Şahmat taxtasında beysbol

gencside

Şahmat taxtasında beysbol

Genosid düşüncələri

(“Yaddaş ləpirləri” silsiləsindən)

On yaşlı oğlum məktəbdə kağızdan düzəltdiyi ucu şiş, gövdəsi yoğun “qanadlı raketi” bağışlayıb məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elədi. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşağısındakı uzun nərdivan onun nəhəngliyindən xəbər verirdi. Özü də sovetin SS-20 uzaqvuran raketinə oxşayırdı. Urandan alınan o zəhrimarı da əlavə eləyəndə buna atom bombası deyirlər…

Hədiyyəni qəbul etsəm də, 23 fevralın 1920-ci ilin aprelində müstəqilliyimizə son qoyan, 70 il bizi əsarətdə saxlayan, 1990-cı ilin yanvar qırğınını törədən, Qarabağın işğalında ermənilərə kömək edən sovet ordusunun, yəni bizə yad, düşmən bir ordunun yaranma tarixi olduğunu dedim oğluma. Bu naftalin qoxulu “23 fevral bayramı” söhbətinə görə mənim adımdan müəlliminə etirazımı bildirməsini tələb etdim.

 

Baku, 20 januari 1990

Sonra niyə məhz raket düzəltməsiylə maraqlandım. Onunla söhbətdən qısa bir dialoqu olduğu kimi yazıram.

– Niyə ayrı şey yox, raket düzəltdin?

– Xoşuna gəlmir?

– Gəlir. Maraqlıdır.

– Bunun əsli olsa, atarsan Ermənistana?

– Niyə?

– Mən ataram.

– Bilirsən nə qədər şəhər, kənd dağılar onda?

– Dağılsın! Bəs onlar Ağdamı niyə dağıdıblar? Yadına gəlir, bir kaset gətirmişdin, nənəm sağıydı onda, baxıb necə ağlamışdı?

– Sən bu raketi atsan, orda da çoxlu adam öləcək. Analar, atalar, nənələr, babalar, uşaqlar öləcək.

– Ölsün! Xocalıda qocaları öldürəndə, uşaqların gözünə siqaret basanda, qulaqlarını, başlarını kəsəndə yaxşıydı?

Bu sözləri ona mən deməmişdim. 10 yaşlı uşağa deyə bilməzdim… Ev, yol, məktəb, radio, televiziya… O faciənin ağır hənirtisinin gələn vaxtıdı – üç gündən sonra Xocalı qırğınının 18 yaşı olacaqdı.

– Onu eləyənlər başkəsəndi, qatildi, sən də qatil olmaq istəyirsən? Uşaq öldürən, ata, ana öldürən qatil?

“Qatil” sözünü ağzımdan elə çıxardım ki, sanki udmağa hazırlaşdığımın murdar olduğunu bilib qaytarırdım. Bu sözün mənasını tam anlamasa da, pis bir şey olduğunu sifətimdən oxudu. İzah etdikcə fikrə getdiyini gördüm. Sualıma cavab vermədi. Əvəzində məni daha qorxulu sual yaş dəsmal kimi bürüdü: “Evimdə QATİLmi böyüdürəm?“

Yaddaş cığırı

Otağıma çəkilirəm. Yaddaş hücrələrimin ən dərin qatlarında gizlətməyə çalışdığım qorxunc, ağrılı, yaralı xatirələr yenə boy verir. Onları əlacı tapılanadək dondurulan xəstələr sayaq qoymuşdum ora. Ora gedən yol qaranlıqda səmti görünməyən cığır kimidi.

…Göz bəbəklərimi beynimdəki yaddaş hücrələrinə sarı çevirirəm. Çölümə yox, içimə gedirəm. Beynimin qırışlarını cəngəllikdə yol açırammış kimi yara-yara, əzə-əzə, xırçıldada-xırçıldada keçirəm, hüceyrələri yaş ilbiz kimi üzümə yapışır, damarcıqları hörümcək toru kimi kipriklərimə ilişir… Qaranlıqda öz Qorxuna doğru getmək dünyanın ən qorxulu və əzablı yoludu.

genosid

…Ağdam şəhəri Xocalıdan 18 kilometr aralı(y)dı. Xocalı qırğınının səhəri, 1992-ci ilin 27 fevralında Ağdama gəldim, o vaxt hələ buralar sərgərdan ruhlar şəhəri deyildi, diriydi. İşlədiyim qəzetə yazı söz versəm də, heç nə alınmadı, göz görəni əl yaza bilmədi. Gözləri çıxarılmış uşaq, qarnı yırtılmış qadın, burnu, qulağı, kişiliyi kəsilmiş kişi meyitləri gəlməkdəydi…

Ağdam məscidi heç vaxt bu qədər meyiti bir yerdə görməmişdi. Yandırmağa odun, qaynatmağa su, yumağa meyityuyan, kəfənləməyə bez çatdırmaq olmurdu. Şəhər keyimişdi. Key-key yaralı qarşılayır, əsir dəyişirdi. Donuq gözlər Xocalı yoluna zillənir, keyimiş əllər qəbir qazırdı. Şəhərin ağlamağa göz yaşı yoxuydu. Qorxu şəhərin “göz yaşları”nı qurutmuşdu.

Qanqrena olacaq əllər, yerlə sürünən ayaqlar… Can götürüb gecə köynəyində, gizli cığırlarla ayaqyalın qaçan bu adamlar 18 kilometrlik yolu bir neçə gündən sonra qarlı dağlar, meşələrdən dolanaraq beş-beş, on-on gəlib Ağdama çatırdılar. Gördüklərini söz-söz, cümlə-cümlə yox, qırıq-qırıq, heca-heca deyirdilər. Sanki həkim dozası xəstəni şoka salar deyə sistem qoşub, dərmanı damla-damla yeridirdi.

Əsirlikdə nə qədər adam qalmışdı, bilən yoxudu. Meyitləri və əsirləri almaq üçün yerli batalyon komandirləri danışıqlar aparır, meyit qarışıq əsirləri dəstə-dəstə alıb gətirirdilər. Əsirlikdən azad olunanlar onlara verilən işgəncələrdən, edilən təhqirlərdən danışırdı. Eşidənlərin canına qorxu ruh kimi girirdi…

Şəhərə Qorxu hakim idi. Düşmən istəyinə nail olmuşdu: kütləvi qorxu, kollektiv sarsıntı baş tutmuşdu. Həmin günlər şəhər tarixinin ən vahiməli anlarını yaşayırdı. Bir il sonra Ağdamın özü – evləri, küçələri, bağları kəsilib, sökülüb, daşınıb, yandırılıb, xarabaya çevriləcəkdi.

Nifrət xəstəliyi

Bu dava 100 il əvvəl də olmuşdu. Nənəm danışırdı: “Biz uşaq olanda ermənilər çox türkü qırıb. O vaxt bizə türk deyirdilər. Onlar bizi hər yerdə öldürürdülər. Arvadların döş gilələrini kəsib sapdan keçirir, təsbeh kimi bizimkilərin səngərinə atırdılar. Buna dözməyib irəli çıxanları da gülləylə vururdular. Adamların belinə qaynar samovar bağlayıb qaçırırdılar…”

Image result for mart 1918

Mars 1918, Baku

Amma nənəm heç vaxt demədi ki, sən də erməniyə nifrət et! Bilirəm, eşitmişəm, ermənilər uşaqlarını körpəlikdən türkə, azərbaycanlıya nifrət hissiylə böyüdür. Bizdə belə olmayıb. Nifrət yaddaşa bağlıdır. Bizim yaddaşımızda nifrət qalmadı. Odur ki, sonra 10 minlərlə Azərbaycan kişisi erməni qızlarını sevdi, evləndi, ailəsinə gətirdi. 100 minlərlə ata, ana, nənə, baba, qohum erməni qızlarını ailəsinə qəbul etdi. Bu qarışıq ailələrdə minlərlə uşaq doğuldu. Bu qədər ayrılan, ölkəni tərk edənlərdən sonra indi də Azərbaycanda 30 min erməni qadını öz ailəsiylə yaşayır. Bu, rəsmi statistikadı, qeyri-rəsmi lap çoxdu. Məgər nifrət hissiylə qovrulan bir millət bunu edərdimi? Buyurun, azərbaycanlı qızını arvad edən erməni kişiləri göstərin, ailəsinə buraxıb gəlin edən erməni atası, anası, nənəsi, babası göstərin. Mən tək-tüklərdən yox, minlərdən, 10 minlərdən danışıram.

Ədalət sorağında

…Serblər Srebrenitsada 10 minədək bosniyalı kişini və oğlan uşağını qətlə yetirib. Müsəlman olduqlarına görə. 1997-ci ildə öz gözlərimlə görmüşəm Bosniyanın tükürpədən xaraba kəndlərini.

…Ruandada 100 gün ərzində 800 minədək insan öldürüldü. Burda insanları məhvetmə sürəti faşist hərbi düşərgələrindəkini beş dəfə üstələyib.

…Bir gecənin içində Xocalı şəhəri Yer üzündən silindi. Ermənilər 613 nəfəri öldürdü, 487 nəfəri şikəst elədi, 1275 dinc sakini – qoca, uşaq, qadını əsir götürüb ağlasığmaz işgəncələr verdi. Azərbaycanlı olduqlarına görə. 150 nəfərin taleyi hələ də məlum deyil. Ölənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqdı. 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki valideynini itirdi. Ölənlərin yalnız 335 nəfəri dəfn edildi. 200 nəfərin ayaqları soyuqdan qanqrena oldu.

Bu hadisələr tarixin hansısa uzaq əsrlərində deyil, 1990-cı illərin əvvəlində baş verib, BMT-nin 50, ATƏT-in 20 yaşı olanda. İki dünya müharibəsindən sonra sivilləşən, humanistləşən dünyanın gözü qarşısında.

Ruandada, Bosniyada baş verən hadisələrə siyasi qiymət verildi, bu qırğınları törədənlərə soyqırım iddiasıyla məhkəmə quruldu, cəzalar verildi. Xocalı qətliamını törədənlərə isə yox! Əksinə, həmin vaxt separatçıların lideri olmuş Robert Köçəryan əvvəl Ermənistanda baş nazir oldu, sonra prezident seçildi. Xarici ölkələrdə qəbul edildi, BMT kürsüsündən demokratiya, insan hüquqlarından söz açdı. Avropa Şurası Parlament Assambleyasında etdiklərindən qəhrəman kimi fəxrlə danışdı. Həmin dövrdə Qarabağdakı erməni ordusunun başında duran, bu qətliama başçılıq edən Serj Sərkisyan da əvvəl baş nazir idi. İndi Ermənistanın prezidentidi. Görün o, “Qara bağ” adlı məşhur kitabın müəllifi, britaniyalı jurnalist Tomas de Vaalla söhbətində Xocalıda dinc sakinlərə qarşı genosid cinayətinin törədilməsini necə “səmimi və qəddarcasına” (ifadə T. De Vaalındı) etiraf edir: “Biz belə seylər haqda yüksəkdən danışmırıq… Bu məsələ çox şişirdildi… Amma onu da deyim ki, Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu təsəvvürü alt-üst etdik”[1].

Image result for The Black Garden thomas

Kütləvi qorxu yaratmaq üçün törədilən cinayət bir qrup quldurun əməli yox, uzaq məqsədlərə hesablanmış siyasi qərardır. Vahimə yaratmaq, qorxutmaq, qovmaq, etnik təmizləmə aparmaq, boşaldılan ərazilərdən sahiblərinin izini silmək və “qədim” erməni torpağını “bərpa” etmək…

Çoxlu, lap çoxlu erməni torpağı yaratmaq və onu üç dənizə qədər genişləndirmək. 1919-cu ildə Paris Sülh Konfransında ermənilərin iddia etdikləri torpaq Xəzər, Qara və Aralıq dənizlərini əhatə edirdi[2]. Bu gün də bu iddiadadırlar. 3 milyonluq əhalisi olan Ermənistan 300 milyondan artıq insanın yaşadığı əraziyə iddia edir. 3 milyonluq monqol xalqının indi 3 milyarddan çox insanın yaşadığı, vaxtilə Çingizxanın yaratdığı imperiya ərazilərinə iddia etməsi daha məntiqli görünməzmi?

Genosid – müasir siyasi oyun qaydası

2010-cu il martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı aparılan siyasəti rəsmi olaraq erməni soyqırımı kimi tanımaqla bağlı qətnamə qəbul elədi. Türkiyənin bütün çabalarına rəğmən ABŞ Konqresində bu addım atıldı, ola bilsin, növbəti mərhələdə bu proses dayandırılsın, amma prinsip etibarilə bu, heç nəyi dəyişmir. Siyasətin, Zbiqnev Bjezinskinin “şahmat” oyunu çoxdan başlayıb.

Vaşinqtona son səfərimdə dostum İrena Lasota mənə Günter Levinin “Osmanlı Türkiyəsində erməni qırğını: mübahisəli soyqırım” (Guenter Lewy. The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide) kitabını bağışlamışdı. Həmin kitabda müəllif yazır ki, ermənilərin Şərqi Anadoludan deportasiyası genosid siyasəti yox, müharibə dövründə düşmənlə separat işbirliyinin, üsyanların, türklərə edilən qətliamların qarşısını almaq məqsədi güdüb. Qətllər genosid xarakteri daşımayıb, çünki onları hökumətin təşkil etdiyi sübuta yetirilməyib: “Deportasiyanın həqiqətdə Türkiyə ermənilərinin qabaqcadan düşünülmüş plana əsasən qırmaq məqsədi daşıdığı bir çox aspektlərə və köçürmənin xüsusiyyətlərinə uyğun gəlmir”.

Gunter Levy

Məsələ orasındadır ki, Rusiyaya sərhəd bölgələrdə, şərqi və mərkəzi Anadoluda yaşayan ermənilər köçürülüb. İstanbul, İzmir və Hələb kimi şəhərlərdən ermənilər deportasiya edilməyib. Ölkənin dəmiryolu olmayan şərq rayonlarından piyada köçürmə zamanı yolda ölənlər heç bir vəchlə soyqırımı prinsiplərinə uyğun deyil. “Osmanlı hökuməti nizamlı proses təşkil etmək istədi, ancaq onu həyata keçirmək üçün vasitəsi yox idi”.

Başqa bölmədə o, Çarlz Dovset və Malkolm E.Yapp (Charles Dowsett, Malcolm E.Yapp) kimi tarixçilərin mənbələrinə, ABŞ-ın Paris Sülh Konfransında Yaxın Şərq üzrə rəsmisi Corc Montqomerinin (George Montgomery) cədvəllərinə, həmçinin İstanbuldakı Erməni Milli Şurasının rəqəmlərinə əsaslanaraq sübut edir ki, həmin dövrdə ölənlərin sayı iddia edildiyi kimi, milyon yarım yox, 642 min olub. “Həmin dövrdə heç bir ölüm statistikası mövcud deyildi”.

Bu kitabda ən vacib məqamlardan biri də Henri Morgentaunun məktublarıdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçkiləri kampaniyasına rəhbərlik etmiş Henry Morgenthau 1913-cü ilin noyabrından 1916-cı ilin fevralınadək İstanbulda ABŞ-ın səfiri olmuş, eyni zamanda, Türkiyə ilə müharibə aparan Antantanın marağını təmsil etmişdi.

Morgentau ABŞ dövlətinin müharibə siyasətində qələbə çalmasına yardım etmək üçün öz təklifini prezident Vilsona 1917-ci il noyabrın 26-da yazdığı məktubla bildirir. Burada Morgentau müxalifət və müharibəylə bağlı ümidsizliyini ifadə edir və bu vəziyyətdə dəyişiklik yarada biləcək bir kitab dərc edə biləcəyini yazır:

“Elə bir kitab yazmaq istəyirəm ki, təkcə Almaniyanın Türkiyə və Balkanlara nüfuz etməsini deyil, eyni zamanda dünyanın istənilən ölkəsində meydana gələn bu tipli sistemi faş edə bilim. Türkiyəyə gəldikdə, burada biz Almaniyanın ən zəhərli halda ziyanlı təsirini görürük – bu isə yaşından asılı olmayaraq hər bir kəsin qətlə yetirilməsində, köməksiz erməni və suriyalıların dəhşətli şəkildə öldürülməsində kulminasiya nöqtəsinə çatdı. Bu əhvalatın belə bir ayrıca detalı və Almaniyanın bu işi təşviq etməsinə gəlincə, düşünürəm ki, kiçik şəhərlərdə və rayonlarda yaşayan amerikalılara müraciət onları nəticəsi qələbə olacaq müharibə aparmaq siyasətinə inandırmağın ən uğurlu vasitəsi olardı”[3].

morgenth

Burada erməni qırğınlarının miqyası və mahiyyəti qəsdən təhrif olunur. Türkiyənin, xüsusilə Almaniyanın düşmən obrazı ABŞ hökumətinin okeanın o tayında müharibə siyasətinə bəraət qazandırmış olur.

Təklif qəbul edilir və sonralar ermənilərin erməni soyqırımına görə istinad edəcəkləri əsas sənəd 1918-ci ildə “Səfir Morgentaunun xatirələri” (“Ambassador Morgenthau’s Story”) adlı kitab şəklində nəşr olunur. Onun bu təklifi sonralar başqa ölkələrə münasibətdə də təzyiq siyasəti kimi istifadə olunan yeni üsula, “soyqırımı” terminli siyasi oyun alətinə çevrildi.

Erməni elmi

“Armenianew.com” saytı yazır ki, Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutu ermənilərin genetik tərkibini öyrənmək üçün elmi tədqiqatlar aparır. İndiyədək 2500 erməni bu tədqiqata cəlb olunub. DNT testi pulsuzdur. Hökumət bu elmi tədqiqat üçün adambaşına 30 min dram (81 dollar) ayırır. İdeyanın müəllifi və institutun professoru Levon Yepiskoposyan güman edir ki, belə təcrübələr sayəsində ermənilərin tez-tez təhrif edilən genetik təkamülünü və soy tarixini bərpa etmək mümkün olacaq. “Bizim üçün çox vacib olan belə bir qənaətə gəlmişik ki, ermənilər Sünik əyalətində və Dağlıq Qarabağda şüurlu insan görünməyə başlayandan, yəni 40-50 min il əvvəldən yaşayır. Belə tədqiqatlar qonşu Azərbaycanda və Gürcüstanda aparılmır, çünki bu millətlər kifayət qədər homogenous, yəni yekcins deyil”[4].

Ermənistan dövləti bu tədqiqata milyonlarla pul ayırır ki, Xocalı Holokostunu, Ağdam Xirosimasını törətdiyi ərazilərdə 40-50 min il əvvəl ermənilərin yaşadığını sübut etsin. Mənim genetik yaddaşımsa deyir ki, 40-50 min il əvvəl bu ərazilərdəki məxluqlar hələ təzə-təzə bellərini düzəldib dik gəzməyi öyrənirdilər.

Bizi erməni qızdırmasıyla xəstələndirməyin!

…Xocalının qisası Ermənistanda başqa bir “Xocalı qırğını“ törətməklə alına bilməz. Bu qırğının baiskarları ədalət məhkəməsinə veriləndə (Nürnberq məhkəməsi kimi) və bu faciəyə görə erməni ziyalıları, sonra da bütün erməni xalqı səmimi şəkildə təəssüf və xəcalət çəkəndə (Holokosta görə xəcalət çəkən almanlar kimi) məsələyə son qoyulacaq.

…Ədalətin bərpa olunması düşmənə nifrətdən yox, Qarabağa sevgidən keçir. Nifrət, kin bir hiss olaraq ilk növbədə onun bəsləndiyi obyekti yox, öz mənbəyini – insanın özünü məhv edir. İnsanı içindən yeyir, adamı insanlıqdan çıxarır. Nifrət insan mənəviyyatını korlayır, onu obyektivlikdən uzaq, rasional düşüncədən məhrum edir.

…Dünyada körpə qəlbində nifrət əkmək, bu nifrəti illərlə becərmək, ondan qatil yetişdirməkdən ağır günah tanımıram. Belə bir cinayətə bəraət verən qanun və belə bir günahı bağışlayan din də tanımıram.

…Tibbdə adına “dövri erməni xəstəliyi” deyilən bir xəstəlik var. Ərəb, yəhudi, bəzən türklər kimi Yaxın Şərq xalqlarına şamil edilsə də, adı ermənilərlə bağlıdı. Adətən qarın boşluğunda ağrılar yüksək hərarətlə ilə müşaiyət olunur. Amma mən “erməni nifrəti” adlı başqa bir xəstəlik də tanıyıram. Bunu yalnız onlarla qonşuluqda yaşayanlar bilir. Epidemiya səviyyəsinə çatmış bu xəstəliyin yayılma təhlükəsi var, mən belə bir virusun bizə də keçməsini istəmirəm. “Nifrət xəstəliyini”, bu virusu canımıza salmayın!

Məni eşitsəydilər martın 4-də ABŞ-da qətnaməyə səs verən konqresmenlərə deyərdim: “Henri Morgentau siyasətindən başlayan yalana inanmayın. Ədalət siyasətin yanında olmur. Ədalət vicdanın içindədir. Biz 1915-ci ilin erməni qırğınına da, 1992-ci ilin Xocalı qırğınına da ədalət istəyirik. Nə qədər ki, NİFRƏT bizim də canımızda xəstəliyə çevrilməyib, gen daşıyıcımız olmayıb, qurun bu ədalət məhkəməsini! Bəşəriyyətin gələcəyi naminə qurun! Baxmayın türk olmağımıza, dinimiz islamdır deyə uzaq durmayın! Bizi xəstələnməyə qoymayın!”

***

Oğlumun yanına qayıtdım. Nə fikirləşdiyini bilmədim, heç soruşmadım da. Hədiyyəsini götürüb kitab rəfinə, göz qabağına qoydum. Talisman kimi bizi NİFRƏT xəstəliyindən qorusun deyə…

Qoruyacaqmı?

23 fevral, 2010

QEYD: Məqalə ingilis, türk. rus və İsveç dillərinə tərcümə olunaraq yerli və xarici mətbuatda dərc edilib.


[1] Thomas de Waal. “Black garden”, p. 172. New York University, 2003 (Tomas de Vaal. “Qara bağ”)

[3] Guenter Lewy. “The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide”, p. 140. The University of Utan Press, 2005

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma