V.Qazi: “İndi dünya özəyini din təşkil edən imperiyalar yığnağı deyil, milli əsaslara söykənən dövlətlər klubudur”.
– Azərbaycandakı dini tolerantlığı tarixi-mədəni proseslərin, yoxsa islam təfəkkürünün nəticəsi kimi qəbul etmək olar?
– Tariximizə inansaq, ən böyük dözümsüzlüyü Babək göstərib, İslama qarşı 20 il vuruşub. İslamın özü də “kafir”lərlə dözümlü davranmayıb. Xüsusilə bizim “kafir” olan dövrlərimizdə, “qılınc müsəlmanı” deyilən vaxtlarda. Amma tariximiz başqa dinlərlə müqayisədə öz dininin fərqli təriqətlərinə qarşı daha dözümsüzlük nümunələri ilə zəngindir. Çox qədimlərə getməyək, səmavi dinlərin regiona gəlişindən başlayaq. Qafqazda xristianlığın xəritəsində ən geniş ərazi Albanlara məxsus olub – indiki Şimalı Azərbaycandan xeyli böyük. İndi onun ərazisi Nij boyda kəndə, özü də tamına yox, onun yarısına sığınıb. Xristianlıq da özündən əvvəlki dini – Zərdüştlüyü sığışdırmışdı. Bir dini sivilizasiya başqa bir dini sivilizasiyaya dözməyib. Xristian Avropası İslama, hətta onun İntibahının kulminasiya dövründə belə (Əndəlus dövləti, Qranada əmirliyi və s. ) dözmədi. Bu hər yerdə belə olub. Bilmirəm, bəlkə belə amansızlığın başqa səbəbləri də var. Bəlkə də bu Allahın bir olmağından qaynaqları, dində təkin bölünməzliyi qəbul olunmur axı.
Bu qədər girişdən sonra da suala birmənalı cavab vermək çətindir. Mənim subyektiv yanaşmam isə cavabı çoğrafi məkanda axtarmağa yönəlib. Bizim coğrafi məkanımız qapalı deyil, açıqdır. “Açıqlıq” bu məkanda yaşayanlara çoxsaylı yenilikləri tez-tez görmək imkanı verib. Karvan yolu kənarında yaşayanla, dağ başında yaşayan adamların yeniliyə münasibəti fərqli olduğu kimi (yeniliyə alışmaq və s.) “açıq məkanda” yaşayan xalqlar da ucqardakılardan yenilik qarşısında daha az heyrətlənəndilər. İkinci nüans isə çoxluğun azlıqdan çəkingən olmamasıdır. Azlıq çoxluğa təhlükə deyil. İslam çoxluğu özünə təhlükə bilmədiyi heç bir başqa dini azlığa dözümsüzlük göstərməyib, əksinə onu qoruyub. Bu gün bizdəki dini zənginlik elə sualda qoyduğunuz hər iki prosesin nəticəsindən qaynaqlanır. Bizdə istər milli, istərsə də dini tolerantlıq tarixi ənənələrə söykənir. Min illərlə burada yaşayan dini azlığımız da var, son illərdə icmalaşan dini azlıqlarımı da – bunlar da Azərbaycanın dini, mənəvi zənginliyidir.
– Missioner fəaliyyətləri Azərbaycanda dini vəziyyətə köklü şəkildə təsir etmək gücündədirmi?
– Köklü təsir… Bu sahədə bizim ən böyük itkimiz 19-cu əsrdə Alban kilsəsinin erməni Qriqoriyan kilsəsinə birləşdirilməsi olub. Bu, erməni kilsəsinin missionerlik fəaliyyətinin ən parlaq qələbəsidir. Hüquqa söykənən güclü dövlət, yaxud bitkin təfəkkürə malik cəmiyyətdə bunun qorxusu yoxdur. Təəssüf ki, o vaxt bizim nə belə bir dövlətimiz, nə də cəmiyyətimiz olub.
Yuxarıda qeyd elədim, Azərbaycanda başqa dinlərlə problem olmayıb. Bu gün Azərbaycan İslam ənənələrinin, xüsusilə son bir neçə yüz ilin ənənələri üzərində qurulmaqda olan modelinə əllər uzanır. Bunu görürük. Onların hardan uzandığı da bəllidir. Bu əllərin qarşısına hüquqa söykənən dövlətin ağıllı siyasəti və təhsilli cəmiyyətlə çıxa bilərik. Savadlı insanları yönləndirmək çətindir, amma cahillə nə istəsən edə bilərsən. Viktor Hüqo yazırdı: “Cahillərə bacardığınızı öyrədin. Onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.” Təhsilimizin səviyyəsindən razı bircə adam göstərin görüm, içi təhsil siyasətimizi yönləndirənlər qarışıq! 5-10 ildən sonra cəmiyyət xaricdə təhsil almış azlıqla, daxildəki savadsız əksəriyyətdən ibarət ola bilər. Bu da qaranlıq cəhalət üçün ən münbit yerdir, demək, həm də missionerlərin rahat işləyəcəyi mühitdir.
– 1990-cı illərdəki və son on illikdəki dini vəziyyəti necə xarakterizə və müqayisə edərdiniz?
– Azərbaycan Avropa ölkəsidir, yaxud, ən azından buna can atır. Türkiyə 40 ildir Avropa Birliyinin kəndarındadır, ən müasir İslam ölkəsi sayılmasına rəğmən. Son illərədək Azərbaycan Avropaya və ümumilikdə ümumbəşəri dəyərlərə ən yaxın olan müsəlman cəmiyyəti olub, bu hələ də belədir. Son iki yüz ildə Rusiya ilə birlikdə olmamız ciddi fəsadlarla yanaşı bizə xeyli tarixi qazanclar da verib. İlk respublika, opera, balet, təyyarə sürən qadın, seçki hüququ olan qadın və s. bizim Rusiya vasitəsilə Avropa təmaslarımızdan qaynaqlanıb. Fikrimcə, bu gün Avropa dəyərlərinə (bu, həm də ümumbəşər dəyərləridir) yaxınlıq baxımdan bizimlə eyni səviyyədə birgə addımlayası ölkə Bosniyadır. Bunu unutmamalıyıq. Dediyiniz tarixi dönəm çərçivəsində bəhs etdiyim tendensiyanın zəiflədiyini gördüyümü təəssüf hissi ilə bildirməyə məcburam. Olanı artırmaq əvəzinə itiririk.
– Olmaz ki, hansısa ölkənin dini modelini tətbiq etməkdənsə, öz milli mədəniyyətimizin üzərində Azərbaycana xas islam modelini quraq? (Kişi-qadın, qadın azadlıqları, ailədaxili münasibətlər və s.)
– Dində vətəndaş yox, insan var. Bəzən çoxlarına mücərrəd görünən insan. Burada milli təfəkkür yerinə sərhədləri başqa dinin sərhədlərinədək uzanan, sərt sərhəd rejimi olan böyük bir məkandakı rəngarəng insan toplumu təklif edilir. Bunu Məmməd Əmin Rəsulzadə daha asan dillə izah edirdi. O deyirdi ki, başqa dinlər kimi İslam da öz tərəfdarları arasında qarşılıqlı əlaqə qurdu. “Amma bu həmrəylik milliyyətçiliyin yox, beynəlmiləlçiliyin təzahürüdür”. Artıq neçə yüz ildir dünyada millətlərin formalaşması prosesi gedir. Avropa artıq çoxdan “xristian birliyi” təfəkküründən uzaqlaşıb. Avropa millətçiliyin ən absurd, ən son həddini belə görüb, sonunda milli əsaslara söykənən dövlətlər birliyinə çevrilməkdədir. İndi dünya özəyini din təşkil edən imperiyalar yığnağı deyil, milli əsaslara söykənən dövlətlər klubudur. Dediyiniz modeli də yalnız bu təməllər, üstəgəl İslamın “insan nəfəsi” toxunmayan ilahi dəyərləri üzərində qura bilərik. Bizim ənənəyə söykənən daha modern, cəlbedici İslam modeli qurmağa imkanımız digər müsəlman ölkələrindən çoxdur.
– Sizcə Azərbaycanda dövlətin apardığı dini siyasət dövrümüzün reallığına cavab verir? Dini vəziyyəti tənzimləyə bilir?
Bütün azadlıqlar bir-birinə bağlıdır və bağlılıq onları yaşadır, gücləndirir. Dini azadlığı insan hüquq və azadlıqlarından kənarda təsəvvür edə bilmirəm. Amma dini siyasətə qatanları da qəbul etmirəm. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi bütün tarix boyu qanlı müharibələrlə müşayiət olunub. İstər xristianların Səlib yürüşləri olsun, istərsə də müsəlmanların kafirlərlə döyüşləri. Din siyasətə qarışanda mahiyyətini, eyni zamanda nüfuzunu itirir, onun ilahiliyinə insan müdaxiləsi baş verir. Odur ki, ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. Belə də, din insanı saflaşdıran, duruldan ilahi bir alət olaraq qalır. Yenə Rəsulzadəni xatırlayıram: “Məscidə girən insan siyasət, partiya, ideyanı unutmalıdır və ancaq Allaha dua etməlidir. Və ümumiyyətlə, ruhanilər siyasətlə, siyasi mübarizə ilə məşğul olmamalıdır, məscid neytral olmalıdır”.
Eyni zamanda siyasətlə məşğul olanlar, bu anlamda onu yönəldənlər də bilməlidir ki, dini azadlıq da digər azadlıq kimi qorunmalıdır. Quranda deyilir ki, hər xalq öz aqibətinə görə məsuliyyəti özü daşıyır. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır. Həzrəti-Peyğəmbərimiz isə buyurub: “Bir əmrdə şübhə olursa, ağlınızla həll edin”. Odur ki, dini siyasət yönəldənlərimiz elə “əmrlər” verməlidirlər ki, şübhəyə yer qalmasın və hər kəs problemi “öz ağlı ilə həll” eləməyə məcbur olmasın.
“Media forum”
26 yanvar 2011
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu