“Qarabağ mövzusunda hər yazı dərc edəndə Ermənistandan bloquma 3-5 giriş olur”
“Modern.az” saytının əməkdaşı Aysel Aslanın suallarına cavablarım
– Bloqunuzun tarixçəsi maraqlıdır. İndiyə kimi ən çox oxunma təxmini nə zaman olub, hansı yazı olub, hansı ölkələr olub?
– Bloq 2011-ci ildə yaranıb. Onu gənc ictimai fəal Şəbnəm Gülməmmədova yaratdı, yazıları yerləşdirməyin qaydalarını mənə öyrətdi. Dizaynı elə o vaxtdan qalandı. Əsas məqsədim yazıları arxivləşdirmək, bir yerə cəmləmək idi. Təzələrlə yanaşı köhnə yazıları, aldığım, verdiyim müsahibələri, kitablarımı, foto-reportajlarımı və s. orada topladım. Oxuculara təqdim etmək həvəsi tədricən yarandı. Sonra yazıları qruplaşdırdım və beləcə “Adamlar və kitablar”, “Azadlıq və insan haqları”, “Qarabağ”, “Səyahət yazıları” da daxil olmaqla 20 bölmədə yerləşdirdim. Bloqda yazılar 4 dildədir: Azərbaycan, rus, ingilis və İsveç.
İndiyədək ən çox oxunan “Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov” yazısı olub. Onu 2013-cü ilin 31 dekabr günü dərc etmişdim. Onda 2 mindən çox adam oxumuşdu. “Azadlıq” radiosundan sonra 10-can sayt dərc elədi. Rus dilində isə ən çox bu ilin yanvarında oxunub: “Пазл-мозаика сломанных судеб. О Светлане Алексиевич и ее книге «Время секонд хэнд” məqaləsi. “Svoboda” radiosunda Svetlana Aleksiyeviçin kitabları müzakirə olunurdu. Mən də bu məqalə ilə qoşulmuşdum.
Siz bu sualları göndərəndə statistikaya baxdım. 99 ölkədən giriş olub. Oxucu sayı 60 minə çatmaqdadır. Ən çox oxucu təbii ki, Azərbaycandandır. Sonra İsveç, ABŞ, Rusiya, Almaniya, Ukrayna və s. gəlir. Rusca yazılar dərc edən gün rus dilinin dominant olduğu coğrafiyadan giriş sayı çoxalır. Bir müşahidəmi də bölüşüm. Qarabağ mövzusunda hər yazı dərc edəndə bloquma Ermənistandan 3-5 giriş olur.
– Ən çox oxucularınız kimlərdi? Ümumiyyətlə, bloq oxumağa maraq hansı səviyyədədir sizcə?
– Oxucuları müxtəlif qruplara bölərdim: gənclər, siyasi fəallar, ədəbi-mədəni mühitin adamları və s. Amma onu deyim ki, hamısı zövqlü oxuculardı. Bloqum geniş kütlə üçün maraqlı deyil. Onu yalnız ciddi oxucular, yəni yazını sonacan oxumağa səbri, həvəsi olanlar, təhlil edə bilənlər izləyir. Azadlıq, demokratiya problemlərinə həsr olunan yazılara siyasi fəallar maraq göstərdiyi kimi, ədəbiyyat, mədəniyyət yazılarına bu sahənin adamları daha çox diqqət edirlər. Səfər reportajları daha çox dərc olunur və oxunur. Məsələn, Şri-Lankadan yazdığım “Filli-pələngli Seylondan pürrəngi foto-reportaj”ı 20-dən çox sayt dərc elədi.
Saytların ən çox maraq göstərdikləridən Qarabağa səfər edən çexiyalı jurnalist dostumla Praqada görüşün təəssüratından alınan “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti”, Tağıyevin qızı Sara xanımdan bəhs edən “Taundan qaçan kimi qaçırlar məndən” yazılarını qeyd edərdim. Siyasi mövzuda “Etiraz – ləyaqətin bir başqa adı” çox oxunanlar sırasında olduğu kimi ictimai temada “Rəsulzadənin çimərlik fotosu” və “Vətəndaş cəmiyyətini kim öldürdü?” yazılarıdır.
Siyasi yazılara saytlarımız ehtiyyatla yanaşırlar. Vəzirovun memuarından yazdığım “Tamamlanmış yarımçıq portret” yazısını ümumiyyətcə heç bir sayt yaxına qoymadı. Avropadakı özünü “dünya azərbaycanlılarının intellectual saytı” adlandırandan tutmuş ən radikallaracan belə, onu dərc etməyə hünərləri çatmadı. Amma oxunma sayı “Adamlar və kitablar” silsiləsindən olan başqa bütün yazılardan çox oldu.
Sualınızın ikinci hissəsinə gələndə isə deyim ki, ölkədə insanlarımızın oxumağa marağı nə qədərdisə, burada da vəziyyət elədi. Hər kəs marağına uyğun yazını, yaxud kitabı oxuyur. “Ruhlar şəhəri” kitabının əsas oxucuları keçmiş Ağdam sakinləridirsə, “Kuba dəftəri”nə gənc siyasi fəallar, “Çöl Qala”ya isə ədəbiyyatsevərlər maraq göstərirlər, ələxsus da qadınlar.
Onu da deyim ki, hekayələrə maraq heç də siyasət, yaxud mədəniyyət yazılarından az deyil. Xüsusən də, “Yelena”, “Oginskinin melodiyası”.
– Bloqunuzu tanıtmaq üçün özəl nə isə edirsinizmi? Reklam məqsədilə.
– Sosial şəbəkələrdən yalnız feysbukda varam. Yazıları da orada paylaşıram. Təəssüf ki, yazılarımı dərc edən saytların böyük əksəriyyəti istinad kimi vahidqazi.com bloquna istinad etməyə həvəsli deyillər. Mən də təkid etmirəm.
Reklam üçün başqa bir iş görmürəm. Reklam maddi maraq olanda yada düşür. Təəssüf ki, bu gün azərbaycandilli bloqlardan maddi qazanc götürmək mümkün deyil. Heç gündəlik on minlərlə izləyicisi olan saytların belə imkanı yoxdur. Hamısı dövlətin dotasiyasındadılar. Mənəvi qazancımsa böyükdü, oxucular sağ olsunlar!
P.S. Müsahibə Aysel Aslanın ”Modern.az” saytında dərc etdiyi ”Saytların kölgəsində qalan bloqlar…” yazısında yer alıb.
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu