İçimizin Çöl qalası

fexri-col-qala

İçimizin Çöl qalası

Vahid Qazinin “Çöl Qala” kitabını – povestini oxudum. Bu, Vahid bəyin oxuduğum ikinci kitabıdır. “Ruhlar şəhəri”ni Berlin-İstanbul reysində birnəfəsə, bəlkə də “birqanada” göydə oxumuşdum. İstanbula endiyimdə səhər erkənin qaranlığında beynimdə Vahidin dilindən Qarabağ söhbətləriydi.

“Ruhlar şəhəri”ni oxuyanda xəyali Qarabağa səfər edirsən. Çalışırsan “rayonda” işlərini sahmana salıb axşama, hava qaralmamış ”kəndə, evə” dönəsən. Onu birnəfəsə içdirən də yaratdığı xəyali səfər ovqatıdır. Yenidən özünə, reallığa qayıtmaq üçün sonluğa varmalısan…

“Çöl Qala” isə birnəfəsə getmədi – qurtum-qurtum içməli, “səfərdə” bir az da qalmalı oldum.

Qarabağı Vahidin dilindən, nəqlindən dinləmək xüsusi bir zövqdür… Onunla Ağdamı küçəbəküçə gəzmək, hətta ətrafda təxminən kimləri görə biləcəyini, kiminlə rastlaşma ehtimalın var, təsəvvür etmək olar.

Ona görə də “Ruhlar şəhəri” mənə su kimi gəlmişdi – Qarabağdan yazıldığı, mənim gördüyüm mənzərənin ədəbi təsviri, oraya bir ruhi səyahət olduğu üçün… Açığı, adına görə mən bu əsərin də mövzusunun Qarabağla bağlı olacağını düşünürdüm.

Çöl-Qala Şuşada məhəllə adıdır.

Əsərdə Şuşa həyatı əsərin motivi xaricində, rəssamın uşaqlıq xatirələri kimi verilir. Şuşanın bəxtəvər günlərindən söhbət açılmır. Şuşa qəhrəmanın xəyalından fraqmentlərlə keçsə də, əsərdə onun tam mənzərəsi elə qəhrəmanın öz taleyi fonunda yaradılıb.

Əsər virtual aləmdə baş tutan sevgi münasibətindən bəhs edir. Bu, virtual münasibətə dair bizim ədəbiyyatda olan deyəsən ikinci yazı nümunəsidir. Yaxud da mənə tanış olan ikinci ədəbi nümunədir. Murad Köhnəqalanın da hissə-hissə çap olunan bu janrda (yaxud səpkidə) bir romanı vardı.

Bu aləm (virtual) insanın yeni, son illər etdiyi kəşfidir, texnoloji tərəqqinin vardığı hələ ki, son nöqtədir. Burada yeni münasibətlər sistemi, davranış əxlaqı, qaydalar, etiketlər, virtuallığın üstünlükləri və çatışmazlıqları – insanın hələ yeni öyrəndiyi tərzdir. İnsanlıq bu dünyaya yeni doğulub, hələ körpəlik, ətrafı öyrənmə mərhələsindədir. Yaxud da belə demək olar; bu dünyanın, aləmin sərhədləri qloballaşır, daha geniş miqyas alır, əhatə dairəsi genişlənir.

“Monitordan sənə dikilən gözlərimə bax!” Belə bir bədii təsvirə 10 il öncəyədək yazılmış ədəbiyyatda rast gəlinməz. “Monitordan dikilən gözlər”? Əvvəllər bədii təsvir kimi pəncərədən, eyvandan, güzgüdən, örtük altından.., dikilən gözlərdən söhbət açılardı. İndi texnologiyanın təqdim etdiyi yeni “pəncərə” – “Billin pəncərəsi”, subliminal “Vindovs” (pəncərə) tandemi var.

