Çamayra

Çamayra

 Dilqəm Əhməd

 “Qəhrəmanlıq iqtidarçı olub, müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən”. (“Çamayra. Kuba dəftəri”)

İnternetlə dünyanın istənilən ölkəsinə virtual səyahətin mümkün olduğu, ölkə haqqında istənilən maraqlı məlumatları əldə etməyin asan olduğu bir vaxtda asan olmayan bir şey var:

Yazılanlara inanmaq.

Əgər bu ölkə Kubadırsa, o zaman inanmaqda ehtiyatlı olmaq daha çox önə çıxır.

Səyahətləri, xatirələri əhatə edən kitablar hər zaman diqqətdə olub, əgər bu kitabları yazanlar peşəkar publisistlər olarsa, iki qat maraqlı olur.

Həm maraqlı bilgilər əldə edir, həm də kitabla o ölkəyə səfər etmiş olursan.

Vahid Qazinin “ Çamayra – Kuba dəftəri” kitabı məhz bu qəbildəndir.

Kuba:

Qəraib dənizinin sahilində yerləşən qəribə ölkə.

Dünyanın liderləri ilə tanınan dövlətlərindən biri.

SSRİ-nin Yer üzündəki yeganə şahidi, övladı olmayacaq bir ata.

Həbsxanaları siyasi məhbuslarla dolu olan bir ölkə.

Sahilləri isə şəhvət dolu gecələrlə zəngin bir ölkə.

İnsan hüquqçularının sevmədiyi, turistlərin isə sevdiyi bir məmləkət.

“Ağ paltarlı qadınlar” klubunun olduğu bir siyasi rejim.

Kimlərdir ağ paltarlı qadınlar?

Həyat yoldaşı, oğlu, qardaşı siyasi motivlərlə həbs olunan qadınların yaratdığı klub.

Onlar başdan-ayağa ağ geyinir, ağ çətir götürüb etirazlarını bildirirlər, buna görə də daim təqib edilirlər.

Peyk antennasının qadağan olunduğu, qadağanı pozanların həbs olunduğu bu ölkədə siyasi məhbusların övladları diplomatiya fakultəsində oxumaq hüququndan məhrum edilir.

Onlar ancaq hökumətin təklif etdiyi fakultələrdə təhsil ala bilirlər.

“Çamayra” zəngin məlumatlarla doludur.

Vahid Qazinin Kubaya nə üçün getdiyi, kimlərlə görüşdüyü, qarşılarına çıxan təhlükələrlə bağlı yazmayacam, bunun üçün mütləq kitabı oxumaq gərəkdir.

Dissidentlər, görüşlər, müzakirələr Kubanın gələcəyini görmək baxımından maraqlıdır.

Kitabda iki yerdə qəribə duyğu keçirdim.

Onlardan ikincisi tərcüməçi Elnurun kompüterini hədiyyə etdiyi, makinada yazan, makinanı sevgilisi və anası adlandıran, bəlkə də gələcəyin Markesi ola bilən, sürgün həyatı yaşayan gənc yazıçı Luislə olan görüşdür.

Birincisi isə…

Kaş Vahid Qazi facebook-da Çamayranın şəklini yayımlamayaydı.

Kim idi Çamayra?

Əyalətdən şəhərə dolanmaq üçün gələn qaradərili bir qız.

Hansı ki, Kuba qanunlarına görə bu hərəkətə görə hər an həbs oluna bilər.

Amma onun anası, balaca bacı-qardaşı xəstə, körpə uşağı acdır.

Buna görə də şəhərdə gül satışı ilə məşğul olur, gündəlik qazancı 1-2 dollar civarındadır.

Hər aya 15-20 dollar ailəsinə göndərir.

“Onun ağıllı sözləri kimi ağıllı gözləri də təsirliydi. İri gözləri gecə zülmətində parlayan bir cüt ulduz kimiydi”.

Amma bütün ulduzlar kimi, o da bir gün sönəcəkdi.

Necə ki söndü.

O SSRİ-nin yadigarı olan ölkəyə gələn qonaqlara öz qadınlığını təklif etmişdi.

“Tini burulanadək durub baxan o məsum qadının iri, parlaq, yarı nisgil, yarı həsrət dolu gözlərini yəqin ki ömrüm boyu unutmayacam. Bu xəstə körpəsi üçün həyatın dibinə belə baş vurmağa hazır olan gənc ananın kədərli gözləriydi”.

Sosializmin və kapitalizmin hökm sürdüyü dövlətlərdə fərqli çox şeylər olsa da, fahişəliyin səbəbi hər ikisində eynidir.

Fahişəlik ağır iqtisadi durumun nəticəsidir.

Fahişəlik bütün imkanlardan məhrum olan qadının “sənət”idir.

Fahişəlik təhsil səviyyəsinin aşağı olduğu ölkələrdə yaranan “peşə” növüdür.

Ən dəhşəti isə xəstə, ac övladına görə edilən fahişəlikdir.

Çamayra kimi.

Çamayranın yaşadığı ölkənin əfsanəvi qəhrəmanı Çe Qevara necə gerçək qəhrəman idimi?

Vahid Qaziyə görə, romantik inqilabçı kimi Ənvər Paşa Çedən qat-qat doğmadır bizə, “bəlli bir ideyası olub. Turan yolunda Türkiyədən üzü bəri yol keçib, Türküstan çöllərində əlində silah vuruşub, elə orada da ölüb”.

Ənvər paşa, ya Çe?

Sual çətindirsə nəticəyə baxaq.

Türkiyə, ya Kuba?

03.04.2012 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma