“Ölkədə demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanın tərkibində yaşamaq istəməyəcəklər”.

“Qarabağ bizdən uzaqlaşır”

Vahid Qazi: «Erməni gənci azərbaycanlıları vəhşi cildində görür»

Ekspertin fikrincə, ölkədə demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanın tərkibində yaşamaq istəməyəclər.

Qarabağ həqiqətlərinin araşdırılması istiqamətində bu dəfəki həmsöhbətimiz “İnam” Plüralizm Mərkəzinin direktoru, publisist Vahid Qazidir. Qeyd edək ki, onun Qarabağ mətləblərindən bəhs edən “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı məqalə və esseləri daxil edilib.

– Vahid bəy, hər iki ölkə ziyalılarının təmasları, səfərləri davam edərsə, Qarabağ probleminin həllinə töhfə verə bilərmi?

– İşğalçı ölkə olan Ermənsitan arzuolunmaz siyasətinin girovuna çevrilib. Bundan isə münaqişə ölkələrinin xalqları əziyyət çəkir. Bu konfilikt Cənubi Qafqazda maraqları olan ATƏT-in Minisk qrupunun həmsədr ölkəsi olan Rusiyanın maraqlarına uyğundur.

Zənnimcə, Qafqazda o zaman sülh ola bilər ki, bu regionda yaşayan insanlar xoşbəxtlik, sabitlik və inkişafın onların birgə yaşamasından, əməkdaşlığından asılı olacğını anlayacaqlar. Bax mən bu kontekstdən yanaşanda ziyalıların münasibətlərinə, bir zaman olan gediş-gəlişlərinə pis baxmıram. Nə qədər ki, münasibətlər qurulmayacaq, o zaman qapalı mühit olacaq. Və nəticədə münaqişənin sülh yolu ilə həllində perspektiv gözləməyə dəyməz.

– Yalnız ziyalılarmı?

– Mən bu təmaslara, münasibətlərə daha geniş formada yanaşıram. Təkcə ziyalılar deyil, jurnalistlər də qarşılıqlı səfərlər edə bilərlər. Bu addımlar problemin həllində müsbət gözləntilər üçün arzuolunandır. Bu və digər şəkildə ünsiyyət, əlaqlərə xeyirli olardı. Erməni gəncləri niyə görməsin ki, Azərbaycandakı durum, inkişaf necədir, hansı proseslər gedir? Eləcə də əksinə, bizim gənclər Ermənistanda nəyin baş verməsindən xəbərdar olsunlar. Münaqişə müddətində hər iki ölkədə yeni nəsil formalaşıb. 20 yaşına qədər olan gənclərin problem barədə məlumatı arzuolunan deyil. Onların aldığı informasiyalar mənfi yüklüdür. Erməni gənci azərbaycanlıları vəhşi cildində görür. Çünki, onun aldığı informasiyadan, təbliğatdan təsəvvürü bu cür formalaşıb. Eləcə də, Azərbaycan gəncləri bu çür düşünürlər.

Bitməyən Qarabağ müharibəsi dövründə bu çür danışmağım ola bilsin ki, bəziləri üçün qəribə gəlsin, təcüblənsinlər. Və qəbul olunmaz hesab etsinlər. Amma, istənilən halda pafos zamanı bitdi. Pafosun hesabına çox bəlalar baş verdi. Xüsusən işğalçı ölkədə bu, daha açıq-aşkar müşahidə olunmaqdadır. Ermənistanda pafoslu danışıqlar, açıqlamalar Azərbaycandan çox geniş yayılıb. Bu münaqişənin həllinə xeyir verən deyil. Sanki, yanan yerə yanacaq tökürlər.

– Dediniz ki, münaqişə ölkələrinin gəncləri bir-birini vəhşi təsəvvür edirlər? Burada hansı tərəf haqlıdır?

– Bəli, azərbaycanlını görməyən erməni gənci belə düşünür. Yaxınlarda 13 yaşlı erməni ölkə başçısı İlham Əliyevə məktub yazmışdı. Orada da onun Qarabağ və Azərbaycan haqqında necə düşündüyü aydın yazılmışdı. Bu da dediklərimə bir sübutdur. Yəni erməni gəncindən soruşulsa ki, azərbaycanlıların xarakteri, xasiyyəti neçədir, çox güman deyəcək: yırtıcı, qaniçən. Eləcə də bizdə erməni haqqında təsəvvür necə yaranır? Ailədə, təhsil ocağında, kütləvi informasiya vasitələrində və başqa məlumat mənbələrindən aldıqları informasiyaya, təbliğata əsasən bir-biri barəsində düşüncələri belə yaranıb, formalaşıb. Amma, konfilikt ölkələrinin gəncləri görüşərlərsə, əlaqələri olarsa, yaranmış bu təsəvvürün əsasız olduğu məlum olar.

Biz ermənilərin dediyi və düşündüyü kimi köçəri, vəhşi millət deyilik, kifayət qədər normal insanlarıq. Ermənistanda belə bir kampaniya, təbliğat aparılır ki, azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil. XXI əsrdə ermənilərin öz xalqına bu formada apardığı təbliğat arzuolunan deyil. Bir əsrdən çox bir yerdə yaşamış, qız verib-qız almış xalqa erməni deyir ki, bir məkanda yaşamaq mümkün deyil. Formalaşan yeni erməni nəsli obyektiv informasiyaya malik deyil. Düşmən münasibətindədirlər. Nə qədər ki, konflikt ədalətli həllini tapmayıb, bu formada təbliğatlar davam edəcək. Və hesab edirəm ki, hər iki ictimaiyyət təbliğatın girovuna çevrilib. Bu isə münaqişə tərəflərindən olan ölkələrin milli maraqlarına uyğun deyil. Burada maraqlı tərəflər bizim şimal və cənub qonşularımızdır.

– 13 yaşlı erməni gəncinin məktubuna rəsmi Bakının cavabı sizi qane etdimi?

– Rəsmi Bakının cavabını oxumuşam. Hesab edirəm ki, kifayət qədər ətraflı cavab idi. Qısaca Qarabağın, konfliktin tarixi və problemin həllində çıxış yolu öz əksini burada tapmışdı. Və cavab məktubu da asan və anlayışlı dildə, üslubda yazılmışdı. Eləcə də, erməni qızının müraciətinə bir neçə azərbaycanlı gənc, həmçinin mənim qızım da cavab vermişdi.

– Sizcə, gənclərin bir-birinə yazılı cavabları onların müharibə yolunu deyil, danışıqlar yolunu seçməsinin göstəricisi ola bilərmi?

– Qarabağ münaqişəsində bir neçə nəsil yetişdi. Əlbətdə, istəmzdik ki, münaqişə uzansın. Belə olan halda yeni nəsillər də olacaq. Fələstinlə İsrailin münaqişəsini xatırlayın. Qərbdə münaqişələrin həlli yollarından anlayışlı olan gənclərin Dağlıq Qarabağ probleminə münasibəti başqa çürdür. Amma, pafoslu təbliğatla böyüyənlərin isə münaqişə barəsində düşüncələri, münasibətiləri başqadır. Zaman geçdikcə konfiliktlərin sülh yolu ilə həllində maraqlı olan gənclərin xüsusi çəkisi artacaq. Hazırda isə gənclər çox aqressivdir. Düşmən obrazı ilə qəddarlıq düşüncəsi, xarakteri formalaşdırılır.

– Övladınızın erməni gəncinə cavab verməsi ictimaiyyət tərəfindən qınandımı?

– İzlədim… Daha çox müzakirə olunan ünvan rusdilli saytlar oldu. Məktub rus dilində çap olunmuşdu. Mən hətta, bu məktubu erməni saytlarında da izlədim. Erməni saytları bu formada yazışmalara daha çox analitik yanaşırdılar. Hər halda maraqlıdır. Etiraf edim ki, Azərbaycandilli saytlarda müzakirəyə, diskussiyaya rastlamadım. Qısa məlumatlar oldu. Rusdilli saytların birində qızımın çap olunmuş məktubuna 300 rəy yazılmışdı. Digər rusdilli saytda isə qadın istifadəçilərin sayı çox idi. Bunu orada yazılan “nik”lərə əsasən deyirəm. Diskussiyalar zamanı qızımı qınayanlar da var idi. Məsələn, yazırdılar ki, bu məktub sülhə doğru təbliğat vasitəsidir. Buna isə elə orada digər şərh yazanlar lazımlı, məntiqli cavablar verirdilər. Yəni fikirlər müxtəlif idi, düşüncələr haçalanırdı.

– Bəs vətənpərvəlik hissləri necə aşılanmalıdır?

– Bizim nəsil sovet vətənpərvərliyinin tərbiyəsini görüb. Bu isə saxta idi. Rusiyanın şərqindən Avropaya qədər olan ərazini vətənimiz kimi tədim edirdilər, belə böyüdürdülər. Vətənpərvərlik hisslərinin aşılanması kampaniya formasında olmalı deyil. Gənclər təhsildə, səhiyyədə rüşvət, ekologiyanın pozulmasını, məsələn ağacların kəsilib yerinə kababxana açılmasını görürlər. Budurmu vətənpərvəlik dərsi?! Vətənpərvəlik vurub-dağıtmaq deyil! Vətəni pıçıltı ilə sevirlər, qışqırmaqla deyil. Əgər gənc ağacı sevəcəksə, sonra vətənə də sevgisi yaranacaq.

