Könül Alı “Çöl Qala”dan yazır

Üçüncü dünya sorağında

Konul Ali Col Qala“Çöl Qala” günümüzü zəbt etmiş sosial aləmin sayəsində virtual tanışlığın bəhrəsidi. “Çöl Qala”da  yazar qəhrəmanlarını rəssam kişi və rejissor qadın obrazı ilə oxucuya təqdim edir.

Başlanğıcda iki əks cinsin sevgi münasibətindən çox, iki oxumuşun intellekt yarışına çıxdığı təsəvvürümdə canlandı.

Kitabı təzə-təzə oxumağa başlayanda, nə yalan deyim, öz-özümə “kitab haqqında danışanlar yəqin ki, heç əsərlə tanış deyillər, ancaq yazıçı, tənqidçi təxəyyüllərinin gücü ilə povest haqqda ümümi məlumatı alıb, fikir yürüdürlər” deyə düşündüm.

Əslində isə, ailəli bir kişi ilə dul qadının mübhəm eşqindən bəhs edir, doğrudan da, əsl sevgi hekayəsidi…

Bir haşiyə çıxım: mən kitab haqqında fikirlərimi yazarkən Anjelika Akbarın ifasını dinləyirəm. Kitabla tanış olanlar yəqin ki, o dəqiqə rəssamın qadına məsləhət gördüyü musiqi parçasından söhbət getdiyini anladılar. Niyə məhz bu musiqini? Bunu anlamağa çalışıram. Musiqini dinləyərkən düşünürəm ki, doğrudan da, kişi obrazı təkcə gözəl rəsm əsərləri yaradan rəssam deyil, o,  qadın ruhunu ofsunlayan musiqidən də anlayan  adam  imiş –  hüzur verir…

Hərdən mənə elə gəlir ki, əsərin qəhrəmanı rəssam yox, elə yazar (jurnalist) olub…

Nə isə… Bu tamam başqa mövzudu – hər kəsin bir gizli inboxu, punhan sevgisi olmuşdu…

Elə buradanca Vahid Qazinin “Çöl Qala”sını ziyarət edərək, üçüncü dünya sorağı ilə yola çıxdım.

“Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır.  Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır”.

Fərq etməz, istər bəşər övladının təbii proseslər sayəsində evrəndə  var oluşu, ya hansısa elmi partlayışın bəhrəsi olması!

Əslində hər kəsin bir gizli dünyası, “öz aləmi” var. Çoxunun kənardan ümumi yaşadığımız dünyada görünməklərinə baxmayın.  Onların da “Çöl Qala” nın qəhrəmanı kimi bir gizli inboxu, kiçik, iki nəfərlik öz dünyası vardır. Özəl. Özəl olduğu qədər də, fərqli. Gözəl – Çirkin. Coşqulu – Sönük. Ya da…

Ya da, ümumiyyətlə dünyası olmayanlar.

Öz dünyası olub itirənlər…

Həyatı boyu  axtardıqlarını çox uzaqlarda, əlçatmaz zirvələrdə tapanlar…

“Çöl Qala” düşündürür, oxucunu öz “mən”ini araşdırmağa, əsərin qəhrəmanı ilə müqayisə etməyə sövq edir. Məncə artıq bu halı yazıçının uğuru hesab etmək olar.

Sözü gedən, “başqalarının yaratdığı dünya” da yaşayan hər kəsin içində gizlətdiyi, illərin birikmişi olan, paslı duyğularını, bu əsəri oxuduqdan sonra elə özləri kəşf edəcəklər. Yazıçı təxəyyülünün məhsulu olan povestdə insanları real həyatdan alan virtual aləmdən söhbət gedir.  Saf, amma günah sevginin təsviri ilə oxucuda paradoksal fikir yaradacaq. Gah iki sevən şəxsin haqlı olduğunu düşünüb haqq verəcək, ruhən yaxın insanların bir- birlərinə olan tər-təmiz, isti münasibətinin sonunun nə ilə qurtaracağını bilmək, kitabın sonuna çatmaq üçün zamanı iplə çəkəcək,  gah da, ortada qalan, amma əslində baş verənlərin qurbanı olacaq rəssamın xanımının mağdur olduğunu düşünəcəklər.

Yazıçı qəhrəmanının üçüncü dünyasını aşılayarkən, bu epizodu da, oxucuya sunur. “Gəl əzizim, gəl! Çıxar məni bayıra, azad elə! Özümdən xilas elə!” deyir. Bu da, onu sübut edir ki, əslində əsərin qəhrəmanı da, öz dünyasından  razı deyil.  O, da, qurtulmaq, içindəki “mən”dən azad olmaq istəyir. Elə ən pisi insanın öz dünyasında ilişib qalmasıdı. O da, hər kəs kimi başqalarının yaratdığı dünyaya can atır. Başına gələn xəyanətin ağır yükünü təkbaşına çəkməkdən yorulub. Əsərin bir yerində qadın dərdini danışır, danışır…

Axı, bunu sənə niyə danışıram, deyib susur – və nöqtələr…

Əsərdə o qədər ardıcıl və səliqəli sujet xətti var ki, hər cümlə düşündürür. Yazar arada, sevdiyi dünya və Azərbaycan ədəbiyyatından, həm müasir, həm də klassik ədiblərdən sitatlar gətirir, onları hörmətlə anır.

Şaxəli sujet xətti olan “Çöl Qala” cəmiyyətin siyasətlə məşğul olan təbəqəsinə də sual işarəsi yaradan mesajlar verəcək. Oxucu düşünəcək ki, görəsən yazıçı “beliqırıq siyasətçilər” dedikdə kimi nəzərdə tutur?

Şuşa həsrəti ilə yanıb-tutuşan qəhrəmanının dili ilə yazıçı vətən həsrətini dönə-dönə qeyd edir. Görünən odur ki, Şuşaya qovuşacağı günü sevgilisinə qovuşmaqdan daha çox istədiyini, vətən həsrətini dönə-dönə dilə gətirərək büruzə verir.

Sonluğu faciə ilə yekunlaşdıran yazar, qadını o qədər gözəl və mükəmməl təsvir edir ki, hətta sevgilisinə də qısqanır, ona vurulduğunu dilə gətirir.

Qəhrəmanların sevgi ilə başlayan yazışmasının vərdişə çevrilməsindən, birinin bir az gec ünsiyyət qurduğu anlarda digərinin darıxdığından, sevgilərinin əsirlərinə çevrilmələrindən bəhs edir. Yazıçının rəssamın xanımını da, məğrur, gözəl qadın obrazı kimi təqdim etməsi onu sübut edir ki, əslində kişilər qadının xarici gözəlliyinə bir o qədər də əhəmiyyət vermirmişlər. Kişi – qadın münasibətlərində ruh yaxınlığı çox önəmli. Zövqlər və maraq dünyası yaxın olan insanlarla birgə həyat daha maraqlıdı. Ya da ki, insanların bu cür münasibəti  qadağan olunmuş sevgi olduğu üçün bu qədər cezbedici və möhkəmdir…

Düşündürən əsərdi. Oxumağa dəyər – müəllifin dediyi kimi “ birnəfəsə oxuyun”.

Mən birnəfəsə oxudum.

Könül Alı

Bastainfo.com

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma