Ağılla dərk olunmayan ölkə: Rusiya

Rossiya kəlməsinə ən sadə izah verən bir foto...

Ağılla dərk olunmayan ölkə

Rusiyaya öz ədəbiyyatından və kinosundan baxış

Boris Nemtsovun Kreml yaxınlığında qətlinin səhəri günü bir görüşdə isveçli bir tanışım rus xalqının xarakteri barədə məni söhbətə tutdu. Xeyli sual verdi. Keçmiş sovet ölkəsindən olduğumu bildiyindən elə zənn eləyirdi ki, bu mövzuda çox bilgim var. Ürəyimdə deyindim: “Rəhmətliyin qızı, neçə yüz ildi bütün dünya “загадочная русская душа” (sirli rus ruhu) mifindən baş aça bilmir, mən sənə bu dar macalda onu necə izah edim!”

levifian

Rus şairi Tyutçevin məşhur “Rusiya ağılla dərk olunmaz!” (“Умом Россию не понять”) misrasını ona söyləyib dedim ki, mənim fikirlərim səndə tam təsəvvür yaratmaya bilər, gəl sənə bir məsləhət verim. Ona Karlskrona şəhər kitabxanasının rus bölməsindən Aleksey İvanovun ötən il oxuduğum “Coğrafiya müəllimi qlobusu “gillətdi” (“Географ глобус пропил”) romanını götürüb oxumağı, sonra da “Durak” və “Levifian” adlı rus filmlərinə baxmağı tövsiyyə elədim.

“Kitab rus insanını duymağa, filmlər də Rusiyanı dərk eləməyə kömək edər”, dedim. Danışıq ruscası sən deyən yaxşı olmasa da, rus ədəbiyyatını rus dilində oxuya bilirdi tanışım.

***

Nemtsovun ölümü tək Rusiya yox, bütün dünyada son illərin ən ciddi siyasi qətllərindəndi. Dünya mətbuatının müzakirə mövzularından olan bu cinayət çoxlarında soyuq duş effekti yaratdı. Amma nə qədər səs-küylü hadisə olsa da,  məni təəccübləndirmədi. Nemtsova başqa rus siyasətçilərindən yaxşı mənada fərqli münasibətim olduğundan sadəcə ürəyim ağrıdı.

boris nemtsov

İstənilən rus intellektualı, liberalı, canım sənə desin, demokratını danışdırsan müəyyən mərhələdə təfəkkürünün imperialist qatına çatacaqsan. Soljenitsından üzü aşağı hər kəsdə belədi. Nemtsovda isə mən bilən bu qat yox idi. Bəlkə də vardı, mən rastlamadım.

Niyə təəccüblənmədim bu qətlə? Səbəbi haqda düşündükcə təsəvvürümdə Rusiyanın qorxunc şəkli daha da qatı rəng alır. Bu nədir, Rusiyada insan ağlına sığmayan elə olaylar baş verər ki… Fantaziyamda xeyli uzaqlara getdim.

Məsələn, bir gün eşitsəm ki, faşizmə qələbənin 70 illiyi münasibətiylə Moskvaya gələn Almaniya kansleri Angela Merkel öz məlahətiylə Kremldə kimisə 1945-ci ildə sovet əsgərlərinin milyonlarla alman qadını üzərində tarixi “şücaət”ini (kütləvi zorlanma) xatırladaraq vəcdə gətirib və o kimsə keflənib xanım kanslerə elə Kremldəcə şəhvani təcavüz edib, təəccüblənmərəm. İnanaram!

Əsgərliyini sovet Rusiyasında keçirmiş, ömrün şüurlu çağlarında dəfələrlə bu ölkəyə səfər etmiş biri kimi gördüklərimə müasir Rusiya həyatını əks etdirən oxuduğum kitabların və baxdığım filmlərin təəssüratını, prezident Putinin atkeçməz işlərini də əlavə etsəm, belə bir qətlə təəccüb eləmədiyimin səbəbini daha aydın izah etmiş olaram, zənnimcə.

İndiki Rusiyanı nə onun mətbuatından, nə televiziyasından görmək mümkündü. Qərb analitiklərinin təhlili yazılarından da boy vermir Rusiya həqiqətləri. Məncə, Rusiya özünün əsl üzünü son iyirmi ildə yazılan roman, çəkilən filmlərində göstərir.

İctimai-sosial əxlaqın abortundan bəhs edən kitab və filmləri deyirəm.

***

Dünən isveçli tanışımla yenə rastlaşdım. Atüstü söhbətdə kitabı oxuduğunu, filmlərə də baxdığını söylədi. “Doğrudan da Rusiya ağılla dərk olunmazdır!”, dedi.

“Amma Saltıkov-Şedrin Rusiyanı anlamışdı”, dedim. Səhv etmirəmsə, onun sözüdür: “Əgər yatsam, bir də yüz il sonra oyansam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, deyərdim: İçirlər və talan edirlər”.

BorisNemtsov

Tanışımın daha mənə sualı yox idi. Hər şeyi, mənim Nemtsovun qətlini sakit qarşılamağımı da anlamış kimi görünürdü! Heç Putinin yoxa çıxması da ona qəribə gəlmədi. Guya Rusiyada prezidentin on gündü itməkliyində qeyri-adi bir şey yoxmuş. Hətta kansler Merkel söhbətim də ağlına batdı.

Ondan ayrılanda ağlıma gəldi ki, nə yaxşı tanışım məndən müasir Azərbaycan haqda təsəvvür yaradası roman, film istəmədi. Neyləyəcəkdim? Buna da başqa isveçlilər kimi hələ 1973-cü ildə Stokholmda nəşr olunmuş “Ali och Nino” kitabını oxumağı tövsiyyə edəcəkdim? Vətənin 100 il əvvəlinə işıq tutan romanı!

Bir də ki, bu 100 ildə çoxmu dəyişib, vətən?! Saltıkov-Şedrinin sözü olmasın…

Vahid Qazi

15 mart 2015

Karlskrona, İsveç

Dərc olundu: musavat.commedianews.azgunxeber.comelchi.az

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

siyasi mehbuslar

Azərbaycanda vətəndaş cəmiyyətini kim öldürdü?

Son olaylara 20 ilin rakursundan baxış

Milli azadlıq hərəkatının başladığı gündən zaman-zaman repressiya dalğalarının şahidi olmuşuq. Onun qabaran və çəkilən dönəmlərini yaşamışıq. Uzun illər vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak eləmiş adamların həbsə atıldığı, QHT-lərin bank hesabının dondurulduğu, fəaliyyət imkanının minimuma endirildiyi indiki dövr əvvəlkilərdən fərqlənir. Söhbət tək total həbs və qorxudan getmir. Ona qalsa, 2003-cü ilin oktyabr hadisələrindən dəhşətlisini xatırlamıram. Söhbət ondan gedir ki, indi bu repressiyalar “vətənə xəyanət” ittihamıyla həyata keçirilir. Repressiv siyasi sistemlər vətəndaşlarına qarşı son həmləni adətən bu ittihamla başlayır. Dəniz diliylə desək, belə hallar adi dalğaya yox, sunamiyə bənzəyir. Oxumağa davam et

Mustafa Cəmilovun andı

cemilov vahid                      Mustafa Cəmilov Bakıda olarkən

Mustafa Cəmilovun andı

Vahid Qazi

Krımtatarların lideri Mustafa Cəmilovun Moskvada Vladimir Putinlə telefon danışığından sonra “Dojd” televiziyasına verdiyi müsahibəyə baxdım. Müsahibə mənə onun 30 il əvvəl Daşkənddə növbəti məhkəmə proseslərindən birində dediyi son sözü xatırlatdı. Az qala hər kəlməsini əzbərlədiyim o son sözü vaxtilə tərcümə edib III Sektor jurnalında dərc eləmişdik.

Heç nə dəyişməyib, Putinlə danışanda da Mustafa aga zorun qabağında prinsip, əqidə, ləyaqət nümayiş etdirib. Oxumağa davam et

Özünü axtaranlar ölkəsi

تويتر \ Qumi♥ على تويتر: "Respublika günümüz mübarək!💙❤💚 #Cümhuriyyət  #101il #28May https://t.co/oVJJRVLkZy"

Özünü axtaranlar ölkəsi

və ya maydan sonra gələn aprel

(“Yaddaş ləpirləri” silsiləsindən)

 “Söz bütün hissləri dartıb uzada bilən yayma dəzgahıdır” yazarkən Qustav Floberin hansı ovqatda olduğu onun “Madam Bavari”sindən bilinir. Amma inana bilmərəm ki, bu dahi yazıçı da nə vaxtsa sözün əlində aciz qalmasın, ən dərin hissi ürəyində fır bağlayıb, dilinin ucunda düyünlənib sözə çevrilə bilməsin.

Hələ sözlə davadan qalib çıxan görmədim… Oxumağa davam et

Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov

nostal 1

Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov

İnanmıram hər dürlü zülmə dözən camaatımızın çox böyük əksəriyyətində Andrey Tarkovski kimi rejissorların “darıxdırıcı” filmlərinə baxmağa səbr çata.

Nəinki iki saatlıq filmə sonacan baxarıq, heç beş-on dəqiqəsinə hövsələmiz yetməz. Bu da çayxanada domino çırpmaq, Rafael-Coşğun şousuna qəşş eləmək, şadlıq evlərində qol qaldırmaq deyil ki, ömürdən səxavətlə pay ayırasan. Oxumağa davam et

Pavian diktaturası


Fotolar müəllifindir.

Pavian diktaturası

Vahid Qazi

Kopenhagen zooparkında diqqətimi ən çox çəkən pavian meymunları oldu. Qəfəsdə pişiyə dönən pələnglər, naz-qəmzəli astagəl zürafələr, cəngəllik xiffəti çəkən fillər, dünyanı eyninə almayan gönüqalın kərgədanlar, minilmədiyindən beli ceyran beli kimi zərifləşən dəvələr bu meymunlar qədər maraqlı deyildi. Yalan olmasın, düz bir saat tamaşalarına durdum.

Nəhəng qəfəsdə analı-balalı onlarla meymun vardı. Burada həyat sanki xüsusi yazılmış qayda-qanunla tənzimlənirdi. Cəmiyyət dəqiq qurulmuş mexanizm üzrə idarə olunurdu. Böyük ailə ata meymunun iradəsinə tabeydi. Onun nəzarətindən kənar nəyinsə baş verməsi mümkünsüz görünürdü. O, istədiyi meymunu mükafatlandıra, istədiyini cəzalandıra bilirdi.

Tamaşa elədiyim müddətdə pavian cəmiyyəti gündəlik həyatını yaşayırdı: ana meymunlar körpələri əmizdirir, balalar oynaşırdı. Biri qayalara dırmaşır, o biri ağacdan sallaşır, başqası yanını qaşıyır, zirəyi fağırın əlindəkini qapıb yeyir, sonra da ona acıq verirmiş kimi irişir, küsdürülmüşü küncə çəkilib dalğın baxışlarla harasa baxır, qarınqulusu əliylə yumurta soya-soya ayağıyla bananı bərk-bərk tutur – bir sözlə, meymunluq edirdilər.

Ana meymunlar təzəcə doğulmuş balalarını quyruqlarından tutaraq aralanmağa qoymurlar. Özləri də bir yana gedəndə balalarını gah dallarına alır, gah da quyruqlarından yapışıb sürüyürlər. Sanki balalarını başqa ana meymunlardan qoruyurlar, qəfəs içində başqa qorxulu nə ola bilərdi ki?! Bəlkə də genetik yaddaşında bir vaxtlar yaşadığı təbiətdən qalma qorxulu bir şeylər vardı. Amma bəzən qapalı qəfəs içində olan qorxunc olaylar min bir təhlükənin dolaşdığı meşə və cəngəlliklərdə də olmur.

Burda da insan cəmiyyətində olduğu kimi gizli-açıq mübarizə gedirdi. Uzun müddət seyr edəndə bunu duyursan. Kaş onları anlaya biləydim – dünyanın ən maraqlı reportajını yazardım.

Ata meymun adətən qəfəsin ən hündür yerində, qayaların başında oturur, ailəsinə oradan nəzarət edirdi. Səs-küy artanda, meymunlar səslərini başına alanda Ata meymunun qışqırığı bəs edirdi – bir anlıq elə bilirdin qurbağa gölünə daş atdılar. Artıq səs salan, “qaydalar”dan kənara çıxan ana meymunların cəzası ağır olurdu. Onlar Ata meymunun cinsi təcavüzünə məruz qalırdılar. Tək bir saat ərzində üç belə cəzalandırma prosesinə şahid oldum. Proses zamanı ana meymun müti halda Ata meymuna tabe olur, onun istəkləri qarşısında sükut edirdi. “Cəza prosesi”ndən sonra ana meymun elə lal-dinməz olurdu, elə büzüşüb bir kənara çəkilirdi ki, deməzdin az öncə qara-qışqırıq eləyib səsini başına alan bu imiş (Amma bu dekadentlik elə də çox çəkmirdi, tezliklə o yenə əvvəlki ovqatını bərpa edəcəkdi). Ata meymunsa nərildəyib-guruldayıb öz yerinə – hündürdəki taxtına qayıdırdı.

meymun cemiyyeti 2

Başqa bir cəza növü isə arxa qəfəsə sürgün idi. Zooparkda pavian ailəsi üçün iki böyük qəfəs ayrılıb. Biri bizim tamaşa elədiyimiz açıq havadakı idi, o biri qəfəs isə üstü bağlı tikilidə yerləşirdi. Meymunlar qəfəsdən qəfəsə bir neçə balaca deşik-qapıdan keçirdilər. Ata meymunun qəzəbinə tuş gəlmiş pavian cəza yeri kimi isti havada tamaşaçısı tək-tük olan bağlı qəfəsə girirdi.

Diktaturalarda ədalət olmur, istər heyvan, istərsə də insanların yaratdığı cəmiyyət olsun. Zoopark işçisinin gətirdiyi yemək uğrunda meymunların mübarizəsi ədalət prinsipindən tamamən uzaq idi. Güclü zəifin payını yeyirdi. Yeməyin ədalətli bölgüsü mütləq hakim Ata meymunu da düşündürmürdü. O, təmin olunmuşdu, bəs deyincə yeməyi vardı.

Pavian ailəsi mənə Çarlz Darvini, xüsusilə də onun “İnsan və heyvanlarda emosional ifadə” kitabını xatırlatdı. 80-ci illərin Bakı bukinistlərində rastlaşdığım o kitab şəkilləriylə daha çox yadımda qalıb. Burda da meymunları izlədikcə bir daha əmin olursan ki, insan cəmiyyəti öz quruluşunu təbiət qanunlarından əxz edib. Bəzən unudub o qədər uzağa gedirik ki, təbiətin bir parçası, onun canlılarından biri olduğumuzu unuduruq. Bax, meymunlar mənə məhz bunu xatırlatdı – biz də təbiət canlılarından biriyik.

Əzab çəkən insanın sifət cizgiləriylə təcavüz olunan meymunun üzündə əmələ gələn ifadə necə də oxşardır. Gözlərini döşündən süd əmən balasına zilləyən ana meymunun razılıq təbəssümü Leonardo da Vinçinin “Madonna Litta” tablosundakı uşaq əmizdirən ananın təbəssümünün eynidir sanki. Təcrid olunan meymunun keçirdiyi hiss üzündən oxunurdu, əzabı kölgə təki üzünə çökən insanın yaşadıqları kimi. Xoşbəxt gülüşlərlə budaqdan budağa tullananların sevinci də bəxtəvər insan sevincindən heç nəylə fərqlənmirdi. Cəza verməkdən zövq alan Ata meymunun emosiyası gücü, hökmü çatana zülm edən insanın yaşadığı sadist duyğulara necə də bənzəyirdi.

Qəfəsdəki mövcud həyat özündən olanlar üzərində hökmranlıq eləyən insanların qurduğu rejim kimiydi. Yeni doğulan körpədən tutmuş başçıya kimi hamı dəqiq mexanizmlə idarə olunan sistemə tabe idi. Elə bil başçı hökm etmək, yerdə qalanlarsa tabe olmaq üçün doğulubmuş.

Tarixinin ilkin dövrlərində insanların yaratdıqları bütün cəmiyyətlər heyvanların mövcud birgəyaşayış modelləri əsasında qurulub. Bu eynilik canlıların hamısına hakim olan bir duyğudan qaynaqlanır – “güclünün zəif üzərində hökmranlıq istəyi”. Bu, canlı məxluqatın intuitiv olaraq yaratdığı birgəyaşayış modelinin baş prinsipidir.

meymun cemiyyeti 3

Bu hiss bütün canlılarda var. Ən çox da insanda. İnsanın özündən olan varlıqlara zülm verməkdə tayı yoxdur. Bənzərinə heç bir canlıda rast gəlməzsən.

Sonra tarixin min bir kəşməkəşindən keçən bəzi insan toplumları fərqli modellərlə “bərabər imkanlar cəmiyyəti” qura bildilər.

Bəziləri isə hələ də Kopenhagen zooparkında izlədiyim pavian diktaturasına bənzər cəmiyyətdə yaşamaqdadırlar.

19 avqust 2013

www.vahidqaziwordpress.com

Qarabağ atıyla demokratiya dalınca

atli

                           Foto: Abbas Atilay

Qarabağ atıyla demokratiya dalınca

1993-cü ildə siyasi mübarizədə hədəf vektorunu dəyişməyin səhv olması qənaətinə indi gəlmişəm: o vaxtacan siyasi gündəmdə aparıcı şüar  “Qarabağ” idisə, çevrilişdən sonra “çayın səmti” ustalıqla dəyişdirildi – meydanda bir şüar qaldı: “Demokratiya!” Oxumağa davam et

ƏRAF (Fantasmaqorik hekayə)

cistilishe

Əraf

 Fantasmaqorik hekayə

“Qəfil gün doğsa bir gecə…”. (R. Rövşən)

Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.

Ətraf ovuc içi kimiydi. Ucu-bucağı görünməyən yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.

Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.

Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.

Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.

O biri yol üzübəri gəldikcə Qapılar böyüyürdü, bu yolda isə get-gedə balacalaşırdı.

Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.

Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.

Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb. Oxumağa davam et

Ozon adamlar

Ozon adamlar

Ötən əsrin 60-cı illərində Londona mühacirət edən sovet yazıçısı Anatoli Kuznetsov yazı və müsahibələriylə aləmə səs salmışdı. Parisdə nəşr olunan “Russkaya mısl” adlı mühacir dərgisinin 25 sentyabr 1969-ci il sayındakı məqaləsində sovet yazıçılarını siyasi baxışlar üzrə kateqoriyaya bölməsi isə gərgin müzakirələrə yol açmışdı. Kuznetsov məşhur sovet şair və yazıçılarını bu cür təsnifatlandırmışdı:

 – tamamən tabe olmuşlar: “Sovet hakimiyyətinə eşq olsun!” (Şoloxov, Mixalkov, Koçetov);

 – liberal mötədillər: “Sovet hakimiyyətinə eşq olsun! Amma edilənlərin heç də hamısı əla deyil…” (Katayev, Simonov, Rojdestvenski);

 – liberal davakarlar: “Sovet hakimiyyətinə və insan simalı kommunizmə eşq olsun! Lakin məhkəməyə düşmək istəmirik” (Yevtuşenko, Voznesenski, Tvardovski);

 – müxaliflər: “Sovet hakimiyyəti uğrunda, amma son 50 ildəki kimisi yox” (Sinyavski, Daniel, Soljenitsın, Ginzburq). Oxumağa davam et

Döyüşə balalar gedir

Döyüşə balalar gedir

(Nigar Yaqubluya)

Tofiq Yaqublunun müsahibəsi üç il əvvəl oğlunun mühakimə olunduğu məhkəmə binası qabağında qərar gözləyən Hikmət Hacızadəylə görüşü yadıma saldı – onunla həmin görüşün təəssüratı “Qəmli gözlərin süitası” adlı yazıya çevrilmişdi.

…Müsahibəni oxuyanda elə bildim min kilometrlərin boyundan uzanıb Tofiq bəyə əl verdim, gözlərinə baxdım, ürəyini açıb içindəki duyğuları gördüm. İlk dəfəydi… əvvəllər heç vaxt pəncərəm həbsdəki qızından nigaran qalan ata qəlbinə açılmamışdı.

…Adam öz dərdində böyüyür, müdrikləşir, insanlaşır. Nə qədər paradoksal görünsə də belədi: insan səadətə can atır, amma onu kamilləşdirən can atdığı səadət yox, böyüdən kədərdi.

…Həbsin əsl səbəbini bilmirəm, bilməyim də heç nəyi dəyişmir! Azərbaycanda məhkəmə-hüquq sistemi, siyasi rəqiblərlə davranış mədəniyyətindən Antarktidada pinqvinlərin xəbəri yoxuydu, indi onların da xəbəri var, səyyah-nazirimiz getmişdi.

…Nigarın günahkar olub-olmaması haqda düşünməyi belə absurd sayıram. Çünki Allahın əl üzüb tanrıların ümidinə buraxdığı məmləkətdə hər gün minlərlə cinayət törədilir, günahlar işlədilir –  burda cinayət və günahların hökmünü kəsənlər Allahı, Allah da hökm kəsənləri tanımır.

… “Toplum” jurnalı üçün Nigarın mübarizə dostu Günel Rəhimliyə bir sual yollamışdım: “Siyasi çevrələrdəki Azərbaycan kişisinin xanımı “dekabrist arvadı” ola bilirmi?” Cavabı beləydi: “Azərbaycan siyasətçisi Dekabristlər kimi mətin, əqidəsinə sadiq olarsa, inanıram ki, həmən siyasətçinin xanımı Dekabristlərin xanımından da sadiq və mübariz olar”.

…Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram. Bu, həm də mübarizə tarixində yeni mərhələdi – qabağa gənclər çıxır, öndə gənc xanımlar gəlir.

…Döyüşə balalar gedir.

25.09.2012

 P.S.  “Nigar Yaqublunun həbsi müasir siyasi mübarizə tariximizdə yeni hadisədi, hər halda siyasi fəal xanımın bu müddətə həbsini xatırlamıram” sözlərini yazanda hələ Leyla Yunus, Xadicə İsmayılova həbs olunmamışdı. Nigarın bacısı Nərgiz vəfat etməmişdi, atası şərlənib tutulmamışdı. Bu gün Nərgizin anım günündə onun ruhuna dualar edir, Tofiq Yaqubluya səbr diləyirəm!
23 aprel 2016