närsholmen) gedəm. Bəşəri qorxunun, Apokalipsis öncəsi həyəcanın, xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu yerə.
Oxumağa davam et

Kontrabas adamlar və ya “Çığırtılar içində pıçıltı”

kontrabas

Kontrabas adamlar

və ya “Çığırtılar içində pıçıltı”

O gün israilli cazmen Avişay Kohenin triosu Malmö simfonik orkestriylə əla bir konsert verdi. Açığı konsertə trioda yer alan Elçin Şirinova görə getmişdim. Getməyə dəyərmiş, Elçini tanıdım, çıxışına valeh oldum. Bəlkə də bu heyranlığın qaynağı qərib ölkədə bir yurddaşın uğurundan fəxarət duyğusu yaşamaq idi, bilmirəm. Oxumağa davam et

Varis Diriye, Opra Uinfri və bizim Bircə

gd-women

 

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Avtobioqrafik roman müəllifi məchul qadına məktub yerinə

Rejissor Şerri Hormanın 2009-cu ildə çəkdiyi “Səhra çiçəyi” adlı bir film var. Somali əsilli fotomodel, yazıçı, ictimai xadim Varis Diriyenin (Waris Dirie) həyatından bəhs edir. Barbar ənənələrin hakim olduğu mühitdə qoca kişiyə ərə verilən 13 yaşlı Varis evdən qaçır. Afrika səhrasını keçib paytaxt Maqadişiyə gəlir. Tale küləyi onu Londona atır. Bəxt üzünə gülür, dünya şöhrətli model olur. Şöhrətin tam zirvəsindəykən bir gün BBC televiziyasına özünün dəhşətli sirrini açır – uşaqlıqda sünnət olduğunu deyir və BMT-nin xüsusi səfiri simasında qadın sünnəti kimi vəhşi milli adət-ənənəyə qarşı ümumdünya kampaniyası başladır.

Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanını oxuyanda o film yadıma düşdü. Oxumağa davam et

Yusif üzlü kitablar. (“Ruhlar şəhəri” kitabından)

Biz tanış olanda 12 yaşımız vardı. Sinfimizə 1980-ci ilin payız tətilindən sonra gəlmişdi. İndi adama elə uzaq görünür ki 1980-ci il. Elə bil 38 yox, 3800 il keçib. İnsanın xəyal ölçülərində min il nədi ki… Bu gün kimi xatırlayıram indi Yer üzündən silinmiş o şəhəri, uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi. Xatirələrin ən duru yerində qalan 12 yaşlı Yusifi.

Sabah Yusif Rzayevin 50 yaşı tamam olur. Bu uzaq eldə təbrik üçün əlim nəyəsə çatmadı. Şəhərimizin kitab dünyasına onun gözüylə baxdığım bu essedən savayı.

Yubileyin mübarək, Yusif!

Yusif Vahid

Yusif üzlü kitablar. (“Ruhlar şəhəri” kitabından)

7 Noyabr 1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü kimi, həmin günün səhəri Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd orta məktəbindən sinfimizə gəlişi də əlamətdar hadisə idi. İndinin gözüylə baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni rəng qatdı. Oxumağa davam et

İtmiş yaddaşların kodu

Aşıq Ədalət

İtmiş yaddaşların kodu

Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı

1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Onu da tam ayırd edə bilmirdin – gah vardı, gah yox. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu.

Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çaldığı sazın səsiydi gələn. Səsi də bilmirdin hardan gəlirdi. Ya aşıq o səsi Tanrı dərgahından çəkib gətirirdi, ya da öz ürəyinin ritmiydi, bizə saz səsində çatırdı. Bilən bir Tanrısıydı, bir də özü.

O gecəyədək aşıq Ədaləti lal bilirdim. Televizorda çıxış edəndə bir dəfə də səsini eşitməmişdim. O biri aşıqlar kimi onu dastan danışan görməmişdim.

Bakının o dövr teatr-konsertləri adama niyə indi daha xoş gəlir? Çünki onda hər tamaşa-konsertin öz seyrçisi, dinləyicisi vardı. Salonda təsadüfi adam az-az olardı. Simfonik orkestrin konsertinə yalnız klassik musiqini bilənlər, sevənlər gedırdi. Balet həvəskarını muğam gecələrində görməzdin. Ustad xanəndələr də muğam xiridarlarının qarşısında oxuduğunu bilirdilər.

Ədalətin “qan elədiyi” həmin gecəyə şəhərin sazsevərləri axışıb gəlmişdilər. Aralarında bir təsadüfi adam vardısa, o da aşıq musiqisinə yad bizim Yaşar idi!

Qoyun, başdan danışım. Oxumağa davam et