Gördüyüm qədim insan məskənləri, antik şəhərlər, muzeylər (siyahı)

Zamanın donmuş halı

Gördüyüm qədim insan məskənləri, antik şəhərlər, muzeylər

Zamanı dayanıb duran görən olmayıb hələ. Gah elə sürətlə keçir, uçur, ayaqlaşa, çatdıra bilmirsən. Gah da baxırsan, sürünür, uzun gecələr boyu bitməyən ağrı kimi, deyirsən ta sabaha çıxmaz.

Mənə görə zamanın üç yox, dörd halı var. Dördüncü donmuş zamandır. Sizi bilmirəm, bəzən keçmiş, indiki, gələcəkdən çox donmuş zaman mənə daha doğma gəlir. Çünki yalnız bu halında o sənlə səmimidir, danışır, suallarına cavab verir. Donmuş zaman ailə arxivlərində, muzey eksponatlarında, tarixi abidələrdə yaşayır…

Muzeylər zamanın donub durduğu yerdir. Xoşum gəlir muzeyləri dolaşmaqdan, bir də köhnə-kürüş şeylərin satıldığı ikinci əl satış məkanlarından. Boş vaxt tapan kimi özümü verirəm şəhərimizin “sekond hənd”lərinə. Buradakı əşyaları da muzey eksponatları kimi donmuş zamanın ayrı-ayrı anlarından qalan detallar, hissələr zənn edirsən. Hələ qədim insan məskənlərini: mağaraları, antik şəhərləri, qədim insan məskənlərini gəzməkdən aldığım zövqü demirəm.

İndi zamanın ulduz sürətiylə uçan əsrində yaşayırıq. Süni intellekt bizi öz ağlagəlməzlikləriylə heyran edir. Bu gedişlə yəqin insan tezliklə zamanın donmuş epizodlarını canlandırmağın yolunu da tapacaq. Məsələn, Qobustan qayalarına o şəkilləri çəkən qədim insanları söhbətə tutacaq: “Bu qayıqla hara üzürdün?” Yaxud Misir ehramlarının tikintisinə canlı-canlı tamaşa edəcək, ayağı büdrəyən qulun qolundan yapışacaq.

Olduğunuz ilk muzeyi xatırlayırsızmı? Sizdə ən böyük təəssürat doğuran hansı muzey, onun hansı eksponatı olub? Fərq etməz, muzey olsun, tarixi qoruqlar, mağaralar, antik şəhər qalıqları – əsas odur, zamanın donub qaldığı yer olsun. Bir yadınıza salın.

Mənim ilk gördüyüm belə yer Bülbülün Şuşadakı ev muzeyi olub. 1976-cı ildə getmişdik ora. Yadımda qalın şüşə altında sərgilənən bir medalla qalıb o muzey. Bələdçi deyirdi ki, bu medalı ona İtaliyada veriblər. Onu taxanın paradlarda generallardan qabaqda getmək hüququ varmış. Bilmirəm dururmu o medal, Bülbülün bərpa olunmuş muzeyində sərgilənirmi görən?

Qədim tarixi abidə kimi isə Qarabağda Kolatağ kəndi yaxınlığındakı Müqəddəs Yaqub monastırının qalıqlarını xatırlayıram. 1975-ci ilin yayında neçə ailə Kolatağ turşsuyunda alaçıqlar qurub yayladığımız vaxtı böyüklərə qoşulub getmişdim.

Sonra Ağdamdakı Çörək muzeyini xatırlayıram. Səhv etmirəmsə, 1983-cü il idi, məktəbdən aparmışdılar. Muzeyin məşhur eksponatı Leninqrad blokadasından qalan çörək idi. O blokadanı yaşamış bir qadın göndəribmiş. Kömür kimi qaralmışdı.

Müharibədən söz düşmüşkən, bir muzeydən də deyim. Zoya Kosmedemyanska muzeyində görüb eşitdiklərimdən çox təsirlənmişdim. Yay tətilində Moskvaətrafı Balabanovo istirahət evində dincələndə Petrişşevo kəndindəki bu muzeyə ekskursiyaya aparmışdılar bizi. Faşistlərin partizan Zoyaya verdikləri işgəncələrdən elə danışırdılar, adamın əti ürpəşirdi.

Bakıdakı Lenin muzeyində gördüyüm isə uşaq təəccübü kimi yadımda qalıb. Şüşəli bir yerdə qara palto asılmışdı. Paltonun yuxarı hissəsində ağ sapla xırda tikiş vardı. Babalı bələdçinin boynuna, deyirdi ki, güllə yeridi, guya Kaplan atəş açanda Leninin əynində bu palto varmış.

Yuxarıda sadaladıqlarım uzaq uşaqlıq illərində “zamanın donmuş halıyla” ilk tanışlıq xatirələrimdir. Sonra zaman o halıyla məni hələ çox heyrətləndirəcəkdi.

Misirdə günəş allahı Amon Ranın Nil sahilindəki Karnak məbədi, Giza piramidaları, Krımda bir vaxtlar Karaim türklərinin yaşadığı Çufutqala mağara-şəhər kompleksi, Afina Akropolunda allahlar allahı Zevsin qızı Afinanın şərəfinə tikilmiş Parfenon və neçə belə yer kimi. Bu heyrət dolu təəssüratlar səyahət yazılarına köçürüləcək, “Yol” kitabında toplanacaqdı sonralar.

Londonun Viktoriya və Albert muzeyində 1539-cu ildə Ərdəbil məscidi üçün toxunmuş “Şeyx Səfi” xalısı nənəmin üstündə böyüdüyüm “Bağçadagül” xalçası qədər doğma gəldi mənə. Alaniyanın Dim mağarasındakı yaşı milyon illərlə ölçülən sırsıra süxurlara tamaşa edəndə də qəribə duyğular yaşamışdım. Bu sırsıraların yaranışından ötən milyon illər bir göz qırpımında gəlib keçir və beləcə dünya da, zaman da gözündə kiçilir.

Çox belə nümunələrlə yazını uzada bilərdim. Uzatmadım, əvəzində ərinməyib yaddaş tanrıçası Mnemosinanı çağırıb indiyədək olduğum muzeylər, antik şəhər qalıqları, qədim insan məskənləri, mağaralar, tarixi qoruqlar, milli parkların siyahısını tutdum. 154 belə yeri xatırlaya bildim.

Donmuş zamanda hələ neçə görməli yer qalıb. Sağlıq olsun.

Keçmiş sizi kövrəldəndə, bugun təngə gətirib üzəndə, gələcək qorxudanda üzünüzü donmuş zamana tutun. Qəribə dinclik, hüzur tapacaqsınız.

Vahid Qazi

İyul 2025

Tornet koloniyası, İsveç

P.S. Gördüyüm muzeylər, antik şəhər qalıqları, qədim insan məskənləri, mağaralar, tarixi qoruqlar, milli parkları. Siyahı:

  1. Bülbülün ev-muzeyi. Şuşa
  2. Çörək muzeyi. Ağdam
  3. İmarət kompleksi. Ağdam
  4. İncəsənət Muzeyi. Bakı
  5. Xalça Muzeyi. Bakı
  6. Tarix Muzeyi. Bakı
  7. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu. Bakı
  8. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi. Bakı
  9. İçərişəhər Muzey Mərkəzi. Bakı
  10. Qız Qalası. Bakı
  11. Çıraqqala. Şabran
  12. Cəfər Cabbarlının ev-muzeyi. Xızı
  13. Xan sarayı. Şəki
  14. ABBA muzeyi. Stokholm, İsveç
  15. Nobel muzeyi. Stokholm, İsveç
  16. Hərbi Dəniz muzeyi. Karlskrona, İsveç
  17. Blekinge Tarix muzeyi. Karlskrona, İsveç
  18. İlqmar Berqman muzeyi. Qotland, İsveç
  19. Lummelunda mağara-muzeyi. Qotland, İsveç
  20. Göteborq Maritiman mərkəzi Göteborq, İsveç
  21. Hava Qüvvələri muzeyi. Linkopinq, İsveç
  22. Fredriksdal muzeyi. Helsinqborq, İsveç
  23. Sofiero kral qəsri. Helsinqborq, İsveç
  24. Froqner parkı. Osli, Norveç
  25. Nyühavn. XVII əsr limanı. Kopenhagen, Danimarka
  26. Mavi Planet Danimarka Milli Akvariumu. Kopenhagen, Danimarka
  27. Amagertorv. Tarixi şəhər meydanı. Kopenhagen, Danimarka
  28. Kronborq qəsri. Helsingor, Danimarka
  29. Misirşünaslıq muzeyi. Qahirə, Misir
  30. Misir piramidaları. Giza, Misir
  31. Karnak Məbəd Kompleksi – Amon Ranın məbədi. Luksor, Misir
  32. Kazan Milli muzeyi. Kazan, Tatarıstan
  33. “Sosialist məişəti” muzeyi. Kazan, Tatarıstan
  34. “Xoşbəxt uşaqlıq” muzeyi. Kazan, Tatarıstan
  35. Valaam Monastrı. Ladoqa gölü, Rusiya
  36. Zoya Kosmedemyanska muzeyi. Petrişşevo, Moskvaətrafı, Rusiya
  37. Kreml. Moskva, Rusiya
  38. Kolonada. Kislovodsk, Rusiya
  39. Tarixi diyarşünaslıq muzeyi. Totsk, Orenburq, Rusiya
  40. Cvari monastırı. Mtsxeta, Gürçüstan
  41. Şeytanbazar. Tbilisi, Gürcüstan
  42. Botanika bağı, Batumi, Gürcüstan
  43. Kazbek aşırımı. Kazbeqi, Gürcüstan
  44. Xan sarayı. Baxçasaray, Krım, Ukrayna
  45. İsmayıl Qaspıralının ev-muzeyi. Baxçasaray, Krım, Ukrayna
  46. Cufutqala mağara-şəhər kompleksi. Baxçasaray, Krım, Ukrayna
  47. Pantikapey antik şəhər xarabalığı. Kerç, Krım, Ukrayna
  48. Kreşatik. Kiyev, Ukrayna
  49. Müqəddəs Sofiya kafedralı. Kiyev, Ukrayna
  50. Məryəm Ana Kafedralı, Azadlıq meydanı. Minsk, Belarus
  51. Şri Lanka Milli muzeyi. Kolombo, Şri Lanka
  52. Pinnavala Fil Sığınacağı Milli parkı. Sabaraqamuva, Şri Lanka
  53. Gangaramaya buddist məbədi. Kolombo, Şri Lanka
  54. Phezulu Safari Park. Durban, Cənubi Afrika Respublikası
  55. Milli Xiyaban (National Mall). Vaşinqton, ABŞ
  56. Kapitol – Konqres Binası, Vaşinqton, ABŞ
  57. Vaşinqton abidəsi, Vaşinqton, ABŞ
  58. Aptaun, Dountaun, Hyuston, ABŞ
  59. Mayami Biç, Mayami, ABŞ
  60. Brodvey. Nyu-York, ABŞ
  61. Bruklin körpüsü. Nyu-York, ABŞ
  62. Manhetten adası. Nyu-York, ABŞ
  63. Kalamorro Təbiət parkı. Benalmadena, İspaniya
  64. ”Centro historico” İçərişəhər kompleksi. Malaqa, İspaniya
  65. Cəbəlrütariq Təbiət Qoruğu. Cəbbəlrütariq, Böyük Britaniya
  66. Victoria & Albert muzeyi. London, Böyük Britaniya
  67. Şerlok Holms muzeyi. London, Böyük Britaniya
  68. Hayd-park kral parkı. London, Böyük Britaniya
  69. Çarlz Dikkensin ev muzey. London, Böyük Britaniya
  70. Təbiətşünaslıq muzeyi. London, Böyük Britaniya
  71. London Film muzeyi. London, Böyük Britaniya
  72. Britaniya muzeyi. London, Böyük Britaniya
  73. Qarıneşən Cek muzeyi (Jack the Ripper Museum). London, Böyük Britaniya
  74. Vestminster sarayı. London, Böyük Britaniya
  75. Bukingem sarayı. London, Böyük Britaniya
  76. London Tauer tarixi qalası. London, Böyük Britaniya
  77. Palamidi qalası. Nafpilo, Yunanıstan
  78. Epidavros arxeoloji kompleksi. Arqolis, Yunanıstan
  79. Mikena xarabalığı. Arqolis, Yunanıstan
  80. Yeni Akropolis muzeyi. Afina, Yunanıstan
  81. Parfenon, Afina Akropolu. Afina, Yunanıstan
  82. ”Plac Zamkowy” Qəsr meydanı. Varşava, Polşa
  83. Stare Miasto İçərişəhər kompleksi.Varşava, Polşa
  84. Solidarnost muzeyi. Qdansk, Polşa
  85. Fredrik Şopenin ev-muzeyi. Varşava, Polşa
  86. Lazienki kral parkı. Varşava, Polşa
  87. Palas Kultura. Varşava, Polşa
  88. Kopernik Elm Mərkəzi muzeyi. Varşava, Polşa
  89. Varşava Üsyanı muzeyi. Varşava, Polşa
  90. Vavel (Wawel) tarixi kompleksi. Krakov, Polşa
  91. Auşvitz həbs düşərgəsi. Osvensim, Polşa
  92. Kopernikin ev-muzeyi. Torun, Polşa
  93. Kral Zərbxana muzeyi. Yaximov, Çexiya
  94. Staré Město İçərişəhər komplekssi. Praqa, Çexiya
  95. Karlov körpüsü. Praqa, Çexiya
  96. Astronomik saat tarixi abidəsi. Praqa, Çexiya
  97. Gent Şəhər muzeyi. Gent, Belçika
  98. Flandriya Qraf qəsri. Gent, Belçika
  99. Qran Plas meydanı, Brüssel, Belçika
  100. Bethovenin ev-muzeyi. Vyana, Avstriya
  101. Mosartın ev-muzeyi. Vyana, Avstriya
  102. Innere Stadt İçərişəhər kompleksi. Vyana, Avstriya
  103. Müqəddəs Stefan kilsəsi. Vyana, Avstriya
  104. Schönbrunn Palace kral sarayı. Vyana, Avstriya
  105. Belveder sarayı. Vyana, Avstriya
  106. Hofburq kralların qış sarayı. Vyana, Avstriya
  107. Fraumünster kilsəsi. Sürix, İsveçrə
  108. Bələdiyyə sarayı, barokko memarlığı. Sürix, İsveçrə
  109. Sahil bağı. Luqano, İsveçrə
  110. İncəsənət muzeyi. Vintertur, İsveçrə
  111. Lantdaq parlament binası. Vaduz, Lixtenşteyn
  112. Vaduz qəsri. Vaduz, Lixtenşteyn
  113. Brandenburq qapısı. Berlin. Almaniya
  114. “Berlin divarı” momerial kompleksi. Berlin, Almaniya
  115. San-Susi sarayı. Potsdam, Almaniya
  116. Bazar meydanı (Marktplatz), Bremen, Almaniya
  117. Köln kafedralı. Köln, Almaniya
  118. Alster Gölü, Hamburq, Almaniya
  119. Şpayxerştadt anbar kompleksi, Hamburq, Almaniya
  120. Notrdam kilsəsi. Paris. Fransa
  121. Viktor Hüqonun ev-muzeyi. Paris. Fransa
  122. Luvr muzeyi. Paris. Fransa
  123. Eyfel qülləsi. Paris. Fransa
  124. ”Des İnvalides” Əlillər Evi memarlıq abidəsi – Napoleonun qəbri. Paris. Fransa
  125. Zəfər Tağı. Paris. Fransa
  126. Şanzelize bulvarı. Paris. Fransa
  127. Kralların qış sarayı. Versal, Fransa
  128. Xose Marti memorial kompleksi. Havana, Kuba
  129. La Habana Vieja İçərişəhər kompleksi. Havana, Kuba
  130. San Kristobal kilsəsi. Havana, Kuba
  131. Kolonial İncəsənət Muzeyi. Havana, Kuba
  132. Müqəddəs Katerina kilsəsi. Quantanamo, Kuba
  133. Kolonial kilsəsi. Santiyaqo de Kuba, Kuba
  134. Əmiri-Gur, Əmir Teymur türbəsi. Səmərqənd, Özbəkistan
  135. Rehistan meydanı. Səmərqənd, Özbəkistan
  136. Poi-Kalan memarlıq kompleksi. Buxara, Özbəkistan
  137. Əlişir Nəvai Milli parkı. Daşkənd, Özbəkistan
  138. Fərqanə vadisi. Özbəkistan
  139. Milli Tarix muzeyi. Bişkek, Qırğızıstan
  140. Süleyman dağı. Oş, Qırğızıstan
  141. Medeo. Alma-Ata, Qazaxıstan
  142. Dolmabağça sarayı. İstanbul, Türkiyə
  143. Topqapı sarayı. İstanbul, Türkiyə
  144. Ayasofiya. İstanbul,Türkiyə
  145. Atatürkün ev-muzeyi. Antalya. Türkiyə
  146. Kaleiçi. Antalya. Türkiyə
  147. Perge Antik Şəhəri. Antalya. Türkiyə
  148. Hadrian Kapısı. Antalya. Türkiyə
  149. Damlataş Mağarası. Alanya. Türkiyə
  150. Alanya qalası. Alanya. Türkiyə
  151. Dim mağarası. Alanya Türkiyə
  152. Güray Sənət muzeyi. Avanos, Türkiyə
  153. Keramika muzeyi. Avanos, Türkiyə
  154. Peri bacaları. Kapatokya. Türkiyə

Bir şərh yazın