Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Hafiz Sədrzadə

Ağdam və Şuşa məscidlərində 1988 – 1993 illərdə oxunmuş azan

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Türkiyənin ATV kanalında yayımlanan “Karabağ’da okunan son ezan” süjetinə Rey Kərimoğlunun Facebook səhifəsində baxdım. Süjetdə Xocalı qətliamı günündə bu azanın 30-dan artıq ölkədə səsləndiriləcəyindən danışılırdı. “Nəhayət”, deyib sevindim. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndəsinin sözlərindən anladım ki, azan haqda komitədə dəqiq məlumat yoxdur. Bunu kimin oxuduğunu bilmirlər, təsadüf nəticəsində ortaya çıxdığını deyirlər. Yanlış fikirlər yayılmasın deyə ətraflı izahata ehtiyac duydum.

Birinci onu deyim ki, 1980-ci illərin sonlarında Şuşa və Ağdam məscidlərində səslənən bu azanı Hafiz Sədrzadə oxuyub. Qarabağda sevilən xanəndələrdən olan Hafiz şuşalı məşhur müctəhid Məhəmməd ağanın oğludur. Məhəmməd ağa erməni qırğınlarından qurtulmaq üçün Osmanlı Türkiyəsinə yardım diləyinə getmiş hörmətli adamlardan idi. Azan Sovet hökumətinin sonlarına yaxın Ağdama rəhbərlik etmiş Aydın Quliyevin təşəbbüsü ilə lentə yazılıb.

download (1)

İndi ki, bu azan belə sevilib yayılır, Hafiz Sədrzadəni tanıtmağı özümə borc bilirəm. “Azan oxuyan göyərçin” adlı essemdə onu belə xatırlamışdım: “Hafiz Sədrzadə zil və yanıqlı səsiylə seçilirdi. “Zəminxarə”nin ustasıydı. Bir dəfə Şuşada, “Gəncə” qapısının ağzındakı restoranda dostları atamın xəstəxanadan salamat çıxması münasibətilə məclis qurmuşdu. Stolun mən oturan küncündən baxanda “Gəncə” qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüqlər görünürdü. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz özü başlamışdı. Deməsələr bilməzdim ki, oxuduğunun adı “Zəminxarə”dir. Yaddaşımın ən məhrəm hücrələrindən birinin qapısını açıram sənə, ilahi səslə ilahi mənzərənin təmas nöqtəsini görürsənmi? …Sonralar məscidin minarəsindən azanı onun səsiylə verirdilər. Dinləyən kafir balası da islama gələrdi. Mən hələ o cür azan eşitməmişəm, nə İstanbulda, nə Səmərqənddə, nə də Sovetskidə”.

Gətirdiyim sitatın da yer aldığı “Ruhlar şəhəri” kitabını yazanda, “Ağdam – Qafqaz Xirosiması” adlı sərgi hazırlayanda ağdamlılara köhnə fotolar, audio və video kasetlər üçün çağırış edəndə Surxay Əliyev belə bir azan yazısının olduğunu deyib, kimdənsə alıb gətirmişdi. Köhnə maqnitofon lentində yazılmış azanı diskə köçürmək müşkül idi, heç yanda onu oxudan maqnitofon tapa bilmirdim. Xeyli axtarandan sonra yalnız Mübariz Tağıyevin rəhbərlik elədiyi sovetdənqalma bir səs studiyasında diskə yazdıra bildim. Sağ olsun, həvəslə elədi bunu. Hafizin səsi məni necə havalandırmışdısa, müğənni dostumuzu da eləcə valeh eləmişdi. Diski götürməyə gedəndə elə bilirdim, Qarabağa gedirəm. Sevincimi aləmə car çəkməyə tələsirdim. Birinci Hafizə zəng elədim, yolda həyəcanla bu xəbəri ona dedim. Kaş Allahın altında, onun telefondakı səsini təsvir eləmək qabiliyyətim olaydı. Sanki bir uşaqla danışırdım. Nə qədər çalışdısa, hıçqırığını boğa bilmədi. Telefonu özüm qapatdım. “Sonra zəng edərəm” deyib qapatdım ki, çəkinməsin, təklikdə istədiyi qədər ağlaya bilsin.

Hafizin oxuduğu azan beləcə yayılmağa başladı: telefonlara yükləndi, youtube-də yerləşdirildi. Diskin birini də 2010-cu ilin 20 iyulunda, Ağdamın işğal günü ərəfəsində yazdığım məktubla Hacı Allahşükür Paşazadəyə şəxsən apardım. Məktubu olduğu kimi verirəm:

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri

Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrətlərinə

20/07/10

Möhtərəm Şeyx!

İyulun 23-də Ağdamın işğalının 17-ci ili tamam olur. Bununla əlaqədar olaraq, “İnam” Plüralizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bir sıra tədbirlər keçirir. Vəcihə Səmədova adına Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda 23-30 iyul 2010-cu il tarixdə keçiriləcək “Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri” foto sərgisi, “Qafqaz Xirosiması” filminin təqdimatı bu tədbirlər sırasındadır.

Bu sərgiyə hazırlaşarkən bir çox dövlət və şəxsi arxivləri araşdırmışam. Tapdıqlarım arasında işğaldan əvvəl Ağdam və Şuşa məscidlərində səslənmiş azanın audio lenti də var. Bu azanı Qarabağın məşhur isimlərindən olan Məhəmməd ağa Mürşüdzadənin oğlu Hafiz Sədrzadə oxuyub.

Möhtərəm Şeyx! Bizdə belə əminlik var ki, üzümüzə gələn cümə, 23 iyul Ağdamın işğal günü Bakı məscidlərində həmin azanın səslənməsi müsəlmanların Ağdamı yad etməsi, inanclı adamların din və vətən sevgisinin bariz nümunəsi kimi əlamətdar hadisə olar. Təklif və arzumuza dəstək vermək imkanı olacağınıza ümid edirəm. Həmin azan diskdə bu məktuba əlavə olunur.

Dərin ehtiram və hörmətlə,

Vahid Qazi

“İnam” Plüralizm Mərkəzinin sədri”

Səhəri gün Şeyxin köməkçisinə zəng elədim. Öyrəndim ki,  Şeyx də, Qazılar Şurası da dinləyib, amma səslənməsini münasib bilməyiblər. Belə əsaslandırıblar ki, ərəbcə yaxşı tələffüz olunmayıb. Əlim üzümdə qaldı, eşitdiyimə qulaqlarım da inanmadı. “Bu azan Ağdamda, Şuşada səslənən vaxtlarda da Allahşükür Paşazadə şeyximiz idi. Bəs o vaxt necə münasib bilmişdi? Bu illərdə onu oxuyanın ərəbcəsi beləmi pisləşib?”

İronik sualım havadan asılı qaldı.

…İndi “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu azan dünyanın otuzdan artıq ölkəsində, Bakı məscidlərində səslənəcək. Bu yazını da Şeyxə görə yazmadım, o da əhli rəsmilərimiz kimi Qarabağsevərdi, buna şübhəm yoxdu. Hafizə görə yazdım ki, sonra “naməlum ifaçının oxuduğu azan” deyilməsin.

Vahid Qazi

23 fevral 2013

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” üçün 6 cavab

  1. Geri bildiriş: Şuşalı foto | Vahid Qazinin bloqu

  2. Geri bildiriş: Youth Karabakh News | Şuşalı FOTO – Bu şəkil hələ məni çox danışdıracaq…

  3. Cox saol gözel qardas Allah seni qorusun. Yazinin evvelin oxuyanda cox uzaqlara getdim usaq vaxlarimizin xatireleri bir bir gözumun önune geldi qayqisiz gunler… Soqasini oxuyandada qururlandim cunki biz hemise fexr edirikki o cur kisilerin övladlariyiq. Allah Perviz emime qeni qeni rehmet elesin senide üardasliqdan eskik elemesin. Allah ustunuzde yar olsun.

  4. Geri bildiriş: Bir kitablıq Şuşa xatirələri bir neçə cümləlik xatirələrdə: "Şuşaya aşiq olduğum yay" - ŞUŞALI FOTO - Azad Şuşa

  5. Geri bildiriş: Qarabağ aynasında… (Qarabağ yazıları) | Vahid Qazinin bloqu

Bir şərh yazın