Əkrəmin Ramizə dediklərinə münasibət

ramiz rovsen

 

Jurnalist Nərgiz Cavadzadənin sualına cavab

”Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidi?”

Sual: Vahid bəy salam. Sizi Teleqraf.com saytından narahat edirik. Sizə bir mövzuda sual ünvanlamaq istərdik. Əkrəm Əylislinin Ramiz Rövşənlə bağlı səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, şairin toyda şeir oxumasına münasibətiniz necədir?

Cavab: Bir dəfə müsahibə üçün Əkrəm Əylisliyə suallar göndərdim, arasında belə bir sual vardı:  “Sizi yaxından tanıyanlar xarakterinizin çox müsbət tərəfiylə yanaşı bəzən cığallıq elədiyinizi də qeyd edirlər. Cığalsınızmı? Adətən, nə vaxt tutur bu damarınız?” Əkrəm bəyin söz açdığınız müsahibəsində cığallıq duyulmasa da, xeyli təhqir elementləri aydın görünür. Bu müsahibəsini bəyənmək mümkün deyil. Təhqirlə doludur. Mən Əkrəm Əylislini də, Ramiz Rövşəni də onun “Ramizi görmədiyi zirvədə” görürəm.

Son illər ağına-bozuna baxmadan daş-qalaq eləmək vərdişi formalaşıb. Bu, pis haldır. Qocaman söz adamlarının daşlanması isə lap pis nümunədir. Əkrəm Əylisliyə total hücum ediləndə “Daş yuxumdakı Mirzə Fətəli” adlı balaca bir yazımla müdafiəsinə qalxdım, məni də ermənilərə satılmaqda ittiham edənlər tapıldı. Ramiz Rövşənə hücumların pik vaxtı “Ramiz Rövşəni qınayanlara” adlı bir yazı yazdım, nə qədər qınaq yedim. Hər iki halda özümü haqlı bildiyim üçün bu ittihamların, qınaqların biri də mənə təsir etmədi. Onları müasir ədəbiyyatımızın zirvəsi hesab etməyim “küyə getməyim” deyil, fanatik olası yaşda da deyiləm. Sadəcə, özümü daşlayanlar arasında yox, daşlananların yanında daha xoş duyduğumu demək istəyirəm.

Şairin toyda şeir deməsi niyə ayıb sayılmalıdır? Şair şeirini yalnız tribunada, rəhbər qarşısındamı deməlidir? Ramiz Rövşən mənim də toyumda şeir deyib, başqa dostların da. O toyların elə ən yaddaqalan yeri onun çıxışı olub. Camaat “Şeir-şeir!” deyərək səslənəndə şeir deməsəydi, onu insanları qırmaqda, saymazlıqda ittiham edərdilər. Şairin yeri xalqın yanıdır. Gülməli hal bilirsiniz nədi? Bəziləri Ramizi susmaqda qınayırlar! O tək ustad şair deyil, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdır. Bəzən adam sükutuyla da çox şey deyir. Mən Azərbaycanda onu nədəsə qınamağa haqqı olan bir adam belə tanımıram.

Nərgiz Cavadzadə

Teleqraf.com

Ramiz Rövşənə yubiley sözü

ramiz-rovsen-cavansir-quliyev-1

Ramiz Rövşənə yubiley sözü

Sabah Ramiz Rövşənin 70 yaşı tamam olur. O, Azərbaycan poeziyasında yeni zirvə yaratmış bir şairdi. Mənim üçün onun ”Nəfəs”i Sabirin ”Hop-Hopmanə”si, Füzulinin türkcə ”Divan”ı kimidi. O həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdı. Bir dəfə söhbətlərin birində Ramiz bəy dedi ki, Azərbaycanın azad, varlı, qüdrətli dövlət olmasını hamıdan çox onun yaradıcı adamları istəməlidi, biz istəyirik. Çünki bizim yaratdıqlarımızın yalnız o halda yaşamaq ehtimalı var ki, Azərbaycan dövləti, xalqı və dili yaşasın.

Bu şəklin 20 yaşı var. Bir gün bir məclisdən çıxanda Cavanşir Quliyev dedi ki, Müsavatın himni hazırdı, gəlin gedək dinləyin, görün necə alınıb. Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı. Dinlədik. Əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik. ”Kimdi oxuyanlar?” soruşduq. ”Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi. ”Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”, bunu da Nasir Əhmədov dedi. O vaxt (elə indi də) müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi.

Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı, dili yaşayacaq və böyük şairini də yüzillər boyu yaşadacaq, buna inanıram.

70 yaşın mübarək, Ramiz bəy!

Vahid Qazi

Ramiz Rövşəni qınayanlara

ramiz rafiq fexri

Ramiz Rövşəni qınayanlara

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm. Bu sözləri də onu qınayan dostlara deyirəm, baxıram “Feysbuk”dakı virtual dostlarım arasında belələri var. Təhqir, qərəz, məqsədli şəkildə qarayaxmalar yazanlara cavab verməyə dəyməz. Oxumağa davam et

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

nigar

Nigar Köçərlidən qatma-qarış ədəbiyyat söhbəti

“Azadlıq” radiosundakı “Azərbaycanda hansı yazarların kitabını alan yoxdur?” mövzusunda debatı dinlədim. Məni bu qeydləri yazmağa sövq eləyən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin fikirləri oldu. Nigar xanım dedi ki, mağaza və anbarlarında iki-üç yüz Azərbaycan yazıçısının beş-altı min kitabı qalaqlanıb. “Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın”.

Və bu iki-üç yüz yazarın arasında tək mənim adımı çəkdi. “Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi bir il yarım, iki ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? Bircə kitabı da satılmayıb”.

Sağ olsun, mənə yazıçı (!) deyir. Açığı, bu adın əzəmətindən hürksəm də, xoşuma gəldi. Amma yaxşı olardı, iki ilə qədərdi Azərbaycanda yaşamayan Vahid Qazinin ona necə kitab verdiyini də deyəydi.

Nigar xanımı “skandalsevər” biri kimi tanıdığımdan əvvəl istədim əhəmiyyət verməyim. Bildim ki, bu sözlərlə hələ üç ay əvvəl MKM-nın bu ilki müsabiqəsi ilə bağlı yazdığım “Haramıstan” yazısına cavab verir. Amma radiodan da münasibət bildirməyimi istədikləri üçün bu yazını yazası oldum. Ümid edirəm, radio bu qeydlərlə yanaşı Nigar xanımın incə qəlbinə dərin yara vurmuş “Haramıstan” yazısını da öz saytında dərc edəcək, yaxud mənim bloqumdan o yazıya link qoyacaq ki, oxucular oxuyub onun niyə məhz məni hədəf seçməsinin əsl səbəbini bilsinlər.

İndiyədək üç kitabım çıxıb. Ağdam xatirələrindən bəhs edən “Ruhlar şəhəri” kitabım ilk dəfə nəşr olunanda “Əli və Nino” mağazasına 10 kitab verilmişdi. Bir neçə aydan sonra başqa mağazalarda satılıb qurtarandan, dostlara, kitabxanalara, zəng vurub istəyənlərə paylayandan sonra təkrar nəşr etdik. Amma bu dəfə “Əli və Nino”ya vermədik, çünki əvvəlki kitabların taleyindən xəbər tuta bilmirdik. Zəng edən, facebookda yazan oxucular deyirdilər ki, “Əli və Nino”da o kitab yoxdur. Bir-iki dəfə zəng elədim, yolum düşəndə soruşdum. Həmin sözü mənə də dedilər. Belə olanda kitabın pulunu istədim. Dedilər, satılmayıb. Satılmayan, amma rəflərdə də olmayan kitabları iki ay ərzində yığıb mənə verməyəndə facebookda o mağaza haqda sərt bir status yazdım. Özünü Nigar xanımın nümayəndəsi kimi təqdim edən bir oğlan dərhal reaksiya verdi, nəzakətlə araşdırmağa möhlət istədi. Bir həftə sonra 7-8 kitab və 5-10 manat pul verdilər.

Sonrakı “Yaddaş ləpirləri” və “Çamayra. Kuba dəftəri” kitablarımı isə ümumiyyətlə o mağazaya verməmişəm. Zəhmət olmasa, Nigar xanım mağaza və anbarlarındakı 5-6 min kitab arasından bircə dənə də olsa mənim verdiyim iddia olunan kitabımı göstərsin və bununla da sübut eləsin ki, debatda məhz mənim adımı çəkməsi onun “MKM biznesi” barədə yazdığım “Haramıstan” məqaləsiylə bağlı deyil.

Lap əgər anbarında mənim hansısa kitablarım qalmış olsa belə satılmamanın günahını tək məndə görürsə, Nigar xanım problemi anlamadığını nümayış etdirir. O məntiqlə mən də onu Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi Azərbaycan yazıçı və ziyalısının ön söz yazdığı, neçə-neçə tanınmış söz sahibinin rəy verdiyi kitabları satmaq qabiliyyətində olmamaqda qınayıram.

Problem cəmiyyətin bugünkü durumundadır! 9 milyonluq ölkədə 500 tirajla kitab çıxırsa, bazar iqtisadiyyatımızın bu xanım nümayəndəsi bilməlidir ki, problem dərindi, ağırdı, onun zərif çiyinlərinin tab gətirəsi yük deyil.

Kitaba yazıçının əmtəəsi kimi baxan iş adamı gərək onu da bilsin ki, bazarda şorun satılması üçün ya şorsatan “Ay müştəri, əla şor var,” deyib qışqırmalıdır, ya da bir şorsevər barmaq batırıb dadmalı və camaata yaxşı şorun yerini göstərməlidir. “Şorsatanı”, “barmaq batıranı” olmayan ədəbiyyat elə bizimki gündə olmalıdır.

Debatın mövzusuna isə ona görə toxunmuram ki, studiyadakı dostlar hər şeyi yerli-yataqlı dedilər. Radionun saytında debata şərh yazan mənim filosof dostum Ağalar Məmmədovun yazısına imzamı qoya bilsəydim, heç bu qeydlərimə də ehtiyac qalmazdı. Bircə onu anlamadım ki, Şərif Ağayar ondan Markes, Paulo Koelyo olmağı tələb edən bu ədəbiyyat biznesxanımına niyə demirdi: “Sən də Koko Şanel ol görüm, necə olursan?!”

Güman edirəm, dinləyənlər debata telefonla qoşulan iki kitab mağazası sahibinin ədəbiyyat haqda nə qədər fərqli səviyyədə düşündüyünə şahid oldular. Bazar adamıyla, ədəbiyyat adamını uzaq İsveçdə də dinləyib ayırd eləmək asandır, səs qatma-qarış, xışıltılı gəlsə də.

Vahid Qazi

13 sentyabr 2013-cü il

Karlskrona, İsveç

Dərc olundu:

http://news.lent.az/kulis/news/6144

http://musavat.com/news/son-xeber/yazar-vahid-qazi-nashir-nigar-kocherliye-cavab-yazdi_164352.html

http://www.azadliq.org/content/article/25104863.html

“Ruhlar şəhəri”

Qapaq_RSh

MÜNDƏRİCAT

Ön söz yerinə. Ramiz Rövşən: “Mümkünsüz qayıdış”ın əzabı

Birinci esse.  On yeddi

İkinci esse.  Heyva qoxulu zirzəmi

Üçüncü esse.  Çəpər

Dördüncü esse.  Xilaskar ölüm marşı

Beşinci esse.  Ağ gecənin yuxusu

Altıncı esse.  Vaxt olmayan yer

Yeddinci esse.  Novruz sabahının pəncərəsi

Səkkizinci esse.  Yusif üzlü kitablar

Doqquzuncu esse. Rəngsiz kino

Onuncu esse. Azan oxuyan göyərçin

On birinci esse. Hökumətə məhkumlar

On ikinci esse. Sümük abidə

On üçüncü esse. Toz adamlar

On dördüncü esse. Sağ qalan ləpirlər

On beşinci esse. Xəyal memarı

Son söz yerinə. Rafiq Əliyev: “Qiyamətə qalmış 4 dəqiqə”

“Ruhlar şəhəri” kitabını buradan yüklə

Ramiz Rövşən: “Ruhlar şəhəri” kitabına ön söz

ramiz rovsen

Ramiz RÖVŞƏN

“Mümkünsüz qayıdış”ın əzabı

Həzrət Əli “İnsanlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər” deyirdi. Folkner isə yazırdı ki, hər bir insan öz yaddaşının məhsuludur.

Aralarında min ildən çox məsafə olsa da, bu iki fikir qəribə şəkildə bir-birini tamamlayır.

Doğrudanmı insanlar hamısı öz zəmanələrinə bənzəyir? Bəs onda necə olur ki, eyni zəmanədən həm Lenin, həm də Aleksandr Blok, həm Hitler, həm də Tomas Mann çıxır?

Bunun bir cavabı var; “çünki hər bir insan öz yaddaşının məhsuludur”. Oxumağa davam et

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Ramiz Rövşən: “Fərdi azadlıq olmayan yerdə milli azadlıq da ola bilməz”

Şair Ramiz Rövşənlə söhbətimiz tək şəxsiyyət azadlığı məsələlərilə deyil, həm də vətəndaşlıq problemlərilə bağlıdır. O, bizim verdiyimiz bir çox başqa suallara isə özünün “Azərbaycansayağı hannibalizm və ya hakimiyyət süfrəsi” essesi ilə cavab verdi.

Sual: Səhv etmirəmsə, əsərləriniz 60-cı illərin ortalarından nəşr olunur. Onların arasında kommunizmi tərənnüm edən bir şer və ya misraya rast gəlmirik. Bəlkə çap olunmayanlar arasında belələri var?

R.Rövşən: Əvvəla onu deyim ki, mənim ilk şerlərim hələ orta məktəbdə oxuyanda, təxminən 50-ci illərin sonları çap olunub. Yazdığım ilk şerin tarixçəsi də bir az qəribədi: müəllimə ana dilindən evdə 10 müxtəlif ismə aid cümlə yazmağı tapşırmışdı. Həmin isimlərə yazdığım o cümlələr özümdən xəbərsiz qafiyələnmişdi və nəsə şerə oxşar bir şey alınmışdı. O şeri müəlliməyə göstərdim, çox bəyəndi. Sonra “Pioner” qəzetinə göndərdi və mənim ilk şerim belə çap olundu. Əgər o 10 ismin arasında “kommunist” və ya “Lenin” sözü olsaydı mən onu da şerdə işlədəcəkdim. Xoşbəxtlikdən, bu məsələdə tale məni görünür lap əvvəldən qoruyub. Mən partiyaya, Leninə şer yazanları ittiham etmirəm. Çünki o vaxt ideologiya o cür idi. Amma hər şeyi dövrün adına bağlamaq da düz deyil. Lenindən, partiyadan yazmağa o vaxt heç kəsi məcbur etməyiblər. Bir də ki, bütün dövrlərdə yazıçının, şairin elə bir haqqı var ki, bunu onun əlindən almaq mümkün deyil: bu, yazmamaq haqqıdır. Əgər yalan yazmaq lazımdısa, yazma! Oxumağa davam et