“Ruhlar şəhəri” audio kitabı
Youtube-da yayımlanan “Səsli ədəbiyyat” kanalı “Ruhlar şəhəri”ni audio yazıya alıb. Artıq kitabı əldə edə bilməyənlər, oxumağa vaxtı və imkanı olmayanlar onu audio şəklində dinləyə biləcəklər. Ağdamla bağlı xatirələrimi İlahə Sadıqova səsləndirir. Buyurun dinləyin!

Birinci esse. On yeddi
Nə vaxtsa havalanmısanmı? Yox, məsum təbəssümdən sevdalanmanın, bir oğrun baxışdan həyəcanlanmanın havalanmağını demirəm. Dünənədək sənin olan, udduğun hava, içdiyin su kimi… ata sığalı, ana qucağı, sevdalı qız baxışı, oğul gözləri, lap belə Allahın kimi əvəzsiz olanı itirməkdən havalanmağı deyirəm. Ayrılıqda bu itkilərin hər biri ağırdı. Amma bunların hamısının qovuşduğu bir yer var – Yurd! Onun itkisi dözülməzdi.
Sənə öz yurdumdan söz açacam bu kitabda. Bu gün olmayan bir şəhərin xoşbəxt çağlarından danışacam. Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan. Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən.
İndi sakini sərgərdan ruhlar olan bir şəhərə səyahətə gedirsənsə, arxamca gəl!
***
Britaniyalı jurnalist Tomas de Vaal “Qara bağ” kitabında yazır: “…Parlaq bir yaz günü idi, buradan hətta yüz kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə gözlərim aşağıdakı kiçik Xirosimadan ayrıla bilmirdi… 1993-cü ildə ermənilər Ağdamı ələ keçirdikdən sonra küçələri, evləri bir-bir talayıb daşıdılar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basıb. Viran qalmış şəhərə minarədən baxıb bir daha bu Apokalipsisin səbəbləri haqqında düşündüm…”
***
Gecəyarısı kilidlənən dişlərinin göynərtisinə ayılmısanmı? Qara-qura yuxulardan qan-tər içində diksinib qalxmısanmı? Özünü çəkmisənmi məşhər ayağına aylar-illər uzunu? Adam arasında qamətini dimdik tutub, təklikdə arvadından, balalarından gizlin, yumağa dönüb ağlamısanmı için-için? Məclislərdə görünməsin deyə sözəbaxmaz uşaq kimi atan üz sinirlərini örtmüsənmi əllərinlə? Səndən ixtiyarsız əsən barmaqlarını ovcunda gizlətmisənmi?
…Çərləmək nədi, bilirsənmi?
***
…Bu yay Ağdamsızlığın 17 yaşı olacaq. “17” tanıdığım ilk rəqəmdi. 1, 2, 3-dən də, elə 7-dən də əvvəl. “Baharın 17 anı” filmindən tanıyıram onu, ilk sevimli filmim olub. 17 nömrəli sovet xokkeyçisi Xarlamov uşaqlığımın kumiriydi. 17 yaşımda ağdamlı uşaqlığımla sağollaşdım. 17 yaşımda xəyallarımın şəhəri Bakıda gəncliyimlə salamlaşdım. Sonra dava başladı. Qohum-əqrəbanın sevimlisi, əzizim Anarı Xramord ətəyində erməni gülləsi 17 yaşında haqladı… Yadımdadı, ona ad qoyulanda dayım mənə baxmışdı. Mən də “Xarlamov” demişdim. Gülüşmüşdülər. Pərt olmayım deyə başqa ad istəmişdilər. “Anar”ımı bəyənmişdilər… İndi 17 ildi Anar 17 yaşında qalıb. Elə Ağdam da boy atmayıb, 17 il əvvəlki yaşındadı.
***
“Vətən”lə “Yurd” sözlərini dəyişik salma, bir-birinə oxşadıqlarına baxma, fərqləri var! Fərqini məndən soruş! Vətən böyükdü, hamınındı, ümumidi. Bakı, Şəki, Ordubad da vətəndi… Aydan baxsan, Yer də vətəndi. Amma hər kəsin içində balaca, yalnız özünə məxsus bir küncü var, bax, ora Yurd deyirlər. O, diridi, tərpənir. Yaxınlaşıb baxırsan, qoxulayırsan, toxunursan, o üzünə, bu üzünə çevirirsən, qapısını açıb içinə girirsən. Girirsən və görürsən ki, o, elə özünsən…
“WebUrbanist.com” saytı Ağdamı turistlər arasında maraq doğuran “24 ruhlar şəhəri” siyahısına salıb. Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam. Yanıma gəl, qolundan tutum, birlikdə gedək mənim şəhərimə, indi sakini ruhlar olan şəhərimə…
***
Dünyada çox şəhər var, işğal olunub, azad edilib. İstər Ermənistanda, istər Qarabağda adamları qovulmuş nə qədər boş şəhər, kənd var. Amma Ağdam Yer üzündən silinib, daha yoxdu, nə işğal altında, nə də torpaq üstündədi…
Doğulub böyüdüyün kəndi, şəhəri, həyəti gətir gözünün qabağına! Təsəvvür elə düşmənlər səni bir vaxtlar kölgəsində kitab oxuduğun armud ağacına sarıyıblar. Ağzını yummayıblar, ürəyin sıçrayıb dişlərinin arasından düşənədək bağırasan deyə. Gözlərin də açıqdı, görəsən – çıxıb uzaq dağlara, yaxın həyətlərə baxdığın damı dəmir-dəmir necə sökürlər, gizlənqaç oynayanda arxasında gizləndiyin divarı daş-daş necə qoparırlar, üstündə min oyundan çıxdığın ananın cehizlik xalısı döşənmiş döşəməni taxta-taxta necə yarırlar, yağışlı günlərdə tərli şüşəsinə barmağınla şəkil cızdığın pəncərələri lay-lay necə çıxarırlar, hərəsindən bir xatirən sallanan ağacları budaq-budaq necə kəsirlər…
Dayandılar. Yorulublar, ya da acıblar. Dikbaşlığından zövq aldığın dostun xoruzun qışqırtısı batırır sənin bağırtını. Şişə taxırlar, araq süzürlər, mahnı oxuyurlar. Sonra qalxıb sökdüklərini ehtirasla dəstələyib maşınlara yükləyir, yerdə qalanına od vururlar. Bu odda xatirələrin qarışıq bütün keçmişin yanır, külünə baxırsan qolubağlı. Yaxşı bax bu külə, gələcəyin bu küldən yoğrulacaq…
Hər gecə bu mənzərə beləcə, təkrarlanır. Heç bilirsənmi xatirələrin külü nə qoxuyur? Heç yanan ruh gördünmü? Heç qoxuladınmı yanmış ruhun külünü? Amma mən bilirəm! 17 ildi qoxulayıram bunu.
***
Çexiyalı jurnalist Petruşka Şustrova yazır: “…Nə vaxtsa gözəl şəhər olmuş Ağdamın indi olduqca qorxunc mənzərəsi var. Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima” deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədi. Amma yox, şişirdilməyib. Ağdam xarabalığa çevrilib və ona baxmaq olduqca dəhşətlidi. Bu xarabalıq yalnız müharibənin nəticəsi deyil, bir çox ev qəsdən sökülüb və həmin evlərdən aparılan tikinti materiallarıyla Stepanakert yenidən qurulub. Ağdam xarabalıqlarını gəzəndə birdən cib telefonuma mesaj gəldi. Qısa mesaj sanki gördüyümüz bu mənzərənin dəhşətini bir ironiya – sarkazmla vurğulamağa çalışırdı: “Azərbaycana xoş gəlmişsiniz. Çexiyaya zəng vurmaq üçün ilk öncə + 420 yığın”.
…Bəs mənim ruhlar şəhərimin kodunu bilən varmı?

İkinci esse. Heyva qoxulu zirzəmi
“Danışır Bakı. Bakı vaxtıyla saat 6-dır”.
Pəncərənin dəmir məhəccərindən asılan radio gecənin sükutuna hər səhər beləcə son qoyurdu. Bir sözü belə yadda qalmasa da, musiqisi hələ də qulaqda səslənən xoşbəxt gələcək müjdəli şux sovet himnimiz bu xəbərdən sonra çalınırdı. Vətənpərvər hisslərdən sonra dinləyicilərə səhər gimnastikası təqdim olunurdu. “Ayaqlarınızı aralı saxlayın, əllərinizi yuxarı qaldırın!” Yaxşı ki, bütün cümlələri əmrdən ibarət olan idman proqramı elə “Azad!” əmriylə də bitirdi. Yoxsa hələ də əllərimiz yuxarı, ayaqlarımız aralı qalmışdıq.
***
Nənəm adəti üzrə yerindən məhz “Azad!” əmri gələn vaxt qalxırdı. Radioda var-gəl eləyən aşığın sazından qopan hava altında səhər yır-yığışı edir, mənsə nənəmdən sonra genələn çarpayıda gərnəşirdim. “Sən hələ yat! Mən gedim çaparaq su gətirim, sonra qalxarsan, çay içərik”. Sonralar, böyüdükcə çox sirli söz eşidəcəkdim, həmin gün mənasını “qaça-qaça” kimi başa düşdüyüm “çaparaq” bunların ilki oldu. Nənəmi çiynində səhəng, əlində vedrə, az qala yerlə sürünən tumanla qaçan təsəvvür edə bilmirdim. “Qiblə” sözünü də Aşıq Hüseyn Saraclı dedi radioda:
“Hər tüstü çıxana öy demək olmaz,
Düz qıvlası, gen həyəti olmasa”.
Elə bu cür sehirli sözlərə, səslərə qoşulub yenidən yuxuya gedirdim.
***
Neçə-neçə elləri geridə qoyub, nöyüt qoxulu dirəkləri şalban-şalban adlayıb, yazda daşıb çay, yayda quruyub arx olan Qaraçavaya gedən yolun qırağındakı, elə mən yaşda, mən ağılda olan çağlarında dayımın zirzəmisindəki samana od vurub yandırdığı bir yanı uçuq, o biri yanı Nikolayın babasından qalma baba evimizə girib bizi yuxudan eləyən radio, hər kəsə ayaq saxladan gözəl qız kimi müharibə dövründəki vaxtı keçsə də, marağını hələ tam itirməmişdi, “canı suluydu”, kəndin yeganə xəbər gətirən, vaxt öldürən yeriydi.
Məni isə “Danışır Bakı” sözləri maraqlandırırdı: “Hardadı, bu Bakı?”
Radionun simini tutub yola çıxırdım, beş şalban, on beş, iyirmi beş… Kəndin başı ilə şəhərin ayağı birləşən yerdə dirəklər haçalanır, mən də yolu itirirdim. Bura Bakı yox, Sarıtəpəydi. Radioda isə “Danışır Sarıtəpə” demirdilər. …Əlacsız geri dönürdüm, radio məftilinin içində sazı sol çiyninə aşırıb sağ əliylə əlimdən tutan aşıq yolu azmayım deyə mənimlə gəlirdi. Qapıdan – radionun qutusundan içəri ötürüb, yurd yerimə salırdı…
Aşıq Hüseyn Saraclının səsinə sonralar vurulacaqdım. Kəpənəkçi kəndində Aşıq Kamandara sonralar qonaq olacaqdım. Mərhum oğlu Cavanşirin toyunda səhərəcən Borçalı aşıqlarına qulaq asmağa da imkan tapacaqdım.
…Saz səsi hər bir türkün genində yaşayır, hətta heç vaxt bu səsi eşitməyən belə onu özündə daşıyır. Hər millətin öz genetik kodu, bu kodun da öz açarı var. Saz səsi bizim genetik kodumuzun açarıdı.
***
“Dur! Tənbəl olma, dur, çay hazırdı”. Nənəm çaparaq qayıtmışdı, hələ gətirdiyi sudan çay qaynadıb süfrə də açmışdı. Aşıq getmişdi, radiodan indi başqa səs gəlirdi: “1973-cü ilin 18 iyununda Sov.İKP MK-nın baş katibi Leonid İliç Brejnev yoldaş Vaşinqtonda ABŞ prezidenti Riçard Niksonla görüşmüşdür. Görüşdə nüvə müharibəsinin qarşısını almaq barədə razılıq imzalanmışdır”. Niksonun həmin görüşdə maşınbaz baş katibə tünd mavi “Linkoln-Kontinental” bağışladığını isə yalnız bu sətirləri yazan gün internetdən oxuyacaqdım. Hələlik isə radionun yanında sallanan lobya, noxud, kəklikotu, əvəlik, qantəpər, itburnu, zəncəfil, darçın, gavalı qurusu, qovurğalıq buğda torbaları az qala dil açıb xorla “Qalx!” deyirdi.
Pəncərədən sağdakı divardan asılan şəkil isə heç yana tələsmirdi. Gəlib duracağı yeri tapmışdı. Rafael dayımın lotereyada udub yolunu intizarla gözlədiyi, uzun zamandan sonra poçtla gəlib çıxan qarlı rus meşəsi çəkilmiş tablo (qırx illik lotereya oyununda gördüyü bircə bu oldu) divarın elə yerinə vurulmuşdu ki, otağın hər tərəfindən görünürdü. Dayım hərdən xəyala dalıb rəsmə elə baxırdı ki, sanki italyan rəssamı Rafael dünya ekspertlərinin indiyədək qiymət qoya bilmədiyi “Gənc qadın” portretinə son dəfə baxıb bir parça çörək üçün satmağa aparacaqdı. Amma o, şəkillə vidalaşmırdı, sadəcə “Toşnu slujit elədiyim yerə oxşayır” deyib, köks ötürürdü. Onun qarlı rus meşəsində təsvir olunan evə baxıb hansı hissləri keçirdiyini əsgərlikdən qayıdanda biləcəkdim.
***
Torpağının böyük bir hissəsi şəhər ərazisinə qatılan, Ağdama bitişik Seyidli kəndinin sayını bilmədiyim qədər məhləsi vardı. Şəhərin Köhnə hamam adlanan məhləsindəki evimizdən nənəmgilə getmək üçün Molla Qurbanlılar, Qazılılar, Təpəməhlə, Ayağıyalınlar məhlələrindən keçməli olurduq. Uşaqlığımın ilkin xatirələri piyada yarımca saata gedilən Molla məhləsindəki həmin ev, evin radiolu şüşəbəndi və heyva qoxulu zirzəmisindən başlayır.
Zirzəmidəki heyva iyi hələ də burnumdadı, qoxusunu min ətirin içindən seçərəm. Ora böyük sal daşlardan düzəldilmiş pilləkənlə düşürdük. Ağır taxta qapısının cırıltısını, cəftəsinin çaqqıltısını nota köçürmüşəm beynimdə. Qarğıdan hörülmüş tərəcə dörd tərəfindən taxta millərdən asılmışdı. Saman sərilmiş tərəcəyə cürbəcür meyvə qoyulsa da, zirzəmidən nədənsə təkcə heyva iyi gəlirdi. Yerə düzülən, divardan asılan, millərdən sallanan o qədər maraqlı əşya vardı ki, bütün yayı oynamağa, yüz cür oyun quraşdırmağa yetərdi.
Zirzəminin o biri otağı isə çox qorxulu idi. Ora heç məndən beş yaş böyük qonşu uşaqları da tək girməyə ürək eləmirdilər. Pəncərəsiz otaq zil qaranlıq olurdu. Qışda kələmi kökündən çıxarıb burda torpaqlayırdılar ki, don vurmasın. Yayda isə səhəngi yarıyadək torpağa basdırırdılar ki, suyu sərin qalsın. Novruz bayramınadək meyvə yalnız burda salamat qalırdı…
***
Sağ qalıb uzun ömür yaşamağın yeri qaranlıqdı. Qəribə səslənir, elə deyilmi?! Bəlkə də insan ömrü işıqlı dünyada keçdiyindən belə qısadı. Görən, o dünyanın rəngi necədi, adamları nə qədər yaşayır? Məni daha heyva yox, kül qoxuyan zirzəmidə yatızdıran Tovuz nənəmin ruhundan soruşardım, soruşa bilmədim. Bu səhər mən ayılanacan „çaparaq“ uçub getmişdi…

Üçüncü esse. Çəpər
Həyətimizin qurtaracağındakı çəpərin o üzündə milis rəisinin və rayonun baş hakiminin ailəsi yaşayırdı. Ondan sonrakı hasarın arxasında isə rayon milis şöbəsi yerləşirdi. Gah ağaca dırmaşıb, gah da vacib bir iş görürəmmiş kimi çəpərə bitişik toyuq damına çıxıb həmin həyətə boylanmaqdan xoşum gəlirdi.
Üç-beş milis həyətin başındakı darvazanın ağzında durub arxayınca söhbət edə-edə rəisi gözləyəndə bilirdin ki, şəhərdə əmin-amanlıqdı. Darvaza şaqqıltı ilə çırpılanda, cavan bir milis yüz metrdən çox boyu olan həyətin o biri başına hövlnak qaçıb rəisə xəbər aparanda şəhərdə ciddi hadisə olduğunu hətta toyuq damındakı uşaq da duyurdu. Rəisin bu xəbəri eşitməyilə darvazaya çatması arasındakı zaman ölçüsünü bilmirdim, çünki o vaxt saatdan baş açmırdım, ömrümün saatsız keçən vaxtlarıydı. Gördüyüm o idi ki, bu yüz metrlik yol boyu davam edən geyinmə darvazaya çatanda qalstukun sıxılmasıyla bitirdi. Darvazanın kiçik qapısı sanki bədənnüma güzgüydü, rəis son dəfə bura baxır, üst-başını sahmanlayıb başqa bir dünyaya keçirmiş kimi adam arasına çıxırdı.
O həyətin ən maraqlı hadisəsi rəislə hakimin uşaqlarının oynamasıydı. Onlar bizə qoşulmazdılar, küçəyə çıxmazdılar. Özləri özləri ilə oynayırdılar. Gizlənqaç oyununda qızlardan biri adətən çəpərin mən duran tərəfindəki almalıqda gizlənirdi. Nəyə görəsə əmin idi ki, yerini göstərmərəm. Mən də yerini demirdim, heç vaxt deməzdim də. Amma hamıdan tez onu tapırdılar. Sən demə, gözümün ağac dibindəki bu qıza dikildiyini məndən başqa hamı görürmüş. Belə vaxtlarda onlara qoşulmaq üçün içim gedirdi. Amma səbəbini bilmədiyim səbəbdən qoşula bilmirdim. Onlar da yəqin səbəbini bilmədikləri səbəbdən məni çağırmırdılar. Toplarının başqa qonşunun yox, məhz bizim həyətimizə düşməsinin mənasını anlamırdım. Dilbilməz vaxtlarım idi, dünyanın dilini bilmədiyimiz vaxtlar. Amma təmiz dəridən olan futbol toplarına söz ola bilməzdi, bizimki kimi rezin deyildi, yaxud sürtülmüş dərisindən kameri görünmürdü.
Heç o cür topla “ortadaqaldı” oynayarlar?!
***
Çəpərin başı kimi dibi də maraqlı yer idi. Buranın sarı torpağından bilinirdi ki, tikanlı çəpərin yerində əvvəllər torpaq kərpicdən hasar olub. Toyuqlar oyuq-oyuq eləmişdilər. Bir dəfə ordan yumurta tapmışdım. Nə qədər qalmışdısa, daşlaşmışdı. Çəpərin gözdən uzaq, pişik əli çatmayan yerinə necə düşməyi qəribəydi. Yerə çırpsan da sınmırdı. Novruz bayramında nə qədər yumurta döyüşdürüb udduğumu özün təsəvvür elə! Toyuq onu nə vaxt yumurtlamışdı ki, qaqqıltısını eşitməmişdik. Həyətimiz nənəmgilinkindən balacaydı, odur ki, orda bəzən toyuğun yoxa çıxıb, bir müddət sonra cücəylə qayıtması nə qədər adiydisə, daim bizim və pişiklərin nəzarətində olan toyuqlarımızın xəlvəti hərəkəti bir o qədər mümkünsüz görünürdü.
***
…Yeni rəisin gəlişiylə o həyətin həyatı da tamam dəyişdi. Ən dəhşətlisi o idi ki, çəpəri sökdürüb yerində taxtadan hündür hasar çəkdirdi. Bu hündürlüyə boymu çatardı? Düzdü, taxtanın qopub düşən düyün yerindən bir-iki deşik açılmışdı, amma atam başqasını güdməyin ayıb iş olduğunu deyəndən sonra bir daha o deşikdən baxmadım. Heç ordan əvvəlki kimi səs-küy də gəlmirdi. Qorxulu bir sakitlik vardı milisin həyətində. Nə qədər maraqlı “qorxu” olsa da, ata qadağasından da qorxulu olmayacaqdı ki…
Nədənsə atamın mən yaşda olanda həmin çəpərdən “milis həyəti”nə niyə baxdığını da soruşmurdum. Bir dəfə atam danışırdı ki, müharibədən əvvəl o həyətdən tez-tez bağırtı səsi gəlirmiş. O vaxtlar çoxu müəllim olan “artıq-əksik danışan”ları tutub Sibirə göndərirmişlər, amma əvvəlcə burda “dopros” edirmişlər. Müharibədən sonra isə bu həyətə adamları dəstə ilə gətirirmişlər. Onlara demokrat deyirmişlər. İrandan canlarını götürüb qaçıbmış o adamlar. Milislərin bağırtı və söyüşündən, şallaq səsindən, döyülənlərin fəryadından qulaq tutulurmuş. Diz üstə aman diləyən bir kişi deyirmiş ki, biz də azərbaycanlıyıq, dilimiz də, dinimiz də birdi. Qoluzorlu milislər isə bu yalvarışları eşitmirmişlər. “Bütün bunlara çəpər dibinə qısılıb qorxa-qorxa baxardıq. Ən qorxduğumuz adam isə milislər yox, kənardan papiros çəkə-çəkə bu mənzərəyə tamaşa edən qara kurtkalı, qara kepkalı adam idi” – bunu da atam deyirdi.
***
Genetiklər sübut edir ki, istidən, ya da şaxtadan heyvanların dərisində baş verən ilk deformasiyadan sonra tüklərinin rəngində dəyişiklik əmələ gəlir. Məsələn, dünən ağ olan dovşanda qara tüklər peyda olur. Bu hal sonrakı nəsillərə də keçir ki, buna da genlə ötürülmə prosesi deyilir. İnsan irqləri də beləcə formalaşıb. İndi məlum olur ki, rəng kimi xəstəlik də, istedad da və daha nələrsə də genlə ötürülür, bu gün yaranan, üç, beş, yeddi nəsil sonra üzə çıxa bilir. QORXU da beləcə…
…Sonralar, çox sonralar başa düşdüm ki, niyə atam o həyətə baxmağımı istəmirmiş.

Dördüncü esse. Xilaskar ölüm marşı
Ayrı-ayrı illərdə evimizin birinci mərtəbəsində yaşamış, el arasında “uçilişa” kimi tanınan Ağdam Musiqi Texnikumunun tələbələri – bakılı Qreta, mirbəşirli İradə, jdanovlu Validə, leninakanlı Roza, zəngilanlı Aybəniz, qonşuda yaşasa da, günü bizdə keçən dnepropetrovsklu Dina, başqa şəhərlərdən gəlmiş qərib qızların səhər o başdan gecə yarıyadək pianoda çaldıqlarının Bethovenin, Hacıbəyovun, Şopenin əsərləri olduğunu sonralar biləcəkdim. Kirovabadlı skripka müəlliməsi Pərvanənin tələbəlik həyatından danışdıqları mənə yad skripkasından çıxan cüyültüdən xeyli maraqlı idi. Çox keçmədi, mənə öz alətini sevdirə, onun ecaskar səsini not-not ruhuma hopdura bildi…
***
80-ci illərin əvvəlləriydi. Moskvadan göstərilən, italyan bəstəkarı Paqanininin həyatından bəhs edən dördseriyalı “Nikkolo Paqanini” filmi məhlə “muzukant”larının söhbət mövzusuydu. Tezliklə filmin sədası “uçilişa”ətrafı digər məhlələrə də yayıldı. Axşamlar filmə baxır, səhərlərsə müzakirə edirdilər. “Baş rola Rəmiş çəkilməliymiş” xəbəri ildırım sürətilə yayılmışdı: “Rəmişə təklif ediblər, razılaşmayıb. Müslüm Maqomayev özü onu rejissora məsləhət görübmüş”. Həqiqətən də filmdəki uzunsaç Paqanini Rəmişə oxşayırdı. Bəlkə elə buna görə Rəmiş haqqında növbəti əfsanə yaranmışdı.
Həmin filmdən sonra skripka mənim uşaqlıq illərimin sevimli röyasına çevrildi. Pərvanə deyirdi ki, bu filmdə skripkanı çalanın adı Koqandı. O, çox məşhur imiş. Paqanininin muzeydəki skripkasını çalmağa yalnız onun icazəsi varmış. Elə onun təkidiylə baxdığım Tarkovskinin “Stalker” filmi kimi, mənə göstərdiyi, danışdığı başqa maraqlı bilmədiklərimi çox sonralar dərk edəcəkdim. Atamın “Bununla rusca danış!” – xahişinə o, ciddi yanaşsa da, mən zorən tabe olurdum. Nə skripkada çalmağı öyrəndim, nə də ruscanı “rusdan yaxşı danışmağı”. Buna baxmayaraq bəlkə də onun həyatının ən sevimli şagirdi oldum – deyirlər birinci sevimli olur. O deyirdi ki, indi də olmasa, nə vaxtsa bu musiqiləri duyacaqsan, bu filmləri anlayacaqsan. Düz deyirmiş, indi hətta onun özünü belə duyur və dərk edirəm…
***
Xaçmaz əsilli bakılı balası Zema (səhv etmirəmsə, adı Zemfira idi) isə Allahın bəlasıydı. Kənddə xalamgilin başından az qala Xıdırlı dağlarının o üzü görsənən gilas ağacının sərçə qonan budaqlarına çıxmağa tək onun hünəri çatardı. Arıq, çəlimsiz bu qız yadımda həm də oxuduğu kitablarla qalıb. Ad günümə bağışladığı “Ovod”u yüzlərlə kitabım kimi işğaldan qoruya bilməməyi özümə bağışlamıram. Elə bilirəm, onun özü əsirlikdə qalıb.
***
Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlar olur. Amma mən böyük həvəslə bu qaydanı dağıdardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?
…Piano dillərindən qopan Bethovenin ürək əsdirən “aylı” sonatası yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə girir… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?
Musiqini səhər çalarlar! Hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar.
***
…Artıq 80-ci illərin sonuydu, böyümüşdüm. Bakıdan tətilə gəlmişdim. Bir axşam hamı televizorun başına yığılmışdı, qonşu qızlar da gəlmişdi. Neçə gün həsrətlə gözlədikləri film başlayacaqdı. Müəllimləri bu filmə baxmaq tapşırığı veribmiş. Gözəl aktrisanın təqdimatından sonra başlamasından xeyli keçsə də, heç kimdə maraq yaratmırdı. Filmin qəhrəmanı “təlxəklik” edir, bir başqası oxuyur, digərləri də atılıb-düşürdü. Böyüklərimiz çoxdan durub getmişdi. Darıxsaq da, səbrimizi basır, ciddi görkəmlə seyrə davam edirdik. Kadrlar ötdükcə həyəcanlı epizodlar gəlir, hamını maraq bürüyür, diqqət kəsilirdik.
Filmin ortalarında bu “təlxəyə” ürəyimiz ağrıyırdı, onun ölüm səhnəsi canımızı yaxırdı. Sonda – meyiti qəbiristanlıqda quyuya oxşayan ümumi məzara atılanda adama elə gəlirdi ki, səni də ora tolazlayırlar. Yağışlı qəbiristanlıq fonunda çalınan ilahi musiqiylə film sona yetəndə gözlərə kiprik yerinə yaş gilələrindən sərhəd çəkilmişdi. Sonralar neçə-neçə gözəl film görəcəkdim. Amma heç biri onun kimi sevimli olmayacaqdı.
Həmin axşam “Retro” proqramında göstərilən filmin adı “Amadeus”, “təlxək” qəhrəmanı Mosart, hamını sehirləyən musiqi isə onun “Rekviyem”iydi. O musiqi ki, mən onu Yerin himni deyə Qiyamət günündə göylərə göndərərdim. Yəqin onu Dinləyən keçər günahımızdan. Bu Xilaskar Ölüm Marşı bizi qoruyan mələyə dönər. Mosartın bütöv kainata sığmayan “Rekviyem”i həmin gecə mənim sevdalı ürəyimə sığmışdı, …qəlbimin sərhədləri ulduzlardan ulduzlaradək olan gecə.

Beşinci esse. Ağ gecənin yuxusu
1982-ci ilin futbol üzrə dünya çempionatında SSRİ yığmasının kiyevli yarımmüdafiəçisi Andrey Balın Braziliyaya vurduğu top Kamçatkadan üzü bəri Urenqoy-Ujqorod xətti boyu bütün şəhərlərdə necə partlamışdısa, Köhnə hamam məhləsində də o cür gurultu qopartmışdı. Qonşu uşaqları xoruzların səhər banı kimi səs-səsə vermişdilər. Elçinin boğazından kişnəyib çıxan “q” Şahinin “o”sunu götürüb, mənim “l”ma qoşulmuşdu. Birlikdə “QOL!!!” nidası yaranmışdı. 1:0 udduğumuz birinci hissədəki sevinc bağırtısını yalnız sovet bayrağını Reystaqın damına sancan sovet əsgərlərinin hayqırtısı ilə müqayisə etmək olardı. Cəmi on beş dəqiqəlik fasilə zamanı yaşanan hissləri indiki serial ssenarilərinə köçürsək, birillik kino lenti alınardı, həqiqi sözümdü.
Fasilə bitib, hamı maqnit kimi televizorun başına yığışanda bayırda ölü bir sükut vardı. Bu sükuta qulaq kəsilən kəs Odessa limanındakı gəmiləri yırğalayan Qara dənizin ağ sularının şappıltısını, Leninqradın gecə vaxtı sahilini üşüdən Neva ləpələrinin pıçıltısını, lap belə istəsən Vladivostok şəhərinin bulvar daşlarına çırpılan Sakit okean dalğalarının səsini eşidərdi. Amma həyətimizə axan Qaraqaya kəhrizinin suyu şırıldamırdı, sükutu pozmasın deyə, isti iyun gecəsində “donmuşdu”. Bütöv bir ölkə məhləmizə “sığınıb” susmuşdu.
…Nə qədər ki, 15 dəqiqəlik fasilə bitməyib, ikinci hissə başlamayıb, gəl sənə həyətimizə axan sudan danışım! Su şəhərə çəkilən ilk xətlə gəlirdi. Şəhərin ən qədim hamamı tikiləndə Qaraqayadan çəkibmişlər. Yayda soyuğundan bir andaca tərləyən stəkanı axıradək içmək olmurdu, dişi dondururdu. Atam deyirdi ki, uşaq vaxtı suyun gəldiyi Qaraqayada çimişərmişlər. Adam boyu hündürlüyündəki kəhrizin altında soyuqdan heç yayda da çox durmaq olmurmuş. Bizimsə bu suyla başqa oyunumuz vardı. Su kranının ağzındakı balaca hovuzu doldurub, çaydan qapağını gəmi kimi üzdürməkdən maraqlı nə ola bilərdi ki. Sonra anam mənə “əsl” gəmi aldı, yəqin çaydanın bir gün qapaqsız qalacağından ehtiyat edirmiş…
“Xoruzların ikinci banı” gəlmədi. Oyunun ikinci hissəsində Sokrateslə Ederin vurduğu iki qol qoşa daş olub qurbağa gölünə oxşayan SSRİ “boyda” məhləmizə düşdü. Sanki bu şəhər bir az öncə atəşfəşanlıq eləməyibmiş. Susuz dəyirman, yiyəsiz mülk kimi lal idi. Məğlub ruhlar şəhərini xatırladırdı. Həmin gecə dünyanın ən böyük ölkəsinin ən balaca kişiləri qumarda uduzubmuş kimi üzüqoylu yatdı. Mən də yerimə məğlubiyyət hikkəsiylə girmişdim. Halıma pərdəsi çəkili pəncərənin açıq tayından o üzdəki armud yarpaqlarını aralayıb boylanan Ay da acıyırdı. Gecənin qaranlığına süd kimi ağ qatıb könlümü almağa çalışırdı.
***
Hələ iki il əvvəl ili əlaçı kimi başa vurmağım münasibətilə anamın üçmərtəbəli univermağın birinci mərtəbəsindəki oyuncaq bölməsindən aldığı stolüstü “futbol stadionu” axşamkı məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans idi. İki nəfərin oynaması üçün nəzərdə tutulan bu oyunu, sağ və sol əllərimin iştirakıyla elə ikinəfərlik eləmişdim. Mənim futbol meydanımda keçirilən çempionatlar dünyanın bütün yarışlarından maraqlı olurdu. Burda Ağdamın “Şəfəq”i “vısşıy” liqaya çıxa, “Neftçi” SSRİ, SSRİ də dünya çempionu ola bilirdi. Meydanın ən yaxşı oyunçuları da vardı: Tiflis “Dinamo”sundan David Kipiani, “Neftçi”dən Maşallah Əhmədov, “Şəfəq”dən Cavanşir Novruzov.
Ən çətin oyun “Neftçi” ilə Tiflis “Dinamo”su arasında olurdu. Azarkeşi olduğum bu gürcü komandasını udmaq ürəyimcə olmasa da, “Neftçi”nin uduzması da mümkün olan iş deyildi. Odur ki, hesab böyük olmurdu – 2:1. “Maşallah Əhmədov” son dəqiqədə özünü yetirirdi. Onu da deyim ki, məndə ilk təəssübkeşlik hissini bu komandalar formalaşdırdı; birinə azərbaycanlı, o birinə isə qafqazlı kimi azarkeşlik edirdim. Səbəbini tam başa düşməsəm də, digər Qafqaz komandasına belə bir azarkeşliyim yoxuydu.
Ən asan oyun isə elə bu komandayla – “Ararat”la olurdu. Onunla oyunda “Neftçi” bir qayda olaraq meydanın sağ tərəfində – əlimin yaxşı işlədiyi yerdə oynayırdı. Mənlik bir şey yox idi, ermənilər “zəif” oynadıqlarından həmişə məğlub olurdular – 0:5, 6:1. O vaxt həmin stadionun yeganə tamaşaçısı hardan biləydi ki, bu gün “uduzanlar” cəmi onca il sonra başqa bir meydanda onu məğlub edib həyatının altını üstünə çevirəcəklər. Qapımıza vuracaqları top mərmiyə dönüb həyətimizdə partlayacaq, evimizi uçuracaq. Bunlar sonra olacaqdı. Hələliksə məni sabahkı oyun düşündürürdü. Qonşu məhlənin uşaqları ilə bizi çətin oyun gözləyirdi. Sabahkı oyuna arxasına “Şengeliya” yazdığım 11 nömrəli köynəklə çıxacaqdım…
Dikəlib həyətdəki ipə sərilmiş həmin köynəyə bir də baxıb başımı yastığa atdım. Artıq könlümü almış Ayın ağ gecəsinə büründüm. Yuxularımın stadion projektorları kimi işıqlı olduğu ağdamlı gecələrin birinə də beləcə girdim…
…Mən yuxudan qalxana quruyarmı bu köynək?!

Altıncı esse. Vaxt olmayan yer
Məhlədə futbol oynamağa yer olmadığından Əli İbrahimov küçəsi, 2-də (evimizin nömrəsi 8 idi) yerləşən Köhnə hamamın Lenin küçəsinə burulan tinindən milis idarəsinə qədər olan hissəni stadiona döndərmişdik. “Giriş qadağandır” işarəsi qoyulduğundan bura başqa maşın girmirdi. Hətta “uçilişanın” direktoru Xosrov müəllimin oğlu, “uçilişa” qızlarının ağ atlı “prins”i Faiqin “00-01 AQZ” nömrəli, az qala başı elektrik naqillərinə dəyən yapon antenalı, “Xaç atası” filmindəki məşhur musiqi çalınan italyan siqnallı, şəhərdə tayı olmayan limon sarısı rəngində “03”ü də bizim stadionumuzu toza basa bilməzdi.
Arabir keçən milis maşınlarını hesaba almasaq, bura əsl idman meydançasıydı. Sakit, təmiz bir küçə. Hamam istixanasının borusundan çıxan qara-qura his küçənin havasına qəti təsir eləmirdi, olsa-olsa anaların təzəcə yuyub asdığı ağ köynəklərə qonar, ya da uşaqların alnından axan tərə yapışardı. Sağ olsun küçə uzunu sıralanan, boyu hamam borusundan da uca yamyaşıl çinar ağacları; yad qoxuları udar, havanın keşiyini çəkərdi. Yad qoxular dedim, gedəndə sol, gələndə sağ səkiylə nazlanan “uçilişa” qızlarının ətri, mülki geyimli “OBXSS” milislərin bahalı odekolon qoxusu yad olmadığından çinar yarpaqları onu udmurdu, saxlayırdı bizə…
Elə fikirləşməyin ki, milis küçəsini futbol meydanına çevirmək asan olmuşdu, yox, bunun üçün uzun mübarizə aparmışdıq. Əvvəl-əvvəl milislər bizi qovur, topumuzu alırdılar. Amma biz onlardan qorxmazdıq, dirənib topu geri alır, oyunumuza davam edirdik. Yavaş-yavaş özümüzü onlara həzm etdirə bildik. Səs-küyümüzə adət elədiklərindənmi, qadağalara tabe olmamağımıza artıq öyrəşdiklərindənmi, bilmirəm, küçənin sakit həyatına son qoyan çığırtımız milisin iş rejimini pozmurdu, əksinə, onun bir hissəsinə çevrilirdi.
Yekəpər bir milisi görəndə isə oyunu özümüz saxlayırdıq. Bir yerə yığılıb sakit durmağımız üçün “Aleko dayı gəlir” sözünü eşitməyimiz kifayət idi. Bir-bir salam verirdik: “Salam, Aleko dayı!”, “Aleko dayı, salam!”.
“Kim udur?” deyə ortalığa ümumi sual tullayar, heç cavabını gözləmədən keçib gedərdi. Ondan çəkinməyimizin səbəbini bilmirdik, bircə bunu bilirdik ki, onu görəndə bazarda alverçilər “vneştorq” malları gizlədirdi, şəhərin bərkgedən cavanları aralı gəzirdi, şuluq oğlanlar “birdən nəşə çıxar” deyə ciblərini tikirdi, futbol vaxtı şəhər stadionunda bir uşaq da meydan xəttini keçmirdi. Hamının qorxduğu bu milis bir dəfə də olsun bizə futbolu qadağan eləmədiyindən hələ dostlaşmışdıq da. Uca boyundan, dik gəzməsindən çox vaxt elə bilirdik ki, keçəndə bizi görmür.
Şəhərin “uşaq milisi” isə Pənah Qasımovuydu. İşə bizim küçədən gedirdi, gah sarı “Jiquli”siylə, gah da piyada. Hündürboy, nəhəng kişiydi. Sifətdən milisə yox, həkimə, ya da müəllimə oxşayırdı. Bəlkə də ona görə şəhər uşaqları “uşaq milisi” əvəzinə sifətdən elə milisə oxşayan Aleko Novruzovdan qorxurdu. Pənah müəllimin özü kimi uşaqları da sakit idi. Oğlu Nazim mənlə yaşıd olardı, qızının adını bilmirəm. Küçəni sakit keçirdilər, bu, həm də yaxşı oxuyan uşaq anlamını verirdi. Qəribəydi, Ağdamda yaxşı oxuyan, əlaçı uşaqların hamısı sakit olurdu…
Bir sözlə, məhləmizin milislərinə söz ola bilməzdi. İndiki polislərlə müqayisədə o vaxtkı milislər daha humanist idilər, belə bilirəm. Təsəvvür edirsənmi, sənin vurduğun top polisin başına, kürəyinə dəyə, o da bir söz deməyə (biz eşitmirdik deyə ürəyində dedikləri sayılmır), sadəcə, topun dəydiyi yeri çırpıb keçə? Hələ top zərbələrindən dəmiri batan maşınları demirəm. O milisləri sonralar polis olub əlində dəyənək adamları qovan, tutub təpikləyən, yıxıb döyən təsəvvür edə bilmirəm.
Nazirlikdən gələn olanda, yaxud nəsə fövqəladə hal baş verəndə bunu hiss edirdik, küçənin ortasında futbol yox, səkidə, daha balaca meydanda xokkeyə başlardıq. Bəzən xokkey yarışı bir həftə çəkirdi, amma sonra yenə futbola qayıdırdıq.
***
Oyunda ən çətin iş milis rəisiylə hakimin ailələrinin yaşadığı həyətə düşən topu götürmək idi ki, bu missiyanı da mən yerinə yetirirdim. Hakimin arvadı Həvva Burcayeva mənə rus dili dərsi dediyindən məhrəm adam kimi o həyətə girməyə ancaq mən ürək eləyirdim. Sadə davranışıyla bütün məktəb və məhlə uşaqlarının sevimlisinə çevrilən Həvva müəllimə məni ilk kəs futbol oynayan görəndə fikirləşmişdim ki, avara, küçə uşağı kimi danlayacaq. Amma səhəri gün dərsə qaldıranda, “Gəl görüm, məhləmizin Pelesi” demişdi. Hər dəfə maşından düşüb evinə gedəndə ona hörmətimizi oyunu dayandırmaqla izhar edirdik. Cavan rəhmətə getdi. Sinfimizin bütün qızları ağlamışdı, biz də kövrəlmişdik. Öz yurdlarında, Zaqatalada dəfn elədilər. Allah rəhmət eləsin!
“Stadion”umuzun o biri yanı hamamın həyəti idi. Topumuz buraya düşəndə ta əvvəlki kimi dalınca hamımız qaçmırdıq. Pəncərəyə dırmaşıb, rənglənmiş şüşənin boyası qopan yerindən çimənlərə baxmırdıq. Böyümüşdük, yekə kişi olmuşduq.
Bir neçə il keçdi, biz bir barmaq da boy atdıq və artıq “milis stadionu” bizə darlıq eləməyə başladı. Odur ki, məhləarası yarışlarımız Şuşa dayanacağının yanında, sonralar, lap dəqiqi, 1985-ci ildə Xan Şuşinski adına Ağdam Muğam Məktəbinə verilən Qara bəyin malikanəsinə bitişik, el arasında “mexanizasiya” deyilən Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektirikləşdirilməsi Texnikumunun stadionunda, sinifarası oyunları isə gah 1 nömrəli məktəbdə (“zavuç”umuz Ənvər müəllim olmayanda), gah da məktəbin arxasındakı Ceyran bağında (Ənvər müəllim məktəbdə olanda) keçirirdik.
***
Hərənin futbolçu və xokkeyçi şəkilləri yapışdırdığı dəftəri vardı. Müşfiqin (Qənizadə Müşfiq Kazanda yaşayır, sabiq milis polkovnikidi) dəftəri hamımızınkından qalın idi. Onda hər kəsdə olmayan çox maraqlı şəkillər vardı. Sinfin ən yaxşı iki oyunçusundan biri kimi (O biri ən yaxşı futbolçumuz isə İlqar idi – sonralar Ağdamın “Şəfəq” komandasında oynayacaq İlqar Məmmədov) futbol dəftərinin də ən yaxşısının onda olması təbii görünürdü. Amma onun bu şəkilləri hardan tapması sirr idi. Bu sirrin üstü onlara gedəndə açıldı. Sən demə, dünyada “Futbol-Xokkey” adlı qəzet varmış, Müşfiq də bundan xəbərdar imiş.
Səhəri gün SSRİ boyda ölkəyə milyonlarla tirajda yayılan bu qəzetin alıcısı bir nəfər də artdı…
***
Yerli “Şəfəq” Azərbaycan futbol çempionatının oyunlarını İmarət stadionunda keçirirdi. Hər səhər şəhərə darvazamızın ağzından keçib gedən araşdırmaçı German “Əzizbəyov küçəsi, ev 57” kitabında bura haqqında belə yazır: “İmarətin tarixi XVIII əsrin sonlarından başlayır. Vaxtilə burada Xurşidbanu Natəvan yaşayıb. Qarabağ xanlarının cıdır meydanlarından biri də burda yerləşirmiş. Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadiona hamı “İmarət” deyirdi. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşir. Burda Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burdan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı”.
Natəvan çoxdan ölsə də, yaddaşlarda diriydi. “Xan qızı” çağırırmışlar, öləndə tabutunu Qarabağ camaatı yerə qoymadan çiyinlərdə Şuşadan gətiribmiş. Odur ki, “Natəvan” qızlar bayramı sovetin bir çox bayramlarından təbii alınırdı. Tədbirlər Çörək Muzeyində, Mədəniyyət Evində olsa da, bayrama İmarətdə yekun vurulurdu. “Xarı bülbül” beynəlxalq musiqi festivalı da burda başlayar, Şuşada, Cıdır düzündə sona çatardı. 1989-cu ildə, sonuncu festivalda dünyanın cürbəcür yerindən 60 ansambl gəlmişdi. Ən çox maraq doğuran meksikalılar idi. Uşaqlar onları braziliyalı bilib “Zikonun yerliləri” deyə çağırırdı.
***
Stadiona məhləmizdən getmək üçün Bakı-Qazax magistralının Yevlax şəhərinin içindən keçən hissəsindəki dairədən başlayan, Bərdənin baş prospektini kəsib Stepanakertdə dirənən yolun Ağdamı ikiyə bölən 28 aprel küçəsi adlanan hissəsiylə yol alıb, “çörəksatan” Kamilin (hələ dava başlamayıb, hələ oğlu Şamil şəhid olmayıb) dükanından keçib, Ağdam Dram Teatrının qabağındakı meydanı arxada qoyub, Lenin bağının tinindən yolu adlayıb sovet illərində regionun işləyən yeganə məscidiylə, indiki dillə desək, analoqu olmayan Çay Evinin arasından Ət Kombinatına sarı üz tuturduq.
İmarətə girmək üçün Fred Asifgilin darvazasının ağzından keçirdik. O Asifin ki, mən onu tərəddüd etmədən Ağdamın ədalət simvolu adlandırardım… 1965-ci ildə məşhur Ceyms Bonda parodiya kimi çəkilmiş “Birinci sən vur, Fred” (“Sla forst, Frede!”) adlı Danimarka filmi bütün SSRİ-də olduğu kimi Ağdamda da gənclərin sevimli kinosuna çevrilibmiş. Filmə baxan şəhər uşaqları Fredin simasında 18 yaşlı Asifi görürlər. O da Asif kimi yeriyir, dalaşanda açıq əllə vurur, hətta ayaqqabının dabanını da onun kimi əyib geyinirmiş, sir-sifəti, boy-buxunu da oxşayırmış. Səhəri gündən hamı onu Fred Asif çağırdı… Haqsızlıqla barışmayan, zəifin, fağırın arxasında duran adam kimi ad çıxardı. Elə bu xasiyyətinə görə dəfələrlə həbsxanalara düşdü. Dava başlayanda onu və Ağdamı sevənləri başına yığıb batalyon yaratdı. Döyüşdü. Sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərdən biri, amma bu addan imtina edib, “Qəhrəmanın torpağında düşmən at oynatmaz. Ölkə işğal olunub, qız-gəlin əsir düşüb, mən sinəmə ulduz asıb “qəhrəmanam” deyə bilmərəm” deyən tək adam oldu. Danışırdılar ki, türmədə “avtoritet” adından da imtina edibmiş: “Bu oğru adları mənlik deyil, bizdə yaxşı kişiyə ağsaqqal deyirlər”.
“Azərbaycan” qəzetində işləyəndə xəstəxanada onunla görüşmüşdüm. Döyüşdə ağır yaralanmışdı. Ciyəri para-para imiş. Cidd-cəhdlə gizlətməyə çalışsa da, ağır xəstə olduğu bilinirdi. Müsahibə qəzetin 7 oktyabr 1992-ci il sayında dərc olundu. O dövr üçün bəlkə də naqolay sayılacaq sualıma gör necə cavab verdi:
– Xalq hərəkatındakı şəxsiyyətlərin hansına inanırsan?
– (Duruxur). Əbülfəz bəyə inanmaq istəyirəm. Amma səhvləri ona göstərmək lazımdı. Yüksəkdə duranı ləkə tez götürür. Göydəki Ay kimi. Ayın ləkəsi ona görə görsənir ki, o yüksəklikdədi.
O vaxt Əbülfəz Elçibəy prezident idi.
***
İmarətdəki oyunları təsvir eləməyə Əziz Nesin qələmi lazımdı. Bircə onu deyim ki, bu stadionda “Şəfəq”in məğlub olması yadıma gəlmir. Əlbəttə, 1980-ci ildə Qarabağa yoldaşlıq oyunlarına gələn “Neftçi”nin SSRİ çempionatında yarışan Stepanakert “Qarabağ”ını 6:0 udması fonunda 0:1 hesablı məğlubiyyət qələbəyə bərabər idi.
Bu stadionda keçirilən oyunlardakı qələbələrdə oyunçularla tamaşaçıların payı yarıbayarıydı. Bir dəfə Masallının “Viləş”i gəlmişdi. Birinci hissənin 0:3 qonaqların xeyrinə bitməsi hamını dəli eləmişdi. Qaynamağa yaxın suyun canında bir tərpəşmə olur, bax, eləcə stadion qaynaşırdı. Balaca uşaqlar beş-beş, on-on qruplara bölünüb hərə rəqibin bir oyunçusunu hədəf almağa hazırlaşırdı. Stadion hər oyunçuya bir ayama qoşmuşdu, az sonra bir ağızdan bağıracaqdı.
İkinci hissənin start fiti çalınmaqla stadionun uğuldamağı bir oldu. Tribunadakıların bağırtısı (Əziz Nesinin yerliləri hələ indi öyrəniblər stadionda bağırmağı), xəttin qırağındakı uşaqların qışqırtısı topu rahat ram eləməyə imkan vermirdi, rəqib oyunçular topu dərhal itirirdilər. Qapıçı bilmirdi oyunu izləsin, topa baxsın, yoxsa qapının arxasındakı uşaqları güdsün. Çünki hücum anında arxadan elə səs qopurdu ki, deyirdin bəs, gələn monqol-tatar qoşunudu.
İmarət ləngər vururdu. Stadiondakı bir-iki min azarkeşin bağırtısı, yalan olmasın, on minlərlə “Marakana” tamaşaçısının səsini batırardı, inan! Həmin gün stadionun səsi Çahargah üstündə köklənmişdi. “Şəfəq”in şöləsi projektor olub rəqibin gözünü tutmuşdu.
Fit çalınıb oyun bitəndə lövhədə 5:3 yazılmışdı. Hakim canı qurtarırmış kimi xoşbəxt təbəssümlə qalib komandanı təbrik edir, rəqib oyunçularsa başlarını bulayıb qaçırdıqları şansa heyfsilənirdilər.
Həmin gün şəhərin iaşə obyektləri planı birə beş dolduracaqdı. Böyüklər “stalavoy”lara, balacalarsa çayxanalara – qələbəni “yumağa”, oyunun müzakirəsinə gedirdi. Söhbətin əsas mövzusu Ağdamın nə qədər güclü komanda olması, kimin necə oynamasıydı: “Görən, Braziliya Ağdamı İmarətdə uda bilər?” Məclisin sonunda bir yekdil cavab olurdu: “Yox!” Amma heç kim demirdi ki, bütün ev oyunlarını udduğumuz kimi, əksər səfər oyunlarını da uduzuruq…
Komandanın ağsaqqalı Allahverdi Bağırov (sonra dava başlayanda çoxsaylı özünümüdafiə batalyonlarından birinin komandiri oldu, ermənilər bilirdilər ki, Ağdama yol bu komandirlərin meyiti üstündən keçir, elə də oldu, biri də sağ qalmadı. Ölümündən sonra Milli Qəhrəman adı verdilər) olmasaydı, belə çətin oyunlarda stadion əhlinin qabağını kəsmək mümkün olmazdı. Bir dəfə hələ komandasının adı “Damcılı” olanda Qazaxda Ağdamın oyunçularını döyüb, avtobusun şüşələrini sındırmışdılar. Bütün şəhər cavab görüşü səbirsizliklə gözləyirdi. Allahverdinin bir kəlmə andına rəqib oyunçulara çırtma belə dəymədi. Oyundan sonra yedirdib, içirdib yola salmışdılar. Bir neçə il sonra artıq adı “Göyəzən” olan Qazax komandasına SSRİ çempionatının ikinci divizionuna keçməsi üçün zəruri olan 2 xal da elə Ağdamda verildi.
***
İndi mənim küçəmdəki stadionum böyüyüb, Ağdamın özü boyda meydana çevrilib. Bir vaxtlar anamın aldığı oyuncaq stadionda öz-özümlə oynadığım kimi indi orda düşmən də özü-özüylə oynayır. Bir yanda tanklar, o biri yanda BTR-lər düzüb, top oynadır. Amma mənimkindən fərqli olaraq, bu “stadion” oyuncaq deyil, poliqondu. Nə vaxtsa Braziliyanı belə udmağa iddialı görünən şəhərdə indi oyunlar bizsiz keçir. Uduzub çıxmış kimiyik.
“Lazım gəlsə”, bir də girəcəyik oyuna. “Lazım gəlsə” hələ gəlməyib, deyirlər gedib top almağa…
Gecə yarı oldu, mən də getdim yatmağa, “lazım gəlsə” gələndə məni oyadarsan, yaxşımı!? Vaxtında oyat, gecikməyim!
…Boğazım quru, bədənim tərli… Özümü hovuzun başına güclə çatdırdım. Ağzımı krana dirədim. Su yerinə Vaxt axırdı. Axıb getməsin deyə hovuzu doldurub Vaxta baş vurdum. Çıxanda məndən Vaxt damırdı. Qurulanıb vaxt olmayan yerə getdim…

Yeddinci esse. Novruz sabahının pəncərəsi
Pəncərədə dizlərini qollarının arasına yığıb oturmağın, yorulanda ayaqlarını açıb pəncərə boyu uzatmağın, beləcə rahatlanıb küçədən gəlib-gedənlərə tamaşa eləməyin özü əyləncə olmayan yerdə bir əyləncədi. Yağışlı günlərdə, həyətdə oynamağa imkan olmayanda, ildırım vurar deyə şəhər işıqları söndürüldüyündən dünyanın əcinnə gözündə gördüyü bir ölkənin çəkdiyi, Yer üzünün bəlkə də ən humanist cizgi filmlərinə baxa bilməyəndə aynası küçəyə açılan pəncərəmiz televizoru əvəz eləyirdi.
Ağ-qara “Qorizont”dan fərqli olaraq mənim “televizor”um rəngli göstərirdi. 70-ci illərin əyalət şəhərinə, illah da onun 10 yaşlı sakininin gözüylə baxmaq nə qədər maraqlıdır sənə, bilmirəm! Amma onu bilirəm ki, bütün dünyanın əyalət pəncərələri əyalət adamının qəlbinə, onun içində cücərən arzulara və bu arzulardan pöhrələyən ümidə açılır. Bunun zaman və məkan bağlılığı yoxdu; 150 il əvvəl “Əyalətdə pəncərə teatr və gəzintini əvəz edir” yazan Floberin Fransasında da belə olub, indi də belədi, yəqin 100 il sonra da belə olacaq…
Burda saatlarla darıxmazsan: otur say, sağdan çox maşın keçir, yaxud soldan; bax gör, küçədə kişi çoxdu, ya qadın – bir sözlə, istəyirsən yarış keçir, istəyirsən “tədqiqat” apar. Bunlar bezdirsə, maşınları markalarına görə qruplaşdırmaq da olar: məsələn, küçəmizdən 26 “Moskviç”, 18 “Volqa”, 37 “Jiquli”, 9 “QAZ-51”, 3 traktor, 2 çörəkdaşıyan, 1 zibilyığan, tək-tük “Pobeda”, bir də İsibalanın zil-qara “ZİM”i keçdi. Bu çərdəymiş maşının ötən yay günlərinin birində anasının dikdaban ayaqqabısını ayağında sürütləyə-sürütləyə yolu keçib bizə gələn Şərafəti – üzbəüz qonşumuz Qaçay əminin qızını vurmağını da bu pəncərədən görüb qorxmuşdum, gerçək sözümdü…
Bax belə! “Dünya bir pəncərədi…” məsəlini dünyaya pəncərədən baxmışlar yəqin daha yaxşı anlayar.
***
Günorta saatlarında çoxlu siqnal səsi gəlin aparılmasından xəbər verirdi. Qırmızı tirmə şal üstündə oturdulan kukla təzəcə yuyulub par-par yanan QAZ-21-ə xüsusi gözəllik verirdi. Maşın başını dik tutub ətrafa naz satan qız kimi elə gedirdi ki, elə bil gəlin özüydü. Bu nə qədər ürəkaçan mənzərəydisə, sağdan gəlib üzü aşağı – Qarahacılı qəbiristanlığına gedən tabut da o qədər qan qaraldan idi. Nəyə görəsə elə bilirdim ki, bu saat mən Allaha yalvaran kimi tabutun içindəki qalxıb oturacaq və tabut pəncərəmizin tuşuna çatanda düşüb evinə qayıdacaq. Mən bunu Allahdan istəyirdim, Allah haqqı, amma o adam durmurdu, eləcə izdihamın çiynində yırğalana-yırğalana keçib gedirdi. Molla Rəşidin səsi tabut keçəndən bir xeyli sonra da gəlirdi.
***
Pəncərənin aşağı sol tinindən bir qadın çıxdı. Çəpər qonşumuz Elza müəlliməni qara çətirindən tanıdım. Həmişəki vaxtda həmişəki aram yerişlə keçir. Məktəbdən gəlir. “Qolodomor” ilində, yəni 1932-ci ildə doğulan atama dərs deyib. Rəhmətlik Həsən müəllimin qızıdı. (Həsən Həsənov Qori seminariyasını bitirmişdi. 1923-cü ildə Rayon Təhsil Şöbəsinin müdiri olmuşdu. Sonra uzun illər müəllimlik eləmişdi). Yadımda sadəliyi, səliqəsiylə qalıb, astadan danışırdı. Həyət-bacasında bir kibrit çöpünə, ev-eşiyində toz dənəsinə rast gəlməzdin, döşəmələri həmişə işım-işım işıldayırdı. Onların servantında şüşə qab-qacaq yerinə çoxlu kitab olardı.
…Taxtası ağ boyanmış şüşəbəndin qapısını açıb içəri girirəm. Qədim divanı, divardan asılan köhnə fotoları, bir neçə hörmə kətili, stolu, üstündə dörd-beş kitabı, onlarla dəftəri, göy və qırmızı qələmləri, bir neçə rus jurnalını, soyumasın deyə ağzına “papaqçıq” keçirilən çayniki gözüm tez alır. Və bir də Elza müəllimə… Eynəyini çıxarır, gəlişimi təbəssümlə qarşılayır, mənim riyaziyyat kitabımı açır, dəftərimə baxır, tapşırıqlar verir…
Adamla qarşılaşanda dodağının ucu, bir də gözlərinin kənarı azacıq dartılır, ciddi sifətinə məsum təbəssüm qonurdu, yəni salam verirdi. Onu heç vaxt ürəkdən gülən görmədim. Ya xarakteri beləydi, ya da həyatında dərin izi qalan nəsə olmuşdu, bilmədim. Bildiyim tək oydu ki, yaxşı adamdı və mən onun yanında rahat idim.
…Uşaqlığımın son Novruz çərşənbəsi tonqalın üstündən hoppanandan sonra həmin il instituta girməyi niyyət tutub qulaq falına çıxmışdım. Bu fala inanırdım. Həyatımın ən əziz qadınından eşitmişdim ki, cavanlığında körpə oğlunu götürüb ər evini tərk edəndə niyyət axşamı qulaq falına çıxıbmış. Özünün və balasının gələcəyindən əndişələnirmiş. İlk eşitdiyi qonşu Rafizə xalanın tonqal başında oynaşan uşaqlarına dediyi bu sözlər olubmuş: “Ocağı dağıtmazlar, komalayarlar bir yerə”. Elə də oldu, birləşdilər, birlikdə uzun ömür sürdülər. Hər ikisini öz əlimlə özüm qəbirə qoydum çox sonralar, uzaqda – Bakıda…
İlk dəfə “tale ovuna” – qulaq falına çıxmışdım. Darvazanı açıb yola ayaq qoymuşdum ki, yan tərəfə, qaraltıya çevrildim, Elza müəllimə idi. Axşamın qara tülü onun çöhrəsindəki bakirə qız sayağı təbəssümünü örtə bilməmişdi: “Salam”. Allahın adından uğurlu sözmü eşidəcəkdim – ikiillik staj tələb olunan jurnalistika fakültəsinə elə birinci il daxil oldum. Bəlkə həmin gecə o da qulaq falına çıxıbmış, bilmədim. Bildiyim odur ki, mən də ona ümid dolusu cavab vermişdim: “Salam. Axşamınız xeyir!”.
“Azərbaycanfilm” kinostudiyasının 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” filmində Mariya Petrovna obrazını hər dəfə görəndə Elza müəlliməni xatırlayıram.
***
Köç səsi səhər obaşdan gəlirdi. Bəzən hənirtisini yuxuda eşidir, bəzənsə oyanıb pəncərəyə cumurdum. Sayı-hesabı olmayan qoyun sürüsü Mardakert, Kəlbəcər dağlarından, yaylaqdan dönürdü. Sürünün asfaltdan qopan ayaq səsi quzu mələşməsinə qarışıb xoş bir musiqi yaradırdı.
Təbiətin yaratdığı bəstələri hansısa Allah bəndəsi köçürə bilibmi nota? Mən görməmişəm, yoxsa qoyardım bu musiqini birlikdə dinləyərdik.
Pəncərəni açıb heyrətlə baxıram. Otağı qəribə köç iyi bürüyür.
Heç burnuna köç qoxusu dəyibmi? İşdi-şayəd, nə vaxtsa köç görsən dediklərimi unutma!
Sürünün başında qulağıkəsik qurdbasan çoban itləri oynaşır. Quyruğu yerlə sürünən Qarabağ qoyunları itlərdən arxayındılar, tələsmirlər. Ağzı buğlu Qarabağ atları çoban, onun neçə aylıq azuqəsi, pal-paltarı yığılmış xurcunları belində çox yüngüldü, bütün sürüyə cavabdehmiş kimi diribaş görünür. Çobanın qaysaq bağlamış üzü qırmızı qranit kimi soyuq və sərtdi. Sürü yavaş-yavaş uzaqlaşdıqca o həzin “musiqi” də not-not kəsilirdi. Köç gedəndən sonra küçəyə qəribə sükut çökürdü. Bir azdan qadınlar küçəyə çıxıb evlərinin qarşısındakı köç “iz”lərini süpürəcək, aparıb ağacların dibinə tökəcəkdi.
***
Sarı taksi sürətlə keçsə də, tanıdım, Roma əminin maşınıydı. Atamın dostlarından biri. Onunla dağlara, bulaqlara çox getmişdik. Qarda-buzda onun kimi maşın sürən yoxuydu. Buzlu yolda Şuşaya, ilin istənilən günündə SSRİ-nin xəritədə barmaq qoyduğun şəhərinə maşın sürməyə hazırıydı. Ümumiyyətlə, Ağdamın taksi sürücüləri ayrıca, maraqlı sinif idi. Sovet dövrünün azad zəhmətkeşləri demək olardı onlara. Çoxunun taksidən başqa şəxsi maşını da vardı. Bu, uzaq səfərlərə, məsələn, Bakı, Yerevan, Tiflis, Batumi, Kislovodsk, Mahaçqala, Rostov kimi yerlərə “klent” aparmaq üçün idi. Atam da uzaqgedən sürücülər sırasından idi. Gələndə Qoridən qırmızı alma, Batumidən mandarin, Tiflisdən rəngli flamaster (belə şeylərin matah olan vaxtlayırdı) gətirirdi. Lotereya satan kişiylə (adını unutmuşam, amma qızı Nəzakət bizimlə oxuyurdu) getdiyi Kislovodsk səfərindən razı qalırdı. İndi anlayıram ki, Nəzakətin atası tək Ağdamın yox, bütöv regionun “uruset lotereyası”nın topdan satanı imiş, əlbəttə, qeyri-rəsmi.
***
Səhər tezdən pəncərəmizin önündən keçərək camaatı pambıq yığımına səsləyən maşının – mədəniyyət evinin “avtoklubu”nun səsucaldanından çıxan boğuq səfərbərlik musiqisi musiqidən çox alman faşistlərinin kinolarda gördüyüm oxşar təyinatlı maşınlarından gələn “Axtunq! Axtunq!” nidasını xatırladırdı. Bu bənzətmə atama məxsusdu. Pəncərədən baxıb deyirdi: “Elə bil nemes maşınıdı… Burda pambıq var? Get pambıq yığanlara çal də bu mahnını”.
Səhərin bu xırıltılı musiqisindənsə Xıdırlı arvadların solo çığırtıları daha xoş idi. “Qatıq var! Qaymaq var!”, “Süd var, süüüdd! Yaxşı süd var!” Səslər fərqliydi: biri xırıltılıydısa, digəri təmiz idi. Heç birinin adını bilmirdik, eləcə səsindən tanıyırdıq. Evə ağartı lazım olanda anam tələsmədən ona lazım olan səsi gözləyirdi, onu neçə-neçə səsin içindən seçə bilirdi. Bəzən istədiyi səs çıxmayanda, o biri süd satanlar da keçib gedəndə südsüz, qatıqsız qalırdıq. Seçim ediləndə keçib getməsin deyə süd satanı əyləməyə məni göndərirdilər. Arıq, uzun bir qadın, orta yaşlarında, əynində uzun tuman, kişi pencəyinə oxşar pencək, başında yun şal, iki əlində qara, yekə zənbil… Evdə qonaq olanda, yaxud bayramlarda, ələlxüsus Novruzda alacaqlarımız çox olardı: bir balon süd, bir balon qatıq, boyamaq üçün çoxlu yumurta, 3-4 kasa qaymaq… Məşhur Gəncə qaymağını sonralar dadacaqdım. Hələliksə yediyim Gəncənin ağ üzlü camış qaymağı yox, Xıdırlının sarı inək qaymağıydı.
Ağdamın süd satanları Bakının indiki xlor satanları kimi deyildilər. Onların üzündə “insan əzabının son əlamətləri” (ifadə “Nəsimi” filmindəki Nəimiyə məxsusdu) görünmürdü. Qıvraq, diribaş, eşq dolu həyat bənizliydilər, ətrafa xoş ovqat, enerji yayırdılar. Çəkdikləri əziyyətin tək nişanəsi ağır zənbil daşıyan ovuc, bir də barmaqlarının bərkimiş qabarlarıydı, vəssalam…
***
Axşama doğru işdən qayıdanlar pəncərənin sol, şəhərə çıxanlar isə bir qayda olaraq sağ tərəfindən gəlirdilər.
Bu kişi sağdan çıxdı, demək, şəhərə gəzməyə gedir. Onun da adı Vahiddi, “Qarın Vahid” deyirdilər. Qonşu küçədə olur. Deyirdilər, cavanlığında çox davakarmış. Suya atılırmış, dalğa itənədək suyun altında qala bilirmiş. Pəhləvan cüssəli, şir ürəkliymiş. Əsgərliyi uzun çəkibmiş, elə iki ilini “disbat”da yatıbmış. Mən tanıyanda da dəliqanlığından xeyli qalmışdı.
Gözdən itəcəkdi ki, şüşəni tıqqıldatdım, çevrilib yuxarı baxdı. Pəncərəni açıb salam verdim. “O gün gördüm, atan maqnitofon alırdı sənə, niyə qulaq asmırsan?”. “Hələ kaset almamışıq”. “Düş gəl bizə, kaset verim”. Düşdüm, yolundan qayıtdı, dörd-beş kaset verdi, birinisə silkələyə-silkələyə “Bunu itirmə, hər adamda yoxdu, Vısotskinin kasetidi. Əla oxuyandı, hökumətin anasını ağladır…” Vahidi həm də ona görə çox istəyirdim ki, mənimlə tay-tuşu kimi danışırdı. Ona elə gəlirdi ki, mən də Vısotskini tanıyıram, başa düşürəm.
İllər keçdi, mən böyüdüm, o yaşlandı… Son dəfə onu hərbi formada görmüşdüm. Maraqlı macəralar yaşadığı şəhəri nəzərdə tutub Stepanakert ermənilərinin qarasınca deyinirdi: “Görürsən də bunları, qudurublar”. Çox çəkmədi, onun da öldüyünü eşitdim. Allah rəhmət eləsin!
***
İndi hər dəfə Vısotskinin filmlərinə baxanda, ya mahnılarını dinləyəndə yadıma adaşım düşür. O, daha sədaqətliymiş. Ağdamı ruhuyla sevənlərdən imiş. Odur ki, orda qaldı: cismi torpağında, ruhu səmasında. İndi Vahid Vısotskinin mahnısını Ağdamın sərgərdan ruhları ilə birlikdə oxuyur:
“Spasite naşi duşi!
Mı bredim ot uduşya.
Spasite naşi duşi,
Speşite k nam!”
…Bu səhər mən də qoşuldum Vısotskinin mahnısını oxuyanlara, uçdum, uçdum, uçdum, sonra qayıdıb pəncərəmdən içəri girdim!
…Anam yolumu – dünyaya gəlişimi 4 il gözləyib. Hər Novruz çərşənbəsi ocağa sığınıb, dualar oxuyub. Allah dualarını eşidib, anama elə Novruz səhəri xoşbəxtlik bəxş eləyib. Elə bu yazını da bəndəniz kimi Novruz səhəri, 22 martda doğulanlara bağışladım…

Səkkizinci esse. Yusif üzlü kitablar
7 Noyabr 1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü kimi, həmin günün səhəri Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd orta məktəbindən sinfimizə gəlişi də əlamətdar hadisə idi. İndinin gözüylə baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni rəng qatdı.
Sərt sifət cizgiləri, uca və yoğun səsi, oturuş-duruşu, xüsusilə qəribə ləhcəsi 1 nömrəli kimi “bərkgedən” şəhər məktəbi üçün çox qaba görünsə də, tezliklə mühitə öyrəşdi, uşaqlarla ayaqlaşdı, çox ağzıgöyçəyin ağzından vurdu, əlaçılar sırasına qoşuldu, istər sinifdə, istərsə də məktəbdə xüsusi qabiliyətiylə seçildi. Hərəkət və düşüncə sərbəstliyi, kəndli sadəliyi və səmimiyyətinə yaşından xeyli böyük şeirlər yazmaq istedadını da əlavə etsək, necə bir adamla dostlaşdığımı ta özün təsəvvür elə!
Məktəbin “bosman” ləqəbli direktor müavini Ənvər müəllim (Allah rəhmət eləsin, həqiqətən də məktəbin bosmanı idi) yaxşı oxuyan şagird kimi mənimlə dostluq eləməyi ona məsləhət görübmüş. Elə yolumuzun bir olması, qonşuluğumuz da dostluq tellərinin tez bağlanmasında vacib şərtlərdən oldu.
***
Böyüklərimiz “Lenin yolu” adlı rayon qəzetinin şöbə müdiri Həsən Qəhrəmanovdan xahiş eləmişdilər ki, hərdən çağırıb şeirlərimizi dinləsin, məsləhətlərini versin. O da bizi məmnuniyyətlə qəbul edir, bəlağətli danışığı ilə maraqlı mövzular açır, şeirlərimizi dinləyir, fikirlərini söyləyirdi. Yusif bu işdə bir boy yuxarı idi. Həsən müəllim bunu nə qədər büruzə verməməyə çalışsa da, alınmırdı. Şeiri birinci Yusif deyirdi. Sonralar gəncliyin müxtəlif məqamlarında, illah da sevdalı anlarda dəfələrlə dadıma çatan, öz adıma çıxıb kimlərinsə ruhunu oxşadığım şeiri bir gör necə əzbərləmişəm, sən Allah:
Tamaşa qurtarır,
sonunda pərdə.
Kitab oxuyuram,
sonunda pərdə.
Pəncərənizin önündən keçirəm hərdən,
Yenə də pərdə.
Necə dözüm bu dərdə?
Pərdə….
Pərdə….
Pərdə…
“Əla! Sən şairsən! Sən, əsl şairsən!” Həsən müəllimin fərəh dolu qışqırtısını qonşu otaqlarda da eşidirdilər yəqin. Ayağa qalxanda qəddi-qaməti otaqdakı kitab şkafını belə örtən bu əzəmətli kişinin sevinci uşaq çöhrəliydi…
Növbə mənə çatırdı:
Yandırın Nitşenin fəlsəfəsini,
Külünü də tökün Hitlerin qəbrinə…
Arxasını unutduğum belə şeirlərə onun reaksiyası bir qayda olaraq bu cür olurdu: “Əla! Çox yaxşı! Sən şair olassan”. Həmin anlarda nələr eləməzdim ki, mənə də “Sən şairsən!” desin. Amma Həsən müəllim tərbiyə sahibi olmaqla bərabər həm də vicdanlı adamıydı.
Məni şeir yazmağa Yusif həvəsləndirirdi. Bəhsə düşüb əlləşirdim. Palan içi tökmək fikrim yoxdu, bir onu deyim ki, heca saymaqdan ovcumda dərin dırnaq izləri qalmışdı. Yusifin ovucu isə təmiz idi, izsiz-zadsız.
Nəysə, Həsən müəllimin məsləhətiylə Şamil Namazın Mədəniyyət Evindəki ədəbiyyat dərnəyinə yazıldıq. Dərnəyin ən cavan üzvləri biz idik. Yusif tezliklə dərnəkdə üstünlüyü ələ aldı. Hərənin şeirində bir qənbərqulu tapır və əsaslandıra bilirdi, odur ki, hamı onunla hesablaşır, müzakirələrdə onun fikirlərinə ciddi önəm verirdilər. Rayon qəzetində çıxan ilk şeiri məktəbdə onu məşhurlaşdırdığı kimi, bu hadisəyə həsr elədiyi bu şeir də dərnəyin stajlı üzvləri arasında onun nüfuzunu kəllə-çarxa çıxardı:
“Ürəyimi sıxsaydılar, söz tökülərdi,
Sanırdım ki, yazdıqlarım tər çiçəkdilər.
İlk şeirim çıxan günü elə bilirdim,
Daha məni bütün qızlar sevəcəkdilər”.
Tezliklə dərnəyin cavan şair və yazıçılarının sayı çoxaldı. İlk vaxtlar utancaq olan Gülablı balası Qulu Ağsəs tezliklə istedadını ortaya qoydu, beləliklə, gənclik yaşlı nəslə bab gəlməyə başladı. Qulunun şeirləri özünə oxşayırdı; sakit, həzin, çəkib uzaqlara aparan, düşünməyə məcbur eləyən. Onun pıçıltılı şeirləri əslində bir orkestrin səsi boydaydı, canım üçün. Onun şairliyi bizim kimi bir baharlıq olmadı. O, hələ də şairdi.
***
Kitablarla ilk tanışlığım atamınkılardan başlamışdı. Amma hələ məni “xəstələndirməmişdilər”. Viktor Hüqonun sovet ensiklopediyasına oxşayan üçcildlik “Səfillər”i atamın ən sevimli kitabı olmasına baxmayaraq həcmiylə gözümü qorxutmuşdu. Atamın çoxsaylı təkidinə rəğmən bu kitabı oxumadım. (İlk təəssürat yalançı olsa belə, öz işini görmüşdü, indiyədək oxumamışdım. Bu yazı həvəsləndirdi, indi girişmişəm, həm də atamın ruhu şad olsun deyə…)
Kitablara baxışım Yusiflə dəyişdi. Onun gəlişi mənim musiqi dolu uşaqlıq dünyama kitablar da qatdı. Və beləcə şəhərin bütün kitabxanalarının, kitab mağazalarının qəniminə çevrildik.
Ağdamın kifayət qədər kitabsevəri vardı. Bir qrup ziyalılıq atributu hesab elədiyindən kitab alırdısa, böyük bir qisim bu kitabları oxuyurdu da (Az, ya çoxluğun dəxli yoxdu, mən Ağdamda kitabsız bir ev belə xatırlamıram). Qohum-əqrəba, qonum-qonşu arasında, çayxana və parklarda tez-tez müxtəlif kitabların söhbətinə düşərdin. Maraqlı kitab xəbəri “quş qripi” kimi tez yayılırdı. Orxan Kamalın “Yad qızı” bədii tozanaq qoparmışdı. Əlbəttə, bütün maraqlı kitabların ilk sahiblərindən biri də biz olurduq. Pulumuz olanda alır, olmayanda sadəcə, əl atıb “götürürdük”. Nə qədər qəribə olsa da, bunu ayıb saymırdıq. Ən çox “ziyarət” etdiyimiz yer məktəb yolunun üstündə, Lenin bağının girişindəki Tağı dayının kitab mağazasıydı. Rəhmətlik bir dəfə də olsun soruşmadı ki, bu qədər kitabı oxuyursunuzmu barı.
Çayxanaya ayaq açmağımız dünya çaplı yazıçılarla tanışlığımıza səbəb oldu. Ağdam mətbəəsində çapçı işləyən Salman Babayev (indi “Respublika” qəzetinin Qarabağ zonası üzrə müxbiridi) nətəhər ağızdolusu “Qabriel Qarsia Markes” deyirdisə, belə bir adamı tanımadığımıza görə xəcalət çəkirdik. Uşağı qabağına qoyub danlayan müəllim pozası alsa da, Salman bizi danlamırdı, əksinə, min kilometr bizdən aralı ölkələrdə yaşayan, yaxud yüz il qabaq kitablar yazmış neçə-neçə yazıçıdan elə həvəslə danışırdı ki, eşitsəydi, işi-peşəsi çay daşımaq olan Zaqqı (deyəsən, adı Zahid idi) da kitab oxumaq həvəsinə düşərdi (Yaxşı ki, Zaqqı Salmana qulaq asmırdı, yoxsa əlinə kitab alıb oturacaqdı “Çay evi”nin üçüncü mərtəbəsində, camaata ya dəmi qaynamış, ya da soyumuş çay verəcəkdi. Külqabları da aşıb-daşacaqdı). Bəlkə də Salman heç özü də Markesi oxumamışdı o vaxt, eləcə adını eşitmişdi, amma bunun məsələyə dəxli yoxuydu. Əsas odu ki, biz ondan çox ad eşitdik və bu adların yazdıqlarını tapıb oxumağa çalışdıq.
***
Bax belə!
Bunlar mənim kitablı Ağdam xatirələrimin kiçik bir hissəsidir. Böyük hissəsi isə ruha çevrilib Ağdamı tin-tin, küçə-küçə gəzir. Daha tini, küçəsi olmayan şəhəri… Evimizdəki yüzlərlə kitab səhifələrində oxuyub can verməyə vaxt eləmədiyim neçə-neçə qəhrəmanım boylana qaldı. Ermənilərin odladığı evdən yanan ruh kimi çıxdılar sonra. İndi onlar da xatirələrimin ruhuna qoşulub gecələr mənim ruhlar şəhərimin sakinlərinə şeir oxuyurlar…
Dünən axşam Vaqif Cəbrayılzadənin (Vaqif Bayatlı) şeirini deyirdilər, Yusifin sevimli şeirini:
“Qeybdən gələn səs kimi,
ölümqabağı gələn nəfəs kimi
gəldin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən şəhərin o başında,
mən şəhərin bu başında.
Gözəl gözdən gələn yaş kimi,
uğruna baş qoyulası savaş kimi
endin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən günlərin o başında,
mən günlərin bu başında,
illərcə səninlə oynayaq belə”…

Doqquzuncu esse. Rəngsiz kino
Yusiflə qətiləşdirmişdik ki, sənədlərimizi jurnalistikaya, bəd ayaqda filologiya fakültəsinə verək. Evdəkilərin “yurfak”, heç olmasa “narxoz” tələblərinə qarşı jurnalist olmaq arzusuyla çıxmağım çox ciddi və sərt olan atama üsyan etmək kimi də başa düşülə bilər. Sonra atamla müqayisədə İntibah dövrünün humanistlərini xatırladan atası Məmməd əminin tələbinə “boyun əyərək” sənədlərini könülsüz “narxoza” verib, coğrafiyadan aldığı “2”nin sevincini boynuma sarılmaqla bölüşən Yusifin qarşımda sanki günahını yuyurmuş kimi bəxtəvərçiliyi o qədər də ürəyimcə deyildi. Məni indi onun hansı institutda oxuyacağı yox, Bakıda qalıb-qalmayacağı maraqlandırırdı. Bu vəziyyətdə biz ayrılacaqdıq. O, Ağdama qayıdacaqdı. Düzdü, o, Bakıya qayıtdı, jurnalistikaya da girdi, amma bir il sonra, mən artıq əsgərlikdə olanda. Bunlar sonra olacaqdı…
***
Jurnalistikaya iki il staj tələb olunduğundan atası şəhər kinoteatrının direktoru Fazil Qasımovdan – “kino Fazil”dən xahiş eləmişdi ki, adını işə yazdırsın. Yusif də məktəbdə oxuya-oxuya kinomexanik olub axşamlar kino göstərməyə başladı ki, bununla da bizim ağdamlı uşaqlıq dövrümüzün yeni səhifəsi açıldı. Kitablarla yanaşı, kino da həyatımızın bir parçası oldu. Ümumiyyətlə, Ağdamın bir neçə nəsil gəncliyinin yetişməsində adı “Dostluq” olan bu kinoteatr, onun direktoru Fazil müəllimin müstəsna xidmətləri var. Hər iki başından məni tutduğu üçün bu rolun müsbət, yaxud mənfi tərəflərini təhlil etməyə dəyməz.
Sovet əyalətlərində “gənc nəslin formalaşmasında”, həmçinin ictimai dünyagörüşün inkişafında azsaylı vasitələrdən birinin də kinoteatr olduğu fikrini qəbul eləsək, Ağdamdakı kino mühitinin qonşu rayonlarla, hətta dağ şəhərləri, qəsəbə və kəndləriylə müqayisədə xeyli mühafizəkar olduğunu qeyd etməsəm, tam təsəvvür yarada bilməyəcəyimdən ehtiyatlanıram. Bircə onu deyim ki, günorta saatlarında məktəblilər üçün ayrılan seanslardan başqa mən kinoteatrda heç vaxt qadın tamaşaçıya rast gəlmədim. Əlbəttə, göz xəstəxanasının yanındakı hərbi hissəyə yenicə gələn gənc və naşı zabitin arvadını qoltuğuna vurub, Moskvanın Arbatında gəzirmiş kimi, Nizami küçəsiylə üzüaşağı bəxtəvər-bəxtəvər kinoya ilk və son gəlişini nəzərə almıram. Zalın yeganə zənən xeylağı kimi gözü ehtiras dolu gənclərin kollektiv ac baxışlarının hədəfinə çevrilmək hətta rus qadınlarını da sıxırdı…
Amma bu o demək deyildi ki, şəhərin qadınları kinoya baxmırdılar. Baxırdılar, özü də kişilərdən daha həvəslə. Bunun üçün evin kişisinə sifariş vermək bəs edirdi. Məhlənin bütün kişilərinin fikri yekdil olsun deyə qadınlar sözü bir yerə qoyub arzularını eyni vaxtda onlara bildirirdilər. Razılıq veriləndə, əgər növbə böyük deyilsə, həmin gün, yox, növbə varsa, bir-iki günə kino gəlirdi. Bəzən bir neçə məhlədə eyni film göstərirdilər. Velosipedli kinoçular yarım saat fərqlə başlayan filmin yumru dəmir kasetlərini bir məhlədən digərinə vaxtında çatdırırdılar. Məhlə kinoları böyük bir proses idi. Tədbirə erkəndən hazırlıq gedirdi. Tumsatanlar səhərdən öz ehtiyatlarını tuturdu. Ənənəvi “ekran” ya ağardılır, ya da kimsə ağ döşəküzü gətirəcəyinə söz verirdi. Qadınların kimi samovar qaynadır, kimi şirniyyat bişirirdi. Meyvəsi olan meyvə yuyurdu. Axşam da hərə öz kətilini götürüb ekran başına gəlirdi.
Şəhərin kişi tamaşaçılarıyla qadın seyrçiləri arasında fərq vardı. Birincisi, tamaşaçısı yalnız özlərindən ibarət olan kişilər filmin ayrı-ayrı nüanslarına, məsələn, bir az çılpaq qız görəndə “bu nədi, əəə…”, yaxud yaramaz qəhrəman növbəti naqis iş tutanda “ay oğraşşşş” sayaq reaksiyalarla kifayətlənirdilərsə, məhlə seanslarında arvad-uşaq səsindən kino deyəni qulaq eşitmirdi. İkincisi, xüsusilə maraqlı yerində film kəsiləndə, kişilərin bağırtısı kinoteatrın damındakı quşları perik salırdı, amma qadınlar bu cür fasilələrdə daha dözümlü olurdular; ya filmin bura qədərki hissəsinin müzakirəsinə başlayır, ya da səhərdən qalan söhbətlərini davam etdirirdilər.
***
Hind filmləri Azərbaycana ayaq basıb, Bakıda nəfəs dərməmiş Fazil müəllimin sehrli çubuğuyla Ağdamda peyda olurdu – mətn tərcümə olunan kimi, səsləndirilməsinə aman verilmədən Ağdama çatdırılırdı.
…Arıq, balacaboy kişiydi Fazil müəllim. Əsəbi və söyüşcül olmasına baxma, hamının ona hörməti vardı. Haqqında o qədər rəvayət və lətifə gəzirdi ki, oğul lazımdı bir kitab bağlaya. 1960-70-ci illərin məşhur sevgi yazıçısı Əlfi Qasımovun qardaşıydı. Tək rayon yox, yeri gəlsə, ölkə miqyasında işini keçirə bilirdi…
“Dublyaj” işinə məşhur aktyor Tofiq Qarayev və teatrdan başqaları dəvət edilirdi. Onlar yuxarı, kinomexaniklərin yanına qalxıb əllərindəki mətni oxuyurdular. Hind filmi ola, itoynadan Tofiq ola. Heç hind filminə Ağdam ləhcəsində baxmısanmı? Məsələn, “Qabbar Sinq, bu qolları sən kəsdin, amma mən səni bu əyaxlarla öldürəjəm”. Fazil müəllim işdə olmayanda aktyorların istedadı öz zirvəsinə çatırdı, elə bilirdin ki, filmdəkilər Hindistanda yox, məsələn, məscidin dalındakı məşhur Bombey məhləsində baş verir.
Bəzən filmi Fazil müəllimin özü “dublyaj” edirdi. Belə hallarda zaldakı tamaşaçılarla kinomexaniklərin yanında oturub filmi səsləndirən Fazil müəllimin arasında qəribə təmas olurdu. Hərdən uşaqların tutması tuturdu, dilxoşluğa başlayırdılar. Bir dəfə filmin danışıq olmayan yeriydi, ekranda yalnız uzun və qəşəng qadın ayaqları görünürdü, bir də bu qəşəng ayaqların çıxardığı taqqıltı səsləri gəlirdi. Zaldan qəfil bir nida qopdu: “Perevod! Perevod!”, yəni tərcümə elə. Fazil müəllim özünü çox gözlətmədi: “Ə, qurumsax, nəyi perevod eliyəjəm? Görmürsən, əyaxlardı dana, gedirlər”.
Budur, filmin ən həyəcanlı yeridi, səssiz kadrlar qorxunc hadisənin olacağından xəbər verir. Zal donub. Hamının nəfəsi içindədi. Milçək uçsa eşidərdin, amma o uçmurdu, ona görə ki, sadəcə, yoxuydu. Fazil müəllimin qorxusundan nəinki qapıdan “yoxlama”, bacadan quş, heç pəncərədən milçək də girə bilməzdi. Odur ki, zalda qəbir sükutu vardı. Tək-tək yerlərdən qorxa-qorxa burulan papiros tüstüsü yeganə həyat nişanəsiydi. Yox, az qala unutmuşdum. Əsl həyat nişanəsi bu deyildi, zalın qara dərinliyinə bir səs hakimiydi. Diqqət kəsiləndə bu səs qulaqiçi xışıltıya oxşayırdı. Diqqəti tam cəmləyəndə çoxsəsli “xor”u tanıyırdın. Çırt, çırt, çırt… Bu, afişanın altında Bəndinin (populyar müğənni Röyanın babasıdı) satdığı tumun zalda eyni vaxtda çıxardığı yüzlərlə çırtıltı səsiydi…
Yeri gəlmişkən, Bəndi, onun əzəli rəqibi Nejidən də deyim, sonra kinomuza davam edərik. Ağdamın bu iki məşhur tumsatanını ölkəmizdə bazar iqtisadiyyatının ilk qaranquşlarından hesab eləmək olar. Demək, bu iki qardaş uzunmüddətli ərazi davasından sonra sərhədlərini müəyyənləşdirib sülh bağlamışdılar, bu müqaviləyə də çox vaxt kişi kimi əməl edirdilər. “Dostluq”un arxası, yəni Zeynalın çayxanası olan ərazi Nejinin, qabaq tərəfi isə Bəndinin nüfuz dairəsindəydi. Dəfələrlə qan-su axıdandan sonra sərhədin müqəddəsliyini başa düşüb onu qoruyurdular. “Kaş biz də sərhədlərimizi elə Nejiylə Bəndi kimi qoruyaydıq”. O zaman kinoteatrın arxasındakı bulvarın müdiri olmuş Surxay Əlibəyli deyir bunu.
***
Məktəbdə kinoya bileti nəğmə müəllimi Seyid Sabir satırdı (Gənc müğənni Ayaz Qasımovun babasıdı). Səsi kimi şirin danışığı da vardı. Ən duzsuz filmləri elə anons edirdi ki, deyirdin bəs, söhbət həmin vaxtlar Vaqifin (Kazımov Vaqifin elə uşaqlıqdan xətrini istəyirəm) bazarın girəcəyində satdığı şirin və qazlı sudan, yaxud Elxanın “Dostluq”un qabağındakı budkasında vafli stəkana süzülən ağ-çəhrayı “süzmə” dondurmadan gedir – tamahlanırdın. Bərkgedən filmlərisə heç televiziyadakı qəşəng qız – Həmidə Ömərova da onun kimi tərifləyə bilməzdi. Sabir müəllim Ayaz Salayev sayaq film haqda qəliz danışmırdı, elə deyirdi ki, hamımız başa düşürdük, ömründə kinoya getməyən qızlar da yerində qurcalanırdı: “Bobbi! Kino yox ey, şokoladdı, “Qaraqum” şokoladı. Ağlamalı, gülməli, sevməli, sevilməli, əsl həyat dərsidi. Bütün dünya həsrətdi bu kinoya. Bakıda cəmi bir həftə göstəriblər, birinci Ağdama gəlib. Üçüncü gün saat 3-də hamı “Dostluq”a gəlsin. Qiyməti də cəmi 40 qəpik”. Kinoya gedənləri sayırdı. Tərəddüd edənlər üçün əlavə bir neçə söz deyəndən sonra sinfin əksəriyyəti gedəsi olurdu. Biletləri satıb pulunu yığmaq üçün “sinifkom” Şahruna verir, sonra da ehtiramla müəllimə təşəkkür edib çıxırdı. Allah rəhmət eləsin, əsl seyidlərdə olan nurdan onun da sifətinə düşmüşdü.
***
Şəhərin əsasən gənc və orta nəsildən ibarət sabit kino əhli vardı. Fransız filmlərinə də elə hind filmlərinə baxanlar gəlirdi. Kolxoz sədrləri, idarə rəisləri, zavod direktorları, bazarkom, restoran və “zapravka” işlədənlər, iri mağaza müdirləri, bir sözlə, şəhər ictimaiyyətinin üst qatı belə filmlərə, məsələn, Kislovodskda, Soçidə, Truskovetsdə, başqa bu sayaq yerlərdə baxdığından “Dostluq”a gəlmirdilər. Kinoya “aradabir gələnlər”in sırasında bu kitabda adına bir də rast gələcəyin, çoxtərəfli istedad sahibi, “Makan” ayamalı dayıoğlu Vaqif də vardı. Toyların klarnet kralı olmaqla yanaşı, gözəl “çikanka” ustası kimi də ad çıxarmışdı. Deyilənə görə, Stepanakert erməniləri onun əsərlərini alıb Yerevanda beşqat bahasına satırmışlar. Çəkməçi kimi də bütün çəkməçilərdən fərqlənirdi. Universitetə girəndə mənə tikdiyi ayaqqabını son kursacan birnəfəsə geyindim, dağılmadı. Bax, həmin Vaqif yalnız fransız, bir də hərdən göstərilən italyan filmlərinə baxmağa gəlirdi. Bilirsən niyə? Ona görə ki, yalnız bu filmlərdə Avropanın son dəb kişi çəkmələri, qadın tuflilərinə rast gəlmək olurdu. Bir dəfə görməklə səhər həmin çəkmə hazır idi. Dükanda öz qiymətindən xeyli baha satılan ayaqqabılardan bir neçə dəfə yuxarı qiymətə pullu müştərilərə təklif edirdi. Az çəkmə tikirdi, amma gördüyü işin söhbəti tikdiyi ayaqqabı kimi bütün şəhəri gəzirdi: “Belmandonun əyəqqavısınnandı, Makana tikdirmişəm”.
***
…İndi baxdığın mənim ağdamlı günlərimin ağ-qara retro filmiydi. Gülürsən, xoşuna gəldi deyəsən! Amma sonra Fələk başqa film çəkdi burda. Heç şəffaf film görmüsənmi? Bax, həmin filmin rəngi yoxdu, şəffafdı.
Onun qəhrəmanları da görünmür, lap ruhlar kimi…
İncimə, onu sənə göstərməyəcəm, çox qorxuludu!
Özüm tək baxacam!
Özüm tək baxıram elə, hər gecə…

Onuncu esse. Azan oxuyan göyərçin
Rəmiş 60-70-ci, uzağı 80-ci illərdə tez-tez düşdüyü qəzaların birindən sağ çıxmasaydı, indi Azərbaycan mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”, “bəxtsiz maestro” kimi epitetlərlə dolu yazılar həsr edərdi. Doğum günündə festivallar təşkil olunardı. El arasında əfsanələr artıb cild-cild olardı: “Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında çalardı” və ya “Erik Klipton onun yanında əlinə gitara almayıb”.
Bunların heç biri olmadı, nə qəzetlər onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş ölmədi, sağdı… Allah ömür versin!
O vaxtlar isə Rəmiş canlı əfsanəydi. Haqqında hər gün dastanlar qoşulurdu. Əsl xalq yaradıcılığı idi bu nağıllar, çünki konkret müəllifi yoxudu. “Barmaqlarından qan dama-dama nətəhər çalıbsa, xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq asmırlarmış, qəfildən İsrailin himninə keçib, hamını ayağa qaldırıb”. Bu sayaq söhbətlər vardı Ağdamda.
***
Qədir Rüstəmovu ilk dəfə Şuşanın məşhur “Qaya” xəngəlxanasında görmüşəm. Səhv etmirəmsə, 81-ci il idi, atam, dayım, bir də mən “Dom otdıx”da qalırdıq. İstirahət evinin bağında Anar Üzeyir Hacıbəyovdan film çəkirdi, Qədiri də Cabbar Qaryağdıoğlu roluna dəvət eləmişdi.
…Atamgili gördü, stul çəkib oturdu: “Ayə, Pərviz, maa deyillər ki, əyğını bərk dirəsən, Anardan lap çox pul alarsan!” Deyilənlərin ağıllı fikir olduğuna təsdiq gözləyirmiş kimi qəlyana qullab vurub ara verdi. Cavabsa xətrini çox istəyən Sabir (Səlmanoğlu Sabir deyirdilər) dayımdan gəldi: “Ay Qədir, pulu onsuz da qazanırsan də, burda səni tarixə salırlar ey!” Yəqin gözlədiyi cavab gəlmədiyindən söhbəti uzatmadı: “Həə? Neynək! Orası da var, orası da düzdür”…
Qədirin sonralar el arasında kəlama çevrilən bir sözünü danışım. Toyda oxuyurmuş. Qarmonçalan da belə toylar üçün çox naşı imiş. Məclisin şirin yerində qayıdır buna ki, “Ə, çal dana! Belə qarmon çalarlar?” Qarmonçalan cavab verir: “Nolub ki, çalıram də”. Qədir iki əliylə havada qarmon çalmağı göstərə-göstərə “Əəə, hanı sənin vıy-vıyın? Əəə, hanı sənin dıy-dıyın?” deyir.
Sonralar bu “Hanı sənin vıy-vıyın, dıy-dıyın?” məsəli çoxdan görünməyən, səsi çıxmayan, pulsuzlayan, qonaqlıq verməkdən qaçan və başqa bu tip adamlara deyilməyə başladı.
***
Adını eşidib tanıdıqlarından çox yazmıram, bunları sən də eşitmiş olarsan, bir az tanımadıqlarından danışım.
“Dostluq” kinoteatrının arxasındakı bağa niyə bulvar deyirdilər bilmirəm, amma ona bitişik çayxanaya niyə “Zeynalın çayxanası” deyirdilər bilirəm, çünki oranı məşhur çayçı Zeynal işlədirdi. Bir bazar Yusiflə burda çay içirdik. Bəlkə də istiyə görə az adam vardı. Ağacların altındakı stolların yalnız dörd-beşində hər kəs özünə bab adamla oturmuşdu. Bulvarın qırağındakı Eldarın səsyazma studiyasından Şahmalı Kürdoğlunun səsi aləmi başına götürmüşdü.
“Eşitdim ol qəra göz dilbərim sağərpərəst olmuş,
Mey içmiş məclisi-əğyardə bihuşü məst olmuş.
O, səngindil əlində, söylənir kim, şişə görmüşlər,
Bu mənadən pozulmuş xatirim, könlüm şikəst olmuş”.
Səs muğamla qəti arası olmayan Yusifi tutmuşdu.
Həyat o qədər təsadüflərlə doludu ki… Çayxananın tinindən hündür boylu, qəddi-qamətli, yaraşıqlı bir kişi çıxdı. Yaşlı adamlar oturan stola yaxınlaşdı, özüylə gətirdiyi limonu çayçıya doğramağa verib əyləşdi. “Bilirsən bu kişi kimdi?” “Yox, kimdi ki?” Yusifə onun səsi bulvarın ağaclarını, quşlarını belə sehrləmiş Şahmalı Kürdoğlu olduğunu dedim. Qulağımız səsdə, gözümüz isə xəyala dalıb heykələ dönən bu nurani kişidəydi.
Stoldakıların söhbətinə qulaq asmadığı bir nöqtəyə dikilən baxışlarından görünürdü. Nə vaxtsa, hansı məqamdasa ondan qopan bu səs qəfil haqlayıbmış kimi onu dondurmuş, çəkib haralara aparmışdı, bir Allahı, bir də özü bilirdi. Bizimlə deyildi. Baxdığı nöqtəni yarıb başqa dünyaya keçmişdi, sanki fikir anarxiyası onu sonsuz məchulluğa götürmüşdü, ta geri dönməyəcəkdi, qayıdana heç oxşamırdı. Amma qayıdan kimi oldu – qəfil ayağa qalxdı. Bir an dayandı, sonra heç yana baxmadan, heç kimlə sağollaşmadan düz çıxıb getdi. Sanki yeriyən insan yox, daş heykəl idi. Bu təsirli mənzərəni az adam – yalnız ona baxanlar gördü.
Sonralar o nəhəng sənətkarla bir daha rastlaşmadım.
…Rastlaşmadım deyirəm, yalançı olaram, o gün “gördüm”. Gördüm həyətində becərdiyi limon ağaclarına qulluq eləyir. Altı yaşlı balası da yanında. Bu vaxt Əsgəran tərəfdən bir ulduz uçmağa başladı. Deyirlər uçan ulduzu görənin tutduğu niyyət hasil olur. Bir niyyət tutmağa çatdırmadım, yana-yana sürətlə gəldi. Gəlib limonluğa düşdü. O, əli limon koluna uzanıqlı heykələ döndü, balası da dizindən yapışalı. Baxıb gördüm bu ulduz yox, çərdəymiş mərmiymiş. Sonra o heykəldən iki ruh qopdu, biri böyük, biri balaca və biz birlikdə ruhlar şəhərinin üstüylə bulvara, Zeynalın çayxanasına sarı uçduq…
Biz çatanda Şahmalı “Rast” oxuyurdu:
“Mən şairi biqədrü həzinəm, əgər ölsəm,
Min təskirə təhrir edəcəklər kəfənimdən”.
***
Şəhərdə çalıb-oxuyanlara “muzukant”, kəndlərdə isə “aşıq” deyirdilər. Toy olanda toy sədası, olmayanda da toya hazırlaşan musiqiçilərin məşq səsi kəsilməzdi, sümüyünə düşdümü, başla həyətin ortasında oynamağa. Vaqif Cəbrayılzadənin “Qonşu toyuna dörd hasar o yana oynayan uşaq” şeirini eşitmisənmi? Bildinmi onu kimlərə yazıb?
Buranın musiqiçilərini tez-tez başqa şəhərlərə, qonşu respublikalara da aparırdılar. Ağdamdan musiqiçi gətizdirmək “prestij” sayılırdı. Məhərrimlikdə toy olmayanda Yerevandan Çimkəndədək səpələnirdilər. Şəhərin məşhur klarnet ustası, dayıoğlu Vaqif başının dəstəsiylə əsasən Özbəkistana gedərdi. Qayıdanda maraqlı Daşkənd söhbətləri növbəti ilədək bəs edirdi. “Ölürlər bizim musiqimiz üçün. Zeynəbin dörd-beş mahnısı, bir-iki dənə də oyun havası, bu da saa toy”.
Ağdam musiqiçilərinin öz danışıq dillrəri vardı. Onun yaranma etimologiyasından heç fələk də baş açmazdı, amma onlar baş açırdılar: “təvərə dazıxmaq” toya getmək və s. kimi
Oxuyan Barat Köhnə hamamın tinində olurdu. Gitaraçı oğlu Fərhad qıvrımsaç, qəşəng bir oğlanıydı, “uçilişa”nın qızları ölürdülər ondan ötrü, amma sənətdə heç atasının yarısı da ola bilmədi. Qarmon müəllimi Habil əmi toylara çox getməzdi. Başqa yaxşı gitaraçılar kimi üzbəüz qonşu Rzanın da bəxti onda gətirmədi ki, Rəmişlə eyni vaxtda, eyni şəhərdə yaşadı. Tarzən Ramiz Quliyev yaydan yaya gəlirdi, səliqəli geyimiylə yadımda qalıb. Rolu sağda olan ilk xarici maşını da onda görmüşəm, səhv etmirəmsə, “Nissan” idi.
Arif Babayev qonşumuz deyildi, amma onun doğulduğu Sarıhacılı kəndiylə nənəmgilin yaşadığı Seyidli kəndlərindən axan Kötəl arxını bizi birləşdirən xətt hesab eləmək olar. Arif Babayev düz deyir ki, Kötəlin suyunu içənin qoçaq, həm də səsi olması barədə bir inanc varmış. Xristianlar çağanı xaç suyuna saldıqları təhər burda da oğlan uşaqlarını Kötələ salarmışlar. Anam da məni körpəlikdə bu çaya salıb suyundan içirdibmiş. Amma məndə elə bir qoçaqlıq-zad olmadı, səsim də Kötəlin o tayına güclə çatar. Sabir dayım mənimlə “Təmiz Seyidli deyilsən, Ordubadla Şuşa qarışacağın var” deyə özünəməxsus dilxoşluq edirdi. Mən də onun bu zarafatına bir xeyli qohum-əqrəba adı çəkib soruşurdum ki, “Bəs bu “təmiz seyidli”lərin niyə səsi yoxdu?”
***
Soyadlarına fikir vermə, Səxavət Məmmədovla Sədi Məmmədov qohum deyildilər, sadəcə bir quşun qoşa qanadı kimi pərvazlanıb eldən-elə, obadan-obaya uçurdular. Səxavətin sənətə gəlişi səs-küylü oldu, toy kasetləri əl-əl gəzirdi. Onu ilk dəfə Cıdır düzündə görmüşdüm, o dövr üçün qeyri-adi rəng sayılan açıq qəhvəyi velvet kostyum geyinmişdi. Səhv etmirəmsə, Niyazinin konsertində iştirak edirdi (Maestro Niyazi simfonik orkestrlə Cıdır düzündə konsert verirdi). Çox çəkmədi, səsi Qarabağdan Bakıya, Təbrizə, İstanbulacan çatdı. Hamının sevimlisi oldu.
Sədinin də səsi Azərbaycan boydaydı. Hələ lap daşıb kənara da axırdı. Amma ona Ağdam bəs eləyirdi. Atam deyirdi ki, Sədi uşaq olan vaxtı atasıyla kəndə gedəndə çox vaxt onun taksisinə minərmişlər. Yol boyu oxutdurar, düşəndə də pul almazmış. Ağdamlıların Sədiyə qeyri-adi sevgisi olub, elə indi də var.
Allah hər ikisinə rəhmət eləsin. “Azad bir quş” olub “yuvalarından uçub, bir bağa düşdülər”. Onları bu dünyadan qəza apardı, yol qəzası. Deyəsən, şair Salam Sarvanın sözüdü, yeri gəldi, onlara aid edib yazdım: “Eynən qatarların vəziyyətindəyəm, onlar üçün qandal reyslərdən çölə, azadlığa çıxmağın bircə yolu var – QƏZA!” Ağdamsızlıq boyunduruğundan beləcə xilas oldular.
Davam edimmi? Bilirsən nə qədər oxuyan, çalan qaldı, yazmadığım? Bir konservatoriya! Vaxtı ilə atamın toyunu çalmış qonşu Paşa dayının səsini son dəfə bir-iki il əvvəl Bakı restoranlarının birində eşitdim. Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir parçası da içinə beş-on manat atılan qavalını görəndə yerə düşdü.
***
Son ad günümə Ramil (birinci yazıda haqqında danışdığım 17 yaşlı şəhid dayımoğlu Anarın qardaşıdı) bir videokaset bağışladı. 1989-cu ildə Şahbulaqda çəkilib. Arif Babayevin xaricdən gəlmiş qonaqlarına qurulmuş məclisdəndi. Hafizlə (Ramilin dayısıdı) Rəmişin dueti! İki musiqi sevdalısının dueli! İki dünyanın bir-biriylə savaşı!
“Savaş” bu dünyaların təmasıyla bitir, ilahi bir təmasla, qovuşuqla. Burda, bu ilahi qovuşuqda adam özünü müqəddəs ziyarətgah kandarındakı kimi hiss edir: özünü yığışdırır, əyin-başını sahmanlayır, ən əsası isə içindəki şeytanı qısa müddətə də olsa, qovub çıxarır. İki dünya arasındakı sərhəd zolağına düşənlər duyar yazdıqlarımı…
Hafiz Sədrzadə zil və yanıqlı səsiylə seçilirdi. Şuşalı məşhur Məhəmməd ağa Müctəhidzadənin oğludu. Həm qohumluğu, həm də atamla dostluğu səbəbindən onu tez-tez görürdüm, xüsusi bir bağlılığım vardı. Qohum toyları onsuz olmazdı. Bu toylarda məni görəndə o vaxtkı sevimli mahnımı mütləq oxuyurdı, “Dalğalar”ı.
“Zəminxarə”nin ustasıydı. Bir dəfə Şuşada, “Gəncə” qapısının ağzındakı restoranda dostları atamın xəstəxanadan salamat çıxması münasibətilə məclis qurmuşdu. Stolun mən oturan küncündən baxanda “Gəncə” qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüqlər görünürdü. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz özü başlamışdı. Deməsələr bilməzdim ki, oxuduğunun adı “Zəminxarə”di. Yaddaşımın ən məhrəm hücrələrindən birinin qapısını açıram sənə, ilahi səslə ilahi mənzərənin təmas nöqtəsini görürsənmi?
Sonralar məscidin minarəsindən azanı onun səsiylə verirdilər. Dinləyən kafir balası da islama gələrdi. Mən hələ o cür azan eşitməmişəm, nə İstanbulda, nə Səmərqənddə, nə də Sovetskidə.
…Onun səsini bu səhər yenə “eşitdim”. Çevrilib baxdım. Günəş iki minarə arasında dayanıb durmuşdu. Azanın bitməsini gözləyirdi. Hafizin azanı ağappaq göyərçin kimi Ağdam məscidinin minarəsinə qonmuşdu. Ruhlar şəhərinin sakinlərini ibadətə çağırırdı:
Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər!
Əşhədu əl lə iləhə illəllah! Əşhədu əl lə iləhə illəllah!
Əşhədu ənnə Muhəmmədən Rasulullah! Əşhədu ənnə Muhəmmədən Rasulullah!!!

On birinci esse. Hökumətə məhkumlar
Dərsə milis idarəsinin qabağından gedib-gəlirdim deyə divardan asılmış, məktəbdəki “Şərəf lövhəsi”nə oxşayan, əslində isə axtarışda olanların şəkillərindən ibarət lövhəni hər gün görürdüm. Fotoları, onların yerləşdiyi sıra və cərgəni elə əzbərləmişdim ki, balaca bir dəyişikliyi dərhal hiss edirdim. Bəzən ayaq saxlayıb axtarışda olan bu adamlara xeyli baxırdım. Bizim “Şərəf lövhə”mizdən fərqli olaraq burdakı çöhrәlәrdә təbəssüm görünmürdü, əksinə, qorxu vardı. Onları “qorxulu adamlar”dan daha çox “qorxan adamlar”a bənzədirdim, gözlərində ələ keçmək qorxusu hiss olunurdu. Gizlənqaç oyunundan bilirdim ki, bütün gizlənənlər əvvəl-axır tapılır, deməli, onlar da tapılacaqdı. Bəlkə də buna görə onlara yazığım gəlirdi…
Aralarında biri vardı, bütün şəhər ondan danışırdı. Adına “Qaçaq Hüseyn” deyirdilər. O vaxt danışırdılar ki, namus üstündə öldürdüyü milisin meyitini gecəykən meşədən gətirib “raykom”un bınasının qabağına atıb. Bu, hökumətə meydan oxumaq demәk idi. Onu tapmaq üçün dağlar, meşələr ələk-vələk edilmişdi. Surxay Əlibəyli “Ağdamım – qibləgahım” kitabında onun haqqında bunları yazır: “Hüseyn Nəzərov 1975-ci ildə namus üstündə milis rəisini qətlə yetirib, Sovet İttifaqının o vaxtında qaçaq düşüb. Dəfələrlə əməliyyat planı qurulub, üstünə silahlı milis dəstəsi getsə də, mühasirəni yarıb qaça bilib. 1978-ci ildə Ağdam Rayon Milis Şöbəsinin rəis müaviniylə təkbətək görüşə gəlib, nə illah eləsə də, qaçaqlığının əsl səbəbini başa sala bilməyib. Onu təhqir edən bu milisi də elə oradaca öldürüb. Bir neçə il haqqında əfsanələr dolaşan Hüseyn 1978-ci il oktyabrın 10-da dostunun evindә yatarkən qətlə yetirilib”.
Eşitmişəm, oğlu Məhəmməd Tümendə yaşayır, böyük imkan, hörmət sahibidi.
Hüseynin lövhədən mənə dikilən gözlərindən çəkinmirdim, əksinə, ona rəğbətim vardı. Bu rəğbətin yaranmasında haqqında el arasında hörmətlə danışılan sözlərlə yanaşı, həmin dövrdə televiziyada göstərilən çoxseriyalı gürcü filmi də böyük rol oynamışdı. Adı “Sahillər” (“Bereqa”) olsa da, film baş qəhrəmanın adıyla daha çox məşhur idi: “Data Tutaşxia”. Hökumətlə münaqişəsi yaranan adi kəndli quldura çevrilir. Bizlərdə “qaçaq”, Şimali Qafqazda “abrek” deyilən, dağlarda, meşələrdə gizlənən bu adamlar daim hökumətin təqibində olurlar.
Data Tutaşxia da Nikolay dövrünün digər qaçaqları kimi ədalət axtarırdı. Elə bu axtarış da onu quldura çevirmişdi – hökumətə düşmən, xalqa dost quldura. Başı qara çalmalı qəhrəmanımın sərt, amma xeyirxah baxışları vardı. At belində dimdik oturuşu, batmangəl yerişi, heç vaxt gülməyən üzü mənim hövsələsiz, qaynar uşaqlıq həyatıma uyuşmasa da, xoşuma gəlirdi, özümü ona oxşadırdım. Onun kimi ədalətli və dürüst olmağa çalışırdım. Rola girirdim, bəzən alınırdı, sonra “rolumu” unudanda qayıdıb yenə “özüm” olurdum. Qaçaq Hüseyn də Data Tutaşxia kimi hökumət düşməni olsa da, camaatın rəğbətini qazanmışdı.
***
Sənə başqa bir narazı adamdan danışım. Uzun illər kolxoz sədri işləmiş Kamran Quliyevdən, ümidlərini doğrultmayan hökumətin qarasınca yana-yana danışan kişidən. Zəhmi həyətdə arvad-uşağı titrədən, səsi ağacdakı quşları perik salan bu kişi xalamın əriydi. Yadımda daha çox zolaqlı pijamada, gözündə eynəyi, tut ağacının dibində oturub qarağat mürəbbəsi salınmış çaydan içə-içə “Kommunist” qəzeti oxumağı ilə qalıb. Partiya qurultayı və plenumun materiallarını, baş katiblərin palaz-palaz çıxışlarını onun kimi diqqətlə oxuyan görməmişəm. Stalindən sonra hökumətin hər yeni qərarına şübhəylə yanaşan Kamran kişi kommunizmə ümidini də itirmirdi. Leonid İliç Brejnev öləndən sonra hər dəfə baş katib dəyişəndə, Yuri Vladimiroviç Andropov, sonra Konstantin Ustinoviç Çernenko, nəhayət, Mixail Sergeyeviç Qorbaçov gələndə və hər yeni baş katibin ilk məruzəsini oxuyanda əlini qəzetdəki şəkilə uzadıb deyirdi: “Ölkəni, bax, bu düzəldəcək!” Əcəl qocalara “ölkəni düzəltməyə” aman vermədi, amma Qorbaçov düzəltdi, özü də birdəfəlik.
Allah rəhmət eləsin, Kamran dayı inanırdı ki, Stalin sağ olsaydı, Qarabağ işğal olunmazdı, hələ üstəlik, kommunizm də qurulmuşdu. Ömrü boyu kommunist ideyalarına sadiq qaldı, bu ideyanın nədən ibarət olduğunu axıradәk bilməyən milyonlarla sovet adamı kimi.
***
Atam kommunist deyildi, məncə, heç komsomolçu da olmayıb. Orduya da getməyib (Ümumiyyətlə, babam da, atam da, əmilərim də sovet ordusunda xidmət eləməyiblər. Nənəm qoymurmuş. Hər dəfə komissarlıqdan gələn olanda oğlanlarını taxtapuşda-zadda gizlədirmiş. Amma Həbib babamın Müsavat ordusuna qoşulmasından, Əsgəran yaxınlığında yaralanmasından elə ağız dolusu danışardı ki, elə bilirdin kitabda oxuduğun hansısa qəhrəmandan bəhs edir). Onun da hökumətlə sən deyən arası yox idi. Hər dəfə Şuşada Cıdır düzünə qalxanda solda, dərənin o biri yoxuşundakı şüşəbəndli baba evlərinə tərəf baxanda onun kimi lənətlədiyini bilirdik. Dəmir yolunun Ağdamdan Stepanakertədək uzadılmasına görə isə hökumətə əməlli-başlı qəzəblənmişdi, ümumiyyətlə, bu hadisə taksi sürücülərinin az qala üsyanına səbəb olmuşdu. Bu, Dağlıq Qarabağ boyda yerin müştərisinin əldən çıxması demək idi.
Televiziyada baxdığımız idman yarışlarında, xüsusilə xokkey çempionatında tamaşaçıların reaksiyasından bilmək olurdu ki, bizim sovet komandamızı heç yerdə sevmirlər. Praqada “qardaş çexlər”in niyə bizə yox, Kanadaya azarkeşlik etməsini atam belə izah edirdi: “Boynunu yerə soxum, hamının zəhləsi gedir də bu ölkədən”. Onu cin atına mindirən isə “Vyetnama kömәk!”, “Anqolaya yardım!” söz-söhbətləriydi. “Gedib öz bitin arıtlamaq əvəzinə ona-buna kömək elәyir”.
Ən qəribə vә yaddaqalan hadisə isə atamın Bolqarıstan səfərinə hazırlığı idi. İş yerində “qardaş sosialist ölkələrinə” tez-tez putyovkalar olurdu. Onun payına Bolqarıstan düşmüşdü. Bu münasibətlə təzə kostyum, ayaqqabı tikdirmişdi. Ciddi hazırlaşır, “xaricdən başı çıxan”larla məsləhətləşirdi. Belələrindən biri də uşaqlıq dostu, şəhərin məşhur həkimlərindən olan Rizvan Eyvazov idi. Bir-iki il olardı Almaniyadan qayıtdığı. Ucadan, özü də açıq-saçıq danışan, sözü birbaşa deməkdən çəkinməyən, çoxundan fərqli olaraq, “QAZ-24”nü qorxmadan, gizlətmədən sürən (o vaxtlar hökumət bahalı ev, maşın, hətta dəmir darvazanın belə para mənbəyini soruşurdu), ürək həkimi olsa da, bütün xəstəliklərdən baş açan yaraşıqlı, səmimi, koloritli adam kimi yadımda qalıb. Almaniya haqqında elə danışırdı ki, hətta mənim də “bu murdar ölkəni” qoyub ora getməyim gəlirdi. Ən çox xoşladığı şey isə oraların pivə barları imiş. “Neçə cür desən pivələri var. Özü də keyfiyyətli, burdan iç, ordan süzsün, böyrəklərində bir qum dәnәsi dә qalmasın. Ta bizim “Jiqulyovski”dən deyil ey”. Özünlə nə götürmək lazımdı, bir-bir deyirdi: “Pulun hamısını onluq elə, orda ancaq qırmızı onluğu tanıyırlar. Bara-zada gedəndə pulunu gizlət! Sonra…” Pıçıldayıb, nəsə demək istəyirdi, məni görüb dayandı. Atam “Yeri get evə!” deyəndən sonra ta nədən danışdıqlarını bilmədim.
Nənəmin ağır xəstəlәnmәsi onu bu tarixi səfərdən saxladı. Səfər çamadanını boşaltdı, çəkməçi Əvəzin tikdiyi ayaqqabının dabanını söküb qırmızı onmanatlıqları çıxaranda görmüşdüm. Elə-belə, ünvansız aldığı hədiyyələri ona-buna payladı. Atamın anasıyla “Qoymadın gedim görüm oralarda nə var, nə yox” zarafatı düz 15 il, nənəm ölənədək davam elədi…
***
Bizə tarixdәn dərs deyən Ağdamın qocaman müəllimlərindən Asif Əsədov filmdəki qəhrəmanım Data Tutaşxianın bir başqa prototipiydi. Onun da hökumətlə barışmadığı nöqtәlәrin olduğunu indi başa düşürəm. Sovet hökumətinə yönəlik ikibaşlı sözlərini, dediklərinin sözaltı mahiyyətini anlamasaq da, onun başqa müəllimlərdən fərqli olduğunu duyurduq. Bu cür sözləri açıq yox, üstüörtülü deyirdi. Bəzən ironiya ilə “Saşa ulduzlara bomba daşıyır, bunlar da düşüb Əfqanıstanın çöllərində “duşman” axtarır”, hәrdәn də nazik üzlü “Azərbaycan tarixi” kitabını əlində yelləyir, sonra stolun üstünə tullayaraq qəzəblə “Rusun tarixi dünən-srağagün yaranıb, …kitaba bax” deyirdi.
Ağır-ağır gələr, başıyla yüngül salam verər, arxaya daranmış uzun ağ saçlarına sığal çəkib dərsə başlardı. Gah aramla, gah da yüksək tonla elə bəlağətli danışardı ki, söylədikləri kino lentinə çevrilәrdi, sanki tarixi filmə baxardıq. Asif müəllimin “Saşa” deyəndə ABŞ-ı, “dünya qənddanı” deyəndə Kubanı nəzərdə tutduğunu ömründə kitab üzü açmayan, sinfin sevimli ərkəsöyünü Mirturabov Elbrus da bilirdi.
Tarixi, xəritəni yaxşı bilməyim, “Ulyanova niyə Lenin deyirdilər?” sayaq kitabdankənar suallar verməyim məni onun gözündə xeyli qaldırmışdı. Çox vaxt sinfə sual verir, cavab üçün hamını bir-bir ayağa qaldırırdı. Bütün sinif ayaqdaykən sonda məni durğuzurdu. Fəxrlə durub cavab verir, yaxud xəritədə haranısa göstərirdim. Mən də bilməyəndə, sinfi qoyub bütün hirsini üstümə tökürdü: “Otur! “Bir” alırsan!” deyib heç kimə yox, tək mənə “1” yazırdı.
Deyirdilər ki, Qarabağ hadisələri başlayanda hirsindən odlanırmış, Qorbaçovu, partiyanı camaatın içində söyürmüş. Hamını vətəni qorumağa, bir olmağa, döyüşməyə çağırırmış. Elə oğlunu da Xocalıda itirdi. Xocalı qırğını günlərində hamı ölüsü, ya dirisi haqda xəbər almağa Xalq Cəbhəsinin qərargahına yığışırdı. Asif müəllim də hər gün arvadı Pikə müəlliməylə bura gələr, ölənlər, yaralananlar arasında oğlunu axtararmış. Bir gün əsirlikdən alınanlardan biri danışırmış ki, ermənilər bir ağdamlı oğlanı Azərbaycan bayrağını tapdamağa, “Qarabağ ermənilərindi” deməyə məcbur eləmək istəyirmişlər. Başqa əsirləri də qorxutmaq, sındırmaq, alçaltmaq üçün onu təhqir edirmişlər. “O, nə bayrağı tapdadı, nə də o sözləri dedi. “Qarabağ bizimdi!” dediyinə görə ermənilər yıxıb başını kəsdilər. Qıvrım saçları vardı, yaraşıqlı oğlanıydı, deyəsən adı da Yalçın idi”. Bu sözləri danışan o dili qurumuş bilmirdi ki, başı kəsilən oğlanın atası da onu dinləyənlərin arasındadı. Oğlunun belə müsibətini eşidən atanın halını təsəvvür edə bilərsənmi? Allaha ata naləsindən böyük etiraz varmı?!
…Yalçını görmüşdüm, əla futbol oynayırdı, yaraşıqlıydı, qızlar ölürdü ondan ötrü. Sevdalı bir qız üçün ər, neçə övlada ata yeri boş qaldı. Əvəzində min-min oğula örnək olan qəhrəmanlıq nümunəsi qoydu. Mən bilən heç bir dəmir medal da vermədilər sonra.
Bir dəfə Bakıda Yusiflə rastlaşmışdı. Xeyli söhbətləşəndən sonra avtomatdan mənə zəng eləmişdilər. O vaxt Prezident Aparatında işləyirdim. “Ay Vahid, ermənilər yaman girişib Ağdama. Almazlar ki?” soruşmuşdu. “Yox, Asif müəllim, erməni Ağdama girə bilməz. Dövlət, ordu var, hər şey nəzarətdədi!” deyə məmur kimi cavab vermişdim, yalan danışmışdım. Bir ay sonra Ağdam işğal olundu. Elə həmin gün, 23 iyulda Ağdamda yeganə zəngim çatan yer – poçt da susanda, telefonçu qız cavab verməyəndə, təzə müdirim Arif Rəhimzadəylə sözüm çəp gələndə şələ-şüləmi götürüb Prezident Aparatına əlvida dedim. İki ay sonra dövlət katibi Lalə Şövkət Hacıyeva əmrlə ixtisara saldı. Ağdam “ixtisar”a düşәndәn sonra mənim ixtisarımın bir qara qəpiklik qiyməti vardımı?!
Sonuncu dəfə Bakıda, İstiqlal küçəsində rastlaşmışdıq. Oturub çay içmişdik. Əvvəlki əzəmətini, qürurunu nә qәdәr saxlamağa çalışsa da, oğul itirən atalar kimi gözlərinin dibində bir küncə qısılan məsum nisgil görünürdü. Gözlərimə elə baxırdı ki, sanki qəlbimin içini, vicdanımın üzünü görmək istəyirdi, baxırdı görsün, varmı, diridirmi vicdanım. Nə gördüyünü bilmədim, özü dә demədi.
…Oğlunu ziyarət eləməyə qəbri belə yoxuydu, bəlkə elə onu mənim gözlərimdə axtarırdı, bilmədim…
Çox çəkmədi Asif müəllim dә vəfat elədi. Ağdamın parlaq ziyalarından biri də beləcə söndü. Məchul sonsuzluğa uzanan qaranlıq bir qat da qatılaşdı. Sıralar bir nəfər də seyrəldi.
***
Sənə sərhəd tanımayanlardan, qadagaları sevməyənlәrdәn, çərçivədə yaşamaq istəməyənlərdən danışdım! Hələ yazmadığım nə qədər adam qaldı. Onların hökumətlə işi yox idi, onların davası yalnız öz içlərindəki bapbalaca da olsa azadlığı, ləyaqəti qorumaq davasıydı. “Hökumətə məhkum” min-min sovet adamı kimi…

On ikinci esse. Sümük abidə
İbtidai sinifləri oxuduğum birmərtəbəli korpus məktəb həyətinin qurtaracağındaydı. Buranın balaca meydançası hündür dəmir cağla hasarlanmışdı – ayrıca bir dünya idi. Bu balaca dünyanın kiçicik bir küncündə ayrıca yerim vardı, dünya içində dünya kimi. Tez-tez, illah da oynayıb yorulanda yasəmən ağacının altında cağa söykənib dəmir barmaqlar arasından top qovan böyük uşaqlara baxardım. Yasəmən çiçəkləyəndə isә onun salxımları arxasından gələcəyə – böyüklərin dünyasına boylanardım. Sonralar Antuan dö Sent-Ekzüperinin “Balaca şahzadə” kitabını hər dəfə oxuyanda nədənsə yasəmən altındakı o uşağı xatırlayıram. Xəyalımda o kiçik dünya, onun yalqız sakini canlanır. Ona əks tərəfdən, “böyüklərin dünyası” bildiyim yerdən baxıram, dəmir cağ dalındakı yasəmən salxımını aralayan uşağın bir cüt gözünü görürəm…
Cağın o üzündə yüyürüb qumluğuna hoppandığımız uzunluğa tullanma cığırı, turniklər, voleybol və basketbol meydançaları daim haylı-küylüydü. Sevimli futbol meydançamız da üstüörtülü tribunası ilə birgə onlarla böyür-böyürəydi. Siniflərarası yarışmalarda sevdiyin qızın bu tribunadan guya sənə baxmırmış kimi oğrun nəzərləri altında meydana çıxıb, üstəlik, bir qol da vurub qələbə sevinci yaşamaq həyatın şirinliyindən xəbər verən ilk duyğulardan idi. Üstü üzüm tənəkləri, sağı-solu ağac və kollarla bağlı çardağın altındakı qaçış cığırı qızların seyrəngahı, oğlanların sevda yoluydu.
…Bu idman meydançalarını Dorik müəllimsiz təsəvvür etmək olmur. Məktəbin idman zalı və meydançaları, voleybol toru, güləş döşəkcəsi, hantellər, növbənöv toplar, bir sözlə, idman avadanlıqlarının üstündə öz malı kimi əsirdi. O, yıxılan uşaqların dizlərindən axan qana da həssas idi. Bədən tərbiyəsi müəllimimizin erməni olduğuna heç vaxt önəm verməmişdik. Qarabağ hadisələri təzə başlayanda qəzəbindən özünə yer tapmırmış. Bir gün dözməyib, durub gedib Stepanakertə, sovet DTK-sının, onunla ortaq maraqları bölüşən erməni şovinistlərinin təşkil etdiyi mitinqdə söz alıb çıxış edibmiş. Nə dediyini bilmirəm, bir onu eşitmişəm ki, ermənilər onun sözünü ağzında qoyub, tribunadan sürütləyib düşürüblərmiş. Sonra danışırdılar ki, Ağdamın bu sülh missiyalı erməni sakinini daşnaklar şaqqalayıb iki yerə bölüblər…
Tribunanın arxasında mәktәbin ikimərtəbəli uzun binası, binanın solunda, Ceyran bağı səmtdə “pis uşaqların” siqaret çəkdiyi tualet, sağındasa yadımda “korjik”i, kakaosu, kolbasası və bir də qəribə xoş qoxusuyla qalan Məleykə xalanın (oğlu Feyruz bizimlə oxuyurdu, tale haralara atdı, bilmirəm) bufeti, bufetin qabağında çeşmə, sağında və solunda isә qızılgül kolları… Məktəb binasının arxasında hər növ ağacı olan böyük bağ, bağın içində şitillik, qış botanika bağçası, qarovulçu Əli dayının ona bitişik daxması, qabağında qapalı idman zalı, nəhayət, üzü məşhur Ağdam bazarına açılan darvaza…
***
Məktəbin foyesinin sağ və sol divarlarına şərəf lövhələri vurulmuşdu – əlaçılar içəri girənlәri təbəssümlə “qarşılayırdı”. On il burda asılan şəklimdə illərin dəyişdiyi sifət cizgiləriylə böyüdüm. Həmişə nəzərim iki şəklin üstündə olurdu. Biri özümün idi. O birisini tanımırsan, deməyəcəyəm sənə. Deyə bilmərəm!
“Şərəf lövhəsi”nə yapışdırılan şəkillərim durur. Əlimdəki üçüncü sinifdə oxuduğum vaxtın, 10 yaşımın şəklidir. Diqqətlə baxıram. Təsadüfə bax, sabah 42 yaşım olacaq. Demək, şəkildəki uşaq 32 il qabağa – gələcəyinə boylanır. Baxır vә məni görür! Tanıyırmı görən?! Mən də kiməsə oxşadıram onu. Durub 10 yaşlı oğlumun şəklini gətirirəm, yan-yana qoyuram, iki oğul atası kimi baxıram “yaşıd, əkiz balalarıma”, onlar da atalarına sevinirmiş kimi üzümə gülürlər. Sarılırıq bir-birimizə. Biri məktəb döşəməsinə sürtülən “salyarka” qoxuyur, o birinin qoxusundan baş açmıram.
Biri divarın o üzündə, yan otaqdadı (bu anımda nələr çəkdiyimi hardan bilsin), digəri şəklin o üzündə, “arxa” otaqdadı (32 il sonra mənə nələr çəkdirdiyini hardan biləydi) – ikisi də yanımdadı. Şeytan əməlinə oxşar bir sual taxtaqurdu kimi gəmirir beynimin bir hissəsini, yeyir xırtaxırt, səsi əks-səda verir beynimin o biri tayında: “Bunların hansı doğmadı sənə?.. Hansı doğmadı sənə, hansı?” Sanki ikisindәn birini seçməyə məhkumam, amma seçim eləyə bilmirəm! Bu nə seçimdi axı belə?!
Bəs sən kimi seçərdin? 10 yaşlı özünü, ya 10 yaşlı oğlunu?
…Məhşər ayağına çəkilmişəm elə bil…
Axır ki, seçdim. Öz balamı yox, anamın balasını seçdim. Həyatımın ən böyük qadınının dünyaya gətirdiyi uşağı seçdim…
Oğlum inciməz, oğlu olanda anlayar məni, yəqin…
***
Ağdam şəhər 1 nömrəli orta məktəbi Sədrəddin Bayramov adına idi. Sədrəddin yazıçı Bayram Bayramovun qardaşı oğluydu. Xaçın çayında batan dostunu xilas edəndə özü boğulub ölmüşdü. Odur ki, qəhrəman şagird kimi adını məktəbimizə vermişdilər. Allah rəhmət eləsin! Xilas elədiyi Tofiq Bayramov indi Bərdədə yaşayır, deyirlər, məşhur həkimdi.
Məktəbimizi fərqləndirən həm də strateji məkanda yerləşməsiydi: tayı-bərabəri olmayan Ağdam bazarının darvazası məktəb qapısı ilə az qala burun-burunaydı. Rayonun kəndlərinə, respublikanın ayrı-ayrı şəhərlərinə gedən avtobusların yığışdığı avtovağzalla (burdan SSRİ-nin istənilən şəhərinə getməyə neçə-neçə hazır taksi də tapa bilərdin) məktəbi bir məhlə ayırırdı. Şəhərin partiya-təsərrüfat elitasından tutmuş rəsmi ictimai-iaşə, ticarət, qeyri-rəsmi “bazar iqtisadiyyatı” (OBXSS-in həyat mənbəyi) fəalları öz uşaqlarını burda oxutdurmağa üstünlük verirdilər. Bununla yanaşı, bazar və avtovağzal ətrafı məhlələrin uşaqları da təbii olaraq burda oxuyurdular. Odur ki, məktəbdə Ağdam bütün sosial-mәdәni çalarlarıyla təmsil olunurdu, bir rəngarənglik vardı.
Bazar böyük mövzudu, ona ayrıca yazı həsr olunmalıdı. Gücüm çatsa, yazacam. Amma yazmasam da olar. Eşitdiyin kimidi! Ağdam bazarı haqda gəzən rəvayətlər elə xalq yaradıcılığı kimi qalsa yaxşıdı. Mən bircə onu əlavə edim ki, tanınmış gürcü siyasətçisi, xətrini çox istədiyim dostum İvlian Haindrava bəzən lazımi şeyləri almağa Tiflisdən Ağdama gəldiklərini deyəndə təəccüblənməmişdim.
Avtovağzal barәdә isə şuşalı dostum Hikmət Sabiroğlunun diliylə deyim ki, səndə daha yaxşı təsəvvür yarada bilim. Ağdamı və ağdamlıları onun kimi təsvir eləyən (şuşalı ağdamlını göydə alırdı) ikinci adam tanımıram. Hikmət Ağdamı belə xatırlayır: “Uşaq vaxtı Muğanlı kəndində yaşayan xalamgildən gəlirdim. Ağdam avtovağzalında mən boyda bir uşaq yaxınlaşdı, əlindəki vedrəni yerə qoydu, soruşub eləmədən bir stəkan noxudu kitab vərəqindən düzəltdiyi “klok”a töküb pencəyimin cibinə dürtdü, “10 qəpiyimi ver” dedi. Bunu elə sürətlə elədi ki, nə baş verdiyini anlamağa vaxt tapmadan çıxarıb 10 qəpiyi verdim. “Sağ ol” da demədi, çönüb “İsti noxud var!” deyə qışqıra-qışqıra getdi”.
Qәtiyyәn şübhən olmasın ki, hәmin uşaq məktəb həyətinin o biri başındakı tualetdə siqaretçəkənlər dəstəsinin fəallarından imiş. Onlar kəndlərdən, bir də başqa rayonlardan gələn uşaqları beləcə “terrora” məruz qoysalar da, yerli şəhər uşaqlarıyla işləri olmazdı. Məktəbin “zavuç”u Ənvər müəllim, Atamoğlan müəllim, komsomol katibi Çimnaz müəllimə nə qədər onları “kommunizm ruhuna”, “pioner tərbiyəsinə”, “komsomol əxlaqına” dəvət eləsələr də, xeyri olmurdu, məktəb şüşələri sınmaqda, skamyalar qopmaqda, divarlar yazılmaqda davam edirdi. Vladimir Ulyanovun rəşadətli uşaqlıq illərindən tərbiyəvi moizələr onunla nəticələnirdi ki, səhəri gün Leninin tunc ağzında yarıyacan çəkilmiş “Rodopi” siqareti tapılırdı. Sonra məktəbin yanındakı Lenin bağında Leninin heykəlini də o cür deşib ağzına siqaret soxduğuna görə Qara (Fred Asifin uşaq vaxtı şuluq olan qardaşı Bəhlulu belə çağırırdılar. Sonra Fredin batalyonunda döyüşdü, yaralandı. İndi Almaniya vətəndaşıdı), onun böyükləri 6 ay milisə təpik döydülər. Axırda bu kasıb ailənin beş yüz manatını alıb dinc buraxdılar.
Müəllimlər bu uşaqları nə qədər bəyənməsələr də, onlar pis uşaq deyildilər. Onlarsız məktəb həyatının heç bir dadı-duzu olmazdı. Bir-iki misal çəkim, özün gör! Bir gün yuxarı sinifdə oxuyan, adına “Qatıq” dediyimiz (əsl adını nə o vaxt, nə də sonra bildim) birisi dərs vaxtı qapını açıb başını içəri saldı. Müəllimə elə ədəb-ərkanla salam verdi ki, deyәrdin bəs bu, çəkdiyi siqaretin külüylə divara faşist svastikası çəkən Qatıq yox, respublika olimpiadasının, tutalım, riyaziyyat üzrə qalibidi, məktəbin komsomol katibi vacib ictimai iş üçün sinfə göndərib. Şişman sifətinə ciddi görkəm verib arxa sırada kimisə axtarırdı. Nəsə bir hoqqa çıxaracağına şübhə yoxuydu. Qonşuları Namiqi görəndə qaşlarını qaldırıb dedi: “Vayyy Namiq, papan deyir ki, şalvarı gətirsin ey, toya gedirəm”. Yenə əvvəlki ədəblə müəllimə “sağ olun” deyib qapını örtdü. Uşaqları demirəm, uğunmaqdan heç müəllimdə də can qalmadı.
Qatığa nə cür pis oğlan demək olar, hə?
İndi ki, Qatıqdan xoşun gəldi, qoy birini də deyim. Nəsibə xanım çox savadlı coğrafiya müəlliməsi olsa da, ilk gündən uşaqlara sərt üzünü göstərə bilməməyi səbəbindən dərsində ağız deyəni qulaq eşitməzdi. Sinif qapısının, yaxud pəncərəsinin ağzından keçəndə içәridәki səs-küydən bilirdin ki, Nəsibə müəllimənin dərsidi. Məktəbin “Bosman” ləqəbli “zavuç”u (vaxtilə bu vəzifəyə təyin olunanda ovaxtkı direktor Süleyman müəllim onu təqdim edərkən demişdi ki, bosman gəmini necə idarə edirsə, Ənvər müəllim də məktəbi elə idarə edəcək, o vaxtdan məktəb uşaqları bu ayamanı nəsildən-nəsilə ötürdü) “pis uşaqlar”ın qənimi, şagirdlərin təsəvvüründə “Uzaq sahillərdə” filmində Mixaylonu tutmaq istəyən mayor Şults kimi qəddar olan Ənvər müəllim gənc müəllimlərə dəstək olmaq üçün hərdən gəlib arxa partaların birində oturardı.
Belə dərslərdən biriydi, hər gün məktəbə Ağdamkənddən gəlib-gedən Səyyaf (sonrakı taleyindən xəbərim olmadı) lövhəyə çıxıb Afrikanın iqlim qurşaqlarından danışmalıydı, danışa bilsəydi. Birdən “b” sinfində oxuyan Fariz (onu təsəvvür eləmək üçün “Bizim Cəbiş müəllim” filmindəki Makedonu yadına sal) qapını elə şəstlə açdı ki, elə bil inəkləri çölə çıxarmaq üçün tövlə qapısı açır. “Boy, Səyyaf! Nəyə çıxmısan, ə, ora? Ağdamkəndi göstər görüm, ə?” deyib qapını örtdü. Bu, bir neçə dəfə təkrar olundu. Fariz Ənvər müəllimin sinifdə olduğunu bilmirdi. Növbəti dəfə qapını açıb yalnız “Səyyaf…” deyә bildi ki, qapının dalında gizlənən Ənvər müəllim əl atıb bir andaca onun boğazından yapışdı. Sürüyüb gətirdi lövhədən asılmış xəritənin qabağına. “Göstər görüm ə, Ağdamkəndi?” deyə-deyə onu iki qatlayıb xəritəyə çırpdı. Ağdamkəndi nəinki orda yaşayan Səyyaf, Ənvər müəllimin yekə qarnı ilə itələyib divara dirədiyi Fariz, heç qıraqda büzüşüb duran Nəsibə müəllimə də göstərə bilməzdi, ən azından ona görə ki, lövhədən dünya xəritəsi asılmışdı, dünya xəritəsində Ağdamkənd nə gəzirdi?!
***
…Sonra bilirsənmi, nələr oldu? Sonra dava başladı. Davaya elə birinci o “pis uşaqlar” getdi. Şəhəri onlar qorudu, həmin o dəli-dolu uşaqlar vaxtilə özləri kimi vurub-tutan, dili kimi dilçəyi də olan böyüklərə qoşuldular, vuruşdular, yaralandılar, şәhid oldular, əlil oldular, öldülər. Öldülər, sonra da:
“Getdilər atları çimizdirməyə,
…qulançar yığmağa, moruq dərməyə”.
(İsa İsmayılzadə)
“Atları çimizdirib” qayıdacaqlar! Qayıdıb 6 min Ağdam şəhidinin qanını alacaqlar, hələ sayını bilmədiyim əlil tay-tuşları demirəm.
***
…Məndə Ağdamın minarədən çəkilmiş şəkilləri var. Ordan baxanda ən uzaqda üfüq görünür, üfüqün üstündə isə öz əzəmətiylə Göy durur. Səni dəryaların sonsuz, dibsiz görünməsi aldatmasın. Sonsuz, dibsiz olan Göydü. Amma o da insan qəlbi yanında sonsuz deyil. Ölçüsüz olan başdan-başa müəmmalarla dolu insan qəlbidi. Vaxt gələcək insan kainatı da öyrənəcək. Öz qəlbinin sirrini necə, aça biləcəkmi?! Allah böyükdü! O qədər böyükdü ki, hətta hüdudsuz məkana belә sığmaz. Belə bir yer insan qəlbidir. Allah göylərdə yox, qəlblərdədir. Yetər ki, qəlbinin dərinliklərinə, o sonsuz, dibsiz, sərhədi olmayan məkana baş vurasan…
Məscid minarəsindən aşağı baxanda Ağdam xarabalıqları arasında mənim məktəbim də görünür. Görünür deyəndə, özü yox, indi onun yerində xatirələrimin uçuq divarları qalıb. Buyur, sən də bax! Görürsənmi yaxındakı qaraltını, bir vaxtlar şəhərin simvollarından sayılan “Çay evi” burdaydı, içdiyim çayın buğu, çəkdiyim siqaretlərin tüstüsü çəkilməyib hələ, onun üçüncü mərtəbəsi ucalığında burula-burula durur. Elə bilmə yerində gördüyün onun dəmir-dümürüdü, əsla! Onlar mənim ruhumun sür-sümükləridi. Ermənilər apara bilməyiblər. Apara bilməzdilər!
Aparsaydılar, heç bu axşam ruhumun sümüklərindən sənə məktəb-abidə tikə bilərdimmi?!

On üçüncü esse. Toz adamlar
Vaxt insana, əbədiyyət Allaha bağlı anlayışdı.
Ölüm Vaxtdan Əbədiyyətə keçid tunelidi.
Ölüm Vaxtın qurtaran, Əbədiyyətin başlayan nöqtəsidi.
Nöqtə toz boydadı.
Yer kürəsi bir Toz dənəsindən yaranıb!
Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə çevrildiyi zamanı hesablasın! Səbrinə şükür, Allah!
Tozuna şükür!
***
Sinifdəki yazı lövhəsini silmək üçün qızların evdə tikib gətirdiyi yastıqcaları tolazlamaqdan həm də ona görə sadist zövqü alırsan ki, dəydiyi yerdə ağappaq tabaşir ləkəsi qoyur, hədəfə dəyməsindən doğan sevinc qələbə atəşfəşanlığı təki ətrafa qar lopalarına oxşayan toz dənələri yayır.
Ən çox belə toz riyaziyyat kabinetində olurdu.
Bizə riyaziyyat dərsini Xalidə müəllimə deyirdi. Çox sərt qadınıydı. Sinifdə gülməz, səs salanı bağışlamaz, yaxşı oxuyanı sevər, amma tərifləməzdi. Onun pis oxuyanları görməyə gözü olmasa da, pis oxuyanların gözü hər yerdə onu görürdü. Qorxudan! Hamı onunla sərhəd saxlamağa çalışırdı. Amma uşaq azadlığının sərhədimi var?!
Bir dəfə yoxlama yazırdıq. İlin sonu olduğundan alacağımız qiymət illikdə həlledici olacaqdı. Hamı məzar sükutu içində baş sındırırdı. Xalidə müəllimə demiş, “başı olanlar baş sındırır”, olmayanlarsa gözləyirdilər ki, “başı olanlar” yazsınlar, onlar da xəlvətə salıb köçürsünlər.
Beş-altı nəfər özünə inamla yazırdı. Çoxunun ürək guppultusunu evdə anaları duysa da, sinifdə Xalidə müəllimə eşidəsi deyildi. Bir qrup da vardı ki, aşığını Araz, topuğunu da Kür islatmazdı. Amma hamını birləşdirən bir şey vardı – qorxudan yoğrulmuş sükut…
Qəfil arxa sıradan qopan “Bu nədi ə?” nidasından sinif diksindi, başlara qonan …elm pərisi uçub getdi. Müəllimənin “Nəyə qışqırırsan” sualına İlqarın (indi Moskvada restoran işlədir) cavabı yerli-yataqlı oldu: “Məllim, görmürsən, buna demişəm ki, mənim şəklimi çək, bu da öz şəklini çəkib”. Sən demə, İlqar onun diaqramını çəksin deyə dəftərini yaxşı əl qabiliyyəti olan Müşfiqə veribmiş. O da yoxlama dəftərinə diaqram əvəzinə “nemes” şəkli çəkibmiş. Faşist libasında adam şəkli.
Lövhəyə çıxası oldular. Sinfin ən uzun iki oğlanı.
“Başını aşağı əy görüm!”. Xalidə müəllimə adəti üzrə ayağını bir-bir onların ayağının üstünə qoyub basdı, sanki yerə mıxladı ki, tərpənə bilməsinlər. Şilləsi Müşfiqin onsuz da qara üzündə əl boyda kömür rəngdə ləkə saldı, İlqarın rus sarısı rəngdə sifəti isә sovet bayrağı kimi allandı.
Bu nədi ki, illik qiymətlәri “3” olsun deyə, onlar Xalidə müəlliməyə hələ xeyli dil tökəcəkdilər. Sonra hər şey öz qaydasına düşdü, amma arada İlqar yeni ayama qazandı – “Nemes”.
***
Rus dili müəlliməsi Nərgiz xanım dərd əhlinin sevimlisiydi. Eşqə düşən uşaqları onun kimi duyan yoxuydu. Mənim yerim müəllimin stolu ilə üzbəüz sıradakı birinci partadaydı. Tərslikdən həmişə yanıma dostların qaraladığı qızlar düşürdü.
İlqar sinfimizə təzə gələn qıza (adını yazmıram) dəli kimi aşiq olmuşdu. Qız əlaçı idi, bəlkə də ona görə özündən iki qiymət aşağı oxuyan, yəni gücü zorla “3”ə çatan İlqarı əvvəl-əvvəl bəyənmirdi. İşin ağırlığı isə mənə düşürdü. İlqar bir dost kimi onu tez-tez parta yoldaşıma tərifləməyimi, haqqında xoş söz deməyimi təkid edirdi, bir sözlə, indiki dillə desək, yaxşı imicini yaratmağımı istəyirdi. Canımı boğazıma yığmışdı. Mənimsə sevgi Allahı Amur kimi sehrli oxum yoxuydu ki, İlqarın əvəzindən qızın ürəyini nişan alıb atam…
Bir dəfə “Lenin yolu” qəzetində “Şəfəq”in (indiki “Qarabağ” futbol komandasının sələfi) oyunçularının şəkli dərc olunmuşdu. Aralarında komandanın gənc üzvü kimi İlqar da vardı. Qəzeti mənə verib parta yoldaşıma, sevdiyi qıza göstərməyi xahiş elədi. Mən də dediyi kimi etdim. “Bura bax” deyə qəzeti partaya sərib İlqarın şәklini göstərdim. “Kimdi ki?” “Tanımadın? “Nemes”di də”. “Nemes” sözünə qəfil elə güldü ki, bütün başlar tennis topuna baxırmış kimi bizə çöndü, dediyimə peşman oldum. Sonra İlqara sarı çevrilib elə baxdı, sanki onun “nemes”ə oxşayıb-oxşamadığına rəy verəcəkmiş. Məzlum-məzlum marıtlayan yazıq İlqar qızın ona zillənən gülüş dolu baxışlarını sevgi müjdəsi bilib göydə qapardı. Utanmasaydı…
Sonra yanıma başqa bir qız gələsi oldu. Ona da Yusif aşiq idi. Qızı yaxşı görsün deyə həmişə boğaz çəkirdi, yəni: “bu mən ölüm, bir az qabağa otur…”. Üçüncü cərgədən elə boylanırdı ki, bu həsrətə Nərgiz müəllimənin də ürəyi dözmürdü. Mənimsə bəzən tərsliyim tuturdu. Bir dəfə özümü sərdim partaya, “Hə, di bax!” sözünü elə dedim ki, bütün sinif eşitdi. İlqarın qəzet əhvalatı yalan oldu. Yazıq qız qıpqırmızı qızardı, Yusif də dişi bağırsağını kəsmiş, qovrula-qovrula qaldı.
Hərəkətimin orijinallığından təzəcə zövq alırdım ki, Nərgiz müəllimə kürəyimə bir yumruq vurub sakitcə keçdi. Ağrısı kürəyimin yadındadı. Cəzamı çox gözlətmədi. Bir müddət hər gün dərsə durğuzur, danışdırır, suala tuturdu. Bununla həm məni cəzalandırır, həm də iki sevən arasından qara tikanı, müvəqqəti olsa da, götürürdü. Hər gün dərs danışmağımın səbəbini sonralar bildim. Mərdimazara bu da azmış.
Nərgiz Mahmudova cavan, həvəsli, savadlı, hәssas qәlbli bir müəllimə kimi yadımda qalıb. Hamımız onu sevirdik, onu hirsləndirənə elliklə etiraz edirdik. Arıq, hündür boylu, zərif, qıvrımsaç Nərgiz xanım Əzizbəyov küçəsindəki evlərindən çıxıb, Musəvi küçəsindən keçib, Rəşadgilin (Rəşad Məcid) əvvəl yaşadıqları “dördmərtəbə”nin tinini burulub məktəbə sarı gələndə yerişindən XIX əsr fransız ədəbiyyatının tipik qadın obrazını xatırladırdı.
Lermontovun “Zәmanәmizin qәhrәmanı” (“Qeroy naşeqo vremeni”), Turgenevin “Mumu” kimi əsərləri danışanda məni tez-tez saxlayır, “Razve?” deyə şübhəylə soruşurdu. “Elə danışırsan ki, elə bil “Mumu”nu Turgenev yox, sən yazmısan”.
***
Arxasını gətirə bilmirəm, yazmağa can çəkirəm. Yoxsa sənə hər payız pambıq yığımı mövsümü çəkdiyimiz səfadan yazardım. Axı mәn sәnә hər səhər obaşdan tarlalara, guya pambıq yığmağa getməyimizdən, avtobusda xorla mahnı oxumağımızdan, “Tapan, tap oğrunu” oynamağımızdan, uduzmağın şərti kimi müəllimlərdən birini qəfil öpməyə məcbur olmağımızdan, kolxozçuların pambığını oğurlamağımızdan, axşamlar qayıdanda sürücüləri şirnikləndirib avtobusları ötüşdürməyimizdən danışmadım. Demədim ki, min yay tətili bir pambıq mövsümünü əvəz etməzdi. Ucsuz-bucaqsız ağappaq çöllərdə ən cәsarәtsiz də sevdasını dilə gətirәrdi, bura da bic-bic uşaqlarla dolu sinif otağı deyil ki, ürək aça bilməyəsən.
…Qənirə müəllimə sinif rəhbərimiz olub, həm də ədəbiyyat dərsi deyirdi. Əvvəlki sinif rəhbərimiz isə onun institutu təzə bitirib gələn, bizə Azərbaycan dili dərsi deyən qızı Nərgiz müəllimə idi (bu yerdə ilk müəlliməm Şəfiqə xanımı anmasam, onun unudulmaz təbəssümünü xatırlamasam olmaz). O vaxt 12 yaşım vardı. Gənc müəlliməm Nərgiz Həsənovanın İntibah rəssamlarının çəkdiyi qadınlara bənzəyən çöhrəsi mənim qadın gözəlliyinə açılan duyğularımın təzəcə pöhrələyən yeriydi…
Pambıqlıqda bəzən nahar vaxtı bütün sinif bir yerə toplaşırdı. Hamı gətirdiyini ortaya qoyurdu. Hər kəs matah malını ilk olaraq müəlliməyə verməyə can atırdı. Bir gün pambığa atamın Bakıdan gətirdiyi, Ağdamda hələ çoxlarının tanımadığı feyxoa meyvəsi apardım. Bir neçəsini Qənirə müəlliməyə verdim. Nə qədər desəm də, inandıra bilmədim ki, pambıq qozası deyil, təzə meyvə növüdü. “Feyxoy nədi, pambıq qozasıdı ey bu”. Əlacsız qalıb birini dişləyib göstərdim, sonra da iştahla yedim. Yalnız bundan sonra “pambıq qozaları”nı qəbul elədi. “Kişidən papiros iyi gələr” deyən Qənirə müəllimənin mərd, kişiyana hərəkətlərini az görməmişdik. Elə xatirəmdə dә mərd, həm də baməzə qadın kimi qalıb.
Heç “Faşizm üzərində qələbənin 40 illiyi”nə həsr olunan respublika məktəblilərinin teatr festivalından söz açmadım. Bilirsən partizan dəstəsi komandirinin hәrbi forması necə yaraşırdı mənə? Şəhər, sonra region məktəbləri arasında birinci olduq. Məktəbimiz respublikada ikinci yeri götürdü. O da Yusifin Mikayıl Mirzə sayaq şeir deməsinə görə.
İndi Bakının hər yanında “Çay ev”ləri açılır. Amma bizim üçmərtəbəli “Çay evi”nə çatanı olmaz. Heç ondan da bəhs etmədim! Çayxananın üçüncü mərtəbəsində ucadan danışmazdılar. Bu qaydanı heç kәs qoymamışdı. Amma orada hamı astadan, bəzən lap pıçıltıyla söhbət edirdi. Çünki, bura məscidin minarəsinə çox yaxın idi, azanı lap qulağının dibində oxuyurdular. Bəlkə buna görə buranın sakit aurası vardı… Bəlkə elə bu auraya görə məktəbimizin sevdalanmış oğlanları buranı seçirdilər. Yaxın dosta ürək boşaltmağa burdan gözəl yermi tapılardı…
***
Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (Fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı…
Bayırda külək əsir. Havada toz dənələri oynaşır. Görən haradan, kimdən qopub bu toz dənələri… Hara uçurlar belə… Bəlkə bizdən ayrılıb hesaba gəlməyən zaman sonrası kiməsə Yer olmaq üçün yola çıxırlar?!
…Yer kürəsi bir Toz dənəsindən yaranıb! Xatırlayıram!
Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə çevrildiyi zamanı hesablasın! Səbrinə şükür, Allah!
Tozuna şükür!

On dördüncü esse. Sağ qalan ləpirlər
Məktəbə rayon səviyyəli kommunist Əli İbrahimovun adını daşıyan küçənin tinindən burulub dünya proletariatının banisi Leninin adı verilən küçənin sol tərəfiylə gedirdim. Milis idarəsindən sonra dalana oxşayan, səssiz-küysüz Mirbəşir Qasımov küçəsini keçən kimi soldakı birmərtəbəli binadan çal-çağır səsi gəlirdi.
Pionerlər Evində Murad Rzayevin “Qarabağ bülbülləri” ansamblı məşq edirdi. SSRİ yekəliyində ölkənin, Allah bilir, hansı şəhərindəsə verəcəkləri konsertə hazırlaşırdılar. Moskvada Brejnevin də baxdığı konsertdə möhtəşəm çıxışdan sonra bura gələn uşaqların sayı xeyli artmışdı – oxuyan kim, nağara çalan kim, rəqs eləyən kim…
Mən də gəlirdim. Səs-zad yoxuydu məndə, bir də bura hamı oxumağa gəlmirdi ki, cürbəcür dərnəyi vardı “dom pioner”in, mən də foto dərnəyini seçmişdim. Bir dəftəri fotoqrafiyaya aid nәzәri mәlumatlarla doldursam da, heç şəkil çəkmədim. “Smena” adlı ucuz fotoaparatım evdə qalan qızların cehizi kimi öz qutusunda təptəzə dururdu. Amma o nəzəri biliklər sonralar dadıma çatdı, indi bir sərgilik fotom var.
Sonrakı binada Ağdam Rayon Maarif Şöbəsi yerləşirdi. Bura çatıb səkiyə döşənmiş ağ-qırmızı kvadrat daşların üstüylə addımlayanda “Çapayev” filminin qəhrəmanı sayaq ağ qvardiyaçıları biçirəmmiş kimi ayaqlarımı qırmızı yox, ağ lövhələrə çırpırdım. Maarif binasının pəncərələrindən gələn yazı makinasının çaqqıltısı da pulemyot səsinə fon verirdi. Müdir Qara müəllim qarayanız, kök kişiydi, tez-tez görürdüm – ya “Villis”ə minəndə, ya da düşəndə. Vaxtilə rayon partiya komitəsi bu ikimərtəbəli binada yerləşirmiş. Uşaq vaxtı atam Mircəfər Bağırovu elə burdaca, Qara müəllim kimi maşından düşüb binaya girən yerdə görübmüş. “Eynəkli bir kişi maşından düşüb tələsik binaya girdi”.
Növbəti kəsişən küçə Voroşilov adlansa da, bu sovet marşalını at belində burdan keçən görən olmamışdı. Onu heç sinfimizin Elbrusları da tanımırdı, nə Quliyev (Allah rəhmət eləsin!), nə də Mirturabov, çox da ki, burda yaşayırdılar. Amma Abbas əmi yaşadığı küçənin adını daşıdığı adamı tanıyardı (Tağıyev Abbas 1950-ci ildə, 20 yaşında rəhmətə gedən Roza bibimin əri olub). Çünki uzun illər partiya-təsərrüfat sahəsində işləyib, belə adamlar Voroşilovu tanımamış olmazlar. Ağdam Dram Teatrının sol böyrü, “Lenin yolu” qəzetinin redaksiyası və rayon prokurorluğu binasının qabağından keçən, 28 Aprel küçəsindən başlayan “Voroşilov”un harada qurtardığı yadıma düşmür, trayektoriyasının yarısını xatırlayıram: “28 Aprel”dən yola çıxan “Voroşilov” “Lenin”dən aldığını alıb, “Frunze”dən götürdüyünü götürüb, “Əzizbəyov”dan keçib sonra haracan gedirdi, ta bilmirdim.
Bu bolşevik, kommunist adlarına fikir vermə, buralar nəinki kommunizmdən, sosializmdən dә uzaq yerlər idi.
Öz yolunla yüz metr də gedib sağda bankın binasına, onunla üzbəüz isə Zıbıgilin evinə çatırdın. Məndən üç sinif yuxarı oxuyan bu oğlanı hamı Zıbı çağırdığından elə bilirdim, adı həqiqətən belədi. Bir dəfə salam verib “Zıbı, nətərsən?” soruşanda az qalmışdı məni öldürə. Sən demə, bu adın şəhər uşaqları arasında nəsə pis mənası varmış. O hadisədən sonra ta ona salam vermədim. Elə bütün günü atasının maşınını yuyurdu, ümid eləyirdi ki, atası verəcək sürməyə, amma vermirdi. Düz dә eləyirdi, heç Zıbıya da maşın verərlər?
Növbəti kəsişən küçənin sağında təzə “qostinitsa”, solunda isə Ukan əmigilin (ona niyə Ukan deyirdilər, bilmirəm) məhləsi – Maksim Qorki küçəsiydi. Bu adı məhz bu küçəyə verən sovet məmuru Maksim Qorkinin “Günəşin uşaqları” pyesini oxumuşdumu, Ukan əminin bizim sinifdə oxuyan “Dəli” ləqəbli oğlu Ədaləti görmüşdümü, kamera yamayan, maşın yağı dəyişən neçə-neçə uşağa salam vermişdimi, Qorkinin pyesindəki çilingər Yeqoru “Dəli”nin əmisi oğlu Yeqora bənzətmişdimi? Əgər cavab “Yox!”dusa, onda niyə bir heylə küçəni qoyub Qorkinin adını bura qoymuşdu? Nə biləsən! Bizimlə oxuyan, oxuyan deyəndə dərsə gedib-gələn (Bunun heç nəyə dəxli yoxdu. Əsas odu ki, Dəli yaxşı oğlanıydı və mən onunla dostluq edirdim) Dəli qoy Qorkinin tamaşasına baxsın, bizsә yolumuza davam edək.
Soldakı birmərtəbəli binanın hər pəncərəsindən bir səs gəlirdi: piano, qarmon, tar, kamança, skripka, başqa səslər. 1 saylı Şəhər Musiqi Məktəbiydi, el arasında Laura müəllimənin məktəbi deyirdilər. Mənim skripka, atamın tar təkidi bu sətirlərin müəllifini hər ikisindən qoydu. Görünür, uşağı bəzən məcbur eləmək lazımdı! Elə heyfsilənirəm ki… indiki ağlımla atam məni lap kontrabas sinfinə qoysaydı da, gedərdim.
Qabağa beş addım da at, bağçamıza çatacaqsan! İkimərtəbəli uşaq bağçamız hündür ağaclar əhatəsində bir cənnət guşədi. Burdakı nizam-intizamı, Mina, Brilyant kimi müəllimələri unutmaqmı olar? Taxta peçenye, kisel, südlü kaşa… Burda ən zəhləm gedən şey günortalar adamı zorla yatızdırmaqları idi. Bir dəfə Mina müəllimə dirənmişdi ki, yatmamısan, gözünü yalandan yummusan. O belə dedikcə mən gözümü daha da bərk-bərk sıxırdım. Sən demə, yatmaq görüntüsü yaratmaq üçün gözü möhkəm sıxmaq yox, yavaşca yummaq bəs edirmiş. Belə kələkləri sonralar öyrənəcəkdim… Ən xoşuma gələn isə yolun o üzündəki Lenin bağına oynamağa getməyimiz idi. Əl-ələ tutub cərgəylə yolu keçəndə maşınların dayanıb bizә yol verməsindən xoşhallanırdım.
Bağçanın divarı qurtaran yerdən başlayan Musəvi küçəsi Sarı Təpə məhləsini keçib Qiyaslı kəndinəcən uzanırdı. Bütün günü əlindən kitab düşməyən Əjdərin budkası fotoatelyenin yanında balaca görünürdü. Uşaqlıq şəkillərimin çoxunu burda çəkdiriblər. Elə bir yaşımdakını da. Ağlamağım kəssin deyə fotoqrafın verdiyi konfet də eləcə əlimdədi, hələ də yeməmişəm.
“Kişi iki şey haqqında danışmaz: bir sevgiləri, bir də ağrıları”. Ştirlits rolunun ifaçısı, məşhur rus aktyoru Vyaçeslav Tixonov son müsahibəsində belə demişdi – bunu növbəti cümləyə keçid üçün yazdım. Səbəbini yaza bilməyəcəyim həyəcan dolu unudulmaz anlar yaşadığım bu küçənin başlanğıc nöqtəsində südsatan Lətafət xalanın dükanı adətən səhərlər açıq olurdu. İlk dəfə “smetan” adında ağartını burdan almışdıq. Xıdırlı arvadlarının satdığı qaymağa oxşasa da, ondan deyildi, elə smetan idi. Dolu bədənli Lətafət xalanın mülayim səsi qulağımda, mərhəmətli sifəti gözlərimin önündədi. Güclü olmağı ağır süd bidonlarını rahatca götürüb-qoymağından görünürdü.
***
Lenin küçəsi “dördmərtəbə” deyilən binanın tinində qurtarırdı. Burda yol V hərfi kimi haçalanırdı: solla Ceyran bağı, sağla yan-yana sıralanmış dükanlara sarı gedirdin – hər ikisi məşhur Ağdam bazarına aparırdı. Ümumiyyətlə, adama elə gəlirdi ki, şəhərdə bütün yollar bazara uzanırdı. Ağdam bazarı məbəd deyildi, elə bazar idi, bütün yolların apardığı bazar. Heç bilmirəm yazının bu yerində Tengiz Abuladzenin “Tövbə” (“Pokayaniye”) filmindəki məşhur “Bir yol ki, məbədə aparmır, nəyə gərəkdi?” kәlamı nәdәn yadıma düşdü…
Kaş elə bütün yollar məbədə aparaydı!
…Qışdakı bayramlarda şəhərin “Dijurnu” deyilən növbətçi mağazasında donmuş okean balığı, soyuduculardan təzəcə çıxarılan üzümü almağa növbələr olurdu. Bu mağazanın müdiri Nadir İsmayılov Ağdama sevgisini hələ sonralar, dava başlayanda göstərəcəkdi, varını, yoxunu, üstəlik, sağlamlığını qoymaqla… İstər “Obpit” deyilən idarənin müdiri (İctimai İaşə Birliyi), istərsə də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı kimi…
1993-cü ilin yazında dövlət müşaviri Arif Hacıyevlə Ağdama gəlmişdik. Köməkçisi otağını açıb bizə yer göstərmişdi ki, Nadir müəllim gələnə qədər gözləyək. Stolunun üstündə az qala barmaq qalınlığında toz vardı – icra başçısının qapısı günlərlə açılmırdı, çünki o, otaqda yox, əsgərlərin yanında olurdu. Mənim tanıdığım ağdamlılarda belə bir əminlik var ki, o vaxt başçı dəyişməsəydi və yerli batalyonlar tərk-silah edilib əvəzinə “milli ordu” adında Surət Hüseynova tabe başıpozuq dəstələr yeridilməsəydi, şəhərin işğalı mümkünsüz idi. “Əl borcu verilən” şəhəri 17 ildir qaytara bilmirik. Lənət Şeytana!
…Burdan sıra mağazalar başlayırdı: Elmanın çeklə satılan “vneştorq mallar” mağazası, Bəhlulun qızıl mağazası, güllə atdığımız tir, 3 qəpiyə ağ, 5 qəpiyə rəngli su süzən avtomat budka, İnzibatın “xoztovar” dükanı, Zahidin dərzixanası, Rövşənin mebel mağazası, Samayanın parça mağazası… Sıraya Tələtin 237 saylı apteki son qoyurdu. Tindәn sola burulub bazarın qabağındakı maşın basırığına, siqnal səsinə əhəmiyyət vermədən məktəbə girirdim.
***
Məktəbdən çıxanda tələsmirdim deyə ta Lenin yox, 28 Aprel küçəsiylə qayıdırdım. İki yol arasındakı “Gopanın çayxanası” adlanan yerə “Manıslar bağı” da deyirdilər, şəhərin musiqiçiləri bura yığışırdı, Qədir Rüstəmovdan başqa. Çayxananın o biri yanı “Məhsul” cəmiyyətinin idman zalıydı. Sinfimizin bəzi uşaqları bura güləşə gəlirdilər. Bir dəfə Muxtarov Elşad Belarusdan lap bürünc medal da gətirmişdi, beşinci sinifdə oxuyurdu, səhv eləmirəmsə. Yarışdığı Baranoviç şəhərindən elə ağızdolusu danışırdı ki, deyirdin bəs bütün şəhərin kürəyini yerə vurub gəlib. Bu məktəbin ən məşhur idmançısı Ceyhun Məmmədov oldu. Sonralar yeddi-səkkiz dəfə Avropa çempionu oldu, mən bilən, elə o qədər də dünya çempionu.
…Günaşırı Tağı dayının Lenin bağının girəcəyindəki kitab mağazasına dəyməsəydik, sanki kitablar bizdən küsərdi. Bağın solunda, iki yol arasındakı “Çay evi”nə xüsusi hallarda gəlirdik. Onun birinci mərtəbəsində xəngəl verirdilər. Şuşalılar inciməsin, buranın xəngəli heç Şuşadakı “Qaya” kafesində süzülən xəngəldən geri qalmırdı. Yeri gəlib, qoy yazım! Ağdamlılarla şuşalıların bir-birinə xüsusi münasibəti var: dünyada 1001 bağlantısı olan belə iki şəhər az tapılar. Doğmalıqdandı, nədəndi bilmirəm, qarşılıqlı atmacalardan o qədər məzəli söhbətlər yaranırdı ki, dəftər götürüb yazan gərək. Məsələn, kənddə tut ağacının altında nərd oynayanda dayımın əslən şuşalı olan atamla belə bir zarafatı yadımdadı: “O qədər sərçəni boyayıb bülbül adına qalalılara satmışıq ki”. Bir şuşalıdan da bu zarafatı eşitmişəm: “Ağdamlıya salam verəndən sonra barmaqlarını sana gör, əksik deyil ki”.
“Çay evi”ndə səhərlər südlüaş, günorta “bilinçik” də tapa bilərdin, əgər qalardısa. İkinci, üçüncü mərtəbələr çayxana idi. İkinci mərtəbədə “futbol variantı” yığılırdı deyə səsli-küylü olurdu, amma üçüncü mərtəbə elitar müştərilər üçün idi, yəni çayı mürəbbə, ləbləbi və sair bu sayaq şeylərlə verirdilər. Məşhur alim Xudu Məmmədovun ideya və layihəsi ilə tikilmiş “Çay evi” raykom Sadıq Murtuzayevin şəhərdə bina elədiyi çoxsaylı maraqlı tikililərdən idi, şəhərin simvollarından birinə çevrilmişdi. Onun çay daşından tikdirdiyi bulaqlar şəhərə xüsusi gözəllik verirdi. İşlədiyi dövrdə yerli əhaliyə o qədər doğmalaşmışdı ki, indi də çoxları Sadıq Murtuzayevi ağdamlı bilir.
…Məscidi 1868-ci ildə əvvəl başqa yerdə tikmək istəyiblərmiş. Qazıblar, çoxlu ilan çıxıb. Ağsaqqallar seçib, indiki yeri məsləhət biliblər. Sovetin vaxtında regionun işləyən tәk məscidiydi. Uşaq vaxtı məhərrəmlikdə nənəm məni bura gətirirdi. Uşaqları böyüklərin göz yaşı qədər kədərləndirən heç nə yoxdu. Arvadlı-kişili hamı ağlaşırdı, hər yanda qara parçalar qorxunc hisslər doğururdu. Kürəyinə zəncir vuranların iniltisi ürək parçalayırdı. Nənəm nə qədər vacib əməl olmasından danışsa da, həmin günlər bura gəlmək istəmirdim. Məscidi azan səsiylə sonralar sevəcəkdim, Allahı qəlbimdə sonralar duyacaqdım.
…Üçmərtəbəli univermaq Ağdamı bir qədər də şəhərləşdirmişdi. Daha bizdə də Moskva, Bakı kimi hər şeyin bir yerdə satıldığı böyük mağaza vardı. Buranın ən maraqlı şöbəsi oyuncaq satılan yer idi. Bir az da böyüyəndən sonra ona bitişik kafe bizi cəlb elədi. Mövsüm ərzində yığdığımız vur-tut 150-200 kilo pambığın pulunu alan kimi özümüzü verirdik bura, böyük qonaqlıq düzənləyirdik: limonad, tort, çay, kofe, kakao – qatıb-qarışdırırdıq. Özümüzü kinolarda gördüyümüz böyük şəhərlərin uşaqları kimi hiss edirdik.
…Univermağın tinindəki yol gedib mətbəəyə dirənirdi. Elşən Əliyevi (indi “Azərbaycan işıqları” qəzetinin baş redaktorudu), Salman Babayevi axtaranda burda tapırdıq. Üst-başları mətbəə rəngində, yəni qapqara olurdu. Gözləyirdik, işi bitirib, əl-üzlərini yuyurdular, sonra çayxanaya gedirdik, şəhərin yazı-pozu adamlarının söhbətlərinə qulaq asmağa.
…Köhnə mehmanxananın tinindəki mağazaya “Qızıl Mamed”in dükanı deyirdilər. Sonra şəhər meydanı gəlirdi. Axşamlar şəhər əhli bәzәnib-düzәnib çıxırdı gəzintiyə, kimi teatra, kimi kinoya, kimi bulvara. Kimi Nizami küçəsiylə üzü poçta, “Dostluq” kinoteatrına, “Üzümçülər evi”nə sarı, kimi də elə düz keçib, yanğınsöndürmə stansiyası, şahmat məktəbini ötüb son dəbdə tikilmiş ikimərtəbəli restorana gəlirdi. Buranı Allahverdi Bağırov işlədirdi. Adamlar birinci mərtəbədə Gorus pivəsi içir, Bakı sosiskası yeyirdi. İkinci mərtəbənin stol-stulu, boşqab-nəlbəkisi, pərdə-tülü buranın ciddi yer olmasından xəbər verirdi. Ağdamın işgüzar adamları başqa yerlərdən gələn hörmətli qonaqlarını bura gətirirdilər. O vaxt danışırdılar ki, Allahverdi ağdamlılar haqda nalayiq danışan milis rəisinin müavinini (adaşı imiş) çağırtdırıb elə burdaca mitilini atıbmış, qələtini başa salıb buraxıbmış. Dava başlayanda rəhmətlik buranı əsgər yeməkxanasına çöndərmişdi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar.
…Restorandan sonra qonağı olmadığım, tanımadığım adamların evləri gəlirdi. Sonrakı ikimərtəbəli sıra evlərdə bizim fizika müəllimimiz Kamal Qaradağlı (məşhur diktor Aydın Qaradağlının əmisi oğluydu) yaşayırdı. Səliqə-sahmanlı geyimi, mədəni davranışıyla Qori seminariyasının müəllimlərini xatırladırdı. Çörəksatan Gülxar xala da burda yaşayırdı. Oğlu Akif Rüstəmov sonralar jurnalistika fakültəsində mənə dərs deyəcəkdi.
…Şuşa dayanacağına çatmadan, Yolçunun ərzaq dükanına dəymədən yolun ortasındakı dairədən sağa burulub küçəmizə girirəm. Köhnə hamamın açıq pəncərəsindən bayıra axan hamam qoxusu burnuma dəyir. Qarşımdan “uçilişa”nın qızları keçir, ta saçımı qarışdırmır, üzümə gülmürlər. Böyümüşəm. Balaca uşaqlar milis küçəsində futbola bir azdan başlayacaqlar. Sima xalanın oğlanları Rəşad, Aqşin gir atıb-tutur, əzələ bərkidirlər. Göz həkimi Cəfər çəpər qonşumuz Elza müəllimənin qızı Elladayla evlənib. Yaşıl “Jiquli”sini ərklə yanpörtü saxlayıb. Təzə yeznədi, başqası belə maşın saxlaya bilməzdi.
…Göy üzünün qapısından keçirəmmiş kimi səma rəngli darvazanı açıb həyətimizə girirəm!
***
İndi nə o küçələr, nə o tinlər var… Yollar da yoxdu, yoldakı izlər də… İndi bu yolları alaq otları, qanqal, tikanlı kollar tutub. Hər səhər bu kolların yarpaqları şəhərin xarabalıqlarını dolaşan kabusun nəfəsiylə titrəşir…
İndi nə o küçələr, nə o tinlər var… Yollar da yoxdu, yoldakı izlər də… Tək mənim izlərim durur… Mənim körpə izlərimi – yaddaş ləpirlərimi dünyanın heç bir gücü silə bilməz, ölümdən savayı.
Özün ki, şahid oldun! Səni bu ləpirlərlə gəzdirmədimmi?

On beşinci esse. Xəyal memarı
Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram. Bitməyən müharibə yoxdu, bu dava da bitəcək. Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər. Şəhər yeni sevgi dastanı yaşayacaq…
Heç bilirsənmi, Ağdamı xəyallarımda neçә dәfә tikmişəm?! Uşaq vaxtı qonşu Şahinlə həyətimizdəki qum təpəciyində şəhər salırdıq – yolları, tunelləri, evləri olan şəhər. Hər dəfə də dağıdıb әvvәlkindәn daha yaxşısını tikirdik. Bax o qumluqdakı kimi hər gecə dünənki şəhəri dağıdıb yenisini tikirəm.
***
Mənimlə Ağdamı tikməyə gedərsənmi? Gedərsən, bilirəm! İnanıram sənə, səninlə canbir qəlb olmadımmı bu 15 yazımda – əsir yurda 15 səfərimdə…
Birinci nədən başlayarıq? Şəhərin bərpası komissiyasını yaratmaqdan. Sonra bu komissiya üzvlərini müharibədən sonra yerlə-yeksan olan Varşavanın necə tikildiyini öyrənsinlər deyə Polşaya göndərərik. Varşava foto, video arxivlər, adamların yaddaşıyla yenidən əvvəlki görkəmində tikilib, binaların rənginə qədər bərpa ediblər. Yaxşı təcrübədir, öyrənərik.
Yadıma ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Ağdamın işğalının 15-ci ildönümü ilə bağlı “Hesabat Mirşahinlə” verilişində söylədikləri düşür: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyak əsilliyəm. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsindən sonra Varşavanın düşdüyü günü xatırlatdı”.
Başqa təcrübələr də var, baxarıq.
Bәrpa işlәrini şəhər məscidindәn, İmarət, Qarahacılı qəbiristanlığından başlarıq. Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir də Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç nə lazım deyil! Savaşla yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə də bəsdi. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq!
***
Xahiş edəcəm bizi küçələrə ad qoyma komissiyasına yazsınlar. Küçələrə ağac adlarını qoyarıq. “28 Aprel” olar Palıd prospekti, əvvəlindən axırınadək palıd əkirik. Kommunist küçəsini Küknar edərik. “Süleyman Sani Axundov” olar Vələs, “Əzizbəyov” Şam, “Voroşilov” Gilas, “Maksim Qorki” Alma, “Lenin”in əvvəlki çinarlarını bir də əkərik, olar Çinar küçəsi. “Budaqov”u Heyva, “İslam Hacıyev”i Söyüd adlarına dəyişərik. Şuşa dayanacağındakı məşhur armuddan o yana armud əkərik, Armud küçəsi deyərik. “26 Bakı Komissarı”nın sağ-solunda şabalıd əkərik, çiçəkləyəndə bilirsən nə gözəl görünür? Kiyevdə görmüşəm, onlar “kaştan” deyirlər şabalıda, şəhərin simvoludu.
Mənim “Əli İbrahimov” küçəm Gilənar adlanacaq. Heç gilənarı küçə boyu çiçəkləyən görmüsən? Bəs al-qırmızı gilənarlı yüzlərlə ağacı necə? Küçəmiz çiçəkləyəndə gələrsən bizə! Bir də gilənar yetişəndə gəl, yığım sənə də verim…
İmarətdə Lerikdən gətirdiyimiz Dəmirağac əkib oranı qoruq edərik. Göygöldən Eldar şamı gətirib Lenin bağının yerində yeni bağ salarıq. Qozlu bağa qoz ağaclarını Ordubaddan, Zaqataladan, Fındıq küçəsinin fındığını Qəbələdən, Narın narını Göyçaydan, Almanın almasını Qubadan, qovağı, vələsi İsmayıllıdan, ənciri Abşeron kəndlərindən göndərəcəklər dostlar. “Məşədi Abbas” küçəsinə akasiya əkərik, özü də Lənkərandan gətirərik, çiçəkləyəndə hər yan Lənkəran akasiyasının ağ-çəhrayı rəngini alar. Xaricə gedən biznesmenlərə deyərik oralardan da yaxşı ağac tingləri alıb gətirərlər, yeni-yeni küçələr salarıq. Bitəcək, narahat olma, burda hər ağac bitir!
***
Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhlədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar.
Aeroportu tez tikmək lazımdır. Əvvəllər adına “alverçi”, “zavmaq”, “tovaraved” dediyimiz neçə-neçə biznesmenimiz Dubaya, İstanbula, Moskvaya, Şanxaya birbaşa uçacaq. Yanındakı “Xəlilin stalovası”na mütləq әl gәzdirmәk lazımdı. Gələn turistlər Xəlilin tabakasını yeməmiş getməsinlər.
Çaxır strateji məhsuldu, zavodları təcili bәrpa edәrik. “Ağdam” çaxırını ta rus “ağdamşik”ləri yox, fransız xanımları üçün istehsal edərik, konyakı da ingilis lordlarına satarıq. Limonadı müsəlman ölkələrinə ixrac edərik, onlara spirtli içki olmaz.
Şellidə nar zavodu açarıq. Göyçaylılara göstərərik nar necə olur.
Ta pambıq əkmərik, əvəzində taxıl becərərik. Mərzilidən üzü Haramı düzünə elə bir taxıl zəmisi salarıq ki, sorağı Qazaxıstana çatsın, təcrübəmizi öyrənməyə gəlsinlər. Amma Mərzilidəki üzərlik təpələrinə toxunmarıq, qalar.
…Uşaq vaxtı Mərziliyə qonaq gəlmişdik. Bir kömbə çörək götürüb nənəmlə üzərlik yığmağa çıxmışdıq. Nənəm üzərliyi qoparıb yerinə çörək qoyurdu. Deyirdi ki, üzərliyin yerini boş qoymazlar.
Bax həmin yerləri saxlayarıq, üzərlik olan yerə başqa şey əkməzlər…
***
…İmarətdəki stadionun tikintisini yubatmaq olmaz. “Qarabağ” öz meydanında oynamalıdı. Gələnilki Avropa kuboklarınadək hazır olmalıdı. Qonaqları öz aeroportumuzda gül-çiçəklə qarşılayarıq. Oyundan sonra apararıq Şuşaya, gəzdirərik, Cıdır düzündə şəkil çəkdirərlər, yedirdib, içirdib yola salarıq.
…Kəhrizlərin bərpasını başı çıxana tapşırmaq lazımdı. Naşı adama etibar etmək olmaz. Şəhərə suyu yenə Qara Qayadan çəkәrik, əvvəlki kimi.
…Memarlardan xahiş edərik çoxlu ev layihəsi cızsınlar, seçim bol olsun. Evlər qəşəng olmalıdı, hər kəs öz zövqünə uyğun layihəni seçər. Hər kəsin evi memarlıq ənənələrinə uyğun tikilsin, burda özfəaliyyətə yer yoxdu. Amma evlərin hamısının damını ağ dəmirdən vurdurarıq ki, bir rəngdə olsun. Yuxarıdan ağ damlı Ağdama baxan Allahın da üzünü ağ edək!
…“Çay evi”ni əvvəlki görkəmində tikərik. Çertyojları tapmasaq, Sadıq Murtuzayevdən alarıq, onda qalmış olar. Nә tәhәr idisә, elə dә tikərik, ancaq əvvəlki yerində yox. Məsciddən bir az aralı.
…Məscidi yaxşı təmir edərik. Ustaları İstanbuldan, Səmərqənddən gətirərik. Məsciddə azanı yenə Hafiz oxuyar.
…Çörək Muzeyinə qaçqınlıq illərinin yadigarı olan çörəkləri eksponat kimi düzərik. Ərəblərin, almanların, türklərin göndərdiyi yardım unlarını qalın şüşə altında nümayiş etdirərik. Gələcək balalar, nəvələr, nəticələr elin dar gününü unutmasınlar…
…Xalça fabrikini ən son texnika ilə təchiz edib, Qarabağ gəbələrinin kütləvi istehsalına başlarıq. Abı xala, Xuraman, Bəhruz, Hüseynov Vaqif kimi “tovaraved”lərimizin təcrübəsi böyükdü. Adına “Qorpo” deyilən Ağdam Şəhər Pərakəndə Ticarət Birliyinin sədri olmuş Müseyib Məcidov yeni biznesmenləri toplayar başına, dünyanın dörd bir tərəfində erməni, İran xalıları deyə satılan gəbələrimizin adını qaytarmaq üçün ixracı sürətləndirərlər.
…“Konzavod”a strateji obyekt kimi baxmaq lazımdı. Qarabağ atının şöhrətini qaytarmalıyıq. Növbəti olimpiadaya öz atımızla gedərik. Neçə milyonasa kənardan at almaq ayıbdı. Bir azdan özümüz başlarıq ora-bura at satmağa. Minsk qrupu ölkələri prezidentlərinin hərəsinə bir at bağışlayarıq. Yazıqlar bu illər ərzində əldən-ayaqdan getdilər.
…“Natəvan” qızlar bayramını, “Xarı bülbül” festivalını bərpa etdirərik. Polad Bülbüloğluna deyərik gəlib təşkil eləsin. Ta Moskvada işlədiyi bəsdi. German da ona kömək eləyər.
…Dostlar turist firmaları açar. Gələn qonaqlara Şahbulaqda Koroğlu qalasını, Ağdamın kurqanlarını, Füzulidə Azıx mağarasını, Əsgəran qalasını, Vəngdə Qandzasar, Kəlbəcərdə Dastagir Alban kilsələrini, Şuşa qalası, Turşsu, Qırxqız yaylası, min-min bulaq, daha nə bilim nələri göstərərik. Dünyanın hər yerindən şәhәrimizә turistlәr axışar.
…Şuşa, Kəlbəcər, Gülablı sanatoriyalarında adam əlindən tərpənmək olmaz. Buraları ruhların dincələn, azad olan yerinə çevirərik.
***
Sən də gələrsən!
Gözləyəcəm Səni! Bu yazılarımla sənə çox acılar yaşatdım!
Bir az dincələrsən…
Bilirsən, bura daha ruhlar şəhəri deyil. Burdakı ruhlar ilahi bir əfsunla öz bədənlərinə döndü. Xatırlayırsanmı, yazmışdım: “Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq…” Allah onları yanmış ruhların külündən yoğurdu, ağızlarına nəfəs üfürdü…
Həyətimizdəki kötükdən pöhrələyən cavan tut ağacının yarpaqlarını daha kabus nəfəsi əsdirmir…
Oğlumdu, tut çırpır, şipşirin…
Yuxu kimi şirin tut…
Fevral – May, 2010

Salam. Afaq Quluyevadır. Tələbə yoldaşın. Yazdıqlarını oxudum – bəzəksiz, düzəksiz, olduğu kimi. Təşəkkürlər