Vahid Qazinin 55 yaşına

Vahid Qazinin 55 yaşına

1 sentyabr 1985-ci ildən başladıq bir-birimizin qrup yoldaşı olmağa Vahid Qazıyevlə!

Madam ki, tələbəlik illərindən, qrup yoldaşlağımızdan yol aldım, elə ətraflı yazım.

İndiki dillə desək, o qrupda üzdən ən “lom”, “çuşka” uşaq elə özüm olmuşam: fakültəyə orta məktəb kitablarından və Lənkəran bazarında süd satıb gələn ikincisini tanımıram!

Qrupun “keybalaxanımı” mən, amma ən “şustrıy uşağı” Vahid…

Düzdür, o qrupumuzda Lavrenti Beriyanın, erməni “kaqebeşnik”lərinin ölənlərinə rəhmət oxudan biriləri də var idi, Azərbaycan qızlarının ideal nümunəsi olan savadlı, ağıllı, ləyaqətli xanımlar da həmçinin!

Uzaq getməyək! Səbəbkar Vahiddir, Vahidlə də vahid xətt üzrə gedək, yardımçı süjetlərlə yormayacağıma söz verirəm!

Azərbaycan 30 ildən artıqdır ki, müstəqildir! Azadlıq uğrunda açıq mücadilə rəsmən 1988-ci ildən başlanıb! Mən Sizə 1985-ci ilin ikinci yarısından danışıram!

Professor Ziynət Əlizadə “Azərbaycan dilinin fonetikası” dərsində mənbə yazdırarkən erməni Sevortyanın da kitabının adını çəkdi!

24 nəfərlik qrupdan təkcə Vahid Qazıyev yerindən söyləndi: “Qələt edir Sevortyan!” Professor, hamının ehtiyat etdiyi, zəhmli Ziynət Əlizadənin “niyə” sualına kəsə və qısa, konkret cavab özünü gözlətmədi: “Ermənidir!”

37 il əvvəl!

Sovetlər Birliyində – jurnalistika fakültəsində, xalqlar dostluğunun təbliğ olunduğu ölkədə xalqlar dostluğunu təbliğ etməli olan sənətə namizəd olmaq istəyən birinin dilindən bu o qədər möhtəşəm idi ki!

Bəlkə də, lap elə həqiqətən də o protestin nə qədər vaxtında, dəyərli olduğunu nə o vaxt eşidənlər, nə də indi oxuyanlar hiss etməz! Amma mən çox az sonra Vahid Qazıyevin dediklərinin bir milli şüar və şüur səviyyəsində olduğunu anladım, acısını daddım, əzabını çəkdim, qanımı qolumdan çəkib üz-gözümü buladım, ciyərlərimi doldurdum!

Və… əlbəttə ki, erməninin xain olduğunu bilən Vahid Qazıyevin əsgərlikdən sonra bu fikrini sərgiləməyə ehtiyac olmadı: ermənilər nəinki bizlərə, bütün dünyaya əclaf olduqlarını nümayiş etdirdilər!

Biz Vahidlə erməninin fərdi yox, elliklə üstümüzə gələn günlərində bir daha və yenidən bir yerdə olduq: bu dəfə eyni redaksiyada – “Azərbaycan” qəzetində!

Sonralar bir yerdə oxumasaq da (o, qiyabiyə keçmişdi), bir yerdə işləməsək də (o, jurnalistikadan ayrılmışdı), hər dəfə – ayda-ildə bir dəfə bir-birimizi görəndə əvvəlki səmimiyyət yerində dururdu!

Biz uzun illər ayrı-ayrı ünvanlarda, ayrı-ayrı hallarda olduq, ayrı-ayrı faciələri çəkdik, amma və lakin… heç bir halda Məmməd Əminin bağrının başından, sinəsindən həsrətlə qopan “Azərbaycan! Azərbaycan! Azərbaycan!” nidasından kənar olmadıq!

Bu, mənim Azərbaycan sevgimdən daha çox (guya Azərbaycandan başqa mənim daha da bir ölkəmmi vardı sevəm?) Vahid Qazıyevin İNSANLIQ SİMFONİYASI idi!

Vahid Qazıyev – Vahid Qazi dünyanın hər yerini gəzdi, mən Azərbaycandan başqa heç bir yeri!

Vahid Qazıyev dissident gördü, akademik gördü, demokrat gördü, varlı ilə də oturdu, kasıb da böyründən əskik olmadı, amma onun kənd uşağı kimi gördüyü və qəbul etdiyi Aydını elə 37 il əvvəlki səmimiyətlə qarşıladı rast gələndə, görüşəndə!

Mən heç vaxt Vahid Qazidə Türk Şovinizmi görmədim, o heç vaxt məndə separatçı elementləri axtarmadı!

Komplekssiz yaşadı – biri savadıma, biri istedadıma, biri nail olduğum uğura pəl vuranda, qısqananda, əli heç hara çatmayanda etnik önyarğısı ilə separatçı damğasını rəsmən yapışdırmaqdan çəkinməyəndə də Vahid elə həmin Vahid idi!

Mənim separatçı dostlarım olmasa da, Vahidin şovinist dostları çox idi – 37 ildə sərgiləyə bildi ki, bir kimsə ona fikrini yedirdə bilməz!

Pis-yaxşı bu ömrü 5-lə qoşalaşdırdıq: sınıq-salxaq gəlib çıxdıqsa da, yaramıza özümüz duz basdıqsa da, özümüz bədən üzvlərimizi kəsib atdıqsa da, özümüz də qoymadıq… sınaq!

Vahid indi Azərbaycandan çox-çox uzaqların sakinidir: mənim 1985-ci ildə yaşadığım taleyi yaşayır – bəlkə də İsveçdə ən “lom uşaq” elə Vahid Qazidir! Mənim kənddən gələndəki saflığımla İsveçdə yaşayır!

Mən Vahid Qazinin hər bir uğuruna sevinmişəm, onun hardasa, hansısa yanlış anlaşılan fikrinə görə ittihama qalxanlara “sinəmdən nişan alın” demişəm, çünki Vahid Qazıyev – Vahid Qazi heç vaxt “isveçli”, “demokrat”, “avropalı” olmadı!

O elə xas, teyxa, cılxa, tərtəmiz Türk olaraq, dünyanın hər yerində vətəndaş qaldı!

Vahid Qazi 55 yaşa, öz ağdamlıları demiş, “altını vurmadan”, “bezkraska” gəlib çatmağı bacardı! – hətta Ağdamsız saxlanmaq faciəsindən sonra Azərbaycansız qalmaq bahasına da olsa!

Kim bilməsə də, mən bilirəm ki, yalnız və yalnız qürbətdə olanda adam vətənin ən əclafını belə bağışlaya bilir!

Əzizim əziz Vahid, səni bağrıma basıram!

Sənin çox da olmasa, qəfil gecə zənglərin… Nobel mükafatımdır!

Sayğı və sevgiylə,

Aydın Can

P.S. Bu yazıdan heç kim heç nə götürməsə də, xahiş edirəm bu fakta nəzər yetirin: bu gün qarşınızda bivec gördüyünüz gəncləri təntitməyin, təhdid etməyin, onlara, bacarırsınızsa, sümüyünə və ruhuna işləyən təbəddülatlar eşitdirin!

Bayaq qardaşım deyir ki, cır meyvələr uzun illər bar vermir, 10 il, 11 il, sonra… gəlhagəl başlayır! Ona görə ki, ÖZdür, Özüdür, yaralanmayıb, calaq deyil! Kəsilməyib!

Cavanları-gəncləri, hələ nadan olan pöhrələri kəsməyin, yaralamayın, calaq etməyin, harda nəyi kimdən sonra dedirtməyin, 20 yaşında oturuşmamış zəriflikdən 50 yaşlı ağsaqqalın müdrikliyini gözləməyin, gözləyin özlərinə gəlsinlər, qadınlaşsınlar, kişiləşsinlər, onlar sabahın Vahid Qaziləri, Aydın Canlarıdır – özü də yüzqat artıq misli ilə! Linç etməyi yığışdırın!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma