SALMA SHAW AS DEMON OF LUST, SYNETIC THEATER, “DANTE”
Bekar(a) ömür
“Yaddaş ləpirləri” silsiləsindən
“Əgər hər şey gömülməyə məhkumdursa və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa, əcəba, beyin mərkəzləri və qırışları, görmə və danışma qabiliyyəti, xüsusi hisslər nə üçünmüş?”
Anton Çexov, “6 saylı palata”
Bu yaxınlarda Rüstəm İbrahimbəyovun “İbrus” teatrında nümayişi elan olunan “Köçəri” filminə birlikdə baxmağa adam axtarırdım. Hayladıqlarımsa getmək istəmirdilər. Çoxsaylı bəhanələrin ən abırlısı “Bekarsan eyy..” idi. “Facebook”dakı yaxınların və zəng edib dilə tutduğum dostların sayı filmin başlamasına qalan dəqiqələrin sayına çatanda ayağa qalxdım. Yeddiyə 15 dəqiqə qalmış kələ-kötür və qaranlıq küçəylə yaxınlıqdakı teatra yollandım. Ovqatım təlx olmuşdu.
***
Bu ilin martında Moskva çeçeni, etnoqraf dostum Leça İlyasovla Vaşinqtonda qonaq idik. Ev yiyəsi özünün bütün istedadıyla “amerikan əsilli qafqaz qonaqpərvərliyini” nümayiş etdirirdi. Günümüzün maraqlı keçməsi üçün internetdəki elanları bir-birinə vurub mədəni tədbirlərin siyahısını tutur, həyatımızı qrafikə salırdı. Muzeylər, parklar, restoran-kafelər bir-birini əvəzləyirdi. Artıq tarixi-Vaşinqtonu “yarısınacan oxumuşduq” – “Reyqana güllə, bax, burada açılmışdı” və sairə.
Bir gün bizi pantomim teatrına aparmaq istədiyini dedi. “Özü də bu teatrı gürcü miqrantları yaradıb. İstedadlı uşaqlardır”. Qafqazlı təəssübkeşliyimizə hesablanmış bu təqdimat neçə gündür mədəni tədbirlərdən “doyan”larda heç bir maraq oyatmırdı. Ona başqa işimizin olduğunu bəhanə edib getmək istəmədiyimizi bildirsək də, bir səhər soruşub eləmədən biletlə gəldi. Teatra getməli olduq, könülsüz, həvəssiz. Sankı kolxozçuları lafetə yığıb Qara Qarayevin “Don Kixot”unu dinləməyə aparırdılar. Həmin axşam “Van Ness” metrostansiyasının o üzündəki barda pivə içmək vədimiz yada düşəndə isə az qala bu gürcü artistləri nə vaxtsa Amerikaya gətirən təyyarənin pilotunu lənətləyirdik. İşimiz var da, Vaşinqtonda səni zorla gürcü tamaşasına aparalar, özü də lal dili tamaşaya.
Şəhər ətrafındakı Arlinqton Spectrum Teatrına girəndə məlum oldu ki, baxacağımız tamaşa Sinetik Teatrın (Synetic Theater) hazırladığı “İlahi komediya”dır (Dante). Öyrəndik ki, bu teatrı 2001-ci ildə gürcü miqrantları Paata və İrina Tsikurişvililər yaradıblar. Az müddətdə populyarlaşan teatr bu illər ərzində xeyli mükafat qazanıb. Çox da böyük olmayan zal tezliklə doldu. Tamaşaçıların orta yaş həddini çıxara bilmədim. Yaşlılar çoxluq təşkil etsə də, cavanlar da az deyildi. Xanımlı-kişili daraqlanıb-sığallanıb gəlmişdilər. Hamının üzündən bəxtəvərlik yağırdı, dostum Leçadan başqa. Sanki çeçen müharibəsinin əzabı gözlərinin dibinə çökmüşdü. Sifətimdəki Qarabağdan qalma müharibə çöküntüsünü də yəqin, yalnız o görürdü.
İşıqlar söndü. Tamaşa başlandı. Bir neçə rəngin tünd çalarlarından ibarət qeyri-adi dekorasiya qəribə mənzərə yaratmışdı. Nəhəng qıfa bənzəyən “burulğan” azğın ehtiras içində çapalayan insan ruhları ilə dolu idi. Qeybdən gələn musiqi ruhların fəryadına züy tuturdu. Tanrı dərgahında çılpaq ruhların “ruhları” da çılpaq idi: burada heç nəyi gizlədə bilməzsən. Burada yalnız günahlar “diri”dir. Bəli, bura cəhənnəmdir, Dantenin cəhənnəmi! Dantenin özü də bir gürcü balasının qurduğu bu cəhənnəm səhnəsinə qibtə edərdi. Zal nəfəs almırdı. Səhnədəki “cəhənnəm”dən fərqli olaraq burada həyat yox idi, donmuşdu. Sanki biz cəhənnəm sakinlərinin yox, onlar bizim halımıza heyrət edirdilər. Özümü bu ruhların arasında hiss edəndə nədənsə sağımdakı Leçaya baxırdım. Dünyanın ən mağmın çeçeni yumaq kimi yığılmışdı. Bütün zal bir böyük yumaq idi. Mənim də halımı yəqin ki, yanımdakılar sezirdi. Özüm öz günümü görə bilməzdim.
“İlahi komediya”nın növbəti hissələri də eyni uğurla oynandı. Rənglər, işıqlar, səslər, aktyorların üz və bədən ifadələri bir ahəng yaratmışdı. Tamaşa bitəndə bizim sifətimizdən “əzab”, amerikalıların üzündən isə “bəxtəvərlik” yox olmuşdu. Hamının üzü bir idi. Hamımız HEYRAN qalmışdıq! Tamaşa hamımızı “Cəhənnəm”in “Məşhər”indən adladıb “Cənnət”ə çıxarmışdı.
Qayıdanda yolboyu teatrşünaslar kimi tamaşanı şərh edirdik. Dostumuz pərtliyimizi səhnədəki “cəhənnəm oduna” atmışdı. Bizə ömrə yazılası bir axşam bəxş etdiyinin fərqindəydi, çöhrəsi çiçəkləmişdi. Bizim də üzümüz Konnektikut küçəsinin lampaları kimi işıqlanmışdı…
***
Həsən Seyidbəyli küçəsi, 18 ünvanındakı “İbrus” teatrına çatdım. Bayırda teatrın iki əməkdaşı siqaret çəkirdi. Məni qəribə nəzərlərlə süzən daha yaşlısı filmi göstərməyəcəklərini dedi: “Sizdən başqa gələn yoxdur”.
Bax belə, sevimli oxucum! İlk “Oskar”lı azərbaycanlının – Rüstəm İbrahimbəyovun qədim türklərdən bəhs edən filminə üç milyonluq türk şəhərində bircə bekar adam gəlmişdi…
Bekar(a) günü beləcə başa vurub üzüaşağı küçənin qaranlığına doğru getdim…
Vahid Qazi
Bakı, 3 dekabr, 2009