Etiraz – ləyaqətin bir başqa adı

iran 2018

Etiraz – ləyaqətin bir başqa adı

Bethoven “3-cü simfoniya”sını 1804-cü ildə bitirir və “Qəhrəmanlıq” adlandırdığı bu əsərini demokratiya, anti-monarxiya inqilabının carçısı Napoleona həsr edir. Az sonra Napoleonun özünü imperator elan etməsi onun xəyal qırıqlığına səbəb olur.

“İndi o, inqilabın verdiyi insan haqlarını ayaqlar altına atacaq, tiran olacaq!”, – deyir. Oxumağa davam et

Bayramın mübarək, “qum dənəsi”!

17-noyabr-1988

Bayramın mübarək, “qum dənəsi”!

Bu fotoda məni tapa bilərsiniz? Yox! Amma ordayam. Sən də ordasan. Hamımız ordayıq. “17 noyabr”, bir də “20 yanvar” hamının “orda” olduğu gündü. Heç “28 may”da hamı “orda” deyildi, bir qrup adam görmüşdü o işi milyonların yerinə.

Sahil qumlağını sayagəlməz qum dənələri yaradan kimi millət də özünü dərk edən min-min fərdin topalanıb cəmiyyət qurmasıyla formalaşır. Bu fotoda qum dənələri kimiyik. Xoş halına o millətin ki, yolunda qum dənəsi tək zərrə olmaqdan şərəf duyan milyonlarla insanı var!

Foto 1988-ci ilin 17 noyabr səhərini yadıma saldı. İstədim xatirəmi sizinlə də bölüşüm. Uşaqlar dərsdən gəlsin, axşam onlara da danışacam.

17 noyabr səhəri universitetin həyətində toplanmağımızdan, Topxanada armud ağaclarını kəsən ermənilərə qəzəblənərək (nə qədər qəribə səslənir indi) yürüşə çıxmağımızdan, yolboyu “politexnik”, “inşaat”, “narxoz” tələbələrinin bizə qoşulub sayımıza say qatmalarından, Qoşa Qala qapısı ağzında sovet milisinin yolumuzu bağlamağa uğursuz cəhdindən, adını dəyişib “Azadlıq” qoyacağımız Lenin meydanını eyforik bağırtılarla doldurub kommunist dünyasını silkələyən uzunmüddətli oturaq etiraz hərəkatına başlamağımızdan danışacam.

Gecələr tonqal başına yığılıb Bakıda yaşayan tələbə qızların evdən gətirdiyi isti çaydan içə-içə, peraşki-buterbrotdan yeyə-yeyə dünənək ağlagəlməyən “millət söhbətlər”i eləməyimizdən, şeir deyib, mahnı oxumağımızdan söz salacam. 3 il məşəqqətli mübarizədən sonra müstəqillik qazanmağımızdan fəxrlə bəhs edəcəm.

Amma bizim ən fəxarətli günümüzün yadigarı olan bu fotonun 28 il sonra mənə hansı ovqat yaşatdığından danışmayacam uşaqlara. Heç sizə də demirəm!

Bircə bunu deyirəm:

Bayramınız mübarək olsun, “qum dənələri”!

Vahid Qazi

17 noyabr, 2016

Dərc olundu: Azadlıq radiosu, Turkustan.info, Xitab.az, Bastainfo.com, Qaynarinfo.az