Azadlıq adasına səyahət

“Ölkələr və şəhərlər” silsiləsindən

Qırmızı ada

Jurnalist Vahid Qazi Kuba səfərindən şəkillərlə danışır

Kubaya ikimiz getmişdik. Sovet tarix dərsliklərindən xəbərsiz cavan tərcüməçi dostum Emin Hüseynov, bir də gözünü açıb ölkəni «Azadlıq adası» kimi tanıyan sovet adamı, mən, Vahid Qazi. Emin çox şeyə təəccübləndi – kommunizmi birinci dəfə görürdü. Mən haçansa bu «xoşbəxtliyi» dadmış sovet xalqının övladı kimi o qədər də heyrətlənmədim.

Sovet xalqı demişkən, bizimlə hər şey aydındır: hara getmək istəyirdik və hara gedib çıxdıq. Bəs hələ də «kommunizm günəşinin parladığı» Kuba hara gedir? Eminlə fotokameranın yaddaşına köçürdüyümüz şəkillər bələdçimiz olacaq.

1

Kubanın əhalisi 11 milyondur. Millət müxtəlif irqlərin və mədəniyyətlərin qarışığından yaranıb – qara dərili afrikalı, ispandilli avropalı və artıq yoxa çıxmış aborigen xalqlar… Bura təzadlar ölkəsidir. 2 milyonluq paytaxt Havana 3 şərti rayona bölünüb: yoxsullar məhəlləsi, qədim hissə, bir də diplomatik missiyalar və yerli dövlət orqanlarının yerləşdiyi kvartal.

Ümumiyyətlə, Kubada qeyri-rəsmi bölgü üzrə bir-birindən ayrı yaşayan iki cəmiyyət var – yerli əhali və turistlər. Dövlət bütün gücüylə bu “cəmiyyətlərin” təmas qurmamısına çalışır. Onlar üçün hər şey ayrıdır. Ölkədə 2 rəsmi valyuta var: biri turistlər üçün – təzə, konvertə olunan, digəri yerli vətəndaşlar üçün – konvertə olunmayan. Turistlər üçün yaradılmış şərait – rahat taksilər, avtobuslar, otellər, bar və restoranlar, çimərliklər, 12 saat işləyən internet, bütün dünyanın telekanalları, açıq mobil və beynəlxalq telefon danışıqları – yerli əhali üçün əlçatmazdır. Söhbət sadəcə kasıbçılıqdan getmir – diktatura rejimi vətəndaşlarını dünyadan “qoruyur”. Sovet İttifaqında olduğu kimi…

2

Çe Gevara Latın Amerikasının az qala nağıl qəhrəmanı, əfsanəyə dönmüş mübarizə simvoludur. “Hər yerdə azadlıq uğrunda mübarizə aparan xalqların önündə gedən” Çe xüsusilə gənclərin sevimli qəhrəmanıdır. Kommunistlər nə qədər baş kəsəni kütlələrə sevdirə biliblər…  “Mənim kimi düşünməyən mənim dostum ola bilməz” deyən bu macəra axtaran inqilabçı bolşeviklərin və onların mübarizə metodununun heyranı idi. Leninə olan sevgisini oğluna Vladimir adı verməklə bildirmişdi. Xobbisi “onun kimi düşünməyən” adamları dizi üstə oturdub boynunun arxasından güllələmək olub. Kuba gəncliyi bunu hələ sonralar biləcək.

3

Bura Havana Universitetidir. 1793-cü ildə yaradılıb. İnanılmaz səslənir, amma belədir: 55 fakültəsi var. Kubada təhsil məcburidir. Təhsildən yayınma qanunla təqib olunur. Məktəbə getməyən şagirdlərin valideynləri 4 ilədək həbs oluna bilər. Bir sözlə, hamı oxumalıdır, amma ixtisas seçmək hüququ dövlətin əlindədir.

4

Gisela (solda) kompüter mütəxəssisidir. Bu sahədə işləmək ona qadağandır. Səbəb sadədir – siyasi məhbusun, xalq düşməninin arvadıdır. İxtisasca fizik olan əri tanınmış dissidentdir. Xarici mətbuatda Kastronu tənqid etdiyi üçün 25 illik həbsə məhkum olunub. Burada 25 illik həbs adi şeydir. Giselanın yaratdığı “Ağ paltarlı qadınlar” hərəkatı bütün dünyaya səs salan aksiyalar keçirməsəydi, ərinə ölüm hökmü çıxarardılar.  “Ağ paltarlı qadınlar” hərəkatı əri, atası, qardaşı siyasi məhbus olan qadınların təşkilatıdır. Bu hərəkatın aksiyalarından sonra ağ paltar geyinmək yasaq olunub. Kuba türməsi dünyanın ən dözülməz şəraiti olan cəza yerlərindən sayılır. Min bir xəstəliyin tüğyan etdiyi, işgəncə və təhqirlərin ölçüsü olmayan bu yerdən salamat çıxmaq hər adama nəsib olmur.

5

Giselle – Giselanın qızı – quşları sevir, onları əzizləyir, yedirdir. Sanki bununla həbsdə olan xəstə atasına qulluq edir. Havana Universitetində oxuyur, təbii ki, istədiyi diplomatiya fakültəsində yox, dövlətin «məsləhət» bildiyi fakültədə. Dissident qızını diplomat olmağa qoymazlar.

6

Giselanın evi həm də ictimai kitabxanadır. O, ölkənin hər yerində fəaliyyət gostərən 137 ictimai kitabxananın koordinatorudur. Bura belə kitabxanaların ən böyüyüdür. İndi 83 kitabxana qalıb. O birilərini hökumət bağlayıb. Siyasi polis vaxtaşırı bu kitabxanaları «lazımsız ədəbiyyatdan» təmizləyir. Hər halda burada dövlət kitabxanalarından fərqli olaraq maraqlı kitablar tapmaq mümkündür.

7

Biz bu ziyalı dissident ailəsini qaldığımız “Havana Libre” otelinə nahara dəvət edirik. Bu otel 1959-cu ilədək “Hilton” adlanıb. Gisela hər gün bu otelin yanından keçib gedir. Amma indiyəcən burda olmayıb. Çünki bura turistlər üçündür. Bizimlə gəldikləri üçün ilk dəfə otelin içini görürlər və hər yana heyranlıqla baxırlar. Onları ən çox heyrətləndirən menyüdəki qiymətlər oldu. Elnur ana-balanın söhbətini qorxurmuş kimi pıçıltıya tərcümə edir: “Heç nə yemək istəmirlər, çünki ən ucuz bir yemək sadə kubalının aylıq qazancı qədərdir”. Biz təkid edirik. Demək olar, dinib-danışmırlar. Hər kəsin – ofisiantdan tutmuş qapıçıyadək – xüsusi xidmət orqanları ilə əməkdaşlığına şübhə yoxdur.

8

Bu, Vaşinqtondakı Kapitoliya binasının bənzəridir. ABŞ-ı xatırladan yeganə yer buradır. Amerika firmalarının inqilaba qədər tikdiyi binaların hamısının adı dəyişdirilib.

9

Bura “ABŞ-ın maraqları sektoru”dur. Səfirlik və ya konsulluq səlahiyyəti yoxdur. Binanın ətrafına bu qara bayraqları Kuba hökuməti taxıb. Onlar bunu belə əsaslandırırlar: “ABŞ dünyada terrorla mübarizə apardığını bəyan edir. ABŞ terrorundan ən çox əziyyət çəkən isə Kubadır”.

10

Burada 50-ci illərin ABŞ və 60-70-ci illərin sovet istehsalı olan avtomobillər əksəriyyət təşkil edir.

11

Yoluxucu xəstəliklərin əsl miqyasını bilən yoxdur. Səhiyyə xidməti pulsuzdur. Amma belə bir xidmət mövcuddurmu? Adi sabun, diş pastası, şampun, yuyucu tozunun tapılmadığı ölkədə səhiyyənin keyfiyyətini özünüz təsəvvür edin.

12

Bu qara dərili gözəlin adını unutmuşam. Havanaya əyalətdən gəlib. Onun bu barda işləməsi qanunla yasaqdır, çünki şəhərdə qeydiyyatı yoxdur. Belə şeyə görə 2 ilədək həbs oluna bilər. Onun gündəlik qazancı bir dollardır. Bayram günlərində iki dollar da qazana bilir. Beş-on dollara turistlərə intim xidmət də göstərməyə hazırdır, təbii ki, işdən, yəni gecə 11-dən sonra. Bu iş üçünsə cəza qat-qat ağırdır. Həyat onu daim risk altında işləməyə vadar edir. “Nə etməliyəm ki, mənim yaşadığım yerdə iş yoxdur, beş nəfərlik ailəmizdə isə təkcə mən işləyirəm. Hər an qorxu içində”.

13

Havananın tarixi hissəsi klassik Avropa memarlıq üslubunda tikilib. Bu tarixi abidələr baxımsızlıq üzündən dağılmaq təhlükəsi altındadır. Yaxşı ki, YUNESKO var. Bəzi binaları bu təşkilatın hesabına təmir edirlər. Hökumət isə öhdəsinə götürdüyü binaları hələ də təmir etməyib.

14

Havananın mərkəzindəki xaraba qalmış bu binanya bir neçə milyon dollar veriləcək zaman hələ qabaqdadır.

15

Havananın yaşayış kvartallarından biri. Bu evlərdə sadə insanlar yaşayır. Ümumiyyətcə, kubalılar çox səmimi və mehribandırlar. Amma onlarla birgə “inqilab keşikçiləri” də yaşayır. Əslində onlar da sadə kubalılardır, amma bir qədər fərqli. Kubada hər məhəllədə “inqilab keşikçiləri” kantoru var. Rəsmi olaraq bu kontor məişət işlərilə məşğuldur. Əsas vəzifəsi isə sakinləri tam nəzarətdə saxlamaq və şübhəli işlər barəsində hökumətə xəbər verməkdir. Qorxu və şübhənin insan mənəviyyatında yaratdığı catlar bizə otuzuncu illərdən tanışdır. Heç kimə bel bağlamaq olmaz, hətta ailə üzvlərinə də.

16

Kubada peyk antenləri qadağandır, bunun üçün də həbs cəzası var. Bəzi hallarda adamlar gizlində belə antenlər quraşdırırlar. Amma təhlükəsizlik orqanları xüsusi cihazlar vasitəsilə onları tez tapa bilir. Bu şəkildəki kimi: tapıblar, xətti kəsiblər.

17

Dövlət Xose Marti medanında xalq atasının 80 illik yubileyinə hazirlaşır. Əslində Fidel Kastronun doğum günü avqustdadır, xəstə olduğuna görə dekabra keçiriblər. Amma heç dekabrda da onu görən olmadı. Şəninə təşkil olunmuş hərbi paradı qardaşı Raul Kastro qəbul etdi.  Kommunizmin nəhəng simalarının portretləri meydanı bəzəyib. Marks, Engels, Lenin, Xose Marti, Çe Gevara və bizim tanımadığımız Latın Amerikasının solçu qəhrəmanları. Meydana ölkənin hər yerindən yüz minlərlə insan gətirilir. Əlində bayraq və şüarlar olan bu insan seli Fideli alqışlamalı, onları “xoşbəxtliyə çıxarmış” inqilabın şəninə “ura” qışqırmalıdırlar. Elnur cavandır, kommunistlərin belə məcburi paradını görməyib: “İnsanları nifrət etdikləri adamı alqışlamağa necə məcbur etmək olar?”

18

Bu gözəl ölkədən ayrılıb göy üzünə qalxırıq. Buludların altında həqiqi azadlığa və xoşbəxtliyə qovuşacaqlarına ümidini itirməyən insanların yaşadığı Kuba adasıdır. Bizdən yuxarıda isə Allahdır.

“Mediaforum”. 13.02.2007

Dərc olundu: Moderator.az

Azadlıq adasına səyahət” üçün bir cavab

  1. Geri bildiriş: “Yol. Səyahət yazıları” | Vahid Qazinin bloqu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma