Ağdam tamaşasına bilet

«Ruhlar şəhəri» – Ağdam tamaşasına bilet

İradə Musayeva

Ağdama gedən varmı? Ey! — Ev tikən, pullarını dönə-dönə sayıb gizlədən, dissertasiya yazıb alim olmaq istəyən, toy tədarükü görən, dünya səyahətinə çıxmağa hazırlaşan, işdən qovulan, vəzifə pilləsində iməkləyən, böyük adam olmaq uğrunda kompyuter, «dil» öyrənən, qul bazarında qara daşın üstündə oturub iş gözləyən kəs — ağdamlı, qarabağlı, azərbaycanlı, dayan! Dayan, ayaq saxla! Səni Ağdama aparan var. Ağdamı xatırlamaq və ya görmək istəyirsənmi? Vahid Qazinin 122 səhifəlik «Ruhlar şəhəri» kitabını oxu!

Vahid öz xatirələri ilə bütün ağdamlıların xatirələrini, yaddaşını oyatdı. Qulağımızda Ç.Aytmatovun «Əsrdən uzun gün» əsərindəki manqurtlaşdırılmış oğluna yana-yana, israrla «sənin atan Donanbaydır, eşidirsənmi, Donanbay…» — deyən qadının (sonra da elə yaddaşı, ruhu öldürülmüş oğlunun atdığı oxla sinəsindən yaralanıb ölən və əfsanədə deyildiyi kimi dilindəki son kəlmələrə görə «Donanbay» quşuna çevrilən ananın) səsini eşidirik.

Vahid kitaba daxil olan on beş essenin hər birində sanki qulağımıza dönə-dönə, əzab çəkə-çəkə pıçıldayır: sən ağdamlısan, eşidirsən, ağdamlı! Bunu unutma və ətrafındakıları da unutmağa qoyma! Bakıda qalaya bənzər evlərin, elmi dərəcən, vəzifən, «obyekt»lərin, cild-cild kitabların, nələrin olsa da, sən donmuş müharibədə yaddaşı, ruhu, ağdamlılığı təcavüzə məruz qalmış vətənsizsən! Səndən sonrakı nəslində ağdamlılıq ruhu öləcək, onlar kimə oxşayacaq? Nə bakılı ola biləcək, nə şəkili, qubalı, qazaxlı. Bəs kim olacaq? Amorf, hibrit, qarışıq, «qaçqın» damğalı birisimi?

Qarabağ savaşı başlayanda respublikanın hər yerində: «Ağdam qoymaz erməni bir addım da bəri gəlsin», «Ermənilərin qorxusu ağdamlılardandır»; — kimi fikirlər dolaşırdı. Hamı deyirdi: «Ağdam qoymaz». Demədilər: «Ağdamı qoymazlar». Qarabağ sövdələşməsində birinci ağdamlıları tərksilah etdilər.

Kitaba yazılmış «ön söz»də oxuyuruq: «Bir vaxtlar keçmiş SSRİ-nin paytaxtında yaşayan moskvalılar haqqında deyirdilər: «Moskvalı olmaq vəzifədi». Məncə Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi. Və o torpaqların işğal olunmasıyla bütün qarabağlılar əgər öz doğma yerini-yurdunu itirdisə, ağdamlılar sanki təkcə öz yerini-yurdunu yox, həm də ən böyük «vəzifələrini» itirdilər. «Ağdamlı» olmaq vəzifəsini (R.Rövşən).

Ağdamı və ağdamlıları sərraf kimi qiymətləndirən gözəl şairimiz R.Rövşənin digər bir dəqiq müşahidəsi adamı heyrətləndirir: «Hər halda mən bir vaxtlar «haralısan?» sualına bütün Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az təkəbbürlə cavab verənlərə rast gəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışlar».

Vahid, esselərində hiss olundu ki, sən ömrünün «saatsız keçən vaxtlarında» — uşaqlıq və yeniyetməliyində Ağdamda çox küçələr dolaşmısan. «Sarıtəpə», «Seyidli», «Dostluq» kinoteatrının, «İmarət»in, «Raykom»un, «Əmək evi»nin, «Çörək muzeyi»nin, təzə hamamın, köhnə hamamın, 1№-li məktəbin, bazarın, univermaqların və s. ətrafında təkcə yaddaşın və ayaqlarınla deyil, ruhunla, qəlbin, vətəndaşlığın və ən əsası — Ağdama və ağdamlılığa olan böyük sevginlə dolaşmısan. Ağıllısını, dəlisini, alverçisini, ziyalısını, davakarını, mədənisini, qaymaqsatan, südsatanından tutmuş hamısını ruhlarını incitmədən, rəğbətlə, sevə-sevə xatırlamısan: «Ağdamın südsatanları Bakının indiki xlorsatanları kimi deyildilər. Onların üzündə «insan əzabının son əlamətləri» görünmürdü. Qıvraq, diribaş, eşq dolu həyat bənizliydilər, ətrafa xoş ovqat, enerji yayırdılar. Çəkdikləri əziyyətin tək nişanəsi ağır zənbil daşıyan ovuc, bir də barmaqlarının bərkimiş qabarlarıydı, vəssalam…»

Sənin xatirələrində Ağdamın keçmədiyin çox küçələri, xatırlamadığın çox dəyərli insanları, adət-ənənəsi, elit, kübar özünəməxsusluqları qalıb, yazılmayıb. Mən universitetdə oxuyanda müəllimlərimdən biri Ağdamda qonaq olanda gördüyü süfrə açmaq, qonaq qəbul etmək mədəniyyətindən, ağdamlıların həyat tərzindən çox böyük rəğbətlə danışırdı. Vaxtilə elmi, təhsili, mədəniyyəti, insanlarının öz fərasətləri hesabına düzəltdiyi maddi rifahı ilə seçilən sakinləri Bethovenə, Şopenə, Vısotskiyə, klassik Azərbaycan və dünya musiqisinə qulaq asırdılar. Hər kəsin evində müxtəlif musiqi alətləri, xüsusilə pionino var idi. Burda adi, ziyalı təbəqəsinə aid olmayan insanlar da V.Hüqonu, L.Tolstoyu V.Şekspiri, Q.Markesi, N.Hikməti oxuyur, teatrlara, rəsm sərgilərinə, mədəni-intellektual tədbirlərə ruhi ehtiyac nöqteyi-nəzərindən yanaşırdılar.

Sən xarici maşını ilk dəfə tarzən R.Quliyevdə gördüyünü xatırladın. Qırx il öncə bütün rayonlarda maraqla baxılan «Ford» markalı maşını Ağdama gətirən «Ford» Fuad haqqında başqa rayondan göndərilən raykom katibi Bakıdan gedən böyük vəzifəli şəxslərdən birinə: «hamı mənə deyir ki, yerli vətəndaşlar səni saymır, sən sovet maşınında gəzirsən, Ford Fuad xarici maşında» — gileyini etmişdi…

Q.Rüstəmovu, A.Babayevi, S.Məmmədovu, R.Quliyevi, «Qarabağ bülbülləri» sən demiş: «bir konservatoriyalıq», azərbaycanlı ruhunu ləyaqətlə dünyaya bəyan edən musiqiçisi, məşhur alim Xudu Məmmədovun ideya və layihəsi ilə tikilmiş, Ağdamın simvoluna çevrilmiş «çay evi», dünyaca ünlü atları, sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərdən biri, amma bu addan imtina edib: «Qəhrəmanın torpağında düşmən at oynatmaz. Ölkə işğal olunub, qız-gəlin əsir düşüb, mən sinəmə ulduz asıb «qəhrəmanam» deyə bilmərəm — deyən Fred Asif kimi qəhrəmanı var idi Ağdamın… Çox qəribəliklər var idi ağdamlılarda. On ikinci essede oxuyuruq: «Avtovağzal barədə isə şuşalı dostum Hikmət Sabiroğlunun diliylə deyim ki, səndə daha yaxşı təsəvvür yaransın. Ağdamı və ağdamlıları onun kimi təsvir eləyən (şuşalı ağdamlını göydə alırdı) ikinci adam tanımıram. Hikmət Ağdamı belə xatırlayır: «Uşaq vaxtı Muğanlı kəndində yaşayan xalamgildən gəlirdim. Ağdam avtovağzalında mən boyda bir uşaq yaxınlaşdı, əlindəki vedrəni yerə qoydu, soruşub eləmədən bir stəkan noxudu kitab vərəqindən düzəltdiyi «klok»a töküb pencəyimin cibinə dürtdü. «10 qəpiyimi ver» — dedi. Bunu elə sürətlə elədi ki, nə baş verdiyini anlamağa vaxt tapmadan çıxarıb 10 qəpiyi verdim. «Sağ ol»da demədi, çönüb: «İsti noxud var!» — deyə qışqıra-qışqıra getdi».

Sən düz deyirsən, doğrudan da, dava başlayanda «davaya elə birinci o «pis uşaqlar» getdi. Şəhəri onlar qorudu, həmin o dəli-dolu uşaqlar vaxtilə özləri kimi vurub-tutan, dili kimi dilçəyi də olan böyüklərə qoşuldular, vuruşdular, yaralandılar, şəhid oldular, əlil oldular, öldülər, öldülər, sonra da: «Getdilər atları çimizdirməyə, …qulançar yığmağa, moruq dərməyə» (İsa İsmayılzadə).

6 min şəhid verdi Ağdam Qarabağ uğrundakı müharibədə. Bu 6 min şəhidin ən azı 20 min yaxını, doğması qara geydi; dərdli, xəstə, «tez qocalan», fikirli, qaraqabaq oldu bu yaxınlar… Ümidsiz, ruhsuz, haqsızlıq, ədalətsizlik, namərdliklə barışanlardan oldular…

Ağdamlılar çox şeylərini itirdi. Hər şeyi yenidən qursalar da ağdamlı ola bilmədilər. Bircə qazancları oldu; «Qaçqınlıq vəsiqəsi». Hamının istehza, tənə dolu baxışlarla baxdığı, «torpaqlarını qoyub gəliblər bakılı olmağa» nifrətiylə süzdükləri «Qaçqınlıq vəsiəqsi!» Bu vəsiqə ilə işıqdan, qazdan, sudan, havadan, günəşdən güzəştlə istifadə edə bilərsən. Bütün təbii – uçan, qaçan, axan sərvətlərə güzəştli istifadə hüququn var, qaçqın ağdamlı! Sənin faciəndən siyasi məqsədlər üçün istifadə etməkdən ötrü gah «köçkün», gah da «didərgin» statusunun hansı daha çox sənə yarasır — deyə müzakirələr də açdılar, qərarlar da qəbul etdilər. Ey azad ruhlu, qürurlu ağdamlı, bu adların hansı xoşuna gəlir? «Qaçqın»?, «Köçkün?» yoxsa «Didərgin?»
Ciblərini, çantanı tez-tez yoxlayıb, bu vəsiqəni itirərsən — deyə qorxma! Bu vəsiqəni bərk-bərk əzizləyib saxlama! Bu vəsiqəni sənə qazandıran dünyanın bütün mənfi güclərini, ruhlarını, şeytanlarını lənətlə! Əlindəki qaçqınlıq vəsiqəndən də utanma, sən satqın deyilsən. Vaxt gələcək tarixin divanında məhşərə sən yox, səni bu hala salanlar cavab verəcək…

Vücudumuzda, varlığımızda, mövcudluğumuzda haqqı olan Ağdamı — məğlub ruhlar səhərini ermənilər söküb xarabazara çeviriblər. Küçəsiz, evsiz, tinsiz, dalansız, Allahın səması altında qapısız, pəncərəsiz, qıfılsız, kilidsiz, yağışı, qarı, günəşi boş-boşuna dövr eləyən bir şəhər… Deyirlər Ağdam düzəngahdı… Sabah Ağdam alınsa onun spesifikliyini dünyanın heç bir komissiyası, təşkilatı özünə qaytara bilməz. Onu məhz ağdamlılar — suyu, gülü, çiçəyi, havası, tozu, torpağı ruhuna, varlığına çökmüş insanlar etməlidilər. Bu ruhları sağlam və üzü Ağdama doğru tərbiyə etmək və qorumaq lazımdır.

Və V.Qazinin «Ruhlar şəhəri» kitabının «Xəyal memarı» adlanan on beşinci essesində oxuyuruq: «Heç bilirsənmi Ağdamı xəyallarımda neçə dəfə tikmişəm?… Mənimlə Ağdamı tikməyə gedərsənmi?»

Ağacın, otun, daşın, divarın, torpağın – hər şeyin yaddaşı var. Ağdam torpağı sinəsində evlərindən tonqal çatılan, üstünə qanı tökülən, ayağıyalın, başıaçıq qürbətə səpələnən vətəndaşlarını unutmur. Sərgərdan ruhlarla baş-başa verib aşılacaq, yarılacaq, keçiləcək sərhəddə sakinlərinin qayıdışını gözləyir…

Hər şeyin yaddaşı var; küçələri, evləri, tinləri, döngələri yoxa çıxmış Ağdam torpağının da. Bəs ağdamlıların?..

”Qafqazinfo”. 01.06.2011 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma