50 sevimli kitab (siyahı)

50 sevimli kitab

Kompüterin arxivində “sevimli kitablar” adlı köhnə bir fayla rastladım. Bir vaxt uşaqlar üçün hazırladığım bir-birindən fərqli kitabların siyahısı idi. Onlar orta məktəbdə oxuyanda hazırlamışdım. Belə siyahı tutmaqda tək məqsədim böyüdükcə nələri oxunmalarını onlara tövsiyyə etmək deyildi, həm də, öz oxuyub bəyəndiyim kitablar, bədii, elmi, siyasi əsərlərlə tanış etmək, onlarda kitab oxumağa maraq yaratmaq idi.

Arxivin elə həmin qovluğunda bəyəndiyim filmlərin, musiqilərin, mahnıların da siyahısı var. Onlar haqda sonra danışaram.

Ədəbiyyat siyahısına yüngül əl gəzdirib, “50 sevimli kitab” adı qoydum. Bloqumda dərc edib oxucu dostlarla da bölüşmək istədim. Əlbəttə, bu siyahını daha da böyüdə bilərəm. Elə buradakı müəlliflərin daha neçə əsərini əlavə edərdim. Amma hər müəllifdən bir əsər saxladım. Diqqətli oxucu onsuz da biləcək ki, məsələn, Cəlil Məmmədquluzadənin “Usta Zeynal”ı varsa, demək, bu siyahıda onun ölməz “Ölülər”i, “Dəli yığıncağı” və başqa əsərləri də var. Yaxud, Viktor Hüqonun “Səfillər”i, sadəcə, onun “Paris Notr-Dam kilsəsi”dən bircə köynək yaxındır.

Bilirəm, bu siyahını oxuyan dostlarda çoxsaylı suallar yaranacaq, məsələn, “Əllidən birini seçməli olsam hansını tövsiyyə edərdin?” sayaq. Belə sualı yaranacaq dostlara cavabım bu olar: “Seçim əsərə yox, oxucu zövqünə, ovqatına bağlıdır, özü də ovqatın çalarlarına”.

Romantik ovqatdasansa Stefan Sveyqin “Yad qadının məktubu”nu götürüb tənhalığa çəkil deyərdim, tarixlə maraqlanırsansa, Cek Uezerfordun “Çingizxan və müasir dünyanın yaranışı” (Jack Weatherford “Genghis Khan and the making of the modern world”) əsərini tövsiyyə edərdim. Fəlsəfə səni çəkməyə başlayıbsa, “Ağalar Məmmədovun “Aşma”sından başla” olar məsləhətim. Bədii, siyasi, elmi ədəbiyyatdan da misallar deyərəm, amma uzatmayım.

Mən siyahımı bölüşüm, marağa, ovqata uyğun seçimi oxucu dostlar özləri etsinlər.

Bəzi kitablara həsr etdiyim ayrıca yazıların linklərini, yaxud nümunə gətirdiklərim yazılara keçidləri də bölüşəcəm, bəlkə o kitabları oxumağa əlavə dopinq oldu.

  1. Cerom Selincer. “Çovdarlıqda uçurumdan qoruyan”
  2. Ernest Hemenquey. “Qoca və dəniz”
  3. Andrey Platonov. “Can”
  4. Somerset Moem. “Ay və qəpik”
  5. Milan Kundera. “Zarafat”
  6. Corc  Oruel. “1984”
  7. Viktor Hüqo. “Səfillər”
  8. Aleksey İvanov. “Географ глобус пропил”.
  9. Stefan Sveyq. “Yad qadının məktubu”
  10. Qustav Flober “Madam Bavari”
  11. Alber Kamyu. “Yad”
  12. Frans Kafka. “Qəsr”
  13. Çingiz Hüseynov. “Минувшее – навстречу” memuar
  14. Ramiz Rövşən. “Nəfəs”
  15. Anar. “Ağ liman”
  16. Əkrəm Əylisli. “Kür qırağının meşələri”
  17. Vaqif Nəsib. “Omaroğlunun qayıtması”
  18. Mövlud Süleymanov. “Köç”
  19. İlyas Əfəndiyev. “Geriyə baxma qoca”
  20. Yusif Vəzir Çəmənzənimli. “Studentlər”
  21. Yuval Harari. “Sapiens: Bəşəriyyətin qısa tarixi”
  22. Qurban Səid. “Əli və Nino”
  23. Antuan Ekzüperi. “Balaca şahzadə”
  24. Yozef Matskeviç. “Viliyadan İzaradək. Siyasi esselər toplusu”
  25. Cek Uezerford. “Çingizxan və müasir dünyanın yaranışı”
  26. Çingiz Aytmatov. “Əlvida, Gülsarı”
  27. Con Steynberq. “Mirvari”
  28. Ferens Molnar. ”Pal küçəsinin oğlanları”
  29. Qriqori Petrov. “Ağ zanbaqlar ölkəsi”
  30. Vladimir Nabokov. “Другие берега”
  31. Əhməd Ağaoğlu. “Xatirələr”
  32. Əbdürrəhman Vəzirov. “В первых рядах партера” memuar
  33. Svetlana Aleksiyeviç. “Sekondhənd zamanı”
  34. Ağalar Məmmədov. “Aşma”
  35. Cəmil Həsənli. “Tarixi şəxsiyyətin tarixi. Əlimərdan bəy Topçubaşov”
  36. Ədbülrəhim bəy Haqverdiyev. “Xortdanın cəhənnəm məktubları”
  37. Cəlil Məmmədquluzadə. “Usta Zeynal”
  38. Anton Çexov. “6 saylı palata”
  39. Mixayıl Bulqakov. “Ustad və Marqarita”
  40. Den Braun. “Mələklər və iblislər”
  41. Kobo Abe. “Qumluqdakı qadın”
  42. Aydın Balayev. “Məmməd Əmin Rəsulzadə(1884-1955)”
  43. Lev Tolstoy. “Anna Katerina”
  44. Onore de. Balzak.  “Qorio ata”
  45. Salvador Dali. “Bir dahinin gündəliyi”
  46. Səbahəddin Ali. “Xəz paltolu madonna”
  47. Hans Xristian Andersen. “Köhnə küçə fənəri”
  48. Səməd Behrəngi. “Balaca qara balıq”
  49. Jorj Amadu. “Qum dəryasının kapitanları”
  50. Tim Severin. “Vikinq: sonuncu kral”

Onu da deyim ki, siyahıda sıralama xüsusi seçimlə edilməyib, bədahətən, müxtəlif vaxtlarda yada düşdükcə yazılıb.

Vahid Qazi

May 2025

Bir şərh yazın