
Zamanın donmuş halı
Gördüyüm qədim insan məskənləri, antik şəhərlər, muzeylər
Zamanı dayanıb duran görən olmayıb hələ. Gah elə sürətlə keçir, uçur, ayaqlaşa, çatdıra bilmirsən. Gah da baxırsan, sürünür, uzun gecələr boyu bitməyən ağrı kimi, deyirsən ta sabaha çıxmaz.
Mənə görə zamanın üç yox, dörd halı var. Dördüncü donmuş zamandır. Sizi bilmirəm, bəzən keçmiş, indiki, gələcəkdən çox donmuş zaman mənə daha doğma gəlir. Çünki yalnız bu halında o sənlə səmimidir, danışır, suallarına cavab verir. Donmuş zaman ailə arxivlərində, muzey eksponatlarında, tarixi abidələrdə yaşayır…