Nostalgiya

Nostalgiya

Ötən ay evimizin qalıqları arasından dörd bir yandakı xarabalıqlara baxanda ən çox qonşu Ağca xalagilin uçuq evi diqqətimi çəkmişdi. Dağılmış pilləkəndə oturub yaşıl çəmənlik fonunda o evə tamaşa edirdim. Mənə nəyisə xatırladırdı. Yada sala bilmirdim.

Ayağa qalxıb pilləkənimizin “yarımçıq hündürlüyü”ndən o mənzərəyə bir də baxanda xatırladım. Yaddaşımı döyəcləyən o mənzərənin yaratdığı assosiasiya Andrey Tarkovskinin “Nostalgiya” filmi idi. Görünür o assosiasiyanın yaranmasına səbəb tək Oleq Yankovskinin tərk olunmuş ev fonunda çəkilmiş filmin tanıtım posteri deyildi. 30 ildən sonra qayıtdığın yurd yerində məhz həmin filmin yada düşməsinin başqa səbəbləri də vardı.

“Nostalgiya”nın dilimizdəki qarşılığı “həsrət”, “xiffət”, “qüssə” sözləridir.

Nostalji duyğunu hər adam bir xatirə ilə yaşayır. Mənim aləmimdə isə o kəlmənin əsas iki ünvanı var: biri yurd yeri, o biri uşaqlıq illəri.

Uzun illər xiffətini çəkdiyin, xoşbəxt uşaqlığın keçdiyi yurd yerində vətən həsrətinin kinoda ən uğurlu ifadəsi saydığın bir filmin yada düşməsi təbii idi.

Filmdə bir də dünyanın günahını yumağa cəhd var! Bəs Yurdun xarabaya çevrilməsinin günahını necə, yumaq olarmı?

Durub Ağca xalagilin evinə sarı getmişdim, xahiş eləmişdim ki, o uçuq evin fonunda şəklimi çəksinlər. Monastr xarabalıqları fonunda filmin son kadrını xatırladan yerdə.

Evimizin uçuq-sökük divarları arasında dolaşanda ürəyimdən Həsrət mövzusunda bir film çəkmək keçmişdi. Yox, dünya klassik kino incilərindən olan bu filmə bənzərini çəkməyə iddia edəcək qədər ağlımı itirməmişəm hələ. Amma bu sabah baxdığım italyan rejissor Mario Martonenin başqa bir “Nostalgiya” filmi kimisini çəkməyə iddialı hiss elədim özümü. Ondan da yaxşısını özü də. 40 ildən sonra vətənə dönən Feliçenin yerinə də özümü çəkərdim.

Söz açdığım birinci filmdə nostalji duyğunun ünvanı vətəndirsə, ikinci filmdə uşaqlıq illəridir.

Vətən və uşaqlıq çağı haqda nostalji bir film çəkmək də mənim arzum olsun!

Vahid Qazi

25 iyun 2023

Helsinqborq, İsveç

Nostalgiya” üçün bir cavab

  1. Geri bildiriş: Sonalar gölünün sahili | Vahid Qazinin bloqu

Bir şərh yazın