Daş yuxumdakı Mirzə Fətəli

Mirze Feteli Axundov

Daş yuxumdakı Mirzə Fətəli

Əkrəm Əylisliyə

Dünən gecə Mirzə Fətəli Axundov yuxuma girmişdi.  Söhbət fırlanıb “Daş yuxular”ın üstünə gəldi. Gördüm əsəri oxuyub. Hər şeydən halıdı. Dedi ki, Əkrəm barıtı çox eləyib, lap mənim Qulaməlim kimi. Amma bir tərəfdən də baxanda, onsuz iş keçmir, barıtı çox qoymayanda inqilab da olmur; nə cəmiyyətdə, nə də zehniyyətdə. Barıt qoymaqda Əkrəm bizdən də qabağa gedib, bu, yaxşı haldır. Demək, söz yazanlarımız bu illərdə ərzində yerində saymayıblar. Bu qara-qışqırığa (siz indi ona kampaniya deyirsiniz) çox da aludə olmasın. Elə meyitimi yerdə qoyan həmin camaatdır, heç dəyişməyib. Məni basdıqmağa gəlmədilər, sonra heykəlimi qoydular. Göstərişpərəst camaatımız bu gün kitab yandırdığı kimi, sabah da bir başqa göstərişlə onu gül-çiçəyə tutar. Sözlərimi Əkrəmə çatdır, de ki, Mirzə Fətəli belə dedi.

İndi mən uzaqdayam! Əlim çatmır! Bakıdakı dostlardan xahiş edirəm, mənim daşdan ağır yuxumu Əkrəm Əylisliyə danışsınlar. Həm də mənim adımdan onu desinlər ki, Mirzə Fətəlinin fikirlərinə mən də şərikəm, bircə əlavəm odur ki, kitabındakı o bir xeyli haqsızlığa gərək yol verməyəydi.

Vahid Qazi

Karlskrona, İsveç.

16 fevral, 2013

P.S. Oyananda İsveç PEN klubuna zəng edib yuxumu danışdım. Gözləyirəm görüm bir səs çıxacaqmı – yuxumu yoza biləcəklərmi?