Sahib Məmmədova vida sözü

Sahib Məmmədov

Sahib Məmmədova vida sözü

Dağılma a dünya, Azərbaycanda vətəndaş cəmiyyətini qəbrə gömən Sahib Məmmədov məni satqınlıqda ittiham edib. Özü də kimlərə? Ermənilərə! Məni ha!

Ölkənin beş-on babat QHT-sinin də fatihəsini verəndən sonra “Zəngin Azərbaycan Uğrunda” sayaq QHT ləşkərini yüzbaşlı xanım əjdahalarla birgə üstümə sürüb.

O günü qafqazinfo.az saytında dərc olunan “Bizi əmmamə kölgəsinə soxmayın!” yazısından sonra bir ildi yatan şər-şəbədə vulkanı yenə püskürüb. Adama elə gəlib ki, siyasi islamın at oynatdığı vətəndə baş verənlər haqda mən yaza, narahatlığımı dilimə gətirə bilmərəm, guya bu yazı “Avropada oturub vətəndəkilərə dərs demək”miş.

Amma bilirdim ki, ağrısı tək bu deyil, hələ ötən il feysbukda yazdığı bir təhqiramiz statusa bağlıdır.

Məni yazmağa özü vadar elədi. Bir-bir deyim, siz də bilin.

Söz vaxtına çəkər. Düz iki il əvvəl bu gün, yəni 2013-cü ilin 29 oktyabrında bloqumda “Xaçaturyanın qələbə süitası” adlı məqalə yerləşdirdim. Sonra bu yazı ölkənin bir xeyli aparıcı qəzet və saytlarında dərc olundu. Yazıda Sahib bəyin iddia elədiyi kimi “öz xalqımı aşağılayaraq erməniləri özlüyümdə yüksəltməmişəm”.

Bunları yazmışam: “Adını çəkdiyim (və çəkmədiyim, heç mövcudluğundan xəbərim belə olmayanları demirəm) bu şəxslərin hər biri ona görə uğur qazanıb özünü və xalqını dünyaya tanıda və sevdirə bildilər ki, arxalarında toplumun dəstəyini, kürəklərində neçə erməni əlini duydular. Özləri də yıxılanın əlinə əl, qalxanın ayağına çiyin uzatdılar. Elmdə, siyasətdə, incəsənətdə, idmanda, hərbdə – hər yerdə birinin uğuruna beşi yol açdı. Qabağa keçənə ağız büzmədilər, şəbədə qoşmadılar, ayağından tutub dartmadılar, şərləmədilər, donos yazmadılar, yolu ağzında quyu qazmadılar…”

O qədər adamdan aldığım xoş replikalar öz yerində, sən demə, bu yazı da neçə vaxtdı “Бейсбол на шахматной доске. Размышления о геноциде” yazısına, “Агдам – Кавказская Хиросима” filminə və başqa bu sayaq işlərə görə məni “ermənifob” adlandırıb güdən Ermənistan kəşfiyyat-mətbuatının gözündən yayınmayıbmış. Güddüklərini Qarabağ mövzusunda bloquma qoyduğum hər yazıya Ermənistandan girişlərin statistikasından bilirəm.

Panorama.am saytı məqaləni konteksdən çıxarıb guya qafqazinfo.az saytına yazdığım açıq məktubmuş kimi tərcümə edərək, əlbəttə, öz istəklərinə uyğun informasiya kələyi ilə, seçmə sitatlarla yayıbmış. Bundan təxminən üç-dörd ay sonra araşdırmaçı dostum Zaur Əliyev feysbukda mənə “Müəllim, bundan xəbərin var?” yazıb link atanda xəbər tutdum. Sonra rusca o yazını axtarışa verdim. Nəticəyə heyrət elədim. Sahib bəy mənlə əlləşən vaxtı 50-60 rus-erməni saytı onu çevik yayıbmış.

Mənbə kimi panorama.az saytına yazını icazəm olmadan, özü də təhrif və konteksdən çıxarılaraq yayıldığına etirazımı bildirdim. Yuxarıda adını çəkdiyim yazı və filmi də sayta qoymalarını tələb elədim. Təbii ki, əməl etmədilər.

Bir il sonra yazıdan xəbər tutan Sahib Məmmədov tələsinə şikarı düşən ovçu kimi sevincək olub. Özünü hazırlıqlı, ağıllı sayan dostum özünü erməni tələsinə salıb. Uzun illərdi məni yaxşı tanıyan Sahib bəy dərhal o saytda yazılanlara qoşulub şərh yazmaq, mövqe qoymaq əvəzinə, mənə yazıb əsl səbəbi soruşmaq yerinə əleyhimə şaiyə yaymağa başlayıb: “Vahid ermənilərə satılıb”.

Qabağına çıxana muştuluq xəbəri kimi deyib, hamıya, dostlardan tutmuş, tanış-bilişə, yoldan keçənəcən.

Və beləcə, bir gün təsadüfən feysbukda Sahib bəyin təhqir dolu statusunu oxudum. Əlbəttə, şoka düşdüm. Uzun illərdi tanıdığım adam məni ağır ittiham edir və söyürdü. Xeyli izahdan sonra anladığını düşündüm, statusu sildi. Xahiş elədim ki, mənim üstümə gəlməkdənsə, yutubda 100 minəcən adamın baxdığı, QHT Şurasının “ilin ən uğurlu layihəsi” elan elədiyi layihə çərçivəsində rus, ingilis, alman dillərində hazırladığım o filmin aşağısındakı erməni şərhlərinə cavab yazsın, QHT-ləri də cəlb eləsin, döyüşü mənlə feysbukda yox, ermənilərlə söz davasında aparsın.

Elə bilirdim, ona olanları anlada bilmişəm. Anlamaq istəməyəndə adam “anlamır”.

Dünən təzədən 3-5 min manat qranta görə ləbbeyk deyən vətənşüvən qhtçiləri üstümə töküb. İkrahdoğuran yalançı patriotçuluq, pafoslu vətən sevgisini çirkab kimi üst-başıma sıçradıb. Ənənəvi kampaniya başlatmaq istəyib bəlkə də.

Amma keçməz! Mənim erməniyə satıldığımı deyən adamda vicdan heç, onu demirəm, o bilmərrə yoxdu onda, gərək ağıl da olsun!

Bu bir ildə barmaq tərpətməyən, nə erməni saytındakı yazıya, nə də yutubdakı filmə bir dənə də şərh yazmayan ictimai xadim statuslu məmurun məni ittiham eləməyə haqqı çatmaz!

Ondan umacaq və gözləntim yoxdu. Davam eləsin! Vətəndaş cəmiyytətini öldürüb üstündə “şellənən” (ifadə onundur, o, vətəndə əzab içində cəhalətlə vuruşub, demokratiya davası edəndə mən Avropada şellənirmişəm) birindən artıq nə gözləyə bilərəm ki?!

Bir də ki, uzaq 1992-ci ildə Yasamal rayonunun icra başçısı kimi mənə müsahibə verən, 1993-cü ildə prezident aparatında mənimlə qiyamın acı günlərini yaşayan Sahib Məmmədov çoxdan ölüb, bu kimdirsə, mənə yad bir adamdır!

Mənlik bu qədər!

Vahid Qazi

29 oktyabr 2015

P.S. Bir neçə ümumi dostumuzun “Problemi var, xəstədir, dərinə getmə” sözünü ürək ağrısıyla oxuyub, bu yazıyla Sahib bəylə hər dürlü ünsiyyətə son qoyuram. Allah ona kömək olsun!

P.P.S. musavat.com saytı səhəri gün bu adamın sərsəm şər-şəbədəsini “cavab haqqı” imiş deyə dərc edib. S. Məmmədovun dedikləri mənə maraqlı deyil, çoxdan izahı verilmiş söhbətləri qəsdən təzə kimi təqdim edir, qərəzlidi qanına, iliyinəcən. Maraqlı gələn o oldu ki, yaxın bildiyim, illərdi yazılarımla çıxış etdiyim bir qəzet bunu xəbər lentində gözə girən al qırmızı rəngli parlaq şriftlə verib mənim yazımdan 2 dəfə çox oxudub. Özü də mənim yazıma keçid qoymayıb ki, xəbərsiz oxucu hər iki münasibətdən agah olsun. “Cavab haqqı” belə olmur, bəylər! 13.11.15

Dərc olundu: musavat.com, teref.info