Cümhuriyyət yolu ağır olub, cümhuriyyətçilərin ömrü kimi

Cümhuriyyət yolu ağır olub, cümhuriyyətçilərin ömrü kimi

Dünəndən Cümhuriyyət günümüzlə bağlı yazmaq istəyirdim, yaza bilmirdim. 28 mayda nəsə yazmadığım, bölüşmədiyim bir il belə olmayıb. İndi gözüm aldı ki, Aynur Elgünəşin 50 yaşı olur. O, yubileyini həbsxanada keçirir.

… Hikmət Hacızadəni oğlunun məhkəməsində görəndə ürəyimdə bir sızıltı duymuşdum. O sızıltılı ovqat “Qəmli gözlərin süitası” adlı bir yazıya səbəbi olmuşdu. 2009-cu ilin yay günlərinin biriydi, indi xatırlamadığım bir tədbirdə gənc, çəlimsiz bir qız yanaşdı mənə. “Vahid bəy, yazınız çox təsirli idi”. Oxuyubmuş. Tanış olduq. Öyrəndim ki, onun da uşaqlığı Ağdamda keçib, 5 nömrəli məktəbdə gedib. Sonrakı illərdə qorxmaz, ədalətli yazıları, ictimai fəal kimi tutduğu mövqe onu daha yaxından tanıtdı mənə. Yurd nisgili bir köynək də yaxın elədi…

Cümhuriyyət gününün sabahı doğulmuş o balacaboy, xəstə, çəlimsiz qızı bütün mənalarda sağlam, əzəmətli insan kimi görürəm bu gün. Odur ki, 50 yaşını təbrik etmək istədim. Onun simasında bu gün haqq söz üstündə haqsız tutulan günümüzün bütün cümhuriyyətçilərini də təbrik edirəm.

Cümhuriyyət yolu ağır olub, cümhuriyyətçilərin ömrü kimi, elə o vaxt da, indi də!

Əli Aynura, bu gün həbsdə olan Cümhuriyyət aşiqlərinə – Rəsulzadə davamçılarına çatanlardan xahiş edirəm, bu sözlərimi onlara çatdırsınlar. Qoy onlar bilsinlər ki, uzaq, qərib məmləkətdə də onların haqsız tutulduğuna əmin olan, onları bugünümüzün əsl cümhuriyyətçiləri sayan, onlar haqda düşünənlər var.

Vahid Qazi

Tornet koloniyası, İsveç

29 may 2025

Bir şərh yazın