Əraf
Fantasmaqorik hekayə
“Qəfil gün doğsa bir gecə…”. (R. Rövşən)
Hasarın üstündə yerini rahatlayanda artıq gün günorta olmuşdu.
Ətraf ovuc içi kimiydi. Ucu-bucağı görünməyən yamyaşıl Bağda dünyanın dörd bir tərəfindən heyvan, ağac, gül, çiçək vardı.
Uzaq küncdə Arktika ayısını, ortada qaçışan Savanna antilopunu, tənha baobab ağacını, sağdakı “cəngəllik”də hind filini, sol yanda Amazon tutuquşusunu gözü dərhal almışdı. Fəvvarələr artezian kimi gur suluydu.
Bağın o biri başındakı nəhəng, yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, ondan da böyük idi. Ayrı-ayrı səmtdən baş alan üç yol Saraya uzanırdı. Hər yolun üstündə çoxlu Qapı sıralanmışdı. Əslində bunlara qapı demək də olmurdu, təkcə çərçivəsi vardı. Aeroportlarda, rəsmi binalarda təhlükəsizlik girişləri olur, onun kimiydi. Amma burda adamları yoxlamırdılar.
Yolların biri Hasarın o durduğu yerindən – sərhəd buraxılış məntəqəsinə oxşayan köşədən başlayırdı.
O biri yol üzübəri gəldikcə Qapılar böyüyürdü, bu yolda isə get-gedə balacalaşırdı.
Hasara yaxın birinci Qapı adama boy versə də, sonrakılardan keçəndə əyilmək lazım gəlirdi. Saraya çatan sonuncu Qapı isə çox balacaydı, uzaqdan çətin görünürdü.
Bağın giriş-çıxışı yoxuydu, içəri keçməkdən ötrü gərək Hasara çıxaydın. Burdan Bağa düşməyə pilləkən olsa da, Çöl tərəfə heç nərdivan da qoyulmamışdı, Böyük Çin Səddi kimi hündür və enli olan Hasar qədim qalaları xatırladırdı. Bağ xidmətçiləri yuxarı dırmaşmaları üçün dəvət edilənlərə kəndir nərdivan atırdılar.
Hasarın Çöl dibində həmişə basırıq olur. İndi də qalstuklu kişilər, rəsmi libaslı qadınlar yuxarı dırmanmağa girəvə gəzirlər. Tək-tək adam dəvət olunmuşdu, yerdə qalanlar uzun illər boyu divarı kəsdirib talenin bir gün üzlərinə güləcəyinə ümid edirdilər. Onlar Hasarın o tayı haqda sadəcə eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. Saray barəsində isə, demək olar, heç nə bilmirdilər. Bildikləri tək oydu ki, xoşbəxtlik Hasarın o üzündədi. Bütün dünyanın xoşbəxtliklərini daşıyıb Hasarın o üzünə yığıblar, Çöldə heç nə qalmayıb. Oxumağa davam et