Filip Dimitrov: “Bolqaristan varli və xoşbəxt qərb ölkələri ailəsinin, hələ ki, ən kasib və bədbəxt nümayəndələrindəndir”
Bolqarıstanın keçmiş baş naziri Filip Dimitrovla bu müsahibə fevral ayında Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən Demokratiya uğrunda Ümumdünya Hərəkatının 3-cü Assambleyasıída götürülüb. Keçmiş sosialist məkanının ən önəmli dövlətlərindən birinin demokratiya uğrunda mübarizədə əldə etdiyi nailiyyətlərin mexanizmi, uğursuzluq səbəbləri müasir Azərbaycan cəmiyyətinin durumu fonunda xeyli aktual səslənir.
Müsahiblə tanışlıq:
“1955-ci il mart ayının 31-də Sofiyada anadan olmuşam. İngilisdilli məktəbi bitirəndən sonra təhsilimi Sofiya Universitetinin hüquq fakültəsində davam etdirmişəm. Bir müddət vəkil işləmişəm. O vaxt vəkillər və sənətkarlar ölkədə ən azad adamlar idi. 1989-cu ildən ölkədə baş verən dəyişikliklər prosesinə qoşularaq azadlıq hərəkatının ön sıralarında olmuşam. 1990-cı ilin iyul ayında Demokratik Qüvvələr İttifaqının sədr müavini seçilmiş, sonrakı illərdə baş nazir kürsüsündə əyləşmişəm. 1997-1998-ci illərdə ölkəmizin BMT-dəki təmsilçisi, 1998-2002-ci illərdə Bolqarıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri olmuşam”.
– Demokratik Qüvvələr İttifaqı Bolqarıstanın ictimai-siyasi həyatında çox önəmli rol oynayıb. Mümkünsə, bir qədər bu ittifaqın yaranma tarixindən danışardınız.
– Bu qurum 1989-cu ildə yaradılıb. O dövrdə ittifaqın özəyini müxtəlif antikommunist qüvvələr və kommunistlərə müəyyən qədər müxalif mövqedə dayanan qruplar təşkil edirdi. 1991-ci ildə bəzi qeyri-kommunist qruplar ittifaqı tərk elədi. Qatı antikommunist qruplarsa qaldı. Təşkilatın ilk sədri faşizm və kommunizm arasında paralellər aparan məşhur “Faşizm” kitabının müəllifi cənab Jelyü Jelev oldu və 1990-cı ilin avqust ayına qədər ittifaqın sədri vəzifəsində çalışdı. Həmin ilin iyulunda mən onun müavini seçildim. Jelev ölkə prezidenti keçəndən az sonra mən DQİ-nin sədri seçildim.
– Bunlar hamısı bir ilin içində baş verdi?
– Bəli, 1990-cı ildə. Həmin il dekabr ayının 11-də DQİ-nin sədri seçiləndən sonra faktiki olaraq ittifaqı yenidən qurmağa başladıq. Böyük şəhərlərdə qurumun özəkləri yaransa da, bu təşkilat tam formalaşmamışdı. Ona görə həftənin 3-4 gününü 6-7 bölgəyə çıxıb yerlərdə ittifaqın özəklərini yaratdıq və 1991-ci ildə keçirilən seçkilərdə qalib gəlib Nazirlər Kabinetini formalaşdırmaq səlahiyyətinə yiyələnə bildik. Hökumət olaraq ən ciddi islahatlara başladıq. Kommunizm və Rusiyadan üz döndərib Qərbə istiqamət götürdük. Təkcə biz yox, Baltik və Şərqi Avropa ölkələri də bu addımı atdı. Amma biz nə edəcəyimizi, necə edəcəyimizi hələ yaxşı bilmirdik. Litvalılar 1990-cı ilin martında nə isə eləməyə cəhd göstərdilər. Yəqin ki, bunun axırının nəylə qurtardığını bilirsiniz. Rumıniyada da işlər rumınların istədikləri kimi getmirdi. Yuqoslaviya müharibə ərəfəsində idi. Bolqarıstan belə bir qeyri-müəyyən vəziyyətdə ilk addımı atıb Qərbə üz tutdu. Əlbəttə, bu, çox ciddi addım idi və mənim başçılıq etdiyim hökumətin 1992-ci ilin sonunda hakimiyyətdən getməsində az rol oynamadı. Amma biz özəlləşdirmənin aparılması, torpağın kəndliyə verilməsi, demokratik institutların yaradılması, insan hüquqlarının qorunmasıyla bağlı əsas qanunların qəbul olunması və ən vacibi, Bolqarıstanın xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi kimi əhəmiyyətli məsələlərdə irəliləyişə nail ola bildik. Bütün bunlar cəmi 14 ayın içində baş verdi. Başqa bir önəmli məsələ keçmiş Yuqoslaviya ölkələrinin müstəqilliyinin tanınmasında Bolqarıstanın region dövlətlərinə örnək olmağa çalışmasıydı. Bu regionda gedən bütün proseslərin tarixən Bolqarıstana birmənalı təsiri olub. Ancaq Bolqarıstan hər şeyin üstündən adlayaraq keçmiş Yuqoslaviya ölkələrinin müstəqilliyini qeyd-şərtsiz tanıyan ilk ölkədir. Biz bu addımı atanda hələ Qərbi Avropa dövlətlərinin bir çoxu bu məsələdə qəti qərara gələ bilməmişdi. Nə isə… 1994-cü ilə qədər ittifaqın sədri vəzifəsində çalışdım. O ərəfədə kommunistlər parlament seçkisində qalib gəlib yeni hökumət qurdular. Onların da ömrü çox çəkmədi – cəmi iki il.
-Baş nazir kimi fəaliyyətə nədən başladınız?
– Parlamentin müzakirəsinə göndərdiyim ilk qərar Kommunist Partiyasının mülkiyyətinin müsadirə edilməsiylə bağlı oldu. İlk dekret isə iqtisadiyyata – dövlət müəssisələrinin özəlləşdirilməsinə aid idi. Düzdür, biz özəlləşdirməni apara bilmədik, vaxtımız çatmadı. Amma hər halda prosesi başlamağa nail olduq. Biz hakimiyyətdən gedəndə 22 dövlət müəssisəsinin özəlləşdirilməsi ilə bağlı məsələ gündəlikdə dururdu. Böyük sənaye obyektlərinin yenidənqurulması işinə də girişmişdik. Bu məsələdə də bəzi problemlər ortaya çıxdı və işimiz yarımçıq qaldı.
– Hakimiyyətdən getməyinizə səbəb nə oldu?
– Başçılıq etdiyim Nazirlər Kabinetində iki əsas islahatçı fiqur var idi – mən və ədliyyə naziri. O, ölkənin ən tanınmış ziyalılarından sayılırdı. Ancaq bəzi adamlar gördüyümüz bu işləri, aparılan islahatları gərəksiz sayırdı. Belələri bizim Nazirlər Kabinetində də var idi.
– Belə çıxır ki, həyata keçirdiyiniz islahatların qurbanı olmusunuz?
– Mən belə deməzdim. Ancaq hakimiyyətdə olmusansa, həmin vaxt bütün baş verənlərə görə məhz sən məsuliyyət daşıyırsan. Yəni, biz öz məqsədimizə axıracan nail ola bilmədik.
– Qəribədir ki, keçmiş kommunist ölkələrinin çoxunda demokratlar hakimiyyəti əllərində saxlaya bilmədilər. Sizcə, bunun səbəbi nə idi?
– Məncə, bu, demokratların özlərindən asılı olan bir məsələ idi. Düzdür, Azərbaycanda, hansı mənadasa elə Rusiyanın özündə də hakimiyyətə yenidən kommunistlərin gəlməsi faktdır. Eləcə də Bolqarıstan və Macarıstanda. Amma Macarıstan və Bolqarıstanda demokratik dəyişikliklərin qarşısını almaq mümkün olmadı. Əlbəttə, mən demokratik inkişafın ən bariz nümunəsi olan Macarıstanla Bolqarıstanı müqayisə etmək fikrindən çox-çox uzağam. Amma, hər halda, biz eyni ölkələr qrupuna daxilik. Bolqarıstanda demokratlardan sonra müəyyən ləngimələr oldu, geriyə dönmək üçün uğursuz cəhd göstərildi. Macarıstanda isə geriyə dönüş artıq qeyri-mümkün idi. Bir sözlə, harada geriyə dönüş mümkün olubsa, bu, demokratların zəifliyindən irəli gəlib. Və ya, görünür, oradakı kommunistlər daha güclü çıxıb. Mən “güclü çıxıb” deyəndə say çoxluğunu nəzərdə tuturam. Yəqin demokratların uduzduğu ölkələrdə kommunistlər daha çox olub.
– Bəlkə buna səbəb demokratların təcrübəsiz olmasıydı? Axı onların çoxu hakimiyyətə güclü xalq dəstəyilə gəlmişdi…
– Bilirsinizmi, bu, haradasa təbii bir proses idi. Sosialist düşərgəsi dağılandan sonra istər Bolqarıstanda, istər ABŞ-da, istər Avropada, istərsə də keçmiş Sovet İttifaqında heç kim nə edəcəyini bilmirdi. Sanki qaranlıq bir otaqdaydıq və bu otağın qapısını axtarırdıq. Bəziləri qapını tapa bildi, bəziləri isə yox. Amma bir məsələ də var ki, bu otaqdan çıxa bilənlərdə də, içəridə qalanlarda da keçmişə qəribə bir nostalji hissi vardı. Əvvəl-əvvəl doğrudan da həyat şəraiti bir qədər ağır idi. Elə insanların keçmişin xiffətini çəkməsinə də, görünür, bu, səbəb oldu.
– Geriyə dönüş baxımından Rusiyada bu gün baş verən prosesləri necə qiymətləndirirsiniz?
– Məncə, bu gün Rusiyada gedən proseslər çox təhlükəli bir tendensiyanın başlanğıcıdır. Siyasi sistem dəyişməsə də, insanların demokratik gələcəyə ümidi get-gedə azalır. Bu proses bir qədər kiçik miqyasda bəzi Avropa ölkələrində, o cümlədən Bolqarıstanda da baş verib. Düzdür, bizdə vəziyyət bu dərəcədə dramatik deyildi, amma hər halda geriyə dönmə cəhdi olmuşdu. Əgər geriyə dönüş siyasi və iqtisadi motivlərlə yanaşı, həm də mənəvi-psixoloji keyfiyyət daşıyırsa, bu, daha qorxuludur. Kommunist ideologiyasının ustalıqla qurulmuş öz mənəvi sistemi var idi. 1992-ci ildə mən Amerikada olarkən orada ən önəmli məsələlər sırasında mənəvi tənəzzülün qarşısının alınmasının vacibliyini də qeyd etmişdim. Bunun üçün insanların normal yaşayışını təmin etmək lazımdır. O vaxt mənim dediklərim bir qədər başqa cür başa düşülmüşdü. Fikirləşirdilər ki, cavan adamdır, filosofluq, şairlik eləyir və ona görə də belə danışır. Ancaq indi mənim o vaxt dediklərimin nə qədər vacib məsələlər olduğu hamıya aydındır.
– Sovet İttifaqı dağılandan sonra keçmiş sosialist ölkələrinin hamısı, demək olar ki, eyni səviyyədəydi. Mən iqtisadi səviyyəni yox, ictimai-siyasi parametrləri nəzərdə tuturam.
– Elə görünürdü. Amma Yuqoslaviya nümunəsində məlum oldu ki, bu, heç də belə deyil.
– Düzdür, orada vəziyyət bir qədər ayrı cür idi. Siz bayaq Macarıstanın adını çəkdiniz. Bu proses sanki marafon qaçışını xatırladır. İndi Azərbaycandan baxanda Macarıstanın, Polşanın, Çexiyanın bizi xeyli ötüb keçdiyini görürük. Bəs Bolqarıstanın bu marafondakı yeri haradadır?
– Bolqarıstan artıq birdəfəlik Qərbə üz tutub. Azərbaycan hələ bu addımı atmayıb. İnanıram ki, Azərbaycan da, Gürcüstan da, Ermənistan da Qərbə üz tutacaq. Amma Bolqarıstan bu varlı və xoşbəxt Qərb ölkələri ailəsinin, hələ ki, ən kasıb və bədbəxt nümayəndələrindəndir. Ancaq gələcəyə ümidlə baxmağa əsasımız var.
– Bolqarıstanın bugünkü inkişaf səviyyəsi Sizi qane edirmi?
– Xalqı daim gələcəkdə hər şeyin yaxşı olacağıyla aldatmaq olmaz. Keçmişi yada salıb bugünə şükür demək də düzgün deyil. Çünki insanlar adətən pis günləri tez unudur və yaxşı yaşayışa tez öyrəşirlər. Amerika Universitetində təhsil alan 20 yaşlı tələbələrimə azadlıqdan danışanda bu onlara qəribə gəlirdi. Azadlıq onlar üçün çox təbii bir şeydir. Onda mən tələbələrimə misallar çəkirdim. Məsələn, kimsə sənin harada, hansı şəhərdə yaşayacağını sənin əvəzinə həll edir. Onlar belə misalları eşidəndə heyrətə gəlirdilər. Amma 15 il bundan qabaq bizim üçün bu, çox adi bir hal idi. Biz bunu çox təbii qəbul edirdik. İnsanları daim keçmişin belə reallıqlarını yada salmağa məcbur etmək mümkün deyil. Əgər yaşayış səviyyələri onları qane etmirsə, onlar həmişə narazı olacaqlar, hakimiyyətlə mübarizəyə qalxacaqlar, düşdükləri vəziyyətdən çıxış yolu axtaracaqlar, bəlkə lap küçələrə də çıxacaqlar. Bu, çox təbiidir. Demokratiya elə belə də olmalıdır. Biz insanların azadlığı təbii qəbul elədikləri bir ölkə qurmaq istəyirdik. Elə bir ölkə ki, onun vətəndaşları kimsə onların azadlığını məhdudlaşdırmağa cəhd edərkən buna qarşı çıxmağa, iqtisadi vəziyyətləri ağırlaşarkən bunun səbəbləriylə maraqlanmağa, problemlərin qanuni və ağıllı həlli yollarını axtarmağa özlərində güc tapa bilsinlər. Və belə bir ölkəni qurmuşuq. Düzdür, hökumət nahar yeməyini çarpayıya gətirməyə borclu deyil. Amma o, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nələrisə etməlidir. Demokratiya dövlətin vətəndaşına olan münasibətində özünü göstərir. Dövlət vətəndaşın istədiyi kimi yaşamaq hüququnun olduğunu qəbul etməlidir. Belə olan halda qazandığı uğura, düçar olduğu uğursuzluğa görə vətəndaş yalnız özü məsuliyyət daşıyır. Bu gün Bolqarıstanda hər şeyin biz istədiyimiz kimi olması üçün hələ çox şey etmək lazımdır. Amma insanların öz bildikləri kimi yaşamaq imkanı var…
Müsahibəni Vahid Qazi götürüb
Durban, CAR
Fevral, 2004