Milli qəhrəman Fred Asifdən 23 il əvvəl aldığım bu müsahibəni kompüterin illərlə açılmayan qovluqlarında eşələnəndə gözüm biqəfil aldı. Kompüter təzə-təzə çıxan vaxtlar yazmağı öyrənəndə bəzi köhnə qəzet yazılarımı yığıb yaddaşa verirdim ki, qalsın. Bundan əvvəl “Zirzəmidə gecələyən şəhər” yazısını da beləcə təsadüfən tapmışdım.
Fredin dünyaya baxışını qarşılaşdığı haqsızlıqlar, yatdığı həbsxanalar, ağır həyat yaşantıları və bir də oxuduğu kitablar formalaşdırmışdı. Özünəməxsus düşüncəsi, məntiqi onu başqalarından fərqləndirirdi.
Müsahibə həmin dövr olaylarına işıq tutmaq baxımdan da maraqlıdır. Bunlar öz yerində. Mənə qəribə gələnsə hakimiyyətə yönəlik açıq ifadələrin yer aldığı belə bir müsahibənin “Azərbaycan” qəzetində necə getməsiydi. “Tapıntım”a həm də redaktorumuz Mehman Cavadoğlunun dövlət qəzetində yaratdığı azad yaradıcılıq mühitini xoş xatirə kimi mənə xatırlatdığına görə sevindim.
Oxuculara maraqlı gələcəyinə inanaraq, həm də Asifin ruhuna dua edərək, müsahibəni 23 ildən sonra yenidən dərc edirəm.
Vahid Qazi
Fred Asif
“ Mən… əzilənlər arasında olmaq istəyirəm”
Fred Asif (Məhərrəmov) Ağdamda batalyon komandiridir. Beş ildir torpaqlarımızın qorunması uğrunda mübarizə aparır. Kontuziya alıb. Dəfələrlə məhkum olub. Dünya ədəbiyytaından və fəlsəfəsindən məlumatı var. Heç bir siyasi hərəkata qoşulmur, partiyaları qəbul etmir. Əməkdaşımız Fred Asiflə Bakıda, xəstəxanada görüşmüşdür.
– Asif neçə vaxtdır ki, müxtəlif səviyyəli söhbətlərdən, televiziya və qəzetlərdən Ağdamdakı mövcud dəstələr arasında birliyin olmamasından danışırlar. Həmin dəstələr arasında birliyin olmamasının şübhəsiz ki, müəyyən səbəbləri var?
– Bunlar qərəzli söhbətlərdir, süni sürətdə şişirdilib. Bir də belə söhbətlər boş-boşuna yayılmır. Döyüşən dəstələr arasında birliyin olmaması “ideyasından” bəzi qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Səngərdə çiyin-çiyinə döyüşəm oğlanlar həmişə bir olublar. Söhbət Vətən üçün döyüşənlərdən gedir.
Kimlər ki, hansısa siyasətçilərə qulluq edir onlar heç vaxt bir ola bilməzlər. İstər Ağdamda olsun, istər başqa yerlərdə. Deyirlər, Ağdamda birlik yoxdur. Onu bilirəm ki, kimlərsə öz səhvlərini ört basdır etmək üçün bunu süni sürətdə yaradır və təkan verirlər. Mən istəmirəm qarşıdurma yaransın. Ona görə də bir çox faktları demirəm. Hakimiyyət uğrunda “o getsin, bu gəlsin” prinsipi ilə nələrin baş verdiyini yaxşı bilirəm. Amma indi onun vaxtı deyil.
Biz cəbhəçilərlə (rəhmətlik Allahverdinin dəstəsini deyirəm), Yaqubun dəstəsilə bir il əvvəl Xromordu almışıq, neçə dəfə Əsgərana birlikdə girmişik! Mən neçə ay xəstə-xəstə, qızdırmalı halda döyüşə gedəndə, Xalq cəbhəsinin uşaqları əl çəkmirdilər ki, sən getmə, xəstəsən… Əvvələr kim gedib Əmiralların, Kurapatkinin, Muğanlının köməyinə? Ağdam gedib də. Faiq Baxışəliyevlə, Yaqubla, Allahverdiylə mən getmişəm, bu birlik deyil, bəs nədir? Düzdür müəyyən narazılıqlar var. Bütün bunlar isə Bakıdan idarə olunub.
– İndi söz gəzirki güya nəyi isə ört-bastır etmək üçün hansısa qüvvələr çalışırlar heç olmasa bir günlüyə Ağdam ermənilərin əlinə keçsin. Bu şayiədir, yoxsa həqiqət?
– O sözü mən də eşitmişəm. Burada əsaslı bir şey yoxdur. Şuşanı necə verdilər? Mən göndərilən qüvvələri gördüm. Onlar süni şayiələr yayır, vahimə yaradırlar… Qarabağ məsələsini bir aya həll edib qurtarmaq olardı. Uzadıb-uzadıb gətirib bu günə saldılar. Hamısı da siyasi oyunların hesabınadır.
– Sənin heç bir partiyanın, hərəkatın üzvü olmamağın çoxlarına qəribə gəlir.
– Məndən soruşurlar ki, sən niyə bir partiyanın üzvü deyilsən? Niyə bir partiya yaratmırsan? Mən də hirslənib deyirəm ki, nə partiyası yaradım: ilan partiyası, qurbağa partiyası? Heç bir partiyanın üzvü olmaq istəmirəm. Fikirimcə, partiya üzvü olmaq ətrafına adamlar toplayıb, güclü olmağa can atmaq, güclü olub hakimiyyəti almaq, sonra əzib-tapdamaq deməkdir. Mən isə… əzilənlərin arasında olmaq istəyirəm.
Kim düzdür hörmətim onadır. Rəhmətlik Aydın Məmmədovla heç bir tanışlığım yoxuydu. Amma ona hörmət edirdim, çünki düz daışırdı. Indi çox pis vaxtdır. Heç kim heç kimə etibar etmir. İnanmırlar ki, kimsə təmənnasız xalq üçün bir iş görər. Axı mənim nə təmənnam ola bilər. Dörd qardaşım, bacım oğlanları, qohumlarım vuruşur. Elə bir var dövlətim yoxdur ki, onu qoruyam. Ayrı-ayrı yerlərdən gələn uşaqlar mənə qoşulub vuruşurlar.
– Əvvəllər Ağdam mifi vardı. Ermənilər də müəyyən mənada Ağdamdan çəkinirdilər. Sənə elə gəlmir ki, indi həmin mif dağılmaqdadır.
– Mən sənin kimi fikirləşmirəmsə, bu o demək deyil ki, biz düşmənik. Axı, belə deyil. Bax belə şeyləri şişirdib süni düşmənçilik yaradırlar. Ağdama bir belə top, raket düşür, deyirlər ki, camaat qoydu qaçdı. O raketdən başqa yerlərə ataq, görüm onlar qaçmayacaqlar? Onlar bilmirlərki, hər top atəşi adamların hər dəfə ölüb dirilməsi deməkdir? Nə qədər ölüb dirilib bu adamlar. Bu cür söhbətlərin hamısı məqsədlidir. Hələ 20 il əvvəldən başlayıb. Dərinə getmək istəmirəm. Çox şeyin üstünü açmaq lazım deyil. Indi xeyri yoxdur.
– Müharibə qurtarana qalsın?
– Yaxşı olardı ki, müharibə qurtarsın, heç bu söhbətlərin üştünə gəlməyək. Nə vaxtsa bilinəcək.
– Qarabağ məsələsi qalxanda dövlət əhəmiyyətli müdafiə işləri görülmürdü. O vaxt yerli adamlar məcbur olub torpağı özləri qorumağa başladılar. Könüllü dəstələr belə yarandı. Sən də qardaşlarını, qohumlarını, tanıyıb inandığın dostları başına yığdın. Könüllülər arasında ən intizaml dəstə sizinki idi. Bu indi də belədir. Sən bu intizamı “oğru qanunları” ilə yartdın, yoxsa…
– Yox… İnsanlıqla. Mən döyüşçünü başa düşürəm. Döyüşçü də məni. İnanırsan, əgər o oğlanları bezdirib qaçırmasaydılar indi 10 min adam toplaşardı qərargaha. Təqiblər, aldatmalar, siyasi oyunlar hamını təngə gətirib.
1988-ci ildə Əsgərana hücum edəndə Ağdamda xalq özü ayağa qalxmışdı. Sonra min bir iyrənc oyun oynadılar. Bezən bezdi, qorxan qorxdu (Çox sonralar bu mövzuda “Azadlıq qiymətinə foto” adlı yazı yazacaqdım. –V.Q.). Mənim üçün yaxşı, pis var. Qardaşım pis olsa yenə düşmənimdir. Məni nə cəbhə maraqlandırır, nədə, hasısa partiya. Xalqa gün ağlamaq istəyənə hörmət edirəm, vəssalam.
İnam olan yerdə hər şey var. Əvvəllər əməliyyata gedəndə dəstənin yarısından çoxunun silahı olmurdu. Əliyalın gedirdik ki, ölənlərin silahını götürək, təki vuruşaq. İnam, qeyrət olmasa, əliboş düşmən üstünə getmək olmaz. Hər şey təbii, Allahın yaratdığı kimi olmalıdır. İnsanın özünün düşündüyü, yaratdığı, Allahın yaratdığından üstün ola bilməz.
Əziyyət çəkmişəm, həyatı əziyyət çəkməklə dərk etmək olar. Hər yerdə əzilənləri görmüşəm. Mən bayaq nahaq demədimki, əzilənlərlə olmaq istəyirəm. Həyat oradan daha aydın görsənir.
– Sən lap Dostayevskinin qəhrəmanları kimi danışırsan.
– Yox, dediyim odur ki, haqqı, Allahı danmaq olmaz. Tolstoyun “Anna Karenina”sında belə epizod var. Levin ateist olur, axı. Anası onu kilsəyə göndərə bilmir. Arvadı xəstə olanda qatı ateist özündən asılı olmadan ah çəkib “İlahi, özün kömək ol!” deyir. Dediyim odur ki, Allahın verdiyindən artıq ola bilməzsən.
Əvvəllər kitab oxuyandan sonra oradakılar kimi yaşamaq istəyirdim. Oxuduqlarımı bu həyatda görməyəndə məni dəhşət bürüyürdü. Başım nələr çəkdi belə şeylərin üstündə… Sonra dərk etdim ki, insan özündən artıq ola bilməz. Riyakar adam görəndə, siyasətdə, vəzifədən ötrü yalan eşidəndə adamlardan qaçıb tənha qalmaq istəyirəm. Ağlayıram. Nə qədər istəyirsən fikir verməyəsən, olmur, məcbur edib müəyyən axına salmaq istəyirlər. Mənim günahım nədir ki, əlimə silah alıb xəstə vaxtımda vuruşuram. Yəni, vuruşuramsa, demək ki, ayrı məqsədim var? İnana bilmirlər ki, adam təmənnasız iş görə bilər.
– Siyasətdən niyə belə iyrənirsən?
– Siyasətçinin məqsədi olur. Və bu məqsədə çatmaq üçün yalan danışamağa başlayır. Yalan olan yerdə səhv də var. Bir-iki dəfə səhv edir, sonra bütün bu yalanlar, səhvlər adiləşir. Dördüncü dəfə xəcalət çəkirsə, beşinci dəfə həyasızlaşır, sonra da bu səhvlərin altından çıxa bilmir. Əvvəllər birinə desəydin ki, sən yalan danışırsan, qan düşərdi. Amma indi biri binamuscasına yalan danışır. Əllisi də bilə-bilə bu binamusun yalanına əl çalır. Bundan şərəfsiz şey təsəvvür etmirəm.
– Xalq hərəkatındakı şəxsiyyətlərin hansına inanırsan?
– (Duruxur). Əbülfəz bəyə inanmaq istəyirəm. Amma səhvləri ona göstərmək lazımdır. Yüksəkdə duranı ləkə tez götürür. Göydəki ay kimi. Ayın ləkəsi ona görə görsənir ki, o yüksəklikdədir.
Söhbəti yazdı:
Vahid Qazıyev
“Azərbaycan” qəzeti, 7 oktyabr 1992