
Rifaha çatmaq həm də bərabərliyə nail olmaqdırmı?!
Dostum Səadət Kəriminin “Ədəbiyyat” qəzetində dərc olunmuş “Əməkçi ədəbiyyatının əhəmiyyəti və ya yeni sinif mübahisəsi” məqaləsi cəmiyyətlərdə sosial təbəqələr arasındakı münasibətlərin ədəbiyyatda təzahürü mövzusunda maraqlı araşdırma yazısıdır. İstər Sovet, istərsə də İsveç ədəbiyyatında siniflərarası mübarizə fonunda insan obrazları yaratmış yazıçıların əsərlərindən nümunələrlə yazını daha da zənginləşdirib.
Səadət xanım toplumlarda “sosial nərdivan” məsələsini solçu baxışdan analiz edib, özü solçu olmasa da. Solçu baxış ona görə deyirəm ki, cəmiyyətin sosial strukturunu siniflər şəklində görmək, təsvir etmək, araşdırmaq solçulara xasdır.
Əsas şüarı “ədalət”, “bərabərlik” olsa da solçu ideya özünün ən pik halında belə sosial ədalətə, bərabərliyə nail ola bilmədi. Bir vaxtlar bütün dünya sosialistləri, kommunistləri SSRİ-ni sosial bərabərliyin təntənəsi kimi qibləgah bilirdilər. Reallıq isə başqa idi.
Reallıq o idi ki, sosial bərabərliyə nail olduğunu iddia etmiş Sovet siyasi sistemi nə qədər qəribə səslənsə də özü o vaxtacan mövcud olmayan ÜST SİNİF ortaya qoymuşdu – Nomenklatura sinfini. Sovet siyasi sisteminin fəhlə və kəndlilərdən yaratdığı bu yeni sinfin əsl mahiyyəti Mixail Voslenskinin “Nomenklatura. Sovet İttifaqının hakim sinfi” (Восленский М. С. “Номенклатура. Господствующий класс Советского Союза”) adlı kitabında xırdalıqlaracan açılıb.
Sosial rifaha çatmaq həm də sosial təbəqələr arasında bərabərliyə nail olmaqdırmı?!
“Sosial nərdivan” bəşərin bu günədək yaratdığı bütün cəmiyyətlərdə olub, belə baxıram, innən sonra da olacaq. Bərabərliyin təntənəsinə nail olduğunu iddia edən toplumlarda da həmçinin.
Skandinaviya ölkələri artıq neçənci onillikdir dünyanın sosial rifaha çatmış dövlətləri siyahısına başçılıq edirlər. Burada həqiqət payı çoxdur, başqa ölkələrlə, xüsusilə, ədalətin ayaqlar altına atıldığı siyasi rejimlərlə müqayisədə bu apaçıq görünür. Mən də əvvəllər bu ölkələrin əldə etdiyi sosial rifahı hələ 150 il öncədən siyasi həyatda aparıcı rol oynayan solçu ideyalardan qaynaqlandığını düşünürdüm.
İsveçin siyasi sistemi, xalqın mental dəyərləri ilə yaxından tanış olanda öyrəndim ki, İsveç insanının sosial bərabərliyə can atması hələ solçu ideyalardan qabaq onun xarakterində rüşeymlər şəklində olsa da varmış. Bunun izahı kimi “Yante qanunu” adlanan əxlaq kodeksi haqda “Azadlıq, ya xoşbəxtlik…” yazısında ətraflı söz açmışam deyə uzatmıram.
Dediyim odur ki, Səadət xanımın bu sanballı araşdırmasında iki qəhrəmanın – futbolçu Zlatan İbrahimoviçlə, tələbə Hannanın simasında “sosial nərdivanın” aşağı pillələrində qərarlaşanların aldıqları həyat zərbələri hərdən güc versə də, çox vaxt güc alır, arzu və umudların başından basır. Onun bu fikriylə də razıyam ki, həyatın dibindən qalxmağa özündə güc tapan əsər qəhrəmanları son onilliklərdə ədəbiyyatımızda yoxdur.
Amma mən nə vaxtsa yaranacaq bu obrazlara siniflər kontekstindən yox, insan xarakterini açan sənət əsəri bucağından baxacam. Fikrimcə, sənət ona sənət gözüylə baxanda əsl qiymətini alır. Ədəbiyyat, kino, bir sözlə, sənətin bütün sahələri yaratdığı insan obrazına görə dəyərləndirilməlidir. Solçu, sağçı baxışların mütləq siyasi çaları tapılacaq.
Səadət Kərimiyə isə bu gün də aktual olan, bəlkə bəşərin sonunacan aktuallığını itirməyəcək bir mövzuya, özü demiş, həm də mübahisəli mövzuya yön verdiyinə görə təşəkkür düşür. Bu mövzunun qürbət eldə yaşayanlar üçün xüsusi anlam daşıdığını da deməyi unutmayım!
Vahid Qazi
Helsinqborq, İsveç
P.S. Yazı üçün seçdiyim karikatura Sovet dissident karikaturaçısı V.Sısoyevindir.