“Müəyyənləşdirək görək, kimin əxlaq tələb etməyə haqqı var?”
Vahid Qazi ictimai əxlaqla bağlı müzakirələrə ehtiyac olduğu qənaətindədir.
Cəmiyyətdə əxlaq məsələsi həmişə diqqət mərkəzindədir. Bu günlərdə bir qrup ziyalı da bu məsələ ilə bağlı müzakirələr keçirib. Müzakirələr zamanı səslənən fikirlər ümumilikdə bir-birindən fərqlənib. Cəmiyyət üçün kifayət qədər maraqlı olan bu mövzu ilə bağlı İnam Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi ilə söhbətləşdik.
– Vahid müəllim, doğrudanmı bu gün cəmiyyətdə əxlaq probleminin ciddi şəkildə müzakirəsinə ehtiyac yaranıb?
– Diqqət yetirsəniz görərsiniz ki, son vaxtlar cəmiyyətdə mənəvi dəyərlərin aşınması həyatımızın əsas mövzularından birinə çevrilib. Mətbuat səhifələrini də izləyəndə görürük ki, günümüzün aparıcı mövzularından biri elə budur. Vaxtı ilə şüurları məşğul edən, gündəmi tutan mövzular da bu gün bu məsələnin fonunda bir qədər arxa plana keçib. Bəziləri bunu vəhşi kapitalizmin ilkin dövrünün ortaya çıxardığı nəticə, təzahür kimi qiymətləndirirlər. Biz bütün bu məsələləri nəzərə alaraq müzakirələr keçirmək qərarına gəldik. Həmin müzakirələrdə çox maraqlı fikirlər səsləndirildi. Biz istəyərdik ki, orada səslənən fikirlər daha geniş auditoriyaya çatsın, müzakirələrə səbəb olsun. Çünki bu bir toplantıda müzakirə olunası məsələ deyil. Sualınıza gəlincə. Onu konkret bir cümlə ilə belə cavablandıra bilərəm ki, bu gün cəmiyyətin ziyalı təbəqəsi üçün əxlaq məsələsi həqiqətən də aktual mövzulardan biridir.
– Sizcə, həyəcan təbili çalmağa ehtiyac varmı?
– Əslində, bu müzakirələrin keçirilməsinin özü elə həyəcan təbilinin çalınması kimi də qiymətləndirilə bilər. Azərbaycanın tanınmış ziyalılarının cəmiyyətdə əxlaq mövzusu ilə bağlı bir-birindən maraqlı fikirləri var. Bəzən ümumi fikrə alternativ olan mövqelərə də rast gəlirik. Məsələn, filosof Niyazi Mehdi bu məsələ ilə bağlı özünəməxsus mövqe ortaya qoyub. Əsas məsələ bundadır ki, səsləndirilən fikirlərin heç biri bir-birini təkzib etmir. Sadəcə olaraq, yanaşmada müəyyən fərqlər var. Alternativ fikir bundan ibarətdir ki, cəmiyyətdə əxlaqın durumu ilə bağlı vəziyyət heç də kritik deyil. Bilirsiniz, müxtəlif siyasi quruluşlarda, situasiyalarda əxlaqa yanaşma müxtəlif cür ola bilər. Burada qorxulu bir şey yoxdur.
Mənim fikrimcə, əxlaqı dəyərlər formalaşdırır. Bizi narahat edən də odur ki, bu gün cəmiyyətimizdə əxlaqı formalaşdıran dəyərlərə hücumlar var. Deqradasiyaya uğrayan həmin dəyərlərdir. Bu isə istər-istəməz cəmiyyətin əxlaqına toxunur. Bu kontekstdə dini əxlaq, adət-ənənələr, mentalitet, milli əxlaq təhlükə altına düşə bilər. Bizim fikrimizcə, bu gün Azərbaycanda milli əxlaq istənilən səviyyədə deyil və bu, gələcəkdə müəyyən fəsadlara gətirib çıxara bilər. Biz istənilən halda ətrafımızdakı milli, dövlət səviyyəli problemlərə əxlaq səviyyəmizə uyğun yanaşırıq. Məsələn, bu gün Dağlıq Qarabağ bizim əlimizdə deyil, düşmən tərəfindən işğal olunub. Biz baxmalıyıq ki, bu fakta hansı əxlaqi dəyərlərlə yanaşırıq. Eyni zamanda, dövlətimizin üzləşdiyi problemlərə necə yanaşmağımız da bu dəyərlərdən asılıdır. Dövlət quruculuğunda, demokratik proseslərdə və xarici siyasətdə məsələlərə hansı əxlaqi prizmadan yanaşmamız müəyyən əhəmiyyətə malikdir. Biz bu kimi məsələlərə yanaşmamızı müəyyən edən dəyərləri hörmətdən salanda əlbəttə ki, cəmiyyətdə əxlaq problemi gündəmə gələcək.
– Bəzilərinin yanaşmasında belə bir fikir keçir ki, cəmiyyətin bütün fərdlərindən yüksək səviyyəli əxlaq tələb etmək düzgün deyil. Bu fikri bölüşürsünüzmü?
– Əlbəttə ki, hamıdan əxlaq tələb etmək doğru yanaşma deyil. Bunu arzulamaq olar, amma tələb etmək heç etik də çıxmır. Bir qədər mübahisəli məsələdir. Onda ortaya belə bir məsələ çıxır ki, başqalarından əxlaq tələb etməyə kimin haqqı var? Təbii ki, bununla da bağlı müəyyən tələblər olmalıdır. Biz əvvəlcə müəyyənləşdirməliyik ki, kimin kimdən əxlaq tələb etməyə haqqı var?
İkincisi də müəyyənləşdirməliyik ki, bu haqqı bizə kim verir. Əlbəttə ki, bütün bunların hamısı qanunlarla tənzimlənməlidir. Bu qanunlar, ölkənin idarə olunmasını təmin edən qaydalar müəyyən əxlaqi dəyərlərə söykənməlidir. Əgər belə olarsa, əxlaqi dəyərlərimizi qorumaq mümkündür. Əks halda, heç kimin əxlaqını ölçmək mümkün deyil. Özü də biz əxlaq dedikdə küçədəki insanın və yaxud da televiziyadakı hər hansı bir şounun iştirakçısının davranışlarını nəzərdə tutmuruq. Söhbət ictimai-siyasi çəkisi olan insanların davranışlarından gedir.
– Bu mövzularla bağlı sizin də qeyd etdiyiniz kimi, uzun müddətdir müzakirələr gedir. Mən diqqət etmişəm, bu müzakirələr zamanı çıxış edənlər daha çox problemləri qabartmağa üstünlük verirlər. Bəs sizcə problemlərin həlli üçün konkret nə edilməlidir? Prioritetlər nələr olmalıdır?
– Cəmiyyətdəki proseslərə təsir edən müəyyən institutlar var. Bugünkü Azərbaycan reallığında bu institutlardan ən effektlisi dövlətdir. Bizdə bütün proseslər dövlət tərəfindən tənzimlənir. Ona görə də biz cəmiyyətdə əxlaq probleminin həll olunmasında əsas addımları hökumətdən gözləyirik. Azərbaycanda bütün mənada qaydaları hökumət müəyyənləşdirir. Qanunların qəbulundan tutmuş, onun işləyib-işləməməsinə qədər hər şey hökumətdən asılıdır. Hökumət siyasi iradə nümayiş etdirib əxlaqlı olmaq qaydalarını müəyyənləşdirməlidir və bunu öz məmurlarına aşılamalıdır. Mən inanıram ki, məmurlar səviyyəsində bu qaydalara ciddi şəkildə əməl olunsa, biz bunun təsirini çox tez bir zamanda bütün cəmiyyətdə görəcəyik.
– Sizcə, cəmiyyətdə əxlaqi aşınmanın müşahidə olunması təkcə Azərbaycan üçün xarakterik haldır, yoxsa bütün dünyada yaşanır?
– Bu məsələ bu günün problemi deyil. Məsələyə bu cür yanaşma tarix boyu olub. Hər nəsil özündən əvvəlki nəslin daha yüksək əxlaqi dəyərlərə sahib olduğunu düşünüb. Hər bir cəmiyyətin yaşlı insanlarına elə gəlir ki, ondan sonra gələn gənclik əxlaqi baxımdan kasaddır. Nəsillər arasındakı bu mübarizə min illərdir davam edir. Mənim fikrimcə, bu problem gələcək nəsillərdə də olacaq. Bu dəqiqə ABŞ-da, Avropa ölkələrinin özündə də cəmiyyətdə əxlaq məsələləri geniş müzakirə olunur. Amma bunun özü də onu göstərir ki, doğrudan da hazırda bütün dünyada cəmiyyətlər əxlaq problemi yaşayırlar.
– Bəziləri Azərbaycanda bu sahədə müşahidə olunan problemlərin kökünün insanlarımızın dinə kifayət qədər bağlı olmaması ilə də əlaqələndirməyə çalışırlar. Qeyd edirlər ki, azərbaycanlılar millət olaraq dini dəyərlərə o qədər də bağlı deyillər.
– Fikrimi konkret bir faktla izah edim. Elə dövlətlər var ki, onların adında dini bağlılıq açıq şəkildə göstərilir. Məsələn, İran İslam Respublikası, Pakistan İslam Respublikası və s. Gəlin baxaq görək, həmin dövlətlərdə cəmiyyət əxlaqı necədir? Diqqət yetirsək görərik ki, bu gün bizim bəyənmədiyimiz ictimai əxlaqımız nəinki onlardan geri qalır, hətta bir az da onlardan irəlidədir. Bu baxımdan mən ictimai əxlaq müstəvisində yaşadığımız problemlərin millət olaraq dini dəyərlərə bağlı olmamağımızla əlaqələndirilməsinin tərəfdarı deyiləm.
İlham QULİYEV
“Kaspi” qəzeti, 5 oktyabr 2011