Vladimir Bukovski şahidlik edir

Bukovski 2

Vladimir Bukovski şahidlik edir

V.Bukovskinin Varşavada keçirdiyi mətbuat konfransından fraqmentlər

…İş elə gətirmişdi ki, 1991-ci il avqustun 25-nə Rusiyaya getmək üçün viza almışdım. Vizanı hələ mayda almışdım və əlbəttə o vaxt qiyam hazırlandığı  heç kimin ağlına belə gəlmirdi.  Mən Moskvaya gələndə qiyam təzəcə bitmişdi. Gələn kimi Rusiyanın yeni hakimiyyəti ilə görüşüb, arxivləri açmaq ücün onları yola gətirməyə başladım. Təbii ki, bu ideyanı onların qəbul edə biləcəyi şəkildə təqdim etməyə calışdım.

Onu da deyim ki, söhbət etdiyim adamlar əslində ikinci dərəcəli adamlar idi, elə bir filosofluqları yox idi. Əgər mən onlara kommunizmin dünya miqyaslı bir bəla olmasından və onunla mübarizəinin vacibliyindən danışsaydım, onda onlar sadəcə olaraq məni başa düşməyəcəkdilər. Buna görə də onlara olduqca sadə və praktik bir dillə dedim. Dedim ki, kommunizm bu gün yaralı bir yırtıcıdır ki, onun da nəfəsini kəsib axırıına cıxmaq lazımdır. Əgər onun axırına indi cıxmasanız bir necə aydan sonra özünə gəlib boğazınıza cökəcək.

Onu deyim ki, onları cox qorxudurdu. Məhz bu yolla onları cox asanlıqla başa saldım ki, qiyam liderlərini mühakimə etmək lazımdır. Səhv etmirəmsə, o vaxt qiyamın əsas rəhbərlərindən olan 14 nəfəri həbs etmişdilər. Onlara anlatdım ki, bu adamları fərdi qaydada buraxmaq da olar, ancaq onlar üzərində məhkəməni indi kecirmək lazımdır – açıq və hamının gözü qarşısında.  Eyni zamanda bu prosesi Sov.İKP üzərində məhkəməyə cevirmək lazımdır. Bunun ücün isə sənədləri və arxiıvləri açmaq, rejimin cinayətlərini ifşa etmək gərəkdir. Və bu 14 nəfər formal olaraq partiyanın bütün əməllərinə cavabdeh olacaqlar. “Biz onları mühakimə etməliyik. Hətta bundan sonra onları buraxa da bilərsiz, artıq bunun elə bir əhəmiyyəti olmayacaq”.

Mən onları bax bu cur dilə tutdum və demək olar ki, hamını buna inandıra bildim. Hətta DTK-nın o vaxtkı sədri Bakatini də. Bu ideyanın əleyhinə çıxan yeganə adam Yeltsin idi. Səbəbini də izah eləmirdi. Ancaq onsuz da hər şey aydın idi. Yeltsin başa düşürdü ki, bir gün belə proses başlasa, onun kimilərdən də yan keçməyəcək. İstənilən halda bu prosesdən sonra bu çür adamlar artıq lider ola bilməyəcəkdilər. Yeltsinə həm də Qərbdən, xüsusilə də ABŞ-dan güclü təzyiq olunurdu. Dövlət Departamenti Yeltsindən çox ciddi şəkildə arxivləri açmamağı tələb edirdi.

…Və o vaxt bu ideya baş tutmadı. Yadımdadır, sentyabrın sonlarında Rusiyanı tərk edəndə fikirləşirdim ki, “Vəssalam… hec nə alınmadı… mən bir də heç vaxt Moskvaya dönməyəcəm…”

Ancaq təəssüf ki, mənim dediklərim mən gözlədiyimdən də tez doğru cıxdı. Artıq növbəti ilin yazında kommunistlər canlandılar və Kommunist Partiyasının ləğvi haqqında Yeltsinin qərarına etiraz edərək onu Konstitusiya Məhkəməsinə verdilər. Yeltsin məhz o an qorxuya düşdü. O, başa düşürdü ki, uduza bilər, çünki məhkəmədəki çoxluğun kommunistlərə rəğbəti vardı. Uduzmaq isə Sov.İKP-nin bütün mulkiyyətini, saysız-hesabsız binaları, bağ evlərini, sanatoriyaları və üstəgəl arxivləri geri qaytarmaq demək idi. Bütün bunları isə Yeltsin heç cür onlara qaytarmaq istəmirdi.

Məhz həmin vaxt Yeltsinin köməkcisi mənə, Kembricə zəng vurub kömək ücün Moskvaya dəvət etdi. Mən belə bir şərt kəsdim: “Arxivləri açırsınızsa, gəlirəm”.

Məhkəmə prosesini təmin etmək ücün arxivlərin müvəqqəti olaraq açılması ilə məşğul olan prezident komissiyasanın yaradılması barədə qərar qəbul olundu. Mən Moskvaya gəldim və həyatımda ilk dəfə olaraq Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin rəsmi eksperti kimi dövlət rütbəsi aldım.

Əlbəttə, mən kimlərlə iş görməli olacağımı yaxşı başa duşurdum. Madam ki, söz veriblər, deməli, sənədləri göstərəcəklər, amma surətini cıxarmağa imkan verməyəcəklər. Bax bu, dəqiq idi. Ya surətcıxaran maşınlar işləməyəcək, ya kağız catışmayacaq və s. və ilaxır.  Elə ona görə də özümə bir portatip kompüter və bir əl skanneri aldım. Əmin idim ki, hələ hec kim Rusiyada belə texnika görməyib.

Məhkəmə zalının tən ortasında oturmuşdum. Qarşımda da 48 cildlik sənəd. Və hamının gözü qarşısında həmin sənədləri yavaş-yavaş skannerə ötürürdüm. Məhkəmə zalında əyləşənlərin hec biri nə ilə məşğul olduğumu anlamırdı.

Onu da deyim ki, bu, kifayət qədər yüksək səviyyəli məhkəmə idi. Şahid qismində Siyasi Büro üzləri, Mərkəzi Komitənin kecmiş katibləri ifadə verirdilər. Prezident tərəfindən isə baş nazirin müavinləri iştirak edirdi.

Beləliklə, heç kim nəylə məşğul olduğumu anlamırdı, hamını yalnız mənim kompüterim maraqlandırırdı. Fasilədə bir yığın adam başıma toplaşırdı, Siyasi Büro üzvləri çiynimin üstündən boylanıb soruşurdular: “bahalı maşindır deyəsən?”. Mən də qısaca cavab verirdim: “Bəli, bahalıdır”.

Axıra bir necə səhitfə qalmışdı ki, – lap filmlərdəki kimi – birdən zalda oturanlardan birinin çığırtısı az qala bütün məhkəmə binasını bürüdü: “Axı o, bütün sənədlərin surətini cıxarır!” Özümü elə apardım ki, guya bu nalənin mənə heç bir dəxli yoxdur və öz işimdəydim. Həmin adamın naləsi yenə zalı başına götürdü: “O hər şeyi orda dərc edəcək!”

Zala dəhşətli sükut çökdüşdü. Elə bil hamı iflic olmuşdu. Kompüterimi yığışdırıb sakitcə çıxışa tərəf getdim. Aydın başa düşürdüm ki, belə situasiyalarda ən əsası – qaçmamaqdır. Hec kim yerindən tərpənmədi. Bu, lap “Müfəttiş”dəki son səhnəyə bənzəyirdi.

Zaldan sakitcə çıxıb bir baş Şeremetyevoya yollandım, təyyarəyə minib aradan çıxdım…

Mətbuat konfransının aparıcısı: Bu, elə köhnə prinsipdir: “Bircə dənə surətçıcaran aparat kommunizm üçün bir bombadan daha çox təhlükəlidir!” İndi verəcəyim sual daha cox Polşa oxucuları uçun maraqlı olacaq. Sual general Yaruzelskiyə aiddir. Kremlin arxiv sənədlərində 1981-ci il və ondan sonrakı hadisələrdə Yaruzelskinin rolu haqqında nə deyilir? General Yaruzelski könullu olaraq “Solidarnost”u susdurmaq və Polşada hərbi vəziyyət tətbiq etmək istəyirdimi? Və nə dərəcədə o bütün bunları Moskvanın təzyiqi və hərbi müdaxilə təhdidi altında həyata keçirməyə məcbur idi?

V.B. – Polşa böhranı haqqında məndə kifayət qədər sənəd var. Əvvəla, bu sənədlər “Suslov komissiyası” deyilən komissiyaya məxsusdur. İkincisi, mən özüm də Mərkəzi Komitənin arxivindən, əsasən də onun Katibliyinə aid əlavə sənədlər əldə edə bilmişəm. Bütövlükdə bu, 250 səhifəlik sənəddir. Bu sənədlər əsasən Polşa böhranın müzakirəsinə həsr olunmuş Siyasi Buro iclaslarının protokollarıdır. Əvvəldən axıra kimi Polşaya hərbi müdaxilə edilməsi məsələsi heç vaxt müzakirə edilməyib. Hətta ehtiyat plan kimi də təqdim olunmayıb. Hadisələrin necə inkişaf edəcəyi hələ tam aydın olmadığı ilkin vaxtlarda Siyasi Büroda bəziləri birbaşa deyirdilər ki, Polşa Çexoslovakiya deyil. Sənədlərdə bu mövzu açıq müzakirə edilməsə də onların nəyi nəzərdə tutduqldarı bizə aydındır. Böhranın inkişaf prosesində siyasi büronun polşalı həmkarlarından əvvəldən axıradək tələb etdikləri yeganə şey hərbi vəziyyət elan edilməsi olub.

1981-ci ilin aprelində Siyasi Büroda hərbi vəziyyət elan olunması planı işlənib hazırlanmış və o, bir tərəfdə Andropovla Ustinov, o biri tərəfdə Yaruzelski ilə Kaney arasında Brest şəhərində təşkil olunan məxfi görüş zamanı Polşa tərəfinə çatdırılmışdır. Elə oradaca polşalı həmkarlara hərbi vəziyyətin necə tətbiq olunacağı izah edilmişdir. Hətta tərəflərdən həmin sənədi imzalamaq da tələb olunmuşdur. Ancaq Yaruzelski bildirəndə ki, o imza ata bilməz və bunun üçün o həmkarları ilə məsləhətləşməlidir, ona belə cavab vermişdilər: “Siz planla tanış olduğunuz üçün imza atın. Bir də ki, hərbi vəziyyət tətbiq etməli olsanız, artıq imza atmaq çox gec olacaq”.

Polşada hərbi vəziyyət tətbiq edilməzdən üç gün əvvəl, 1981-ci il dekabrın 10-da Siyasi Büronun yığıncağında Andropov həmkarlarına müraciətlə belə deyib: “Yaruzelski yenə də biz tərəfdən hərbi müdaxilə məsələləsini qaldırır, biz artıq ona demişik ki, Polşanın işlərinə qarışa bilmərik və bunu etməyəcəyik də. Ancaq görünür Yaruzelski öz ordusuna bel bağlamır. Elə buna görə də ehtiyat tədbirləri kimi müdaxilə barədə bizim zəmanətimizi əldə etmək istəyir. Ancaq ona bir daha izah etməliyik ki, Polşanın işlərinə qarışmayacağıq. Yaruzelski ancaq öz gücünə güvənməlidir”. Bundan sonra Qromıko çıxış edir və o da eyni sözləri deyir: “Polşaya heç bir müdaxilədən söhbət gedə bilməz. Bunu Yaruzelskiyə çatdırmışıq və indi səfir Aristov vasitəsilə bir də deyirik ki, Yaruzelski yalnız özünə güvənməlidir”. Qromıkonun ardınca Suslov danışır, eyni fikri o da səsləndirir: “Biz Polşaya müdaxiləyə yol verə bilmərik. Hər şey bir yana bu bizim xarici siyasətdə etdiklərimizin, o cümlədən tərkisilah uğrunda siyasətimizin tamamilə məhvinə gətirib çıxara bilər”. Andropov isə deyilənlərə doğrudan da maraqlı bir ifadə əlavə edir: “Polşada “Solidarnost”un lap elə qalib gəlməsi bir şeydir, ancaq əgər biz ora müdaxilə etsək və bütün Qərb dünyası da öz sanksiyalarını üstümüzə töksə, onda bu tamam başqa məsələ olacaqdır…”

O ki qaldı hərbi müdaxilə ideyasının özünə, Siyasi Büroda bu həmişə dezinformasiya məqsədilə hazırlanırdı. Mən Siyasi Büronun bir qərarını əldə etmişəm. Orada deyilir: “Nə qədər ki, Polşadakı əksinqilabçı və Qərbin imperialist dairələri bizim müdaxiləmizdən qorxurlar və bu qorxu onların qabağını kəsir, onda təbliğat kampaniyasında bu ideyanı da istifadə etməliyik”. Elə buna görə də həm Brejnev, həm də digərləri öz çıxışlarında Siyasi Büro ilə razılaşdırılan eyni ifadəni təkrar edirdilər – “Biz Polşanı heç kimin ayağına vermərik”. Bu, son dərəcə ikibaşlı sözdür. Bu cür qeyri-müəyyənliyi onlar həmişə saxlayırdılar. Üstəlik, yadınızdadırsa, hərbi müdaxilə təsəvvürü yaratmaqdan ötrü hərbi manevrlər keçirir, qoşunları Polşa ilə sərhədə toplayırdılar. Başqa sözlə, onlar gərginliyi qəsdən artırırdılar. Hərbi müdaxilə təsəvvürü yaradır, əslində isə yalnız hərbi vəziyyət tətbiq olunması planı hazırlayırdılar. Onlar başa düşürdülər ki, məsələnin bu cür qoyulması hərbi vəziyyət elan edilməsi dünya ictimaiyyəti tərəfindən nisbətən az qəddarlıq kimi qəbul ediləcək.

Elə o cür də oldu. Yaxşı yadımdadır, Polşada hərbi vəziyyət elan edildikdən sonra Qərbdəkilər rahat nəfəs aldılar, çünki hamı Sovet İttifaqının Polşaya hərbi müdaxilə edəcəyini gözləyirdi.

Sual: Sizcə, Sovet İtttifaqında islahatların başlamasına nə təkan verdi?

Vladimir Bukovski: İlk növbədə ölkə iqtisadiyyatındakı ağır vəziyyət. Onlar bir də onda ayıldılar ki, bütün ölkə iqtisaddiyatı üzərində nəzarəti itiriblər. Arxiv sənədlərində çox maraqlı bir material tapmışam. Brejnevə müharibə veteranlarından mağazalardakı duz qıtlığı haqqında şikayət məktubları gəlməyə başlayır. Gələn məktubların sayı o qədər çox olur ki, Brejnev o vaxtlar kənd təsərrüfatına nəzarət edən Qorbaçova bu məsələni araşdırmağı tapşırır. Doğrudan da axı, görəsən nə baş verir? Nəhəng bir ərazi, saysız-hesabsız duz gölləri, heç duzu yerin altından çıxarmağa ehtiyac da yoxdur, bir yığın duz kombinatı tikilib, amma duz ərşə çəkilib. Veteranlar inciyirlər. Qorbaçov tapşırıq alan kimi araşdırmağa başlayır. Regionlarla əlaqə saxlayır, hamıdan məlumat alır ki, bəs neçə milyon ton duz hasil edilib, neçə milyon ton qablaşdırılıb və s. Ancaq bundan sonra onların hara yoxa çıxdığını heç cür anlaya bilmir. Vəziyyət barədə Brejnevə məlumat verən Qorbaçov bildirir ki, duzun necə yoxa çıxdığından baş açmır. Növbəti dəfə Brejnev bu işi Andropova tapşırır. Dövlət Təhlukəsizlik Komitəsi aylarla araşdırma aparmağa məcbur olur. Amma bütün axtarışlar nəticəçiz qalır. Yalnız o zaman anlamağa başlayırlar ki, işlər doğrudan da xarabdır. Xarici siyasətdə onlar əjdaha idilər! İnqilabı beşiyindəcə boğardılar. Onlar elə edə bilərdilər ki, Qərbdə milyonlarla səfeh küçələrə cıxıb öz ölkələrindən tərksilah olunmağı tələb edərdi. Bu, onların əlində heç nə idi. Ancaq öz ölkələrini adi xörək duzu ilə təmin edə bilmirdilər…

Sual: Bildiyiniz kimi, hərbi vəziyyət elan olunmasına bir həftə qalmış baş qərargah zabiti Kuklinski Qərbə qaçaraq, hərbi vəziyyət haqda informasiyanı ameikalılara çatdırmışdı. Sual belədir: Arxivdə polkovnik Kuklinski və bu hadisə barədə materiallara rast gəldinizmi?

V.B.: Bilavasitə polkovnik Kukliskinin adına heç yerdə rast gəlməsəm də orda maraqlı bir ifadə vardı. Siyasi Büro Yaruzelski ilə Kaninin səfərini gözləyir. Həmişə olduğu kimi ümumi tezislər, nümayəndə heyətinin qəbulu üçün hazırlanmış materiallar müzakirə olunur. Birdən kimsə deyir ki, yaxşı materiallar hazırlamışıq, bəlkə onları polyaklara verək getsin? Brejnev isə belə cavab verir: “Yox, lazım deyil, yoxsa onlar Amerikada peyda ola bilər”.

Sual: 80-ci illərdə polkovnik Qolıtsin Qərbə qaçdı. Qolıtsin artıq o vaxtlar 89-cu ildə baş verəcək hadisələrə bənzər bir planın reallaşdırılmasının mümkünlüyündən danışırdı. Ola bilərmi ki, kommunizmin çökməsi yuxarılarda, DTK rəhbərliyi tərəfindən hazırlanırdı? Elə bir mərkəz var idimi ki, kommunizmin, əgər belə demək mümkünsə, “ehmalca enməsini” təmin etmiş olsun?

V.B.: Aşkarlıq və yenidənqurma adlanan siyasətin ilkin hazırlığına hardasa 70-ci illərin sonunda başlanılıb. Əvvəllər bu, əsasən, xarici siyasətə aid edilirdi. İlkin hazırlıqlar xarici siyasətdəki səbəblər üzündən ortaya çıxdığı üçün bu işlə Mərkəzi Komitənin beynəlxalq şöbəsi məşğul olurdu. Ancaq bütün bunların başında öz idarəsilə birlikdə Andropov dayanırdı. Əvvəlcə bu məsələ dar bir çərçivədə qoyulmuşdu. Həmin vaxtlar onların Qərblə detant siyasəti ərəfəsinə təsadüf edirdi. Bizdə buna beynəlxalq gərginliyin azaldılması deyirdilər. Ancaq bu siyasət onlara istədikləri nəticəni vermədi. Bəli, bu siyasət onlar üçün nə qədər sərfəli və əlverişli olsa da axıra qədər işləmədi.

Beynəlxalq şöbənin qarşısında belə bir vəzifə dururdu: detant siyasətini necə planlaşdırmaq lazımdır ki, o işə düşə bilsin? Bu siyasət Qərbi Avropanın sosial demokratları ilə qarşılıqlı surətdə həyata keçirilirdi. Bu, sosial demokratlardan öz məqsədləri naminə istifadə etmək demək idi. Mərkəzi Komitənin beynəlxalq şöbəsi sonralar Qorbaçovun “yeni təfəkkür” adlandırdığı siyasəti hazırlayıb ortaya çıxarır. Başqa sözlə, məsələ belə qoyulmuşdu: elə ifadə söylənməlidir ki, o, sosial-demokrat sayağı səslənsin. Kobud desək, sosial-demokratları bir az da rahat və yaxşı aldatmaq mümkün olsun. Bu işlə Andropov başda olmaqla beynəlxalq şöbə məşğul olurdu.

Həmin ərəfədə isə Əfqanıstan və Polşa böhranı başlayır. Bu zaman onlar anlamağa başlayırlar ki, təkcə xarici siyasətin simasını dəyişdirmək yox, həm də iqtisadiyyatda da nəsə etmək lazımdır. O zaman bu iki layihəni birləşdirib vahid – yenidənqurmanın təkmilləşdirilməsi planına başlayırlar. Qolitsin bir məsələdə haqlı deyildi. Kommunizmin birdəfəlik yox edilməsi heç vaxt planlaşdırılmayıb. Sadəcə olaraq Qərbdə ictimai rəyi aldada biləcək kütləvi dezinformasiya kampaniyası planlaşdırılmışdı. Onların planına kommunizmin birdəfəlik yox edilməsi daxil deyildi.

Artıq 80-ci illərin ortalarında bu plan tədricən qanuniləşməyə başladı. Hələ Qorbaçov hakimiyyətə gəlməmişdən əsas plan artıq hazır idi. Yeri gəlmişkən bunu Qorbaçovun özü də inkar etmir. Onu yalnız Qərbdə yenidənqurmanın banisi kimi tanıyırlar. Ancaq Qorbaçov özü də etiraf edir ki, o yalnız icraçı idi. 1988-89-cu illərdə işlər heç də yaxşı getmirdi və həmin vaxtlar Moskvadakı toplantıların birində kimsə Qorbaçova tənə vuraraq demişdi ki, bəs niyə hər şeyi belə pis götür-qoy etmisiz? “Mənlik burda nə var ki? Bu, mən hələ hakimiyyətə gəlməzdən əvvəl düşünülmüşdü. Bizim tədqiqat institutlarımız MK-ya yüzdən artıq hazır islahatlar paketi təklif etmişdilər”. Bu, Qorbaçovun cavabı idi.

Ancaq hər halda gəlin müxtəlif şeyləri bir-birinə qarışdırmayaq. İslahatlar hazırlamaq bir məsələdir, amma onun nəticəsi necə oldu – bu isə tamamilə başqa bir məsələdir. Aydındır ki, 88-ci ildə mülkiyyətin bir hissəsini özəlləşdirib partiya fəallarına verməyə başladılar. Xüsusilə də komsomol fəalları və DTK-nın adamlarına. Əsas ideya ondan ibarət idi ki, mülkiyyətə nəzarət bundan sonra da bu adamlara məxsus olacaq. Çünki onlar partiya üzvləri idilər. Başqa sözlə, partiya nəzarəti yenə də qüvvədə qalacaqdı. Ancaq onlar bircə şeyi nəzərdən qaçırmışdılar – bu, Lenin zamanındakı yox, artıq tamam başqa bir partiya idi. Bu, artıq peşəkar inqilabçıların deyil, peşəkar fırıldaqçıların partiyası idi. Buna görə də mülkiyyətin bir hissə əllərinə keçən kimi partiya ilə vidalaşdılar. Pullu adamların partiyadan qaçışı 90-cı illərdə Kommunist Partiyasının sürətlə çökməsini təmin elədi.

Sual: Qorbaçovun layihələrində Almaniyanın birləşdirilməsi, ya da Şərq ərazilərinin Almaniyaya qaytarılması nəzərdə tutulurdumu?

V.B.: Bu, müasir tariximizin ən maraqlı səhifələrindən biridir. Bəli, onlar Almaniyanı birləşdirmək istəyirdildər, ancaq onu qaytarmaq istəmirdilər. Onlar öz sosial demokrat dostlarının rəhbərliyi altında olan neytrallaşdırılmış və silahsızlaşdırılmış Almaniyanı birləşdirmək istəyirdilər. Bu, onların əsas məqsədi idi. Onu da deyim ki, heç də yeni məqsəd deyildi. Bu işlə hələ Stalin məşğul olmuşdu. Çünki Stalinə Almaniyanın yarısı yox, hamısı lazım idi. Bu məsələyə bilavasitə Beriya baxırdı. Ancaq onu tezliklə güllələdilər. Sonralar bu işlə Xuruşov məşğul oldu. Lakin xalq Şərqi Berlindən Qərbi Berlinə qaçmağa başlayanda Xuruşov Berlin divarını tikmək məcburiyyətində qaldı. Bütün sovet liderlərini bir məsələ düşündürürdü: ADR-dən necə yaxa qurtarmaq lazımdır ki, əvəzində vahid Almaniyanı əldə etmək mümkün olsun.

Sual: Bəs bu məsələdə Falin hansı rolu oynayırdı və sosial-demokratlardan məhz kim Sovet İttifaqının şüurlu aləti idi?

V.B.: Şüurlu alətə gəlincə, qeyd etmək lazımdır ki, sosial-demokratların da öz məqsədləri vardı. Onlar Moskvanın adi casusları deyildilər. Onlara elə gəlirdi ki, bu yolla hakimiyyətə gəlmək olar. İdeya ondan ibarət idi ki, Sovet İttifaqındakı rejim yumşalacaq, Qərbi Avropada isə hakimiyyətə sosialistlər və sosial-demokratlar gələcək. Və beləliklə də, konvergensiya başlanacaq. 60-70-ci illərin əsas detantı konvergensiya ideyası üzərində dayanırdı. Bu məqsədi həyata keçirmək üçün sosial-demokratlara Avropada Sovet təsirini gücləndirmək lazım idi. Belə halda onlar Qərblə Sovet İttifaqı arasında yeganə vasitəçi olardılar.

Lakin anlamırdılar ki, onlar Sovet İttifaqına yalnız bir alət kimi lazım idilər. Kreml öz məqsədinə nail olan kimi social-demokratlar səhnədən silinib gedəcəkdilər. Bu ideyanın inkişaf edib həyata keçməsində alman sosial-demokratları daha effektiv və enerjili idilər. Onların arasında Moskvaya yaxınlığı ilə seçilən Eqon Barr idi. Məsələn, məndə onun hələ 69-cu ildə DTK ilə məxfi əlaqələrini sübut edən sənədlər var. Alman social-demokratları DTK-ya o qədər nüfuz etmişdilər ki, social-demokratların harda bitib, DTK-nın harda başlandığını müəyyən edə bilmirsən.

O ki, qaldı Falinə, o, SSRİ-nin Qərbi Almaniyadakı səfiri idi. Falin yenidənqurmanın labüdlüyündən danışmağa başyalayanlardan biri və birincisi idi. Mən onun hələ 77-ci ildə MK-da etdiyi bir məruzəsini tapmışam. Həmin məruzədə insan haqları, informasiya və mədəniyyət sahəsində aparılan səhv siyasətdən danışılır. Qeyd olunur ki, bunun üçün yaxşı nəzarət olunan aşkarlığı təşkil etmək daha yaxşı olar. Sənədin kənarlarındakı imzalardan məlum olur ki, məruzəni Qromıko, Andropov və siyasi büronun bir neçə üzvü də oxuyub.

Tezliklə Falin Moskvaya dəvət olunur və Mərkəzi Komitənin beynəlxalq şöbəsində işləməyə başlayır. Gələcəyin siyasəti olan yenidənqurma və aşkarlıqla məhz Falin məşğul olurdu. 1989-cu ildə bu siyasət həyata keçirilməyə başlayanda Falini Mərkəzi Komitənin beynəlxalq şöbəsinə rəhbər təyin etdilər.

Sovet rejimi dağılandan sonra Falin Rusiyadan qaçdı və bir də heç vaxt Rusiyaya qayıtmadı. İndi o Almaniyada yaşayır. Onun oradakı sahibləri alman social-demokratlarıdır. Daha doğrusu, onlardan kimin-kimə yiyəlik etdiyini dəqiq demək mənim üçün çətindir.

Sual. Doğrudurmu ki, alman sosial demokratları bugün məhz Falinin kapitalından faydalanırlar?

V.B: Əlbəttə. Ancaq mənə elə gəlir ki, Falinin sərvəti daha böyükdür. Partiyanın bütün pulları, ümumiyyətlə, Sovet hökumətinin izsiz-soraqsız yoxa çıxmış bütün pulları onun əlinin altından keçib. Bizim ehtimalımıza görə həmin pulları Qorbaçov oğurlatmaq istəyibmiş, amma görünür həmin pullara nəzarəti əldən verib. Bu gün Qorbaçov geninə-boluna yaşamaq üçün pitsa reklam eləməyə məcburdur. Ancaq Falin pitsa reklam eləmir.

Sual: Varşava müqaviləsi ölkələrinin 1980-ci il dekabrın 8-də Polşaya qoşun yeritmək haqqındakı qərararının blef olduğunu təsdiqləyən sənəd varmı?

V.B. Qoşun yeridilməsi haqqında siyasi büronun heç bir qərarına rast gəlməmişəm. Siyasi büronun icazəsi olmadan bu cür şeylər hazırlana bilməzdi. Məncə belə bir qərar heç vaxt olmayıb.

Sual. Arxiv sənədlərində 1981-ci il mayın 13-də Roma papasına edilən sui-qəsd haqqında hansısa sənədə rast gəldinizmi?

V.B.: Təəssüf ki yox. Çox istərdim ki, tapım və buna çalışırdım. Məsələ ondadır ki, bu cür qərarlar yalnız siyasi büroda qəbul olunurdu. Siyasi Büronun arxivi isə Mərkəzi Komitənin arxivindən ayrı idi. Çünki 90-cı ildə Siyasi Büronun arxivi Mərkəzi Komitənin arxivindən çıxarılaraq Qorbaçovun prezident arxivinə birləşdirilmişdi. Ona görə də nəyisə axtarmaq olduqca çətindir. Əgər Mərkəzi Komitənin arxivinə gəlib qərarların əslinə baxa bilərdiksə, Siyasi Büronun arxivinə daxil olmaq ümumiyyətlə mümkün deyildi.  Çünki bu cür qərarlar, necə deyərlər, xüsusi qovluqlarda saxlanılırdı. Məsələn, bütün məxfi sənədlər belə qovluqlarda qorunurdu. Bu isə onlarda ən ali məxfilik kateqoriyası hesab olunurdu. Belə sənədləri yalnız Mərkəzi Komitənin işçisi və ya Siyasi Büro üzvü görə bilərdi. Özü də yalnız arxivdə. Onları arxivdən götürməyə, surətini çıxarmağa icazə verilmirdi…

Vladimir Bukovski: “Mən heç bir yanda öz yerimdə deyiləm”

İrena Levandovskayanın müsahibəsi

Sual: – Düz iyirmi iki il sonra, Rusiya sizin üçün nə deməkdir?

V.B.: – Rusiya? Düz beş ildir ki, Rusiyada olmamışam. Orda mənim üçün iş yoxdur. Hər şey yenə də öz əvvəlki yerinə qayıdıb. Hakimiyyət başında yenə də köhnə bürokratik partiya nomenklaturasıdır.

Sual: – Yenə də? Bəlkə elə həmişə belə olub?

V.B. – Doğru deyirsiniz, ancaq Rusiyanın tarixində kommunizmdən uzaqlaşdığı anlar da olub. İndi hər şey geri qayıdır. Məsələn, götürək elə arxivlərin açılması məsələsini. Bütün arxivlər yenə də qapalıdır. Hətta bir neçə il əvvəl mənim dərc etdirdiyim sənədlər bu gün tam məxfi elan olunub. Gülməlidir, elə deyilmi?

Sual: – Nə vaxtsa Rusiyaya qayıtmağı düşünmüsüz?

V.B. – Bilirsiz, həyatımın hər zaman hansısa bir işlə bağlı olmasına öyrəşmişəm. Əgər mənim Rusiyaya getməyimi zəruri edə biləcək konkret bir iş ortaya çıxsa onda gedərəm. Hələlik elə bir şey yoxdur.

Sual: – Bəs Rusiyanın taleyi sizi maraqlandırmır?

V.B. – Bu gün əminliklə deyə bilərəm ki, xeyr, artıq o, mənim işim deyil. Məncə, ömrümün axırınacan orada heç nə dəyişməyəcək. Hər şey məlum ssenari üzrə inkişaf edir. Əminəm ki, orda mənə yer yoxdur. Süqut, siyasi oyunlar, boşluq, süstlük… hamı hər şeydən bezib … mən orda neyləyəcəkdim ki? Yeni nəsil hələ indi böyüyür. Əlbəttə, o yetişəcək, başqa insanlar gələcək və lazım olan hər şeyi edəcəklər, ancaq mən o vaxta qalmaram.

Sual: – Bəs onda, 1976-cı ildə, hara enəcəyini belə bilmədiyiniz təyyarədə uçarkən düşünürdünüzmü ki, vaxt gələcək hər şey dəyişəcək və siz geri dönə biləcəksiniz?

V.B. – Mən həmişə bilirdim ki, bu rejimin sonu çatacaq. Ancaq fikirləşirdim ki, bu hadisə əsrimizin sonunda baş verəcək, ondan tez yox. Və o vaxta kimi mən qocalacam. Və istəyimdən asılı olmayaraq bütün həyatımı qürbətdə yaşamalı olacam. Onun üçün də şəxsi planlarımı heç vaxt Rusiya ilə bağlamamışam.

Sual: – Qurbətdə yaşamaq sizin üçün çətindir?

V.B. – Artıq öyrəşmişəm buna. Bir də ki, mən heç vaxt öz ölkəmdə yaşamamışam. SSRİ-də də həmişə özümü yad kimi hiss eləmişəm, hətta 15 yaşımda belə. Bir şeyə öyrəşmişəm ki, mən heç vaxt öz yerimdə deyiləm.

Sual: – Rusiya və Sovet İttifaqı – bunlar eyni şeylərdir?

V.B. – Əlbəttə ki, yox. Hərçənd indi onlar bir-birlərindən elə də çox fərqlənmirlər. Hər halda bu fərq o dərəcədə deyil ki, məsələn, Rusiyada mən özümü evdəki kimi hiss eləyəm.

Sual: – Rusiyada özünüzü evdə kimi hiss eləmirsiz?

V.B. – Xeyr.

Sual: – Hansı ölkə sizin üçün daha doğmadır?

V.B. – Belə bir ölkə adı çəkə bilməyəcəm.

Sual: – Bəs eviniz hardadır?

V.B. – Kembricdə. 20 ildir ki, orada yaşayıram. Əslində mənim üçün torpaq, məkan, ev problemi yoxdur. Bir dəfə Nabokovdan soruşanda ki, o harda yaşamaq istərdi, cavabında belə deyib: “Mümkünsə böyük və lüks bir oteldə”. Mənim üçün isə heç fərqi yoxdur. Mən yeni mühitə, adət və dilə çox tez uyğunlaşıram…

Sual: – Bayaq dediniz ki, SSRİ-də özünüzü xarici ölkə vətəndaşı kimi hiss edirdiniz. Onda nə üçün orda yaşayarkən sonralar sizə baha başa gələn hərəkətlərə əl atdınız?

V.B. – Mən bunu Rusiya üçün eləmirdim. Biz dissidentlər həmişə bir-birimizə açıq şəkildə deyirdik ki, biz bunu özümüz üçün edirik. Elə olur ki, insan bəzən özünü başqa cür apara bilmir, əks təqdirdə o başqalaşa bilər. Bilmək istəyirsinizsə, əslində bu, şəxsi azadlığın müdafiəsi idi. Və bu Rusiyadakı dissident hərəkatının əsas xarakterik xüsusiyyəti idi. Məsələn, Polşada və Çexoslovakiyada məsələ bir az başqa cür idi. Oradakı müxalifət siyasiləşmişdi və milli azadlıq hissi aparıcı idi. Rusiya dissidentləri isə millilikdən azad idilər. Məsələn, bu gün Peterburqda əllərinə svastika götürüb küçələrə çıxan adamları görəndə nə baş verdiyini heç cür anlamıram. Bir də ki, həm Rusiyada, həm də Qərbin özündə bizim kommunizmə qarşı apardığımız mübarizəni həmişə qlobal, beynəlxalq bir mübarizə kimi qəbul edirdim. Kommunizm ümumbəşəri bəla idi. Lakin tarix kommunizmin məhz Rusiyada yuva salmasının qayğısına qaldı, sonra Şərqi Avropa, Çin, Kuba və Afrikanın tən yarısını başına götürdü. Kommunizmlə dünyanın istənilən nöqtəsində mübarizə aparmaq olar. Bu lap güzgü əksinə bənzəyir – kommunistlər özləri də hər yerdə kommunizm uğrunda mücadilədəydilər – Trotski Meksikada, digərləri İspaniyada və s. Eynən biz də kommunizmlə istənilən yerdə mücadilə edə bilərdik. Lap elə Leninin portreti altında hansısa bir “qırmızı guşədə”…

 

Sual: – Deməli, Rusiya sizin üçün yalnız doğulduğunuz məkan deməkdir?

V.B. – Bəli…. Xeyir, bir o qədər də yox. Rusiya mədəniyyətinin hansısa bir parçasını mən özümlə götürmüşəm. Ancaq yenə də dünyanın heç bir nöqtəsi ilə bağlı deyiləm. Mən yalnız ideya, prinsip və konsepsiyalara bağlıyam. Rusiyaya 1991-ci ildə, hələ kommunizm vaxtında getmişdim. Onda öz-özümdən soruşdum: heç olmasa nəsə bir sentimentalllıq reaksiyası özünü göstərməlidir axı …

Sual: – Və? …

V.B. – Heç nə. Telejurnalistlər məni oxuduğum məktəbə apardılar…

Sual: – Və? …

V.B. – Yenə də heç nə… Məktəb xatirəmdəkindən də kiçik göründü gözümə. Yaşadığım evin izi-tozu qalmamışdı. Azacıq olsa da sentimental ola bilmədim. Yeganə hiss etdiyim şey vardısa, o da kədər idi.  İnsanlara yazığım gəlirdi. O insanlara ki, uzun illər gözlədilər, amma bu gün öz illüziyalarının xarabalıqları üstündə oturublar…

Sual: – Bəs Siz?

V.B. – Mən isə özüm üçün sakitcə işləyirəm. Böyük bir bağım var, hərdən bağbanlıq da edirəm…

Sual: – Sonuncu dəfə Rusiyada olanda Sizi ən çox təəccübləndirən nə oldu?

V.B. – Dil. İddialı meşşanın, oğru jarqonunda və tamamilə mənasız yerə işlədilən ingilis sözləri ilə qarışdırılmış dili. Rusiyada məni ən çox qıcıqlandıran şey daimi yalandı. Bir yandan fikirləşirsən ki, kommunizm artıq yoxdur, amma yalan hələ də yaşayır. Uzun illərin vərdişidir…

Sual: – Bəs istifadə etdiyiniz arxiv sənədləri necə? Əminsiniz ki, onlar yalan danışmır?

V.B. – Sənədləri saxtalaşdırmaq qeyri-mümkündür. Ən azı ona görə ki, Rusiyada düz 162 arxiv var. Bir arxivdə işləyən adamın başqa arxivdə nələrin olduğundan xəbəri yoxdur. Heç o da məlum deyil ki, konkret bir sənədin haradasa surəti var, ya yox. Saxtalaşdırmağa qalsaydı, onda gərək bütün arxivləri saxtalaşdıraydılar. Kommunistlər tarixi saxtalaşdıra bilərdilər, ancaq sənədləri saxtalaşdırmaq gücündə deyildilər.

Əlbəttə, ideologiyanın özü başdan-ayağa yalan idi. Məsələn, sənədlərdə həbsdə yatan adamın məhz rejimə qarşı mübarizə apardığı açıqlanmır. Orda ancaq belə ifadələr var: ”imperialist burjua təbliğatı və təxribatçı cəsus dairələrin təsiri altında” və s. Bu ifadənin özü də yalan idi. Ancaq kommunistlər başqa cür danışa bilmirdilər.

O ki, qaldı faktlara, bacardıqları qədər ört-basdır eləməyə çalışsalar da, kommunistlər faktları saxtalaşdırmırdılar. Məsələn, Əfqanıstana qoşun yeridilməsi qərarı verilərkən Çernenkonun əllə yazdığı sənəddə sovet ordusunun tezliklə yeridiləcəyi ölkənin adı sadəcə ”A dövləti” kimi qeyd olunmuşdu. Əvəzində isə siyasi büronun bütün üzvləri, hətta həmin iclasda iştirak etməyənlər də sənədə imza atmışdılar, ona görə ki, heç kəsə ”bilmirdim, ya da istəmirdim” deməyə əl yeri qoyulmasın.

Sənədlər heç vaxt itmir.  Yalnız 1991-ci ilin avqust qiyamına aid olan sənədlər məhv edilib. Aydın olub ki, onların hamısı xüsusi kağızkəsən maşında məhv edilib.

Sual: – Artıq Kembricə qayıdırsız. Yəqin, vaxtaşırı Rusiyanı ziyarət edəcəksiniz?…

V.B. – Əlbəttə, digər ölkələrə səyahət etdiyim kimi Rusiyaya da gələcəm. Yeri gəlmişkən, 1996-cı ildə sonuncu dəfə Rusiyaya getmək üçün viza ala bilməmişdim.

Sual: – Deyəsən zarafat edirsiz?…

V.B. – Heç də yox. İnkombank məni özünün səkkiz illik yubileyinə dəvət etmişdi. Bir həftədən sonra zəng edib bildirdilər ki, XİN sizə viza vermək istəmir. Səbəbini dəqiq bilmirəm. Çox guman ki, o ərəfədə ”Moskva prosesi” kitabım çapdan çıxmışdı. Görünür kitab Rusiyada kimlərinsə xoşuna gəlməmişdi. Bundan əlavə o zaman casusluqda ittiham olunan Aleksandr Nikitin həbsdə yatırdı. Səfərdən əvvəl Peterburqdakı dostlarıma təklif elədim ki, mən gələndə Nikitinin müdaftəsi naminə mitinq, ya da mətbuat konfransı keçirsinlər. Ola bilsin ki, kimsə o vaxt hakimiyyətlə müəyyən problemləri olan İnkombankı xəbərdar etmək istəyirmiş. Səbəbini də belə izah etdilər ki, Bukovski Rusiya vətəndaşıdır, viza onun nəyinə lazımdır ki. Bu da növbəti yalanlardan biridir. Mən Rusiya vətəndaşlığından çoxdan imtina eləmişəm, yəni 1992-ci ildə həmin vətəndaşlığı mənə qaytarandan dərhal sonra. Gülməli odur ki, həmin vaxtlar mən Rusiyanın teleekranlarından düşmürdüm. Viza məsələm böyük bir diskussiyaya səbəb olmuşdu. Fikirləşirdilər ki, vizanı versinlər, ya verməsinlər? Əsl dəlixanadır. Kommunizm dövründə bu ölkə şizofrenik ölkə idi, amma o vaxtlar bu başadüşülən hal idi,  çünkü məqsəd var idi. Ancaq bugünkü şizofreniyanın heç səbəbi də aydın deyil.

Sual: – Bəs, Luis Korvalanın axırı necə oldu?

V.B. – 1989-cu ildən leqal şəkildə Çilidə yaşayır. Düz altı il Siyasi Bürodan xahiş edirdi ki, ona plastik əməliyyat etməyə şərait yaratsınlar və saxta sənədlər hazırlasınlar. Korvalan Çiliyə qayıdıb, Pinoçetlə mübarizə aparmaq istəyirdi. Elə də oldu. 1989-cu ilə qədər Luis Korvalan Çili də qeyri-leqal yaşayaraq Çili xalqının mübarizəsinə gizli başçılıq edirdi.

Sual: – Bəs Çili xalqının bundan xəbəri var idi?

V.B. – Xeyr. Ümumiyyətlə Çili xalqının ona kiminsə rəhbərlik etdiyindən xəbəri yox idi. Düzdür, həmin vaxtlar bir neçə avtomobil göyə sovrulsa da bunu çoxları hiss eləmədi. Nəhayət, 1989-cu ildə seçkilər oldu və Pinoçet hakimiyyətdən getdi. Ancaq Korvalan yenə də, meşələrdə gizlənib nəyisə partladırdı. Nəhayət, o da başa düşür ki, vəziyyət dəyişib. Moskvaya yazaraq yeni plastik əməliyyat keçirilməsini xahiş edir. O, əvvəlki görkəminə qayıdıb öz həqiqi sənədlərini əldə edərək Çiliyə leqal şəkildə getməyə can atırdı. İstədiyi kimi də oldu. Düzdür, əvvəlki görkəminə tam qayıtmaq ona nəsib olmasa da, hazırda Çilidə yaşayır və heç kim onunla maraqlanmır.

Sual: – Siz Korvalanla nə vaxtsa görüşmüsüz?

V.B. – Xeyr, heç vaxt. Korvolan prinsipial olaraq həmişə görüşdən qaçırdı. Bir dəfə İtaliya televiziyası bizim ikimizi də eyni proqramda iştirak etməyə dəvət etdi. O qəti olaraq bundan boyun qaçırdı. Bu yaxınlarda da bir Qərb qəzetinə müsahibə verərək deyib ki, biz kommunistlər həmişə düzünü deyirdik və doğru hərəkət edirdik. Bir az gözləyin biz hələ qayıdacağıq. Bu sadəcə kiçik bir fasilədi.

Sual: – Bəlkə  düz deyir? Bəlkə kommunizmə oxşar hansısa sistem doğrudan da qayıdacaq?

V.B. – Xeyr, bu istisnadır. Əgər Stalini də diriltsək belə, o neynəyə biləcək ki? Uzaq başı gizli mafioz ola bilər. Hər şey – ictimai inkişafın dinamikası, ictimai strukturlar çoxdan dəyişilib. Stalin isə artıq o Stalin deyil. Elə Stalinsiz də mənim Rusiya üçün proqnozlarım pessimistdir. Mənə elə gəlir ki, ekoloji fəlakətlər mümkündür. Əmin deyiləm ki, nüvə arsenalı kifayət qədər yaxşı qorunur, bundan da əlavə korrupsiya günü-gündən artmaqdadır. Öz növbəsində bütün bunlar Rusiyanın yaxın qonşularına təsir etməyə bilməz. Deyəsən siz polyaklar bunu hiss edirsiniz. Münasibətlərin köhnə modeli bir də heç vaxt geri dönməyəcək. O model ki, Rusiyada hökumət dəyişikliyi Polşada böhrana səbəb olurdu, Moskvada asqıranda, Polşada artıq dərman içirdilər. Bu, bir də mümkün olan şey deyil.

Sual: – Bəs Rusiyanın özündə necə?

V.B. Orada hər şey pisdir. Nə dəyişiləcəksə, yalnız pis tərəfə dəyişiləcək. Rusiyada böhrandır və bu böhranın sonu, hələ ki, görünmür.

Çevirdi: Cahan Əliyeva

P.S. Baş redaktordan:

Məşhur sovet dissidenti Vladimir Bukovski barəsində əvvəllər eşitmişdim. Ancaq məlumatım yalnız onun dissident olması və Pinoçet rejimi tərəfindən həbs edilən Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirilməsindən ibarət idi. Onunla 1998-ci ildə Varşavada keçirilən Üçüncü Ümumdünya İnsan Hüquqları Forumunda tanış oldum. Forumda dünyanın bir çox tanınmış demokratları, nüfuzlu hüquq müdafiəçiləri, məşhur dissidentlər iştirak edirdilər. Lakin ona xüsusi maraq və hörmət hər addımda hiss olunurdu. İmkan düşən kimi onunla qısa söhbətlər edirdik. Rusiyanın gələcəyindən pessimist danışırdı. Azərbaycanı yaxşı tanıyır, “Neft xatalı şeydir” deyirdi. “Xalqınızın işi onunla çətin olacaq” – deyə Azərbaycan prezidentinin keçmiş DTK generalı olmasına işarə vurur və ümumiyyətlə, DTK-nı dünyanın ən qorxunc orqanı hesab edirdi.

V.Bukovskinin “Moskva prosesi” kitabının Varşavada keçirilən təqdimat mərasimi və mətbuat konfransının materiallarını sonralar rusiyalı dostum Andrey Blinuşov baş redaktoru olduğu “Karta” jurnalının 21-ci sayında dərc etdi.

Azərbaycan oxucuları üçün də maraqlı olacağını güman edərək, həmin müsahibəni qısa ixtisarla dərc edirik.

Vahid Qazi

Bu müsahibələr 2003-cü ildə “III Sektor” demokratiya jurnalının 2-ci sayında çap olunub.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma