Tamamlanmış yarımçıq hekayə
Vahid Qazinin “Çöl Qala” povesti haqqında düşündüklərim
Çöl Qala… Axı, bu ad nə deməkdir? Yox, mənə parol, şifrə lazım deyildi. Mənə sadəcə QALAnın özü haqda bilmək lazım idi…
Biri vardı, biri yoxdu, bir rəssam vardı. Rəssamın yaşadığı qala və çoxlu kətan əsərləri vardı. Amma o, çiçəkləri sevən bir aktrisaya vurulmuşdu və günlərin birində onun pəncərəsi önünə milyon qızıl gül səpdi…
Bu hadisə o məşhur mahnıdan deyil, nə qədər qəribə eyniyyət təşkil etsə də rəssamın həyatının bir parçasına çevrilə biləcək ruhunun monoloqudur. Rəssam həm qəhrəmandır, həm də müəllif.
O, Şuşada doğulub. Çöl Qala adlanan məhəllədə böyüyüb. Nə qəribə adı var o məhəllənin. Sən demə, şəhərin qala divarları tikiləndən sonra bura köçüb gələnlərin bir qismi yer azlığından Şuşa qalasından kənarda məskunlaşmalı olub. Beləcə, həmin yer Çöl Qala adlanb. İnsanlarımıza heyranam, onlar o qədər sadə və yaradıcıdırlar ki, çox uzağa gedib baş sındırmırlar, hər şeyə dərhal bir uyğun ad tapa bilirlər.
Nə isə, mətləbdən uzaqlaşmayım. Qəhrəman da həmin məhəllədəndir. Qəribədir, o, eyni zamanda həm qalanın içində yaşaya bilir, həm də çölündə. Qala onun real həyatı, çöl isə xəyalları, düşüncələri, ruhudur.
Rəssam taleyinə üsyan qaldırıb onu özünə tabe etmək istədi. Lakin üsyan onun məğlubiyyətilə bitdi.
“Doxsanıncı illərin əvvəllərində baş verənlər böyük dəyişiklərdən, umudlardan xəbər verirdi. Dəyişiklik oldu – həyatımızın altı üstünə çevrildi. Sonunda doğulduğum şəhər, böyüdüyüm dağ-dərə, umudunda olduğum azadlığı da itirdim. Müstəqillikdən sonra kommunist zümrəsi canharay dönüb demokrat oldu, yenidən ölkəyə yiyələndi. Tək ölkənin yox, elə bizim də taleyimizə sahib çıxdı. …Adamın ən dəhşətli halı özünü sınmış, alçaldılmış, çarəsiz duyduğu halıdı…”
Elə onda da müəllif sakitcə çıxıb gedir. Uzaqlara gedir. Onun gedişini bir qaçışa bənzədirəm. Təsadüfə bax, bir alman filmi var, adı “QULAQdan qaçış”dır. Düşərgədən qaçmaq istəyən bir alman əsirinə yardım edən həmvətəni ona deyir: “Tənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”.
Rəssam elə də edir. Onun vəziyyəti mənə Hötenin “Gənc Verterin iztirabları”nı xatırladır. Verter düşüncələrini məktublara köçürür. Rəssam da. Verterin də məktubları sevgi hisslidir, rəssamın da. Lakin Verterin məktubları kağızdadır, rəssamın məktubları isə elektrondur.
Mənə görə sevgi məktubları kağıza yazılmalıdır. Kağız əbədidir, rəngi saralsa da, didilsə də. Kağız canlıdır, ondan qarşı tərəfin qoxusu, nəfəsi, baxışları duyulur. Amma texnologiyalar dövründə kağız məktublar artıq populyar deyil.
Bayaq təsadüfün adını çəkdim. Fatalistlər taleyə inanırlar, realistlər həyata. Müəllif isə bilmir, təsadüfü sevsin, ya yox. “Qismət” sözü axırımıza çıxacaq. Hətta siyasi mübarizəni də “ya qismət” deyib aparırıq. Amma hədislərin birində deyilir: “Sənə yazdığım taleyin dalınca get, ona zidd çıxarsan, səni taleyin dalınca sürükləyərəm”.
Taleyinə meydan oxuyanlar da var. Onlar kimlərdir? “Onlar həyatı yaşamağı bacaranlardır. Həyatı olduğu kimi qəbul edənlərdir”.
Onda bəs romantiklərin yeri hardadır? Onun da cavabı var: romantiklər özlərinin yaratdığı dünyada yaşamağı sevirlər. Avsrtiyalı filosof Karl Popper həmin dünyanı “Üçüncü dünya” adlandırır:
“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram”.
Müqəddəs kitablarda yazılıb ki, insan əlindəkinə şükür etməlidir. Əlimizdəki nədir? Bizim bu günümüz! Bizim bu günümüz allahın bizə verdiyi ikinci yaşamaq şansıdır. Biz bu günümüzdə öz dünyamızı yarada biliriksə, deməli yaşayırıq.
Axı nə ilə ölçülür insanın öz dünyası? Bu, ruhumuzun cismimizlə düzmütənasibliyi, bir-birini anlaması və qəbul etməsidir. Təəssüf ki, bu, həmişə belə olmur, bəlkə də heç zaman belə olmur. Cism soyuqqanlı ağla, ruh isə qaynar qəlbə tabedir.
İnsanın təbiəti belədir – ağlın qəlblə daimi mübarizəsi gedir. Bu mübarizədə nə vaxtsa sülh sazişinin imzalanmasını eşitməmişəm. Əgər belə olsaydı insan keçmiş xatirələri ilə gələcək arzuları arasında çırpınmazdı. Necə ki, müəllif keçmiş haqqında nostalji, gələcək haqqında isə xəyalları üzərindən danışır.
Biz bizə asayiş, rahatlıq, zövq verən dünyamızı yarada bilsəydik, insanlığın sirrini açmış sayıla bilərdikmi? Bilmirəm. Tanrının insan sirrinin açarını əlindən bu qədər asanlıqla verə biləcəyinə inanmıram. Belə olsaydı, yəqin ki, Tibet cadugərləri, çin yoqları çoxdan allahlıq səviyyəsinə çatmış olardılar.
Mən hərdən düşünürəm, axı, qəlbimizə, ruhumuza, əqlimizə və cismimizə harmoniya gətirən nə ola bilər? Bunlar çox geniş, ciddi mətləblərdir. O mətləblərin hər biri ayrı-ayrılıqda fundamental məsələlərdir. Və onların hər biri haqda ayrıca bir kitab yazmağa bir insan ömrü bəs eləməz.
“Bir ömür böyük ideallar haqda düşünmək üçün çox azdı. Bizə elə gəlir ki, yüz il, min il, milyon il yaşayacağıq. Təəssüf, bunun belə olmadığını gec anlayırıq, sonuna sayılı günlərimizdən başqa heç nəyimiz qalmayanda”.
Bəs bəşəri mövzuları insanın bir mövsümlük ömrünə necə sığdırmalı? Müəllif bu qədər gerçəklikləri bir araya toplamaq üçün iki nəfəri məktublaşdırır. Əgər Rəssam həyat fəlsəfəsini həyat yoldaşı ilə bölüşsəydi çox gülməli olardı, dostu ilə darıxdırıcı olardı, halbuki Tarkovskinin “Stalker”indəki qəhrəmanlar kişilərdir. Qadın tərəfdaş isə daha cəlbedicidir.
***
Virtual aləmdə iki yalqız insan bir-birinə rast gəlir və dostlaşır. Bu dostluğun müddəti yoxdur. Olan onların söhbətləridir. Onlar hər şeydən danışırlar. Vətən sevgisindən tutmuş qadın-kişi münasibətlərinədək.
Rəssam uzaqda olsa da vətənini çox sevir. Tarkovskinin “Nostalgiya” filminin qəhrəmanı suya batmış uçuq evin içində ona baxan qızcığaza bir pritça (ibrətam
iz hekayə) danışır. Biri üfunətli dərin gölməçədən bir başqasını dartıb çıxarır. Gölməçədən çıxan ona kömək edənə deyir: “Sən neyləyirsən?” “Səni xilas edirəm”. “Axmaq, mən burda yaşayıram”, – deyir xilas olan.
“Necəliyinə baxma, vətən elə vətəndir. Yaşamaq üçün ABŞ-dan pis olsa da, Kubadan yaxşıdır”.
Marqaret Mitçelin “Küləklə sovrulanlar” əsərində belə epizodlar var: çətinə düşən Skarlet çıxış yolunu tapmaq üçün ata yurduna qayıdır və hər şeyi sıfırdan başlayır. İnsanın yenidən ayağa qalxmasına, yenidən yaşamasına dayaq olmaq üçün vətən torpağından əzəli və əbədi nə ola bilər ki?!
Rəssamın vəziyyəti isə daha ağırdır. Onun ata yurdu öz əlində deyil, düşünmək olardı ki, o, dayaq nöqtəsini böyük vətəninin başqa guşəsində tapa bilər. Amma bu istəyi də baş tutmur. Çünki bazar qanunları ilə idarə edilən cəmiyyətdə dayaq nöqtəsi olmur.
“Tənhalıq da cürbəcür olur. Biri var, tənhalığı özün seçirsən, çıxıb gedirsən, hamını tərk edirsən. Biri də var hamı səni tərk edir, tək qalırsan – bu, daha dəhşətlidir”.
Hamının səni tək qoyduğu dəhşətli təkliyi yaşamaq isə ikiqat dəhşətdir. Amma bundan qaçan müəllif nə qədər uzağa qaçsa da arxada qoyduqları onu ilğım kimi təqib edir. “Qarabağ yoxdu, dağsız, çaysız, meşəsizəm. Mənə dağ lazımdır!!!”
Rəssam dağı, çayı, meşəni başqa torpaqların künclərində axtarır. Hər yerdə vətəninin izlərini görməyə çalışır. Hətta Meksikada, Yeliseydə belə. İnsanın faciəsi onun öz vətənində yad, qərib olmasını, cəmiyyətə lazımlıq limitinin bitdiyini anladığı andan başlayır. Həyat da sönür. Görəsən Rəssamın vətənində nə qədər belə həyatı sönən insanlar var? Bunun statistikasını kimsə aparıb?
Rəssam neft şirkəti ilə ciddi, dəyərli bir layihəyə sponsorluq etməsi barədə danışıqlar aparır. Fəqət onları maraqlandıra bilmir. Əfsuslar ki, realiti şoular daha maraqlıdır. İnsanlar heç zaman düşündürücü məsələlərin ardınca getmirlər. Kütlə hər zaman özünü idarə etməyə imkan verən əyləncələrin arxasınca sürünməyə hazırdır. Roma imperiyasının insanları siyasətdən, müharibələrdən usananda imperator Kommod Avreliy onlara yeni məşğuliyyət verdi. Qladiatorların döyüşünü. O əsl şou idi. Kütlə o səhnələrdən həzz alır, cuşa gəlir, ayaqlarını yerə döyüb çəpik çalırdı. Tamaşaların rejissorları isə varlanırdılar. Hər şey tərəfləri razı salırdı. Kütlə kütləşir, varlılar isə hegemonlaşırdılar. Tarixdə dəyişən nə var ki?
Bəs niyə yazıçı, aktyor və ya bir başqası yox, məhz rəssam? Rəssam “Vaxt edib yarada bilmədiyi rəngləri yaratsın deyə Tanrının ona öz missiyasını verib Yer üzünə göndərdiyi varlıqdır”. Rəssamın yaratdığı rəngləri başqa heç yanda görə bilmərik. Onu yalnız öz dünyamızda hiss edə bilərik.
Mən rəssamın azadlığını Amerika plantasiyalarında çalışan qara qulların blyuzuna bənzədirəm.
“Qullar və arzular. İlk baxışda təzadlı səslənə bilər, amma belə deyil. O, qovuşuq kimidir, gecəylə gündüzün təmas xətti, alatorandır sanki. Qovuşuqda doğuş var, doğuşda həyat. Arzusuna qovuşmaq istəyən qul bununla yenidən doğulacağına inanır elə bil…”
Qul azadlığını öz dünyasında görürdü. Onun dünyası yaratdığı blyuzunda idi. Onun blyuzunun taktı, ritmi yoxdur. Blyuz qulun saatlarla uzana biləcək musiqili improvizələridir. Qul üçün azadlıq dünyası onun musiqisidirsə, “rəssam üçün azadlıq istənilən yerdədir. Yetər ki, sən onu yaşayasan. Lap zirzəmidə”.
Havanada bir rəssamın insanın yaşaması mümkün olmayan zirzəmidə dahiyanə əsərlər yaratmasını görür. Amma onun əsərini cəmi-cümlətanı 20 dollara alır. Rəssamın bədbəxtliyi də elə bundadır. O, dahiliyinin qiymətini diriliyində görmür. Nə vaxtsa… Amma o vaxt rəssam artıq olmayacaq!
Rəssamın tamamlanmış natamam əsəri var. O tabloda yalnız iki göz çəkilib. İkicə göz. Tablodan kənarda isə saysız-hesabsız maskalar var. Rəssamı darıxdıran maskalar – “Maska insanın tək üzünü yox, insanlığını da gizlətmək üçündür. Heç kim onun əsl qəddar simasını görmür, heç kim tanımır”. Amma “maska həmişə insanı vəhşiliklərə vadar etmir” axı. Endrü Lloyd Veberin əfsanəvi müzikli “Opera kabusu”ndakı maskalı qəhrəman səhnənin Zoluşkasını sevir, onu təhlükələrdən qoruyur, ona kömək edir, onu göylərə qaldırır, amma üzünü göstərə bilmir, çünki üzünün sevdiyi qızı qorxudacağından qorxur. İndi necə olsun? “Deyirlər ki, gözlər qəlbin aynasıdır. O zaman niyə maska altından gözlər görünür?” Bəlkə məhz həqiqəti görə bilmək üçün?
Qəhrəmanların yalnız bəşəri mövzulardan danışmasını düşünmək sadəlövhlük olardı. Onların dostluğu bu məktublaşmalarda özləri də sezmədən tədricən məhrəmanə hisslərə çevrilir. Mən onların sevgi səhnələrindən bir kəlmə də danışmayacam. Məncə iki nəfərin münasibətini üçüncü tərəf heç zaman təsvir edə bilməz. Bu sadəcə mümkün deyil, çünki o münasibətlərin incəliyini, özəlliyini yalnız o iki tərəf bilir. Mənə görə iki nəfərin məhəbbət hisslərinin bütün çılpaqlığı ilə təsviri o hissləri ruhun qidalanmasından çıxararaq daha çox fiziki qidalanmaya, başqa sözlə adi şəhvət istəklərinə çevirir. Buna görə özgənin sevgi məktublarını şərh etmək niyyətindən uzaq olaraq qəhrəmanların sevgi səhnələrini oxucunun öz hisslərinin dünyasına transfer etmək şansını özlərində saxlamaq istəyirəm.
“Məncə, iki sütun arasında skripka çalan qız sənin ən gözəl əsərindir. Mənə elə gəlir ki, sən o qızı həmişə axtarmısan. Orada skripka çalan qızı mənə bənzədirsən, dünyaya onun musiqisinin bucağından baxmaq istəyirsən”.
“Çöl Qala” tamamlanmış natamam bir əsərdir. Çünki onun qəhrəmanları material həyatı tərk edib harasa çox uzaqlara, bizim görmədiyimiz, duymadığımız, zamanın da durduğu, tək ruhun azad olduğu başqa bir dünyaya gedirlər. Orda ağrı, kədər yoxdur, orda kimsə kimisə gözləmir, məktub yazmır. Mənim üçün onların belə ayrılığı çox mənasız olsa da (təyyarə qəzası, xərçəng xəstəliyi çox işlənmiş üsullar olduğundan məncə təsir gücünü artıq itirmiş sayılırlar. Müəllif onları sadəcə gözəl ayırmalı idi. Bilmirəm necə, amma ayırmalı idi. Münasibətlərin sonu yoxdursa qəhrəmanların ölümü də mütləq deyil. O’Henrinin “Valentin günü” əsərinin qəhrəmanları bir-birlərini çox sevirlər. Valentin günündə isə onlar ayrılırlar. Qız öz uzun və gözəl saçlarını kəsib satır, oğlana saatını qoluna bağlamaq üçün zəncir alır. Oğlan isə saatını satıb qıza gözəl güzgü və daraq alır. Onlar hədiyyələri bir-birinə verəndə başa düşürlər ki. elə bununla da məhəbbətləri bitdi, onları bir-birinə bağlayan heç nə qalmadı. Amma mənim üçün onların dünyaları davam edirdi – onları yenidən görüşdürürdüm, birləşdirirdim, yenidən ayırırdım, buna bəhanələr tapırdım, sonsuzluğa qədər, onların dünyasında da öz dünyamı yaşadırdım. Çöl Qalanın qəhrəmanlarının ölümü isə insanın arxasınca qaçdığı azad dünyanın mövcudluğuna təəssüf ki, son qoyur) düşünürəm ki, müəllif bu cür sonluqla əsəri xəyalında tamamlamağı oxucunun öz iradəsinə buraxır. Amma elə düşünməyin ki, ruhun azad olduğu dünya da elə odur. Kimsənin, heç allahın da müdaxilə edə bilmədiyi, düşüncədə, fikirlərdə azadlıq olan bir dünya – bəndənin özünün yarada biləcəyi elə bu dünyadadır.
Если кто
меня спросит –
скажи его нет.
Скажи – он на Работе.
скажи его нет, –
пригласили на Прощальный обед.
Скажи его нет, –
На редкий спектакль достал он
билет.
Скажи его нет, –
он вышел застать до начала
Рассвет.
Если кто
меня спросит –
скажи его нет.
Я вернусь через тысячи лет. (Aydın Əfəndi).
Düşünürəm “Çöl Qala”nın mənası kədərli sevgi yazışmalarından daha çox onların fonunda müəllifin toxunduğu o ciddi mətləblərdi. Həmin mətləblər də mənə çox təsir etdi. Onlar mənim də ürəyimdən keçənlər idi. Mən də bilmirəm, min ildən sonra dünyamda hər şey ürəyimcə olacaq, ya yox? Kim bilir…
Arzu Qazıyeva
10.05.2016