İntim dildə yaza bilmək

decameron

İntim dildə yaza bilmək

“Qarabağ Dekameronu” kitabından yol alan fikir yolçuluğu

İntim məntlər reklam işıqları kimidi, adama gəl-gəl deyir. Deyir, gəl, məni oxu! Özü də yaşa filana baxmır. Hər yaşda adamı şirnikləndirir. Hərəni bir cür.

Bax, elə o gün həkimə getmişdim. Gözləmə otağındakı masanın üstünə düzülmüş qlamur sağlamlıq jurnallarını vərəqləyirdim. Cürbəcür mövzuların içində göyçək bir seksopatoloq xanımın ona ünvanlanan suallara verdiyi cavablar diqqətimi çəkdi. Oxudum! Özü də rahatca, maraqla!

Ona görə rahat deyirəm ki, oxuduğumu büsbütün anladım. İsveç dilində ucdantutma hamısını dərk elədiyin mətnə hər saat rastlamırsan. Amma burda yazılanları başa düşdüm.

Maraqlı gələnsə, oxucuların belə açıq-saçıq – bizim dillə desək, “utanıb-qızarmadan” –  suallarına həkimin ətraflı, dib-dəhnəli cavabı idi. Ta sual nə idi, cavab necə oldu, bura yazası deyiləm. Yazılası deyil!

Adamların intim yazıları oxumaq həvəsi elə həyatın özünə olan maraqları kimidi. Gənc adamla yaşlının həyata baxışı fərqlidi, bilirsiniz. Biri hələ görmədiklərini görmək ehtirası ilə alışıb yanırsa, o biri gördüklərinə sönməkdə olan ocağın son işartılarına baxan kimi baxır.

1001 gece

Yadıma gəlir ki, orta məktəbdə oxuyanda sinif oğlanlarıyla “Min bir gecə”nın hansı cildində, neçənci səhifəsində “oxumalı” yerlərin olduğunu əzbər bilirdik. Bilməyənlərə də deyirdik, tapıb oxuyurdular. Ən “maraqlı” yerlərin biri, yaddaşım məni aldatmırsa, 132-ci səhifə idi, di gəl, cildi yadımdan çıxıb.

Covanni Bokkaççonun “Dekameron” kitabına universitetin birinci kursunda oxuyanda əmimin kitabları arasında rastladım. Xeyli vaxt oxumağa cürət eləmədim – ayıb bildiyimdən. Gecələr, hamı yatanda oxuyurdum. Deyim ki, müsəlman-sovet (!) tərbiyəsiylə böyümüş bir əyalət oğlanına necə təsir edə bilərdisə, mənə də elə təsir elədi. Yəni, belə şeyləri hətta yazmaq olarmış! Sizə qəribə gələr, doğrudan o vaxtın gəncləri utancaq idi.

***

Fikrim uzaqlara getdi, əslində Rasim Qaracanın “Qarabağ Dekameronu” adlandırdığı “On bir gecə” kitabını oxuyanda elədiyim qeydlərdən danışmaq istəyirəm. Sağ olsun, kitabı göndərdiyinə görə.

Bu, Rasim Qaracanın yaradıcılığıyla ilk tanışlığım idi. Kitaba həm də son on-on beş ildə meydana gələn “inkarçı” ədəbi qövmlə tanışlıq kimi baxırdım. Bir növ bu kitabdan o ədəbi mühitin qoxusunu almağa cəhd edirdim. Bir vaxtlar onun redaktorluğu ilə çıxmış “Alatoran” jurnalı, yaranmasında müstəsna rolu olan Azad Yazarlar Ocağının havasını duymaq istəyi oxu marağımı artırırdı.

Qaraca on bir gecə

Cəmiyyətin inkubator rəngli mənzərəsi nə ürəkaçan, nə də gözəyatan olur. Mən rəngarənglikdən yanayam. Elə qafalarda, zövqlərdə də. Ömrünün 17 ilini plüralist ideyaların yayılmasına sərf eləyən (elə bil təmtəraqlı çıxdı, “İnam” Plüralizm Mərkəzində işlədiyimi deyirəm) biri kimi istərdim, Azərbaycanda çoxlu yaradıcı birliklər olsun. Bir Yazıçılar Birliyi, yaxud Azad Yazarlar Ocağı  yox, on dənəsi olsun. İsveçdə yazıçı-şairlərin neçə birliyi var, sayını bilmərsən, çoxdu. Oxumağa davam et