Söz oyuncağı
Azərbaycanda Söz sözün özündən çox da xəbəri olmayan, onun məsuliyyətini tam anlamayan adamların əlində oyuncağa çevrilib. Əlinə qələm alanların bəzisi bilərəkdən, bəzisi də bilməyərəkdən Sözlə xatalı oyuna girir. Başa düşmürlər ki, dedinsə, yazdınsa, Söz daha sənin deyil, hamınındır – eşidənin, oxuyanındır.
Sözün məsuliyyətini tam anlasaydılar, bilərdilər ki, bu gün cəmiyyət üçün “Ölkəni tərk elədi!” kimi sözlər mətbuatı başına götürən “Özünü asdı!”, “İntihar elədi!” sözləri qədər mənəvi sarsıntıya səbəb olur. Nə baş verir ki, “gəmini tərk edirlər” sualı ilə baş-başa qalan sabaha onsuz da ümidi azalmış insanlarda panik ovqat yaradır, cəmiyyəti depressiyaya sürükləyir. Bunumu istəyirsiniz?
Bunu istəyənlər var! “Çıxıb getsinlər, ölkə bizə qalsın” düşünənlər var – özü də onlar tək hakimiyyət sahibləri deyillər.
Sizdəmi onlarlasınız? Onlarla deyilsinizsə, susun! Bacarığınız varsa, insanlara ümid verin, verə bilmirsinizsə, olan-qalanı da almayın!
Mənə dil atanlara cavaba qaldısa, bir neçə ilimi xaricdə yaşayacam. Bu gün Polşa, sabah İsveçrə, biri gün ABŞ da ola bilər. Səbəbi özümə bağlıdır, kiməsə hesabat vermək öhdəliyim yoxdur. Amma bu, “Azərbaycanı tərk elədi!” pafosundan çox uzaqdır, Azərbaycanda olmağım elə Qarabağda olmağım kimidir. Bilən bilir ki, Qarabağı bir gün də tərk eləmədim!
Əvvəlki siyasi, sonrakı ictimai fəaliyyətimdən, bu gün elədiklərimdən narahat olan doğma adamlara da, sevincək düşən əzəli “dost”lara da deyirəm: mən Azərbaycanı tərk edə bilmərəm! Yoxluq hələ getmək deyil!
Müvəqqəti yoxluğuma azca da olsa işıq tutacaq “Əraf” adlı hekayəni isə yaxın günlərdə oxuyacaqsınız. Qismət olsa…
Vahid QAZİ
17.10.12
Burserid, İsveç

Geri bildiriş: ETİRAZ HAQQI Azadlıq hekayətləri | Vahid Qazinin bloqu