
Bala əliklə balaca Vahidin hekayəti
yaxud Gəncəsər xatirələri
Vənglidən üzüaşağı Koladağadək (biz ona Koladay deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turşsu bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu nənə-babalarımızın da yaylamağa gəldiyi Kolatağ meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Gəncəsər kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi.