İsveçin xarici işlər naziri Ann Lindeyə məktub

İsveçin xarici işlər naziri Ann Lindeyə məktub

Günaydın, Ann!

Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.

Sizin bu məsələyə biganə qalmamanıza, təşəbbüsünüzə böyük dəyər verirəm. Məni sizə yazmağa sövq edən səbəb bu döyüşlərdə uşaqların ölüm xəbəri oldu. Bu günlərdə erməni bombardmanları nəticəsində Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə həlak oldular.

Bu həftə siz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksiniz. İstərdim xatırladım ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin dinc çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Təəssüf ki, 28 il ərzində sülhə nail olunmayıb. Mənim fikrimcə, problemin həllinə İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim.

Atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur!

BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrini yadınıza salmaq istəyirəm. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.

Ümid edirəm ki, söhbət zamanı Ermənistan xarici işləri nazirindən Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəksiniz.

İsveç bütün dünyada neytral mövqeyi, sülhpərvər siyasətiylə tanınır. İnanıram ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər.

Sayğılarımla,

Vahid Qazi

Yazıçı, publisist

29.09.2020

İsveç Xarici İşlər naziri Ann Lindenin cavab məktubu

Salam Vahid,

Bu ilin 29 sentyabrda mənə yazdığınız məktub üçün sağ olun. Sualınız və marağınız üçün təşəkkür edirəm, cavabı gec yazdığıma görə təəssüflənirəm. Hökumətimiz Ermənistanla Azərbaycan arasındakı münaqişəni böyük narahatlıqla izləyir. İsveçin mövqeyi son həftələrdəki döyüşlərdə aydın olub: atəşin dərhal dayandırılsın və Minsk Qrupunun həmsədrləri ilə danışıqların bərpa edilsin. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur. Bunu şəxsən mən Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə hərbi əməliyyatlar başlar başlamaz təqdim etmişdim.

İsveç hökuməti Ermənistan və Azərbaycanın 10 noyabr gecəsi atəşkəs barədə razılığa gəlməsinə sevinir. Döyüşlər gərgin keçdi və bir çox itkilər oldu. İsveç mülki insanlara və mülki altyapıya edilən hücumları qınayır. Beynəlxalq humanitar hüquqlara riayət edilməlidir. Humanitar vəziyyət çox ciddidir; On minlərlə mülki şəxs münaqişə bölgəsini tərk etmək məcburiyyətində qaldı, yaşayış bölgələri və məktəblər və xəstəxanalar kimi mülki obyektlər dağıdıldı. Vəziyyət, hakimiyyətin döyüşlər səbəbiylə mübarizə gücünə sahib olmadığı geniş yayılmış kovid-19 pandemiyası ilə daha da gərginləşir. İsveç 20 milyon İsveç kronu ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki humanitar işini dəstəkləyir.

İndi bağlanmış müqavilə və onun necə tətbiq ediləcəyi barədə daha çox məlumat toplayırıq. Münaqişənin bitmədiyi və bir çox məsələlərin həll edilməli olduğu aydındır. Buna görə ATƏT-in və beynəlxalq ictimaiyyətin uzunmüddətli davamlı danışıqlar yolu ilə həll olunmağa sadiq qalmaları vacibdir. İlin sonunda ATƏT-ə sədrlik etməyə başlayacağım üçün bu səyləri dəstəkləməyə davam edəcəyəm.

Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzunmüddətli, siyasi cəhətdən davamlı həlli üçün dialoq və əməkdaşlığı təşviq etmək İsveç Xarici İşlər Naziri kimi mənim üçün önəmlidir.

Dost salamı ilə,

Ann Linde

19 noyabr 2020

İsveçin xarici işlər naziri Ann Lindeyə məktub” üçün 2 cavab

  1. Geri bildiriş: Qarabağ aynasında… (Qarabağ yazıları) | Vahid Qazinin bloqu

Bir şərh yazın