“Qum dəryasının kapitanları”

rio de janeiro maracana

Çöl Qala

    (Povestdən parça)             

Vahid Qazi

VI Bölüm

Qadının yaşadığı dəhşətdi. Ən doğma iki adamı ona xəyanət edib. Bu, tək xəyanət deyil. O, təhqir olunub. Bilmirəm hansı daha ağırdı – xəyanət olunmaq, ya təhqir edilmək?!  Halına acıyıram. Açığı əvvəl onunla görüşmək, söhbət eləmək istəyirdim. Etiraf edim ki, bir qadın kimi kişi ağlımdan keçən anlar da az olmayıb. Amma bu açıqlamasından sonra bütün bu duyğularım tamam başqa hislərlə əvəz olundu. Onunla təmas üçün güclü iradə, böyük sevgi, heç olmasa onun daşıdığı ağırlıqda kədərin olmalıdır.

Sözün düzün desəm, məni Qadından çox Rəssam maraqlandırır. Hər dəfə onun yazdıqlarını oxuyanda yazışdığı Qadın yox, arvadı gəlir gözümün qabağına. Xanımın qarşısında özümü müqəssir hesab edirəm, elə bil günah işlədən onun əri yox, mənəm. Bu sirri ona deməsəm, günah etmiş olaram. Amma necə deyim? Deyə bilərəmmi? Desəm, ondan da betər günaha batmarammı?

Gic-gic suallarla beynimi yormaq istəmirəm. Onlar sadəcə yazışıblar. Ortada xəyanət adına bir şey yoxdu. Bir də ki, “xəyanət”, “günah” nədi, axı? Bu yazışmalarından sonra, onların yaşadığı bu duyğuların qabağında bu sözlər yenə öz əvvəlki anlamını saxlayırdımı? Bilmirəm!

Görüşdən sonra vəziyyət necə olacaq, hadisələr hara səmt alacaq? Real görüş onları pəjmürdə edəcək, yoxsa daha da yaxınlaşdıracaq? İndi onların həyatını özlərindən xəbərsiz izləyən biri kimi bu suallar hər anıma hakim kəsilib.

İçimdə həm də belə bir şübhə oyanıb – onlar həqiqətənmi görüşmək istəyirlər, yoxsa belə söyləmələri özünüaldatmadı, əslində görüşdən qaçırlar?

 “Qum dəryasının kapitanları”

Rio-de-Janeyroya cümə gecəsi çatdım. Məni “Avenida Atlantica” hotelinə yerləşdirdilər. Sabah sərginin açılışıdı. İki gündü haldan düşənədək gəzirəm. O qədər nəhəng şəhərdi ki, özünü səhrada qum dənəsi sanırsan. Bunu gücsüz insanlar anlamında demirəm. Küçələrdə rastlaşdığın adamlara zəif, gücsüz, ümidsiz demək olmur. Burda hamının üzündə qəribə bir arxayınlıq var, gözləri həyat eşqiylə doludu. Mən bu gözlərdə kədər görmədim. Amma kədərsiz adam olurmu?! Görünür, buranın adamları kədərlərini qəlbin arxa otaqlarında gizlətməyi bacarırlar.

Şəhərin kasıb məhəllələrində yaşayanların da üzü gülür. Xoşbəxtlik varlı olmaqda deyil, bir kəlmə xoş sözün, bir loxma çörəyin, bir udum azad nəfəs almağın bəxtiyarlığını yaşamaqdadı.

Favela deyilən gecəqonduları gəzmək maraqlı olsa da, çox təhlükəlidi. Buralar cəhənnəmin dibidi. Favelaların öz qanunları var. Bura dövlət qanunları ilə yox, kriminal avtoritetlərin əmrləriylə idarə olunur. İç-içə, üst-üstə tikilən daxmalar ələ keçən hər cür materialdan tikilib. Cinayətkarlıq, narkomaniya, antisanitariya, fahişəlik buranın adi halıdı. Deyirlər, buralar polis üçün alınmaz qaladı, dəfələrlə açıq davadan məğlub dönüblər. Amma Sənə deyim ki, burda rəsmə gələsi onlarla insan sifəti gördüm. Favelalar insan üzlərindən ibarət çələngə bənzəyir. Silsilə insan portreti yaratmaq olar. Qapısı ağzında çöməltmə oturub siqar çəkən qarının qırış üzü, pəncərəyə yayxanan yeniyetmə mulat fahişənin bərk və hamar ombasının rəngi, boynumdakı fotoaparata müştəri gözüylə baxan on iki-on üç yaşlı oğlanın bic nəzərləri, körpəsini əmizdirən zənci qadının döşündən axan südün uşağın qara üzündəki bəyaz izi… neçə-neçə belə mənzərə.

Böyük təzaddı – bir tərəfdə dünyanın ən gözəl şəhərlərindən biri, o biri yanda Allahın da üz döndərdiyi səfalət favelaları. Qaldığım hoteldən cəmi beş yüz metr aralıdakı faveladan balaca uşaqların alıcı quş kimi qəfil hücumları qarşısında heç kim duruş gətirə bilməz. Biri çantasını, o biri üstündəki qiymətli əşyasını itirəcək – bir göz qırpımında qapıb qaçacaqlar. Bu favelaların fonunda İsa Məsihin möhtəşəm, dünyanın ən hündür heykəli belə aciz görünür. Qolları yana açılı İsa Məsih buradakı səfil insanları şəhərin varlı, bəxtəvər sakinləriylə birgəmi qoynuna almaq istəyir? Yoxsa gördüklərinə təəccüb edir? İnsanlara sevgi payını bərabərmi bölüb? Bilmirəm! Hər halda çox sarkastik mənzərədi.

Günəş də belədi – işığını, istisini hamıya eyni dərəcədə vermir.

Danışırlar ki, ildə dörd-beş dəfə heykəli ildırım vurur. Çarmıxda əzab çəkən İsanın heykəli də əzab içindədi. Bu nədi? Allahın insanlara min illərdi göndərdiyi xəbərdalığın davamıdımı? Bunda mistik siqnallar axtaranlar da az deyil…

İmkan olduqca yazacam. Hələlik.

***

Bu gün Kapakabana çimərliyinə getdik. Bazar günləri hotelimizlə çimərlik arasındakı yolu bağlayırlar. Bu günlərdə şəhər əhalisi də çimərliyə axışır. Dörd kilometr sahil boyu uzanan çimərlik pəncərəmdən daha izdihamlı görünür. İnsanlar qarışqa yuvasını xatırladır, adama elə gəlir ki, sahildə insan qum dənələrindən çoxdu. Yaman yanmışam, kürəyim qıpqırmızı qızarıb, göynəyir, çox güman, dərisi soyulacaq.

***

Buranın məşhur karnavalı pasxadan qırx gün əvvəl başlayır. Şəhərin kasıb şimal rayonlarındakı samba rəqs məktəbləri hər il yeni tamaşalarla karnavalda iştirak edir. Böyük şənlik olur. “Karnaval” sözü “əlvida ət” demək olsa da, yaxşı qızardılmış əti hər restoran, kafedə verirlər. Dünyanın ən böyük stadionu Marakana da burdadı. Gələn bazar günü futbol olacaq. Gürcü dostum əl çəkmir, deyir bileti dəyiş, qal, futbola gedək. “Rio-de-Janeyroya gələsən, Marakanada futbola baxmayasan, günah olar!” Düz deyir, razıyam onunla. Amma ona necə deyim ki, buranın heç bir gözəlliyi Sənlə keçirəcəyim anı əvəz edə bilməz.

Mənə yazdığın son sözləri elə bil dilinlə demisən, qulağımda səslənir: “Qayıt gəl! Qayıdanda mütləq görüşəcəyik. Son kərə söz verirəm! Sənə sözüm olacaq, YALNIZ SƏNƏ! Mənə çox lazımsan!!! İmza: sənə əl açan qaraçı qız!”

Mən də qayıdanda rəsmini Sənə göstərəcəm. Hələ bitməyən rəsmini. Çoxları belə zənn edəcək. Əvvəl fikirləşirdim ki, rəsmin tamamlanmayıb. Bütün rəsm qaydaları da onu deyir, amma Sən axı bilirsən, mən qaydaları pozmağı sevirəm…

Burada, təzadlarla dolu bu şəhərdə dünyanın yarımçıq yaradıldığını daha aydın dərk edirəm. Tanrı sirlərini bizə tam açmır, insanı həyata tamarzı qoymaq üçün verdiyini yarımçıq verir. Dünyanın bütün xoşbəxtlikləri də beləcə, tam deyil. Bəlkə belə yaxşıdı. Bəlkə də yox! Bilmirəm! Yaradanın düsturunda səhvmi axtaracam?! Amma onu bilirəm ki, insan yaradılmışların ən cavanı, ən sirlisidi. Nə yaşı var ki! Vur-tut iki yüz min il ola, olmaya. Milyonlarla il ömrü olan bitki, heyvan aləmi,… milyard illər öncə yaranmış dağlar, dənizlər insan yanında burnu yerə dəyən qoca qarıdı. Hələ Big Bang[1]-dan törəyən milyon-milyon ulduzlu qalaktikanı demirəm. İnsan sirri tam açılmayıb, onun ömrü hələ qabaqdadı. Tanrının ən böyük möcüzəsi olan insan özünü dərk edəndə sirri faş olacaq.

Portretini görəndə isə onu yarımçıq sanma, tamamlanıb! O, çox mükəmməl çəkilib. Ona mənim gözümlə baxarsan! İndiyədək çəkdiyim ən yaxşı rəsmimi Sənə göstərməyə tələsirəm!

***

Bu axşam sahildəki kafedə əyləşib gəzişən adamlara tamaşa edirdim. Adama elə gəlir, buranın insanları qayğısızdılar. Sanki yerimirlər, havada uçurlar, qar dənələri kimi. Bu səs-küyün içində bir hüzur var. Bunu duyman üçün gərək sənin qəlbində dinclik olsun. Mənsə, heç vaxt özümü havada uçan qar dənəsi kimi yüngül hiss edə bilmirəm. Bu yüngüllüyü yaşamaq üçün mühitin olmalıdı, sakit, mehin belə əsmədiyi havada olmalısan. Bizim isə dörd tərəfimiz burulğandı elə bil. Yaşamaq, ayaqda qalmaq üçün çiynin götürməyən yükü çəkməlisən. Məndən nələr gözləyirdilər! Gözlədiklərini verməyəndə də olurdum dəyərsiz bir varlıq. Rəssamlar birliyinə sədrliyimi mənsiz həll eləmək istəyirdilər, elə bilirdilər ki, sevinəcəm. Hələ məni deputat da seçdirirdilər az qala. Deyirdim, istəmirəm. Belədə də məni axmaq hesab eləyirdilər. Anlamırdılar ki, mənim bu şeylərə marağım, həvəsim yoxdu. Dövlət mükafatları, xarici səfərlər, bəzi sərgilərimin təşkili haqda qərarlardan da sonra xəbər tuturdum. O qədər mənasız, zəhləm gedən adamlara veriblər ki rəsmlərimi, icazəm olmadan, onları itirməyimə hefslənirəm. Filan nazirin arvadına, filan deputata, nə bilim kimə, kimə… Özümü bu mühitdə bədəndə yad cisim kimi hiss eləmişəm. Məni heç vaxt onun atasının ad-sanı, var-dövləti, hakimiyyətdəki statusu maraqlandırmayıb. Bütün bu illər boyu xanımımı onlardan fərqli bilmişəm. Amma sonra yavaş-yavaş hər şey dəyişdi. Ölkədə, cəmiyyətdə qlamur həyata kor bir canatma dalğası başladı. Elə bil adamlar zombiləşdilər. Qarabağ deyənlərin səsi quyu dibinə düşdü. Ölkə atəşfəşanlıqlar diyarına çevrildi. İnsanlar da dəyişdi. Bir gün anladım ki, sən demə xanımım da bu mühitdə rahat yaşaya bilirmiş. Bax onda onun genetik kodunun açıldığını anladım. Məni dəhşətə gətirən odu ki, bu kodun açarlarından biri də mən oldum. Onun bu snob elitanın nümayəndəsi olmasında mən də yardımçı bir alətə çevrildim.

Onu indi də sevirəm. Məni onun əsirinə çevirən tək gözəlliyi yox, azad düçüncəsi, sadəqəlbliyi olub. Ruhuyla məni elə ilk gündən tilsimləyib. Bizi birləşdirən çox dəyərlər var. Amma bəzən düşünürəm, o dəyərlər yenə qalıbmı?

Sonra da Sən gəldin… Amma Sən kimsən? Ümumiyyətlə, “Sən” dediyim adam varmı, mövcuddurmu? Bəzən deyirəm, görüşək, sonra da fikirləşirəm, mən xəyallamı danışıram, xəyallamı görüşmək istəyirəm. Axı Sən yoxsan! Olmayanla necə görüşə bilərəm! Varsansa, Səni Allah yox, mən yaratmışam! Fikir vermə, məni viski danışdırır…

Əzizim, elə istərdim ki, indi yanında olam. Nolardı, məni də aparaydın o alabəzək şəhərə. Ağappaq qumlarla örtərdim üstünü çimərlikdə, qumlu dodaqlarımla öpərdim yanmış kürəyindən. Sonra da qoşulardıq faveladan gələn uşaqlara. Jorj Amadunun “Qum dəryasının kapitanları”nı xatırlayırsanmı? Gündəlik yeyəcəklərini oğurluqla, dilənməklə qazanan bu uşaqların azadlıq eşqi dünyaya ağalıq edən böyüklərdə belə yoxdu. O uşaqlar səni əhatə eləyən o snob elitadan qat-qat insanpərvərdir. Çünki həyat əsl simasını onların yaşantılarında göstərir.

Onlara qoşulub şəhərin küçələrini, çimərlik qumluqlarını azad küləklər kimi dolaşarıq. Sən bandamızın başçısı Pedro olarsan, mən də Dora. Gecələr alarsan məni qucağına, apararsan sahilin ləpədöyəninə. Sən yerdə qumu sayarsan, mənsə göydə ulduzları. Lap utandım yazdığımdan… Topladığımız qum, ulduz kisələrinə öpüşlərimizlə möhür vurarıq. Sonra bizi polis aparar. Sən həbsxanadan qaçarsan, gəlib məni də yetimxanadan çıxararsan. Burdan sonrasını özümüz yazarıq. Kitabdakı kimi ölmək istəmirəm. Məni ölməyə qoymazsan, yaxşımı? Qaçıb dünyanın o başına gedərik, öz dünyamıza köçərik, bizdən başqa heç kimin olmadığı bir dünyaya. Orada sənə pıçıldayacaqlarım var.

Orda ta sənin yazdığın “Allah düsturu”ndan, Big Bang-dan danışmayacağıq. Qoy dinlə elm qırsın bir-birini dünya necə yaranıb deyə. Bizə nə?! O dünya da, bu dünya da onlarındır. Bizsə elmin, ya dinin yaratdığı dünyada yox, sevginin yaratdığı dünyada yaşayacağıq.

Rəsmini isə həvəslə gözləyirəm. Bildiyim odur ki, məni yox, öz təsəvvüründəkini çəkmisən. Sənin təsəvvüründəki özümü görmək istəyirəm. Tez gəl. Bilirəm, adamlar getməkdən çox qayıtmaq barədə düşünürlər. Amma futbola bax, dostun düz deyir, Marakanada futbola baxmaq tarix yazmaq kimidi. İki gün gec gəlməyinə səbrim çatar. Qal, futbola bax. Hələlik. Öpürəm!

Bu gün yolumu qəsdən faveladan saldım. Taksi sürücüsü məni könülsüz apardı ora. Adamlara, illah da uşaqlara baxırdım. Dediyin kitabdakı o uşaqları axtarırdım elə bil. Çoxdan oxumuşam, amma Pedro da yadımdadı, Dora da, hələ desən Axsaq da. Bir yanda onu səfalət girdabından çıxarıb oğul əvəzi qəbul edən varlı ailə, o biri yanda ona ən ağır günündə qucaq açan oğru küçə uşaqlarının səfil ailəsi. Vicdanı əleyhinə qərar vermək sınağı insanın üzləşdiyi ən çətin imtahandı. Elədiyi əmələ görə çəkdiyi vicdan əzabı balaca Axsağı dünyanın ən əzəmətli adamına çevirmişdi gözümdə. Vicdan əzabı işgəncələrin ən ağrılısıdı. Yazıçı qüdrəti budu elə, həyatın dibindəki səfalət sakinlərini belə oxucusuna sevdirə bilir. Hüqo səfillərini sevdirən kimi…

Düz deyirsən, burda Sənlə birlikdə olmaq cənnətdə mələklərin qoynuna girmək kimi olardı. Bizim sevgimizə Dora paxıllıq edər, Pedro da köks ötürərdi. Qumluqların sahibi özümüz olardıq.

Bileti dəyişmək uzun məsələ oldu. Gərək əlavə iki gün də qalaydım. İstəmədim! Dəyməz! Sabah geri dönürəm. Birisi gün səhər Bakıdayam. Axşamı görüşürük. Parisdən zəng vuracam. Öpdüm!

Gəl, əzizim! Xilaskarım kimi gəl! Qapımı aç, çıxar məni bayıra, azad elə! Özümdən azad elə! … Kaş elə indi, bu gecə, bu an yanımda olaydın. Sənə qısılmaq, sənin olmaq istəyirəm!

[1] Böyük Partlayış – kainatın 14 milyard il əvvəl sıx və isti maddədən yaranması haqda nəzəriyyə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma