
İsveçdə ədəbiyyat mükafatları
Sizcə, Azərbaycanla eyni qədər – 10 milyon nəfər əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm tutun…
Kitabın, ədəbiyyatın İsveç toplumunun həyatında oynadığı rola aid çox yazmışam. Məsələn, ölkənin ikinci böyük şəhəri – Yöteborqda hər il keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs edən “Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti” yazısı. 1985-ci ildən keçirilən sərgi Şimalı Avropanın ən kütləvi mədəniyyət tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə 100 mini ötür. Ölkənin hər yerindən on minlərlə insan el şənliyinə gəlirmiş kimi axışıb sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir, illik kitab tədarükünü görür.
Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat müsabiqəsi haqda reklamların, elanların rastıma çıxması oldu. Maraq məni götürdü, axtarış verib yüngülcə araşdırdım və heyran qaldım.
Bir neçəsini sizinlə də tanış eləyim.