Düz 36 il əvvəl, 14 iyun 1982-ci ildə SSRİ-nin Braziliya ilə futbol üzrə dünya çempionatında oynadığı oyun bu günədək mənim futbola azərkeşliyimin ən yadda qalan görüşü oldu. Həmin oyundan və o oyun keçirilən vaxt SSRİ-nin ucqar bir şəhərində yaşananlardan 14 yaşlı Vahid Qazıyevin “reportajını” dərc edirəm.
Ağ gecənin yuxusu
“Ruhlar şəhəri”dən
1982-ci ilin futbol üzrə dünya çempionatında SSRİ yığmasının kiyevli yarımmüdafiəçisi Andrey Balın Braziliyaya vurduğu top Kamçatkadan üzü bəri Urenqoy-Ujqorod xətti boyu bütün şəhərlərdə necə “partlamışdısa”, Köhnə hamam məhəlləsində də o cür gurultu qopartmışdı. Qonşu uşaqları xoruzların səhər banı kimi səs-səsə vermişdilər. Elçinin boğazından kişnəyib çıxan “q” Şahinin “o”sunu götürüb, mənim “l”imə qoşulmuşdu. Birlikdə “QOL!!!” nidası yaratmışdılar. 1:0 udduğumuz birinci hissədəki sevinc bağırtısını yalnız sovet bayrağını Reyxstaqın damına sancan sovet əsgərlərinin hayqırtısı ilə müqayisə etmək olardı. Cəmi on beş dəqiqəlik fasilə zamanı yaşanan hissləri indiki serial ssenarilərinə köçürsək, birillik kino lenti alınardı.
Fasilə bitib, hamı maqnit kimi televizorun başına yığışanda bayırda ölü bir sükut vardı. Bu sükuta qulaq kəsilən kəs Odessa limanındakı gəmiləri yırğalayan Qara dənizin ağ sularının şappıltısını, Leninqradın gecə vaxtı sahilini üşüdən Neva ləpələrinin pıçıltısını, lap belə istəsən Vladivostok şəhərinin bulvar daşlarına çırpılan Sakit okean dalğalarının səsini eşidərdi. Amma həyətimizə axan Qaraqaya kəhrizinin suyu şırıldamırdı, sükutu pozmasın deyə isti iyun gecəsində “donmuşdu”. Bütöv bir ölkə məhəlləmizə “sığınıb” susmuşdu.
…Nə qədər ki 15 dəqiqəlik fasilə bitməyib, ikinci hissə başlamayıb sənə həyətimizə axan sudan danışım, dostum oxucu! Su şəhərə çəkilən ilk xətlə gəlirdi. Şəhərin ən qədim hamamı tikiləndə Qaraqayadan çəkibmişlər. Yayda bir andaca tərləyən stəkanı axıradək içmək olmurdu, dişi dondururdu. Atam deyirdi ki, uşaq vaxtı suyun gəldiyi Qaraqayada çimişərmişlər. Adam boyu hündürlüyündəki kəhrizdə soyuqdan heç yayda da çox qalmaq olmurmuş. Bizimsə bu suyla başqa oyunumuz vardı. Su kranının ağzındakı balaca hovuzu doldurub, çaydan qapağını gəmi yerinə üzdürməkdən maraqlı nə ola bilərdi ki. Sonra anam “əsl” gəmi aldı, yəqin çaydanın bir gün qapaqsız qalacağından ehtiyat edirmiş…
“Xoruzların ikinci banı” gəlmədi. Oyunun ikinci hissəsində Sokrateslə Ederin vurduğu iki top qoşa daş olub qurbağa gölünə oxşayan SSRİ “boyda” məhəlləmizə düşdü. Sanki bu şəhər bir az öncə atəşfəşanlıq eləməmişdi. Susuz dəyirman, yiyəsiz mülk kimi lal idi. Məğlub ruhlar şəhərini xatırladırdı. Həmin gecə dünyanın ən böyük ölkəsinin ən balaca kişiləri qumarda uduzubmuş kimi üzüqoylu yatdı. Mən də yerimə məğlubiyyət hikkəsiylə girmişdim. Halıma pərdəsi çəkili pəncərənin açıq tayından o üzdəki armud yarpaqlarını aralayıb boylanan Ay da acıyırdı. Gecənin qaranlığına süd kimi ağ qatıb könlümü almağa çalışırdı.
***
Hələ iki il əvvəl ili əlaçı kimi başa vurmağım münasibətilə anamın üçmərtəbəli univermağın birinci mərtəbəsindəki oyuncaq bölməsindən aldığı stolüstü “futbol stadionu” axşamkı məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans idi. İki nəfərin oynaması üçün nəzərdə tutulan bu oyunu, sağ və sol əllərimin iştirakıyla, elə ikinəfərlik eləmişdim. Mənim futbol meydanımda keçirilən çempionatlar dünyanın bütün yarışlarından maraqlı olurdu. Burada Ağdamın “Şəfəq”i “vısşıy” liqaya çıxa, “Neftçi” SSRİ, SSRİ də dünya çempionu ola bilirdi. Meydanın ən yaxşı oyunçuları da vardı: Tiflis “Dinamo”sundan David Kipiani, “Neftçi”dən Maşallah Əhmədov, “Şəfəq”dən Cavanşir Novruzov.
Ən çətin oyun “Neftçi” ilə Tiflis “Dinamo”su arasında olurdu. Azarkeşi olduğum bu gürcü komandasını udmaq ürəyimcə olmasa da, “Neftçi”nin uduzması da mümkün olan iş deyildi. Odur ki, hesab böyük olmurdu – 2:1. “Maşallah Əhmədov” son dəqiqədə özünü yetirirdi. Onu da deyim ki, məndə ilk təəssübkeşlik hissini bu komandalar formalaşdırdı; birinə azərbaycanlı, o birinə isə qafqazlı kimi azarkeşlik edirdim. Səbəbini tam başa düşməsəm də, digər Qafqaz komandasına belə bir azarkeşliyim yoxuydu.
Ən asan oyun isə elə bu komandayla – “Ararat”la olurdu. Onunla oyunda “Neftçi” bir qayda olaraq meydanın sağ tərəfində – əlimin yaxşı işlədiyi yerdə oynayırdı. Mənlik bir şey yox idi, ermənilər “zəif” oynadıqlarından həmişə məğlub olurdular: 5:0, 6:1. O vaxt həmin stadionun yeganə tamaşaçısı hardan biləydi ki, bu gün “uduzanlar” cəmi onca il sonra başqa bir meydanda onu məğlub edib həyatının altını üstünə çevirəcəklər. Qapımıza vuracaqları top mərmi olub həyətimizdə partlayacaq, evimizi uçuracaq. Bunlar sonra olacaqdı. Hələliksə məni sabahkı oyun düşündürürdü. Qonşu məhəllənin uşaqları ilə bizi çətin oyun gözləyirdi. Sabahkı oyuna arxasına “Şengeliya” yazdığım 11 nömrəli köynəklə çıxacaqdım…
Dikəlib həyətdəki ipə sərilmiş həmin köynəyə bir də baxıb başımı yastığa atdım. Artıq könlümü almış Ayın ağ gecəsinə büründüm. Yuxularımın stadion projektorları kimi işıqlı olduğu ağdamlı gecələrin birinə də beləcə girdim…
…Mən yuxudan qalxana quruyarmı bu köynək?!
Vahid Qazi