Telejurnalist Arzu Qazıyevanın “Çöl Qala”dan reportajı

­Arzu Qaziyeva

Tamamlanmış yarımçıq hekayə

Vahid Qazinin “Çöl Qala” povesti haqqında düşündüklərim

Çöl Qala… Axı, bu ad nə deməkdir? Yox, mənə parol, şifrə lazım deyildi. Mənə sadəcə QALAnın özü haqda bilmək lazım idi…

Biri vardı, biri yoxdu, bir rəssam vardı. Rəssamın yaşadığı qala və çoxlu kətan əsərləri vardı. Amma o, çiçəkləri sevən bir aktrisaya vurulmuşdu və günlərin birində onun pəncərəsi önünə milyon qızıl gül səpdi…

Bu hadisə o məşhur mahnıdan deyil, nə qədər qəribə eyniyyət təşkil etsə də rəssamın həyatının bir parçasına çevrilə biləcək ruhunun monoloqudur. Rəssam həm qəhrəmandır, həm də müəllif.

O, Şuşada doğulub. Çöl Qala adlanan məhəllədə böyüyüb. Nə qəribə adı var o məhəllənin. Sən demə, şəhərin qala divarları tikiləndən sonra bura köçüb gələnlərin bir qismi yer azlığından Şuşa qalasından kənarda məskunlaşmalı olub. Beləcə, həmin yer Çöl Qala adlanb. İnsanlarımıza heyranam, onlar o qədər sadə və yaradıcıdırlar ki, çox uzağa gedib baş sındırmırlar, hər şeyə dərhal bir uyğun ad tapa bilirlər.

Nə isə, mətləbdən uzaqlaşmayım. Qəhrəman da həmin məhəllədəndir. Qəribədir, o, eyni zamanda həm qalanın içində yaşaya bilir, həm də çölündə. Qala onun real həyatı, çöl isə xəyalları, düşüncələri, ruhudur.

Rəssam taleyinə üsyan qaldırıb onu özünə tabe etmək istədi. Lakin üsyan onun məğlubiyyətilə bitdi.

“Doxsanıncı illərin əvvəllərində baş verənlər böyük dəyişiklərdən, umudlardan xəbər verirdi. Dəyişiklik oldu – həyatımızın altı üstünə çevrildi. Sonunda doğulduğum şəhər, böyüdüyüm dağ-dərə, umudunda olduğum azadlığı da itirdim. Müstəqillikdən sonra kommunist zümrəsi canharay dönüb demokrat oldu, yenidən ölkəyə yiyələndi. Tək ölkənin yox, elə bizim də taleyimizə sahib çıxdı. …Adamın ən dəhşətli halı özünü sınmış, alçaldılmış, çarəsiz duyduğu halıdı…”

Elə onda da müəllif sakitcə çıxıb gedir. Uzaqlara gedir. Onun gedişini bir qaçışa bənzədirəm. Təsadüfə bax, bir alman filmi var, adı “QULAQdan qaçış”dır. Düşərgədən qaçmaq istəyən bir alman əsirinə yardım edən həmvətəni ona deyir: “Tənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”. Oxumağa davam et