Uzaqdan nəql edilən, minlərlə kilometrdən ötürülən, hiss olunan, yaşanan duyğular var. Min kilometrdən də göz-gözə baxmaq mümkündür artıq. Məsafə qısalıb, məkan və zaman fərqliliyi artıq əhəmiyyətini itirib. Bir dünya, aləm yaranmaqda və genişlənməkdədir ki, orada kimin harada, hansı zamanda olması önəmli deyil. İndi dayanıb göz-gözə baxmaq üçün məkan fərqliliyi əngəl deyil.

Yeni ədəbiyyat getdikcə bu münasibətlərə daha geniş yer verəcək, ədəbiyyat yeni dünyanın epitetlərini, bədii təsvir üsullarını işləməlidir. Dünyanın gələcəyi sanallaşmağa, virtuallaşmağa üz tutur, ədəbiyyat da bu prosesin dışında qala bilməz. Hələ yeni yaranmaqda olan virtual aləmin şərtlərini, reallıqlarını ədəbiyyata daşımaq yaradıcıdan xüsusi hazırlıq, ədəbi təxəyyül, yaradıcılıq ruhu tələb edir. Vahid Qazinin ilklərdən olaraq bu işin öhdəsindən gələ bildiyi qənaətindəyəm.

“Çöl-Qala” mənə povestdən daha çox irihəcmli, böyük novella təsiri bağışladı. Ən azı nəql olunan hadisənin ağıla gəlməyən, gözlənilməz, bir az da qıymaz sonluqla bitməsi əsərə bir novella ruhu qazandırır.

Təsadüfən “Çöl Qala”nın ardından Əlif Şəfəqin “Eşq” romanını oxudum. Çağdaş türk ədəbiyyatından bir nümunə oxumaq istəyimi, ancaq türk ədəbi dilində (Anadolu türkcəsində) sorunum olduğunu türkiyəli dostlardan birinə bildirdim və kimdən, nədən başlamaqla bağlı məsləhət aldım. Mənə “Eşq” romanını məsləhət bildi və Türkiyədən bu kitabı mənə hədiyyə gətirdi. Sırf təsadüfən, heç bir önplanlama olmadan. Bənzər mövzu və süjetdə yazılmış iki fərqli roman… (həcm və ədəbi-tənqidi müqayisəsinə varmadan).

Əlif Şəfəqin Əzizi Ellayla görüşür. Yaxud da belə deyək; müəllif qəhrəmanlarını görüşdürür, bu zəhmətə qatlanır, onları nakam, oxucunu nigaran buraxmır, “qıymazlıq” etmir. “Çöl qala”nın qəhrəmanları isə görüşmürlər, müəllif onları görüşdürmür.

Hüqo gənclərin yataq otağını yazıçı üçün tabu elan edirdi, oraya çatdıqda “qapı ağzında” qələmdən əl götürürdü. Bəlkə də müəllif onları görüşdürsə, yaranacaq zəruri səhnənin təsviri məsuliyyətini üzərinə götürmək istəmir, Hüqonun “həya” tabusuna əməl edir, o sonluğu ehtimal olaraq oxucunun fantaziyasına buraxır.

Əsərin ana xəttini ümidsizləşmiş, can atdığı arzunun bir addımlığında ondan əli üzülmüş şəxsin nakam duyğusu, təəssüfü təşkil edir. Burada müəllifin öz hiss və həyəcanı, təmsil etdiyi toplumun qarşılaşdığı aqibət rol oynamamış deyil; ”Adamın ən dəhşətli halı özünü sınmış, alçaldılmış, çarəsiz duyduğu haldır” (s.131), ”Ümidsiz adam vəhşiləşir. Ümidi kəsilən cəmiyyət də həmçinin…” (s.98).

Bunlar əsərin adındakı məkanı görməyə üçüncü onillikdir həsrət qalmış, ümidi tükənməkdə olan milyonların demək istədiyinin ümumiləşdirilmiş ifadələridir. Bu, elə həm də müəllifin öz duyğuları, qəhrəmanın diliylə ifadə olunan, Qarabağsız, Şuşasız Vahid Qazinin ürək ağrılarıdır.

Fəxrəddin Hacıbəyli

Berlin, Almaniya

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma