Xilas missiyalı ölüm

alg-crash-russia-jpg

Xilas missiyalı ölüm

(Lex Kaçinskiyə həsr olunur)

Sevdiyim neçə-neçə dostun vətənini qan gölünə çevirən ötən həftəki Qırğızıstan faciəsinə sarsılmışdım. Özü də elə dostların ki, bu ölkə üçün canlarını verməyə hazır olduqlarını dəfələrlə sübut eləyiblər. Mən onların vətənlərində azadlıq ağacı əkmək üçün uzun illər iynəylə quyu qazmalarının şahidi olmuşam. İndi də onların qırılmış xəyal sümüklərinin xırçıltısına şahidlik edirəm.

Qırğızıstandan gələn qara xəbərin tozanağı çəkilməmiş Polşa prezidentinin ölüm sorağı duman kimi hər yanı sardı, bütün dünyanı şoka saldı. Təyyarəsi minlərlə polyak zabitinin uyuduğu Katın yaxınlığında qəzaya uğradı. Prezident Lex Kaçinski 70 il əvvəl verilmiş bir əmrlə qazılan məzarlığa gül qoymağa gedirdi, canını qoydu.

Bu yazıya başlamazdan öncə iki il əvvəl Polşadan gətirdiyim “Katın” filminə baxmışdım. Tək-tük ortaq slavyan sözlərindən savayı polyakca heç nə anlamasam da, filmi tam başa düşmüşdüm. Elə həmin axşam Rusiya telekanallarından birində filmə yenidən baxanda gördüm ki, mahiyyətini birinci seyrdən düz anlamışam. Bunun tək izahı var: sevinclər müxtəlif, dərdlər birdillidir.

***

Xəritədə Katını tapdım. Sonra Bişkekə baxdım. Aralarında adı iri hərflərlə yazılan şəhəri gözüm aldı – MOSKVA…

***

…2005-ci ildə bizi Lex Kaçinskiylə İrena Lasota tanış eləmişdi. Şəhər meriyasının düzənlədiyi sərgiyə biz də qatılmışdıq. Varşavanın meri prezidentliyə ən real namizədlərdən biriydi. Polyak dostlar ona ümudlə baxır, qalıb gələcəyi təqdirdə Polşanın istər daxili, istərsə də xarici siyasətində ciddi dəyişikliklər olacağını deyirdilər. O, gülərüz, hamıyla zarafat edən, səmimi adama bənzəyirdi. Biz şərqlilərdən fərqli olaraq, Qərb adamı, xüsusilə siyasətçisi daim gülümsəyir, istiqanlı görünməyə çalışır, ələlxüsus da seçki ərəfəsində. Siyasətçilərə skeptik yanaşmağım hələ də arzulanan demokratiyanı qura bilmədiyimiz post-kommunist ölkənin vətəndaşı olmağımdandı yəqin. Dostlarım isə təkidlə onun fərqli bir siyasətçi, ideya adamı, “Solidarnost” dönəmindən üzüağ çıxmış, bir sözlə, “bizim adam” olduğunu deyirdilər. Dostlara inanmayıb kimə inanasıydım ki?! Həmin il o, prezident seçildi, sonrakı illərdə dostların dediklərini təsdiqləyib başlarını uca elədi.

***

Avropada Polşa qədər başıbəlalı ölkə azdı. Əsrlər boyu yad ordular onun üstündən Şərqdən Qərbə, Qərbdən Şərqə keçib, parçalayıb, bölüb, əsarətdə saxlayıb, insanlarını, ziyalılarını qırıb, şəhərlərini yerlə-yeksan edib. Amma heç kim polyak ruhunu sındıra bilməyib, əksinə, iradəsi dəmir kimi bərkiyərək faşizmə, kommunizmə qarşı mübarizənin önünə çıxıb, neçə-neçə xalqa azadlıq mayakı olub. Bütün bu iztirablardan sonra insanpərvərliyini saxlamaq (indi Avropa ölkələrini bürüməkdə olan ultramillətçi qüvvələrə orada rast gəlməmişəm, heç eşitməmişəm də), ona zülm edənlərə nifrət bəsləmədən “Avropa hər iki ciyəriylə nəfəs almalıdır” – deyən II Pavelin arzuları yolunda cəsarət göstərmək fenomenal hadisədir, mərhəmət missiyasıdır…

***

Yəqin ki, mətbuat xeyli müddət bu təyyarə qəzasının min-bir səbəbindən yazacaq. Elə o qədər də şübhə hələ uzun illər ürəkləri tərk etməyəcək. Dünyada xeyli sayda “qocalmış” şübhə yaşayır: Mosart şübhəsinin “beli əyilib, çəliklə gəzir”; Kennedinin ölümü hələ “canısulu”du, Ağcanın Papaya atdığı güllənin gilizi soyumayıb. Birinci Katın şübhəsi 70 il çəkdi. İkinci Katın üzərindən şübhə dumanı 70 ilə çəkilərmi görən?

Rusiyalı dissident Valeriya Novodvodskaya əmindir ki, “Lex Kaçinski Gürcüstana dəstəyin, Tbilisiyə edilən qəhrəman səfərin, universitetlərdə Belarus tələbələrinə yer və təqaüd ayırmağın, çeçen qaçqınlarına və saytlarına sığınacaq verməyin, Yaruzelskini ittiham etməyin, antisovet və antikommunist fəaliyyətin, Qərb oriyentasiyalı olmağın, “Katın” filmi, Katınla bağlı sualların və NATO-da fəallığın bədəlini ödəyir”…

O, hamıya Polşanın birləşmiş Avropada yerini göstərdi. Onun Şərqi Avropadakı status və missiyasını təsdiqlətdi.

***

Lex Kaçinski arvadı ilə, hərbçi, siyasətçi, elm və mədəniyyət xadimlərindən ibarət Polşa elitasının bir dəstəsiylə doğma vətəninin sinəsinə çalın-çarpaz dağlar çəkmiş bir ölkənin meşəsində azıb qalan minlərlə həmvətəninin illərlə inləyən ruhunu xilas etməyə getmişdi. 70 il həsrətlə qovrulan qolu kəndirli ruhların azadlıq basırığının yaratdığı sevinc burulğanına düşməklə onları xilas elədi. Öz ruhunu girov qoyub xalqının vuran qolu, düşünən beyni olmuş bir orduluq ruhu əsirlikdən qurtardı. Onları son 200 ilin ən bəxtəvər dövrünü yaşayan Polşaya yola saldı.

…Katın yenə Rusiyanın qərbində ruhlar düşərgəsi olaraq qaldı. Yeni xilaskar gələnədək qalacaq da.

26 aprel, 2010

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma