“İmitasiya müasir Azərbaycanda
həyat normasıdır”
Mənim isə belə qabiliyyətim yox idi.
– Sizi ölkədə ancaq yeni kitabınızı təqdim edəndə görmək olur. Qalan zamanlar Azərbaycandan kənarda yaşadığınızı bilirik. Avropadan Azərbaycan sizə necə görünür?
– Uzaqda olan hər şey adama sirli-maraqlı gəlir. Bunu adamlara da, əşya, yaxud başqa şeylərə də aid eləmək olar. Cismini götürüb çox uzaqlara gedə bilərsən, amma fikrin-zikrin sənlə gəlməyibsə, demək, heç getməmisən, elə ordasan. Vətənə kənardan baxmaq hələ təmas qura bilmədiyin sevdiyin qıza bəslənən duyğular kimidi, əlin çatmasa da bütün ruhunla cazibəsindəsən.
– Azərbaycanda olan dostlarınız, alışdığınız insanlar üçün darıxmırsız?
– Əlbəttə, darıxıram. Dostlar üçün, adamlar üçün darıxıram. Fəxri Uğurlunun “Vətənim adamlar” adlı gözəl bir yazısı vardı. Vətən nədi? Vətən elə adamlardı da. Kəndinizi, şəhərinizi illər boyu gördüyünüz adamlarsız təsəvvür edin. Sadəcə dağ, daş, meşə, dəniz deyil vətən. Vətən oradakı sənə doğma adamlarla vətəndi. Krım-tatar dostum var, danışırdı ki, sovet vaxtı xəlvətcə Krıma gedibmiş. Bilirsiniz, 1944-cü ildə onları sürgün eləmişdilər. 1956-cı ildə başqa xalqlara geri qayıtmağa icazə versələr də, qanun tatarlara şamil edilmədi. Onlar 1988-ci ilədək yurd üzünə həsrət qaldılar, Krıma getmək qadağan idi. Deyirdi ki, evimizdə, məhləmizdə yad adamları gördüm, küçəmizi, şəhərimizi gəzdim. Hər şey mənə yad gəldi. Fəxri də Laçındakı boş kəndlərinə girəndə həmin hisləri yaşamışdı.
Mən də konkret adamlar üçün darıxıram.
– Ordan Azərbaycandakı ədəbi mühit sizə uzaq bir ada kimi görünür, yoxsa facebook və telefon əlaqələri dost dediyiniz yazarları, ümumən ədəbiyyatı sizə yaxınlaşdırıb?
– İnternet son 20 ilin ən böyük möcüzəsidir. O hər uzağı yaxınlaşdırır, əlçazmaz bir şey qoymur qala. Mən də onun imkanlarından yararlanıram. Burda “Toplum” jurnalının üç sayını nəşrə hazırladım. Müəllifləri tapmaq, sifariş vermək, materiallar, şəkillər toplamaq, korrektora, dizaynerə göndərmək, mətbəəyə yollamaq su içmək kimi asan idi. Bir sözlə, jurnalı İsveçin balaca bir kəndində hazırlayıb, Bakıda nəşrə verdim. Dediyim odu ki, könlüm istəyən adama əlim çatır.
– Sizcə, Azərbaycan ədəbiyyatı müasir dövrdə necə təsəvvür yaradır?
– Azərbaycan ədəbiyyatı yeni dövrə qədəm qoyur. Müstəqillik təlatümündən sonra yaranmış durğunluq indi bitən kimi görünür, bir az tərpəniş duyulur. Bunu da edən gənclərdi. Bu gün ədəbi havanı gənc yazarlar yaradır, ədəbi “qımıldanma” var. Keyfiyyət başqa sualın mövzusudu. Yeni yaranan mərhələ ortaya nə qoyacaq, bunu zaman göstərər.
– Sizin ard-arda çap olunan kitablarınız xeyli sayda oxucu marağına səbəb olub. Oxucular sizdən yeni bir kitab gözləsinmi?
– Burda olduğum müddətdə yazdıqlarım bir kitab həcmindədir. Bəlkə, nə vaxtsa, məsələn, şərti adı “Qərib Azərbaycan” olmaqla, bir kitab nəşr etdirərəm. Amma ayrıca bir əsər üzərində işləyirəm, qorxuram roman deyəm, bəlkə, povest həcmində oldu. Onu bir nəfəsə yaza bilmədim. Beş ildi yazıram. Ovqat “çarx”ına bağlıdır, çarxın dişi bir də həmin ovqatın “çuxur”una düşsə bitirəsiyəm.
– Ovqatınız belə gecmi köklənir o əsərə?
– Beş ildə yeddi-səkkiz dəfə köklənə bilmişəm. Bir də qayıda bilsəm, bitirəcəm, bir şey qalmayıb.
– Kitablarınızdan biri indi Milli Kitab Mükafatının onluğunda özünə yer alıb. Ümumiyyətlə, bu müsabiqə və onun fəaliyyətini necə qiymətləndirirsiz?
– İstər bu, istərsə də, başqa ədəbi müsabiqələr ölkənin ədəbi həyatında hadisədi. Məsələn, gözəllik yarışması gözəllər, futbol çempionatı futbolçular üçün nədirsə, ədəbi müsabiqələr də yazarlar üçün odur. Bəyənməyən, ağız büzən, özünü yuxarı tutub yazı təqdim etməyən ola bilər, olsun. Bu heç nəyə təsir etməməlidir. Təəssüf, bizdə belə müsabiqələrin sayı azdı. Yenə keyfiyyət məsələsinə toxunmuram, bu, başqa mövzudu. Amma əsas odur ki, bu haqda kimsə düşünür və qabağa düşüb müsabiqə keçirir. Onlara kömək eləmək, onları həvəsləndirmək lazımdı.
Zaman keçdikcə, təcrübə artdıqca keyfiyyət də yüksələcək. Belə müsabiqələr yazarlar üçün qıcıqlanmadır. Qıcıqlanma da tərpənişə səbəb olur, tərpəniş də bayaq dediyim o durğunluğa son qoyur. MKM Azərbaycan ədəbi mühitində ciddi tərpəniş yaratdı. “Azadlıq” radiosunun, başqalarının müsabiqələri də həmçinin. Diqqət çəkdi, müzakirələrə rəvac verdi. Belə müsabiqələr ədəbiyyat üçün əlavə dopinqdilər. Bizim halımızda isə belə dopinqlərə ehtiyac böyükdür.
– Birinci yerə sahib olmaq kimi bir iddia onluqda yer alan hər kəsdə var…
– Açığı heç 20-liyə, 10-luğa da iddiam yox idi. “Çamayra. Kuba dəftəri” kitabımı müsabiqəyə naşir dostum Vasif Qurbanzadə təqdim edib. Çox sağ olsun! Müsabiqənin ilkin mərhələsində peşəkar ədəbiyyatçı kimi tanıdığım ekspertlər seçib, onluğa salıblar. Müsabiqəyə marağım isə ötən həftə artdı. Kuba səfərlərimi təşkil eləmiş təşkilatın rəhbəriylə ötən həftə Kopenhagendə görüşdüm. Söhbət düşəndə dedi ki, müsabiqənin qalibi olsan, kitabın ingilis və ispancaya tərcümə olunması, ABŞ-da çap edilməsi və Kubada yayılması üçün qrant almaq işi asanlaşar. Açığı bundan sonra bu müsabiqəyə marağım xeyli artdı. ABŞ-da çap olunub, Kubada yayılmaq perspektivi məni şirnikləndirdi.
– Bəs özünüzü birinci görürsünüzsə, sonrakı sıralama necə ola bilər?
– Əlbəttə, hamıya öz yazısı doğma gəlir, balası anasına əziz olan kimi. Amma mən özümü birinci gördüyümü demədim. Belə deməyim düz olmaz, yaxşı səslənməz, çünki başqa kitablardan xəbərsizəm, oxumamışam.
– Necə düşünürsüz, müəyyən bir təcrübəyə sahib yazarla bir gənc yazarın müsabiqədə yanaşı olması doğrudurmu?
– Mən problem görmürəm. Adı kitab, roman, hekayə, şer müsabiqəsidirsə, hər kəs iştiraka buraxılmalıdır. Çünki qiymət yazara yox, yazıya verilir. Bunun əksini düşünmək o olar ki, qadınlar, uşaqlar, yaxud başqa kateqoriyalar üzrə ədəbi müsabiqə keçirilə bilər. Bu nə qədər düz olardı!
– Adətən yazarlar doğma vətəndən uzaqda olanda vətən haqqında daha çox yazırlar. Sizdə bu proses necə gedir?
– Vaxtınız olanda buyurun, gəlin bloquma. Özünüz görün yazı-pozu adamı vətəndən uzaqda özünü necə hiss edir.
– Ölkədən gedişinizin qısa da olsa səbəbini bilmək istərdik.
– Ürəyimcə olan, imitasiya etməyəcəyim iş qalmadı. İstər jurnalistikada, istər siyasətdə, istərsə də, QHT sahəsində. Sadaladıqlarım son 23 ildə məşğul olduğum sahələrdi, ona görə deyirəm. Qalsaydım, əvvəl gördüyüm işləri ən yaxşı halda təkrarlamalıydım, yəni imitasiya etməliydim ki, guya ciddi bir işlə məşğulam. Bu da özünü, başqalarını aldatmaq olardı.
Heç vaxt imitasiya ilə məşğul olmamışam. 1990-cı ildə “Ədalət” qəzetində işləməyə başlayanda təlatümlü mücadilə illəriydi. Onu deyim ki, tələbənin elə bir qəzetdə işləməsi nadir hadisəydi o vaxt üçün. Amma yazmaq istədiyim yazılar dərc olunmurdu, dərc olunası yazıları isə məndən on qat yaxşı yazanlar vardı. Aqil Abbas da bir söz demirdi, məni çox istəyirdi, axırıncı ayları yazı yazmasam da, maaş verirdi. Orda dərc olunmayan bir neçə yazımı Mehman Cavadoğlu “Müxalifət”də dərc elədi. Bir şeyi qeyd edim ki, “imitasiya” qorxusuyla tərk eləmədiyim tək iş yerim “Azərbaycan” qəzeti oldu. 1992-93-cü illərin “Azərbaycan” qəzeti yenicə müstəqillik qazanan bir dövlətin gələcək uğurlarının üfüqlərini xəyalında cızan bir qrup gənc jurnalistin söz meydanı idi.
Sonra prezident aparatında işləyəndə də belə oldu. Yeni hakimiyyətin mənə nə qədər yad olduğunu dərhal duydum. Ağdamın işğal günü özüm çıxıb getdim, iki ay sonra Lalə Şövkət ixtisar əmri yazdı.
Müsavat mənə doğma olan tək ideologiyadır. Özümü mahiyyət etibarı ilə müsavatçı sayıram. Amma partiyada olduğum iki il ərzində duydum ki, siyasət mən bacarası iş deyil. Mərkəzi aparatda, mətbuat xidmətində işlədiyimdən hamını tanıyırdım. Məclisə üzv seçkisində mənə verilən vədlərdən elə ilhamlanmışdım ki, hamıya deyirdim: “Yəqin İsa bəydən sonra ikinci ən çox səsi mən alacağam”. Səsvermədə məlum oldu ki, heç məclisə seçilməmişəm. Anladım ki, məndən siyasətçi çıxmaz. Çıxıb getdim.
15 il QHT sektorunda çalışdım. Gördüyümüz işə elə inanırdım, elə bilirdim, ölkəni Rus Əhmədlik eləməklə düzəldə bilərik. Bu inamım qırılan gün QHT-dən əlim soyudu. Burda fəaliyyəti davam eləmək özümü aldatmaq kimi gəldi mənə. Son illər Qarabağa yönəlik layihələrə həvəsim yarandı. Bir neçə layihə işlədik. Ən yaxşı layihə adını qazandıq. Ölkə daxilində, xaricdə sərgilər keçirdik. Utanmadım, dövlət orqanlarına, xaricdəki səfirliklərimizə, ölkənin ən baş fonduna və onun rəhbərinə məktublar yazdım. Təkliflər verdim. Bunları edəndə Qarabağa yönəlik o qədər saxta işlərin, yalançı fəaliyyətin, pafos görüntülü çıxışların şahidi oldum ki, pis çıxmasın sözüm, iyrəndim.
Bütün bunları ona görə sadaladım ki, sualınıza dolğun cavab verə bilim. İmitasiya müasir Azərbaycanda həyat normasıdır. Mənim isə belə qabiliyyətim yox idi.
– Ölkədən hər nə qədər uzaq olsanız da, nə zamansa yenidən burda yaşamaq üçün dönəcəksiz. Ümumiyyətlə, burda işlə bağlı dəyərləndirməyə çalışdığınız iş təklifləri varmı?
– Yoxdu! İmitasiya xarakterli olmayan istənilən fəaliyyətə hazıram. Belə bir iş təklifi olarsa, günü sabah qəbul edərəm.
Könül Səid
”Gündəlik Teleqraf”
24 may 2013
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu