ÇİYİN-ÇİYİNƏ

Esmira Məhiqızı

 ÇİYİN-ÇİYİNƏ

Vahid Qaziyə

Göz-gözə, üz-üzə, çiyinə-çiyinə.

Gəl, verək əl-ələ dərdlərdən keçək.

Yenə Qarabağın çıxıb seyrinə,

Dağılan yerlərdən, yurdlardan keçək.

Yüyürək Ağdamın küçələrindən,

Külək tozumuza çata bilməsin.

Burulaq tinindən, döngələrindən

Həsrət bizi qovsun, tuta bilməsin.

Adlayaq Şuşanın daş yollarını,

Yolumuz uzansın dağlara sarı.

Başlayaq Vətənin baş yollarını

Yolumuz Vətənnən başlasın barı.

Birlikdə uçuraq, yıxaq sədləri

Sarıyaq torpağın yaralarını

Donuq fəsillərin, itən illərin

Dolduraq boşalmış aralarını

Haylayaq o dəcəl uşaqları da

Gizlənpaç oynayaq, beşdaş oynayaq

Oynadaq nigaran o ruhları da

Ta keçib bizimki, qardaş, oynayaq

Bir gəlin də gəlsin üzü duvaqlı

Önündə qara qoç kəssin atalar

Gəlin otaqları yansın çıraqlı

Qəfildən gecəyə güllə atalar

Gəl keçək Qarqardan, Xaçınçayından

Ağa körpüsündə dayanaq bir az

Abdal- Gülablının gül çəmənində

Güllərin rənginə boyanaq bir az

Içək Bəy bulaqdan, Xanım bulaqdan

Üzərliktəpədən üzərrik yığaq

Baş vuraq Çıçəkli, Taxta yaylaqdan

O doğma yerlərə baxaq, hey baxaq

Göz-gözə dayanaq çiyin-çiyinə

Qardaş, Qarabağın könlündən keçək

Ölümü-itimi alma eyninə

Gəl tutaq əl-ələ ölümdən keçək

QABIL HÜSEYNOV

 Xəyalımın şəhəri

Ağdamı görməyən gənclər adından Vahid bəy Qazinin “Ruhlar Şəhəri” kitabına

Mən adımı bilməmiş “Ağdam” adın qanmışam,
Onsuz ömür yolumu, həyatımı danmışam,
Ağdamı görməsəm də, uşaqlıqdan bu yana,
Onu əlçatmaz zirvə, qibləgahım sanmışam.

Hey, atamdan, anamdan onu soraqlayardım,
Xatirələr axtarıb, tapıb qucaqlayardım,
Özümdə Ağdam haqda fikir yaratmaq üçün,
Neçə kitab səhfəsin açıb varaqlayardım.

Bu kitablar içində xəyallarım azırdı,
Hər kitab düşüncəmi bir mənaya yozurdu,
Bir gün bir kitab tapdım, adı “Ruhlar şəhəri”,
Mənim yuxularımdan, xəyalımdan yazırdı.

Artıq o yuxularla fərqli bir səhərim var,
Xəyalda ağ atıma minməyə yəhərim var,
Mənim şəhərim yoxdu, Qazinin sayəsində,
Xəyalımda yaşayan ruhlardan şəhərim var…

SAHİBƏ RƏŞİD

Vahid Qazinin “Ruhlar şəhəri”nə

Çatası deyilsə vətənə əlim,
Qabar atacaqsa yurd deyən dilim,
Ruhlar şəhəriysə indi şəhərim,
Mən də ölüm ora ruh kimi gedim,
Gedim Ağdamımda gəzim, dincəlim.

Elə ağlar qalıb, yaş tökəcəmsə,
Elə kədər əkib, qəm biçəcəmsə,
Yurdumu uzaqdan seyr edəcəmsə,
Mən də ölüm ora ruh kimi gedim,
Gedim Ağdamımda gəzim, dincəlim.

Baharın bir daha görməyəcəmsə,
Ətirli çiçəyin dərməyəcəmsə,
Vətən, sənə bir də gəlməyəcəmsə,
Ölüm görüşünə ruh kimi gəlim,
Gəlim Ağdamımda gəzim dincəlim.

Ömürdən sayılmaz yurdsuz illərim,
Ağdamımda qaldı əziz günlərim,
Vahid də söylədi “RUHLAR ŞƏHƏRİM”
Mən də ölüm daha ruh kimi gedim,
Gedim Ağdamımda gəzim, dincəlim…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma