Oyundankənar mətbuat

offside

Oyundankənar mətbuat

Jurnalistika fakültəsində Nəriman Zeynalovun dərsi bizə ona görə maraqlı gəlirdi ki, nəzəri yox, praktiki məsələlərdən, real hadisələrdən danışırdı, özü də şövqlə. “Sovet kəndi” adlı bir qəzet redaktorunun söhbətlərini yalnız kənd qoxusu burnundan getməyən əyalət uşaqları yox, fransız ətirli şəhər qızları da maraqla dinləyirdilər.

Bir dəfə söhbət jurnalistin cəmiyyətdə hansı mövqe tutmasından düşəndə Nəriman müəllim qrupa belə bir sual verdi: “Jurnalist cəmiyyətdə futbolçunun meydandakı hansı mövqeyini tutmalıdır?” Növbəti dərsə qədər müzakirə edib cavab haqda düşünməyimizi istədi. Sual qrupda maraqlı müzakirəyə səbəb oldu. “Qapıçı”, “müdafiəçi”, “yarımmüdafiəçi”, “hücumçu” deyənlər bir yana, “hakim”, “tamaşaçı” söyləyən də, hətta “qapı dirəyi” deyib dilxoşluq eləyən də tapıldı.

Rəhmətlik bu sualı verəndə hələ sovet illəriydi, jurnalistika söz azadlığının keşməkeşli yollarına çıxmamışdı, təqib-həbs, alınıb-satılma, reket-şantaj, qarayaxma-mədhiyyə sınağına çəkilməmişdi. Bu o vaxtlar idi ki, adamlar sonuncu səhifəsindən (manşetlik yazılar burda dərc olunurdu) oxumağa başladıqları qəzet üçün köşk qarşısında növbəyə düzülürdülər.

Sonra jurnalistikanın da mahiyyəti dəyişdi. Cəmiyyət kimi jurnalistika da qruplara bölündü, qütblərə parçalandı.

“Mətbuat dövrünü əks etdirən aynadır”. Bunu da müəllimlərdən biri demişdi, səhv etmirəmsə, Nəsir İmanquluyev idi. O vaxt xoşuma gəldiyindən yaddaşımda ilişib qalıb. Amma illər sonra Axundov kitabxanasında “kommunizm quruculuğundan” yazan qəzetləri vərəqləyəndə bu fikrin yarımçıq olduğunu gördüm.

Bəzi dönəmlərdə mətbuat dövrünün həqiqətləri üstünə örtük yerinə sərilmiş qəzetə bənzəyir. “Hər həqiqət demək üçün deyil, bütün həqiqətlər deyilsə, dünya çılpaq qalar”. Uzun illər öncə gündəliyimə qeyd elədiyim bu fikri indiki kontekstdə mətbuata aid eləmək istəməzdim. Mətbuat bütün həqiqətlərə açıq olmalıdır.

Məni günümüzdə mətbuatın mövcud xarakteri və formalaşmasında müstəsna rol oynadığı yeni oxucu (adam) tipi maraqlandırır. Bu düşüncələrlə əlləşdiyim yerdə Mikael Hanekenin jurnalistikaya dəxli olmayan “Ağ lent” filmi, orada cərəyan edən hadisələrin yadıma düşməsi qəribəydi. Amma filmin jurnalistikaya dəxli olmasa da onun hədəfinə, yəni insana, özü də sosial varlıq kimi formalaşmaqda olan insana birbaşa aidiyyəti var. Mühit yeni yaranan nəsli – bir kəndin yeniyetmələrini qatilə çevirir. Film “qətllər törədən uşaqların simasında gələcəkdə faşistə çevrilən əsgərlərə işarə vurur, insan təbiətindəki zorakılığı tədqiq edir” (Sevda Sultanova), onun yaranma səbəblərinə işıq tutur. Oxumağa davam et