Atalar və qızlar

Atalar və qızlar

2018-ci ilin 13 avqust günü idi, Amerikaya gəlirdim. Bakı aeroportunda oturub uçuş vaxtımı gözləyirdik. Atamla anam məni yola salırdılar.

Üzbəüz oturmuşduq. Qarşıdan tanış bir simanın tələsik keçdiyini gördüm. “Deyəsən, Vahid bəydir o” dedim. Atam arxaya çevirdi, uzaqdan əl edib salamlaşdılar.

…O gün aeroportda atamla son dəfə sağollaşıb, ayrıldıq. Və mən bir də heç vaxt atamı görmədim. Ölüm xəbəri qəfil gəldi. Atam Məzahir Aşirov qəzetdən, işdən evə gəlib ürəktutmasından rəhmətə getdi.

…Bir dəfə anamdan atamın ən son nə oxuduğu soruşdum. Vahid Qazinin “Yelana”sı imiş, “Yaddaş ləpirləri” silsiləsindən.

“Yelena”nın nədən bəhs etdiyini soruşanda anamın mənə niyə demədiyini indi anlayıram.

İki ilə yaxındır, hər dəfə Vahid bəyə bunu yazmaq istəyirdim. Əvvəl “Yelena”nı oxumağım lazım idi, amma nəsə cürət eləmirdim.

Bu günlərdə dostumla Azərbaycan ədəbiyyatından danışırdıq. Söz-sözü çəkdi yuxarıdakı söhbəti ona da dedim. Məhz onunla söhbətdən sonra atamın son oxuduğunu oxumağa qərar verdim.

Nəhayət, bu səhər çoxdan laptopumda saxladığım “Yelana”nı oxumağa başladım. İkinci cümlədə “Qızım” sözünü gördüm. Ağlaya-ağlaya dostuma zəng elədim.

Sonra atam mənə yazıbmış kimi, həyəcanla, sətirlərdə qaça-qaça “Yelana”nı oxumağa davam elədim. Nə baş verdiyini dərk etmirdim. Atamıydımı, mənimlə danışan?!

…Oxuyub sona çatdım. “Yelana”nın sonunda aeroport səhnəsi vardı:

“Ayrılıb gedəndə yol boyu elə bilirdim, nəyisə unudub orda qoymuşam, ciblərimi dönə-dönə yoxladım, açıb çamadanıma bir də baxdım, hər şey yerində idi. …Bir azdan təyyarənin illüminatorundan baxan bir cüt göz gecənin sonsuz qaranlığında ulduz kimi sayrışacaqdı”.

Bu da təsadüf idimi?! “Yelana” ata və qızı ilə başlayıb, ata və qızı ilə də bitən bir hekayət idi!

Günel Aşirova

Mayami, ABŞ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma