“Bu ilin qışında beş il əvvəl başladığım “Çöl Qala” adlı povesti bitirhabitirdə əlimə ölkədə çoxunun tanımadığı, cəmi 37 il yaşamış istedadlı şair Aydın Əfəndinin “Отсутствие” şeiri keçdi. Əsl göydəndüşməydi, povestin sonluğuna tam uyğun gəlirdi, elə bil rəhmətlik məhz bu əsər üçün yazıb. Şeiri qəhrəmanın adından verəsi oldum: mətnə olduğu kimi, yəni rusca daxil elədim. Amma haşiyədə tərcüməsini də vermək lazım idi. Qulu Ağsəsdən dilimizə çevirməyi xahiş etdim. Xeyli müddət sonra bir gecə Facebookda o şeirin tərcüməsini paylaşdığını gördüm. Elə isti-isti çeviribmiş. Mənə səhəri gün göndərdi. Həmin şeiri daha əvvəl Ferican Yaren tərcümə edibmiş. Hər ikisi uğurlu çevirmədi, amma nəşrinə hazırlaşdığım romana yalnız biri salınmalıdır. Real həyatda bir-birlərini görməyən virtual aşiq-məşuqun yazışmalarından bəhs edən bir povest üçün hansı tərcüməni seçərdiniz? Fikrini yazacaq hər kəsə bəri başdan “sağ ol” deyirəm!”
Yuxarıda oxuduğunuz bütün cümlələri Vahid Qazi yazıb. Mənim yazdığım isə aşağıda oxuyacaqlarınızdır:
Deməli, mənim təqdimatında “Müqayisəli tərcümə” layihəsini görəndən sonra Vahid müəllim hər iki tərcüməni bu layihə üçün göndərib povestinə salacağı şeirin hansı tərcümədə daha uğurlu səslənəcəyini bilmək istədi. Ümid edirik ki, bu tərcümələri oxuyub şərh yazan oxucular Vahid müəllimə kömək olacaq. Bizim layihəyə maraq göstərdiyinə görəsə Vahid müəllimə təşəkkür edirəm.
Daha sonrasa öyrəndim ki, vaxtı ilə A.Əfəndinin “Yoxluq” şeirini şair, tərcüməçi Səlim Babullaoğlu da tərcümə edib. Amma üç tərcümənin müqayisəsində mən S.Babullaoğlunun etdiyini Aydın Əfəndinin poetik ruhuna, soyuq ağlına daha yaxın, peşəkar olduğunu düşünməyə bilmirəm. Q.Ağsəs isə bir qədər öz şeir ruhuna yaxınlaşdırıb. Hətta tərcümədə Qarabağ dialektindən də yararlanmağı yaddan çıxarmayıb. F.Yarenin tərcüməsi də dəqiq, hətta deyərdim sətri tərcümə səviyyəsindədir.
Zəruri qeyd: Bu material tərcümə çapa getməmiş öyrəndim ki, A.Əfəndinin həmin şeirini Mahir Qarayev də tərcümə edib. Şifahi söhbətlərində daim mənimçün hansı tərcümədə nəyi niyə məhz o cür etdiyindən danışan Qarayev düzü çox maraqlı və öyrədici təcrübələrini bölüşür. Onun bu tərcüməsi də özünəməxsusdur. Beləliklə, hələlik bu şeirin 4 tərcüməsi əlimizə düşdü və biz oxucular bütün variantları təqdim edirik.
Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.