– Siz sülhdən danışırsınız, amma Sərkisyan erməni gənclərinə “Ağrı dağı da siz alın” dedi…

– Bu, dövlət səviyyəsində aparılan bir propoqandadır. Erməni siyasi rəhbərləri, rəsmiləri daim bu formada propoqanda aparırlar. Erməni başçısı “Qarabağı aldıq” deyir. Axı necə alıb? Bunu o, rəsmiləşdiribmi, dünya tərəfindən tanınırmı? Düşünürəm ki, bu, sadəcə ritorikadır, daxili siyasətə yönəlmiş fikir idi. Təbii ki, bu çıxışları dinləyən gənclər kifayət qədər aqressiv olurlar. Bunu təkcə Serj Sərkisyan deməyib, uzun illərdir ki, Ermənistanda olan millətçi kəsim var, bu düşüncəni həmişə ifadə ediblər. Səhv etmirəmsə, Türkiyəyə torpaq iddiası Ermənistanın konstitutusiyasında var. Məncə, gec-tez bu cür düşünən ermənilər reallığı və ədaləti anlayacaqlar. İkinci bir xalq tanımıram ki, bütün qonşularına qarşı torpaq iddiasında olsun. Bax Ermənistanda bu var.

– İllərdir sülh prosesi davam edir. Amma…

– Çünki, ortada əməl yoxdur, bundan sonra yüz il mövcud proses davam etsə belə, nəticəsiz olacaq. Danışıqların arxasında əməl olmalıdır. Kimsə də “müharibə tərəfdarıyam” deyirsə, onu normal insan hesab etmirəm. Adətən müharibədən xəbəri olmayanlar belə danışırlar. Lakin, proses sona yetdisə, müharibə yolu da qaçılmazdır.

İllərdir davam edən danışıqlar prosesində bir çox işlər həyata keçirilməli idi. Ən əsası Azərbaycanda elə bir şərait qurulmalı idi ki, hər kəs burada yaşamaq istəyində olsun. Nəyə görə dünya xalqlarının nümayəndələri Avropa ölkələrində yaşamaq arzusundadır. Niyə Avropaya can atırlar? Amma, İrana, Əfqanistana deyil? Çünki, Avropada ədalət bərqərar olub, insanların haqqı tapdalanmır və rifah var. Biz də Azərbaycanda rifahlı cəmiyyət qurmuş olsaq, erməni də burada yaşamaq istəyəcək.

Yəqin sizə də məlumdur ki, Gürcüstan haqqında xoş sözlər deyirlər. Ölkədə istirahət etmək imkanına malik olan vətəndaşlarımızın böyük qrupu bu ölkəni, Batumini seçir. Çünki, orada rahatlıq var, hansısa dövlət və hökumət işçisi onu incitmir. Polisin, gömrüyün insanları incitməməsi nəticəsində ora bir dəfə gedən adam ikinci dəfə də getmək istəyir. Niyə biz də Azərbaycanı cəlbedici etməyək? Ədalətli cəmiyyət qurularsa, ermənilər açıq-aşkar deyəcəklər ki, biz Azərbaycanı seçirik, onlarla birlikdə yaşaya bilərik. Demokratik islahatlar aparılarsa, erməni ictimaiyyətinin Azərbaycan haqqında fikri köklü şəkildə dəyişəcək. Hətta, erməni siyasilərinin, rəsmilərinin pafoslu çıxışı da dəyişə bilər.

Onlar görürlərsə ki, insanların azadlığı pozulur, bu ölkəyə kim gələr axı?! İslahatlar olarsa, münaqişənin həllində beynəlxalq təşkilatların da dəstəyini qazanmaq olar. Azərbyacanda məhkəmə azad olarsa, insanların hüquqları tapdalanmazsa, vətəndaşların evini başına uçurmazlarsa, burada yaşamaq mümkün olar. Bu problemlər mövcud olduğu halda, ermənilərə “gəlin birgə yaşayaq” demək nə dərəcədə inandırıcıdır?

– 17 ildir atəşkəs davam edir. Bu, bizim milli maraqlarımıza uyğundurmu?

– Torpaqlarımızın işğalda qalması ilə, təkcə kənd təsərrüfatı sahəsindən yararlanmaq və sərvətindən istifadə etməkdən məhrub olmuşuq. Hər il bu itki Bakı-Tiflis-Ceyhan kəmərindən qazandığımız bir illik gəlirin 20 fazinin itirilməsinə bərabərdir.
Bu formada danışıqların davam etdirilməsi nəticəsində Qarabağ bizdən uzaqlaşır, daha doğrusu biz ondan uzaqlaşırıq.

Ramid

“Bizim yol” qəzeti

9 sentyabr 2011

“Ölkədə demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanın tərkibində yaşamaq istəməyəcəklər”.” üçün bir cavab

  1. Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma